QHT-lər vahid institusional çətir altında birləşir
Türk Dövlətləri Təşkilatına
üzv və müşahidəçi ölkələrin
qeyri-hökumət təşkilatlarının
nümayəndə heyətinin
Azərbaycana səfəri
diqqətdədir. QHT-lərin
Bakı görüşünün
hədəfləri və
perspektivləri nədir?
Konstitusiya Araşdırmaları
Mərkəzinin rəhbəri
Əlməmməd Nuriyev
Hafta.az-a açıqlamasında bildirib ki, bu səfər və keçiriləcək tədbirlər
türk dünyasında
ictimai diplomatiyanın
yeni mərhələsinin başlanğıcı
kimi dəyərləndirilir.
Onun fikrincə, bu səfər sadəcə rəsmi tədbir formatı deyil, türk məkanında QHT-lərarası
əməkdaşlığın institusional əsaslarının
formalaşdırılması baxımından strateji hadisədir.
Ə.Nuriyev qeyd edib ki, TDT-nin son illər inkişaf trayektoriyası göstərir
ki, təşkilat təkcə
dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər
arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir.
Məhz bu səbəbdən QHT-lərin
Bakıya səfəri
türk inteqrasiyasının
siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir:
“Bu gün Bakıda keçiriləcək açılış
mərasimi və panel
müzakirələri türk
coğrafiyasında həmrəylik
gündəminin çeviklik
və məzmun baxımından genişləndiyini
nümayiş etdirəcək.
“Zəngəzur dəhlizi:
türk coğrafiyasını
birləşdirən körpü”
paneli xüsusi əhəmiyyət daşıyır.
Çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, türk dünyasının mədəni,
humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan–Qazaxıstan QHT-lərinin
I Əməkdaşlıq Forumu
isə Xəzər hövzəsində sosial-dövlət
və cəmiyyət–cəmiyyət əlaqələrinin
yeni institutlaşma mərhələsini
formalaşdırır. Bu iki
istiqamət birlikdə
QHT sektorunun regional proseslərdə
daha aktiv, analitik və koordinasiyalı rol alacağını göstərir”.
Ə.Nuriyev hesab edir ki, səfərin ən mühüm mərhələsi 25 noyabrda
Naxçıvanda keçiriləcək
iki tədbirdir. Onun sözlərinə görə, burada Türk Dövlətləri
Təşkilatına Üzv
Dövlətlərin QHT-lərinin
Platformasının təsis
olunması türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin başlanğıcı
kimi dəyərləndirilir:
"İlk
dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı fəaliyyətin
uzunmüddətli planlaşdırılması,
tematik işçi qruplarının yaradılması,
regional layihələrin sinxronlaşdırılması
və vahid mövqelərin formalaşdırılması
üçün mexanizm
meydana çıxır.
“WUF13-ə doğru – Türk
dünyasında ilk” paneli
isə türk ölkələrinin qlobal
urbanizasiya və dayanıqlı inkişaf məsələlərində BMT səviyyəsində fəal
iştirak potensialını
artırır”.
Ə.Nuriyev bildirib
ki, bu görüş
və səfərlər
Azərbaycan üçün
də çoxplanlı
nəticələr yaradır:
“İlk növbədə, ölkəmiz
TDT-nin ictimai mərkəzinə çevrilir.
Qarabağdan sonra Azərbaycanın regional liderlik
modeli təkcə siyasi və təhlükəsizlik sahəsində
deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir.
Zəngəzur dəhlizinin
humanitar ölçüsünün
məhz Bakıda müzakirə edilməsi Azərbaycanın türk dünyasının birləşdirici
ideya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan–Qazaxıstan əməkdaşlıq
formatı, Naxçıvanda
təsis konfransı,
QHT diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir”.
Ə.Nuriyevin sözlərinə
görə, Türk
QHT Platformasının yaranması
gələcək onillik
üçün geniş
imkanlar açır. Belə ki, regional analitik bazanın formalaşması,
böhran situasiyalarında
humanitar koordinasiya, gənclər, media, sosial siyasət və ailə institutu sahələrində vahid şəbəkələrin qurulması,
QHT sektorunun Avropa platformalarında daha güclü təmsil olunması və rəqəmsal QHT ekosisteminin
inkişafı bu imkanların önündə
dayanır:
“Bu həm də Azərbaycan QHT-ləri üçün yeni məsuliyyət
yaradır. İnstitusional
dayanıqlığın möhkəmləndirilməsi,
şəffaflıq və
hesabatlılığın artırılması, layihə
menecmenti və monitorinq bacarıqlarının
regional standartlara uyğunlaşdırılması
zərurəti meydana çıxır. Beləliklə,
23–25 noyabr tədbiri təkcə bir forum deyil türk dünyasının sosial arxitekturasının qurulmasına
yönəlmiş strateji
prosesdir. Azərbaycan bu prosesdə mərkəzləşdirici rol
oynayır, TDT isə dövlətlər koalisiyasından
cəmiyyətlər koalisiyasına
doğru inkişaf edir. Türk QHT Platformasının Naxçıvanda
təsis edilməsi türk dünyasının
ictimai diplomatiya tarixində yeni mərhələnin
əsasını qoyur
və türk coğrafiyasının gələcək
onillik üçün
sosial inteqrasiya xəritəsini müəyyənləşdirir”.
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 27 noyabr-3 dekabr, ¹45.- S.3.