Ana dili təkcə
ünsiyyət vasitəsi deyil...
Hər bir millətin Ana dili onun
varlığını şərtləndirən
ən əsas amillərdən biridir. Xalqın tarixi yalnız yazılı mənbələrdə deyil,
dilin öz yaddaşında yaşayır.
Hər bir söz, ifadə və deyim xalqın
keçdiyi yolun, yaşadığı ağrıların,
qazandığı qələbələrin
və formalaşdırdığı
dəyərlərin daşıyıcısıdır.
Bu mənada ana dili sadəcə
ünsiyyət vasitəsi
deyil, həm də milli varlığın
ideoloji kodu sayılır.
Milli ideologiya
bir xalqın özünü necə dərk etməsi, dünyaya hansı dəyərlərlə baxması
və gələcəyini
hansı istiqamətdə
qurması ilə bağlıdır. Bu baxışın formalaşdığı
əsas müstəvi
isə dildir. İnsan dünyanı ana dilində dərk edir, hadisələrə ana dilinin yaratdığı məna çərçivəsində
qiymət verir. Dil dəyişəndə
düşüncə də
dəyişir, düşüncə
dəyişəndə isə
ideoloji xətt zəifləyir. Azərbaycançılıq
ideyası məhz bu düşüncə modelinin üzərində
qurulmuşdur. Azərbaycan
dili əsrlərboyu xalqın milli kimliyini qoruyub saxlayan, onu assimilyasiya
təhlükəsindən xilas
edən əsas sütun olmuşdur. Tarixin müxtəlif mərhələlərində siyasi
müstəqillik itirilsə
belə, ana dilinin yaşaması milli ideyanın da yaşamasını təmin etmişdir. Bu baxımdan, Ana dili milli
ideologiyanın başlanğıc
nöqtəsi, onun ilk və ən
möhkəm dayağıdır.
Azərbaycan dilinin milli ideologiyada
tutduğu yer xüsusilə müasir dövlətçilik tarixində
aydın şəkildə
görünür. XX əsrdə
milli oyanış prosesləri dil uğrunda mübarizə ilə paralel inkişaf etmişdir. Azərbaycan dilinin ictimai-siyasi həyata daxil olması milli ideologiyanın formalaşmasında həlledici
rol oynamışdır.
Sovet dövründə
belə Ana dilinin qorunması milli özünüdərkin
əsas istiqamətlərindən
biri olmuşdur. Azərbaycan dilinin sıxışdırılması cəhdləri eyni zamanda, milli ideologiyanın zəiflədilməsi
cəhdləri idi. Buna baxmayaraq, xalq ana dilini
ailədə, ədəbiyyatda,
şifahi xalq yaradıcılığında yaşatmağı bacarmışdır.
Bu, milli ideyanın gizli, lakin davamlı yaşamasının göstəricisi
idi.
Azərbaycan milli ideologiyasının formalaşması və möhkəmlənməsi prosesində
Ulu Öndər Heydər Əliyevin ana dili siyasəti
xüsusi yer tutur. Onun siyasi
fəaliyyətində dil
məsələsi heç
vaxt sırf mədəni və ya texniki problem
kimi dəyərləndirilməyib,
əksinə, dövlətçilik
fəlsəfəsinin əsas
sütunlarından biri
kimi qəbul olunub. Heydər Əliyev üçün
ana dili milli kimliyin, milli şüurun və milli ideologiyanın
əsas daşıyıcısı
idi.
Sovet dövrünün
sərt ideoloji çərçivələri daxilində belə Heydər Əliyev Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi
istiqamətində ardıcıl
və prinsipial addımlar atmışdır.
Həmin dövrdə
milli dillərin sıxışdırıldığı, rus dilinin dominant
mövqe tutduğu bir şəraitdə Azərbaycan dilinin qorunması böyük siyasi iradə tələb edirdi. Heydər Əliyev bu məsələdə riskləri göz önünə alaraq ana dilinin ictimai
həyatdakı rolunu genişləndirməyə çalışmış,
dilin rəsmi və institusional statusunun güclənməsinə
nail olmuşdur.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin ana dili siyasətinin ən mühüm nailiyyətlərindən biri
idi. Bu addım
yalnız hüquqi dəyişiklik deyildi, milli ideologiyanın rəsmi tanınması və qorunması baxımından tarixi əhəmiyyət daşıyırdı.
Ana dilinin Konstitusiya səviyyəsində
təsbit edilməsi milli şüurun güclənməsinə, Azərbaycançılıq
ideyasının cəmiyyətin
dərin qatlarına sirayət etməsinə güclü impuls verdi.
Heydər Əliyev
ana dilinə münasibəti ilə cəmiyyətə aydın
mesaj verirdi: dövlət dili olmayan xalqın ideoloji bütövlüyü
də zəif olar. Onun çıxışlarında,
rəsmi tədbirlərdə
və beynəlxalq platformalarda Azərbaycan dilində danışması
milli qürurun, milli ideologiyanın praktik təzahürü idi. Bu, ana
dilinin yalnız daxili istifadə üçün deyil, milli kimliyin beynəlxalq təmsil vasitəsi olduğunu göstərirdi.
Müstəqillik dövründə Heydər
Əliyevin ana dili siyasəti daha da sistemli
xarakter aldı. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tətbiqi və qorunması milli ideologiyanın əsas istiqamətlərindən birinə
çevrildi. Dil məsələsi artıq
milli təhlükəsizlik,
milli ideoloji sabitlik və dövlətin gələcəyi
ilə birbaşa əlaqələndirilirdi. Bu
yanaşma Azərbaycançılıq
ideyasının möhkəm
ideoloji bazaya söykənməsini təmin
etdi.
Prezident İlham
Əliyevin rəhbərliyi
dövründə isə
ana dili siyasəti yeni mərhələyə qədəm
qoymuş, qloballaşma
və rəqəmsallaşma
çağırışlarına uyğun şəkildə
inkişaf etdirilmişdir.
Bu mərhələdə
əsas məqsəd yalnız Azərbaycan dilinin qorunması deyil, onun müasir
dövrün bütün
sahələrində tam
funksional və rəqabətqabiliyyətli dilə
çevrilməsi olmuşdur.
İlham Əliyev Ana dilini milli ideologiyanın canlı və dinamik elementi kimi dəyərləndirir.
Onun çıxışlarında
dil məsələsi
milli kimliyin, milli mənəvi
dəyərlərin və
dövlətçilik ənənələrinin
ayrılmaz hissəsi kimi təqdim olunur. Prezident dəfələrlə vurğulamışdır
ki, Azərbaycan dilinin
saflığının qorunması
və inkişafı hər bir vətəndaşın
mənəvi borcudur.
Bu yanaşma ana dilinə
məsuliyyət hissini
ideoloji səviyyəyə
qaldırır.
İlham Əliyevin imzaladığı
fərman və sərəncamlar ana dilinin
hüquqi, institusional və funksional mövqeyinin gücləndirilməsinə
xidmət edir. Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi,
normativ dil qaydalarına əməl olunması, reklam və media məkanında
dil mədəniyyətinin
qorunması istiqamətində
atılan addımlar
milli ideologiyanın gündəlik
həyatda reallaşmasını
təmin edir.
Xüsusilə rəqəmsal mühitdə
Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi
Prezident İlham Əliyevin
dil siyasətinin əsas prioritetlərindən
biridir. İnformasiya texnologiyaları, elektron hökumət, media və sosial platformalarda ana dilinin tam tətbiqi milli ideoloji təhlükəsizlik
baxımından strateji
əhəmiyyət daşıyır.
Bu, gənc nəslin
milli düşüncə sisteminin
qorunması üçün
mühüm ideoloji sipər rolunu oynayır.
Azərbaycan Milli Elmlər Akademiyasının
80 illik yubileyi münasibətilə keçirilən
tədbirdə Prezident
İlham Əliyev ana dili
məsələsinə bir
daha toxunaraq öz tapşırıqlarını
verdi: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan
dili haqqında danışmışdım, öz
narahatlığımı ifadə
etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində
bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət
məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti.
Mən azərbaycanlıların
yaşadıqları müxtəlif
bölgələrdə vəziyyətlə
müntəzəm surətdə
olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm.
Görürəm ki, bəzi
yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə
yaşayan azərbaycanlılar
arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu
olur. Ona görə
biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət,
hər bir xalq üçün onun Ana dili onun
milli mənsubiyyətinin əsas
amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.
Dövlət başçısının həmin yubiley mərasimində səsləndirdiyi
fikirlər və verdiyi tapşırıqlar
ana dilinin təkcə
mədəni irs deyil, milli ideologiyanın elmi və institusional
dayağı kimi dəyərləndirildiyini göstərdi.
Prezident
İlham Əliyev çıxışında
Azərbaycan dilinin elmi mühitdə qorunmasının və inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğuladı. O, ana dilinin
yalnız gündəlik
ünsiyyət vasitəsi
kimi deyil, elmin, fəlsəfənin,
texnologiyanın və
strateji düşüncənin
dili kimi formalaşdırılmasının milli ideologiya baxımından həyati əhəmiyyət
daşıdığını qeyd etdi. Bu yanaşma
dil məsələsini
mədəni çərçivədən
çıxararaq ideoloji
və intellektual təhlükəsizlik səviyyəsinə
yüksəltdi.
Dövlət başçısı Akademiyanın qarşısında
konkret və prinsipial tapşırıqlar
qoydu. Bu tapşırıqların
əsas məğzi Azərbaycan dilinin elmi terminologiya baxımından zənginləşdirilməsi,
dil normalarının qorunması və elmi əsərlərin yüksək səviyyədə
ana dilində hazırlanması
idi.
Prezident
İlham Əliyev eyni
zamanda dilin saflığının qorunması
məsələsinə də
xüsusi diqqət çəkdi. O, süni söz yığımlarının,
əsassız yad terminlərin
və normativ dil qaydalarına zidd ifadələrin elmi və ictimai
dövriyyəyə daxil
olmasının ana dilinə
zərər vurduğunu
bildirdi: “Azərbaycan dilinin saflığının
qorunması hər bir Azərbaycan vətəndaşının işi
olmalıdır. Yəni,
dövlət, alimlər,
dilçilər, yazıçılar,
şairlər, jurnalistlər,
siyasətlə məşğul
olanlar bu məsələyə çox
böyük diqqət
verməlidirlər. Yenə
də deyirəm, 10 il
bundan əvvəl mən bu məsələni
qaldırmışdım. Çünki
bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü
ki, biz dilimizi kənar
kəlmələrdən qoruya
bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında,
- buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi
qorumasaq, onda yavaş-yavaş bizim milli
kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu
məsələ ilə
bağlı məşğul
olacağam, izləyəcəyəm,
lazımi tədbirlər
görəcəyəm. Azərbaycan
alimlərindən də
bax, bu məsələyə
də öz münasibətini və dəstəyini göstərmək
çağırışını edirəm”.
Bu tapşırıqlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin dil siyasəti yalnız normativ sənədlərlə məhdudlaşmır, elmi mühitin ideoloji məsuliyyətini də ön plana çıxarır. Ana dili burada təkcə ünsiyyət vasitəsi deyil, milli ideologiyanın elmi-intellektual dayağı kimi təqdim olunur.
Sevinc
Həftə
içi.- 2026.- 5-11 fevral, ¹5.- S.4.