Uşaqları cəmiyyətdən
kənarlaşdıran təhlükə
Müasir dövrdə qlobal informasiya texnologiyaları intellektual üstünlükləri
ilə yanaşı, ayrı-ayrı cəmiyyətlərdə
müxtəlif sosial və psixoloji problemlərə yol açan ciddi hibrid təhlükə mənbələrindən biri
kimi qiymətləndirilir.
Rəqəmsallaşmanın sürətlə artdığı
bir şəraitdə
insanların, xüsusilə
də uşaq və yeniyetmələrin sosial şəbəkələrin
təsiri altına düşməməsi, texnologiyanın
“əsirinə” çevrilməməsi
üçün bir çox ölkələrdə
preventiv tədbirlər
həyata keçirilir.
Bu kontekstdə
məktəbli uşaqların
telefon və kompüterlərdən həddindən
artıq istifadəsi xüsusi narahatlıq doğurur. Belə ki, canlı ünsiyyət, ailə münasibətləri və
sosial mühitlə təmas zəifləyir, real dostluq əlaqələri
isə virtual “təmaslar”la əvəz olunur. Mütəxəssislərin
fikrincə, bu hal uşaqların sağlamlığına mənfi
təsir göstərməklə
yanaşı, psixoloji
disbalans yaradır və sosial təcridə səbəb
olur. Hətta bəzi hallarda bu proses “süni
autizm” kimi xarakterizə edilən davranış pozuntularına
gətirib çıxara
bilər.
Texnoloji cəhətdən
inkişaf etmiş ölkələr bu təhlükənin qarşısını
almaq üçün
konkret addımlar atmağa məcbur qalırlar. Məsələn,
Yaponiyada məktəblərdə
azyaşlı uşaqların
mobil telefonlardan istifadəsinə məhdudiyyətlər
tətbiq edilir və müəyyən hallarda qadağalar qoyulur.
Ümumilikdə, azyaşlıların sosial
şəbəkələrdən istifadəsi, bunun yarada biləcəyi təsirlər, səbəblər
və mümkün mənfi nəticələrin
qarşısını almaq
üçün görüləcək
tədbirlər dünya
miqyasında diqqətlə
araşdırılır və
müzakirə olunur. Son dövrlər bir çox ölkədə uşaqların
sosial şəbəkələrə
çıxışının məhdudlaşdırılması istiqamətində qanunvericilik
təşəbbüsləri irəli sürülür
və müvafiq hüquqi mexanizmlər tətbiq edilir.
Bu baxımdan
sual yaranır: Azərbaycanda mövcud vəziyyət necədir və bu sahədə
hansı hüquqi tənzimləmələrin həyata
keçirilməsi zəruridir?
Eyni zamanda, azyaşlıların sosial
şəbəkələrdən istifadəsinin qismən də olsa məhdudlaşdırılması
məqsədilə hansı
addımların atılması
nəzərdə tutulur?
"Uşaqların sağlam inkişafını
təmin etmək yalnız dövlətin qəbul etdiyi qanun və qadağalarla
məhdudlaşmamalıdır"
Bu istiqamətdə
Hafta.az-ın suallarını
deputat Jalə Əliyeva, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
(MÜTDA) cavablandırıb.
Deputat Jalə
Əliyeva ilk növbədə, ötən
həftə Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri
komitəsində “Uşaq
hüquqları haqqında”
qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılmasına
diqqət çəkib.
Deputat qeyd
edib ki, bu qanun ilk
dəfə 1998-ci ildə
qəbul edilmiş və ötən illər ərzində cəmiyyətin inkişafı,
yeni çağırışların
yaranması, onun yenidən işlənməsi
və təkmilləşdirilməsini
zəruri edib:
“Ölkəmizdə uşaqların hüquq və azadlıqlarının
qorunması, onların
təlim-tərbiyəsi, sosial
rifahı və gələcəyinin təmin
edilməsi hər zaman prioritet istiqamətlərdən biri
olmuşdur. Bu sahə dövlət başçısının və
Birinci xanımın xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Uşaqlara göstərilən bu diqqət dövlətin onların gələcəyinə
verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Hesab edirik, qanun layihəsinin yenidən hazırlanması
və orada əksini tapan müddəalar bütün
uşaqların, xüsusilə
də həssas və çətin həyat şəraitində
olan uşaqların daha etibarlı mühitdə böyüməsinə,
bərabərhüquqlu vətəndaş
kimi formalaşmasına,
gələcəyə inamla
addımlamasına geniş
imkanlar yaradacaqdır.
Müzakirələr zamanı
cəmiyyəti narahat
edən mühüm məsələlərdən biri
də uşaqların
internetdən və mobil telefonlardan həddindən artıq və məqsədsiz istifadəsi olub. Bu cür sui-istifadə
uşaqların mənəvi-psixoloji
durumuna mənfi təsir göstərir, onların təhsildən yayınmasına, sağlam
informasiya mənbələrindən
uzaqlaşmasına səbəb
olur. Nəticədə
uşaqlar faydalı bilik və dəyərlər
əvəzinə, onların
inkişafına zərər
verən müxtəlif
məlumatların, oyunların
və videomaterialların
təsiri altına düşürlər”.
Deputat qeyd
edib ki, bu hal valideynləri,
müəllimləri, təhsil
müəssisələrini və bütövlükdə
cəmiyyəti ciddi narahat edir. Uşaqlar
bizim gələcəyimizdir.
Onların sağlam, savadlı və vətənpərvər vətəndaş
kimi formalaşması
dövlətin və xalqın gələcəyinin
təminatıdır. Buna
görə də biz onların inkişafına mənfi təsir göstərə
biləcək amillərin
qarşısını qətiyyətlə
almalıyıq.
Deputat hesab
edir ki, bu istiqamətdə dövlət tərəfindən
həyata keçirilən
proqramlar xüsusi əhəmiyyət daşıyır
və onların davamlı şəkildə
icrası vacibdir. Onun fikrincə, eyni zamanda ailə
ilə məktəb arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsi
zəruridir:
“Valideynlər məktəbdə baş verən proseslərdən
xəbərdar olmalı,
müəllimlər isə
uşağın ailə
mühitindəki davranışı
haqqında məlumatlı
olmalıdırlar. Unutmaq
olmaz ki, hər uşaq, ilk növbədə, bir ailənin üzvüdür və onun tərbiyəsinə görə əsas məsuliyyət ailənin
üzərinə düşür.
Uşağın davranışı,
etik normalara əməl etməsi, düzgün istiqamətləndirilməsi
valideyn nəzarətindən
kənarda qalmamalıdır.
Daha sonra bu prosesə məktəbəqədər müəssisələr,
məktəb, sosial mühit və dost çevrəsi qoşulur”.
J.Əliyeva hesab
edir ki, bu problem təkcə
bir ölkəyə aid deyil, qlobal
xarakter daşıyır.
Dünya qloballaşdıqca
informasiya axını
sürətlənmiş, kiçik
bir telefon vasitəsilə hər kəs istənilən məlumata dərhal çıxış əldə
edə bilmişdir. Bu isə həm
müsbət, həm də mənfi təsirlər yaradır.
Deputat çap
mediasının arxa plana keçməsini də cəmiyyət üçün düşündürücü
məqamlardan biri kimi önə çəkib:
“Belə bir
şəraitdə uşaqların
sağlam inkişafını
təmin etmək yalnız dövlətin qəbul etdiyi qanun və qadağalarla
məhdudlaşmamalıdır. Bu, hər birimizin
mənəvi borcu və vətəndaşlıq
məsuliyyətidir. Hər
bir valideyn və hər bir şəxs yalnız öz övladını deyil, bütövlükdə cəmiyyətin
gələcəyini düşünərək
bu məsələlərə
həssas yanaşmalı
və lazımi tədbirlərin görülməsinə
töhfə verməlidir”.
"Xüsusi hallar istisna olmaqla, ağıllı telefon və digər cihazlardan istifadə qadağan olunur"
Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən
sorğumuza cavab olaraq bildirilib ki, xüsusi hallar istisna olmaqla, ümumtəhsil müəssisələrində dərs prosesi zamanı ağıllı
telefonlar, ağıllı
saatlar, planşetlər
və digər qurğuların istifadəsi
tövsiyə edilmir. Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı
olaraq, tədris edilən mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv
metodların tətbiqi
üçün ağıllı
elektron cihazlardan istifadə edilə bilər.
“Ümumi təhsil
müəssisələrində tətbiq edilən şagird intizam qaydalarının tələblərinə
əsasən təhsilalanların
tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün
sahələrində olduğu
kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi
ilə internetin təsir dairəsinin xaricində təsəvvür
etmək mümkün
deyil.
Orta məktəblərdə
ən aşağı
siniflərdən etibarən
tədris prosesində
internetin imkanlarından
istifadə olunur. Bu zaman ümumi
təhsil müəssisələrinin
internetə çıxışını
təmin edən müvafiq provayderlər tərəfindən xüsusi
onlayn süzgəcləmə
sistemi tətbiq edilir ki, bu
da internet istifadəçilərinin uyğun
hesab olunmayan sayt və məlumatlara
əlçatanlılığının
qarşısını alır”,
– MÜTDA-dan bildirilib.
Qeyd edilib
ki, təhsil müəssisələrində aidiyyəti qurumlarla birlikdə sosial şəbəkələrin mümkün
zərərli təsirləri
barədə mütəmadi
maarifləndirici tədbirlər
keçirilir. Şagirdlərə
kibertəhlükəsizlik, dezinformasiyanın riskləri,
asılılıq və
psixoloji təsirlərlə
bağlı ətraflı
məlumat verilir:
“Bununla yanaşı
bildiririk ki, valideynlər də övladlarının sosial
şəbəkələrdən istifadə məqsədini
və müddətini
aydın şəkildə
müəyyənləşdirməli, yaşlarına uyğun olmayan platformalara çıxışın qarşısını
almalıdırlar, ailə
daxilində müasir texnologiyalardan istifadə zamanı sağlam vərdişlər formalaşdırmalıdırlar”.
Tahirə Qafarlı
Həftə
içi.- 2026.- 5-11 fevral, ¹5.- S.6.