Burun
əməliyyatında təhlükəli
tendensiya
Son illər
Azərbaycanda rinoplastika
əməliyyatlarına maraq
sürətlə artır.
Estetik görünüşlə
yanaşı, nəfəsalma
problemləri və travmalar da insanları
burun əməliyyatına
yönəldən əsas
səbəblərdən sayılır.
Əməliyyatların sayının
çoxalması ilə
paralel olaraq, uğursuz nəticələr,
ikinci dəfə müdaxiləyə ehtiyac
və müxtəlif fəsadlarla bağlı şikayətlər də
gündəmdədir. Bəs
burun əməliyyatlarına
bu qədər tələbat niyə yaranıb? Hansı hallarda rinoplastika zəruridir və kimlər üçün
risklidir? Əməliyyatdan
sonrakı sağalma prosesi nə qədər çəkir
və pasiyentlər həkim seçərkən
nələrə diqqət
etməlidirlər? Bu və digər suallara aydınlıq gətirmək üçün
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının
sədri, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərlə həmsöhbət
olduq.
– Burun əməliyyatlarının artmasına
səbəb nədir?
– Burun əməliyyatlarının
artmasının bir neçə əsas səbəbi var. Birinci səbəb bizim Qafqaz
regionuna məxsus burun anatomiyasıdır. Burada burun
quruluşu ilə bağlı həm obyektiv xüsusiyyətlər,
həm də müxtəlif deformasiya halları daha çox
müşahidə olunur. Yəni burunun böyük olması,
sümük və qığırdaq hissələrində əyriliklər,
burun çəpəri problemləri, travma sonrası yaranan dəyişikliklər
bu regionda daha geniş yayılıb. Bu səbəbdən də
Qafqaz bölgəsində rinoplastika əməliyyatına
ehtiyac özünü daha çox göstərir.
Digər
tərəfdən, son illərdə
rinoplastika sahəsində müasir metodların tətbiqi
genişlənib. Texnologiya və tibbin inkişafı nəticəsində
əməliyyatlar daha dəqiq, daha təhlükəsiz və
daha komfortlu şəkildə aparılır. Bu da insanlarda
qorxu və tərəddüd hissini azaldır, əməliyyata
qərar verməyi asanlaşdırır. Amma əsas məsələ
odur ki, insanlar mütləq peşəkar mütəxəssisə
müraciət etməlidirlər. Çünki qeyri-peşəkar
müdaxilə ciddi problemlərə gətirib çıxara
bilər.
– Rinoplastika əməliyyatlarının
artması ilə yanaşı, şikayətlərin
də artdığı müşahidə olunur. Sizcə,
bunun səbəbi nədir?
– Şikayətlərin artmasının
əsas səbəbi keyfiyyətlə bağlıdır.
Bəzən, insanlar düzgün seçim etmirlər, əməliyyatı
peşəkar mütəxəssisə yox, bu sahədə təcrübəsi
və ixtisası olmayan şəxslərə həvalə
edirlər. Bu isə nəticədə böyük fəsadlara
yol açır. Təəssüf ki, sonradan həmin problemləri
aradan qaldırmaq çox çətin olur.
Rinoplastika əməliyyatı estetik
əməliyyat kimi görünsə də,
əslində çox incə və məsuliyyətli cərrahi
müdaxilədir. Burada həm görünüş, həm də
nəfəsalma funksiyası nəzərə
alınmalıdır. Qeyri-peşəkar yanaşma burunun
formasını pozmaqla yanaşı, nəfəsalma problemlərinə
də səbəb ola bilər. Buna görə də insanlar həkim
seçərkən çox diqqətli olmalıdırlar.
– Sizə daha çox hansı şikayətlərlə
bağlı müraciət edirlər?
– Bizə daha çox travmatik burunlarla bağlı müraciətlər
daxil olur. Məsələn, burun sınığı, burun əyriliyi,
zərbə nəticəsində yaranan deformasiya və ya nəfəsalma
problemləri olan pasiyentlər çox olur. Eyni zamanda, estetik
baxımdan narazı olan pasiyentlər də müraciət
edirlər. Qadınların bir çoxu Qafqaz tipli burun
formasından razı qalmır, daha incə, daha simmetrik və
estetik burun istəyirlər.
Digər
mühüm məsələ
isə budur ki, başqa yerdə əməliyyat
olunub nəticədən narazı qalan pasiyentlərin sayı
artıb. Bəzən burun formasında simmetriya pozulur, burun ucu
düşür, burun çox kiçildilir, yaxud da nəfəsalma
daha da çətinləşir. Bu cür hallarda pasiyentlər
yenidən korreksiya üçün bizə müraciət
edirlər.
– İkinci dəfə
burun əməliyyatı etdirənlərin
sayının artması daha çox uğursuz əməliyyatlarla
bağlıdır?
– Bəli, əsasən belədir. İkinci dəfə rinoplastika etdirən
pasiyentlərin böyük hissəsi uğursuz və
qeyri-peşəkar əməliyyatların qurbanı olan
insanlardır. Çünki burun əməliyyatında ən
kiçik səhv belə sonradan ciddi problem yarada bilər.
Burun anatomiyası çox həssasdır və burada hər
millimetr önəmlidir.
Amma bəzən pasiyentlərin
özləri də məsuliyyət
daşıyırlar. Çünki əməliyyatdan sonra həkimin
verdiyi tövsiyələrə əməl etmək vacibdir. Bəzi
pasiyentlər sağalma dövründə diqqətsiz
davranır, qoruyucu rejimə əməl etmir, buruna zərbə
dəyir, ya da vaxtından əvvəl fiziki aktivliyə
başlayırlar. Bu da nəticəyə mənfi təsir
göstərə bilər.
– Burun əməliyyatından
sonra tam sağalma müddəti nə qədər
çəkir?
– Burun, adətən, 7-10
gün gipsdə qalır. Bu müddət ərzində burun
ilkin formaya düşür və sabitləşir. Daha sonra
gips çıxarılır, amma sağalma prosesi davam edir.
Burunun yeni formasının tam oturması və yekun nəticənin
görünməsi 3-5 aya qədər çəkə bilər.
Çünki hər bir insanın orqanizmi fərqlidir,
sağalma prosesi də fərdi şəkildə gedir. Bununla
belə, pasiyentlər 10-12 gün sonra artıq gündəlik
həyatına və iş fəaliyyətinə rahat şəkildə
qayıda bilirlər. Sadəcə müəyyən müddət
buruna diqqət etmək, qorumaq və tövsiyələrə əməl
etmək lazımdır.
– Rinoplastika əməliyyatında
ən riskli mərhələ
hansıdır?
– Əgər əməliyyat
peşəkar şəkildə
aparılırsa, ciddi fəsad gözlənilmir. Amma rinoplastika
əməliyyatından öncə mütləq düzgün
laborator analizlər götürülməlidir. Pasiyentin
ümumi sağlamlıq vəziyyəti dəqiq qiymətləndirilməlidir.
Qan analizləri, laxtalanma göstəriciləri, ürək-damar
sistemi və digər tibbi göstəricilər mütləq nəzərdən
keçirilməlidir. Ən vacib məsələ peşəkar
yanaşmadır. Pasiyent həkim seçərkən onun bu sahədə
ixtisasına, təcrübəsinə və peşəkarlığına
diqqət etməlidir. Virtual aləmdə hazırda
aldadıcı reklamlar çoxdur. Sosial şəbəkələrdə
paylaşılan şəkillər və videolar hər
şeyi əks etdirmir. İnsanlar reklam xarakterli məlumatlara
aldanmamalıdır. Həkimin kimliyi, təcrübəsi, fəaliyyəti
araşdırılmalıdır.
– Rinoplastika üçün
ideal yaş həddi varmı?
– Bəli, yaşla bağlı məhdudiyyət var. Biz 15
yaşdan tez rinoplastika əməliyyatı etmirik.
Çünki bu yaşa qədər burun skeleti tam
formalaşmır. Burun inkişafını tamamlamadan
aparılan əməliyyat sonradan yenidən deformasiya və
problemlərə səbəb ola bilər. Eyni zamanda,
yaşlı pasiyentlərdə də əməliyyat qərarı
ümumi sağlamlıq vəziyyətinə uyğun verilir. Yəni
yaşdan daha çox orqanizmin vəziyyəti və analiz nəticələri
əsas götürülür.
– Burun əməliyyatını
kimlərə qətiyyən məsləhət
görmürsünüz?
– Bu, pasiyentin ümumi
sağlamlıq vəziyyətindən asılıdır. Biz
pasiyentin yaşına, laborator göstəricilərinə, qan
analizlərinə və varsa xroniki xəstəliklərinin dərəcəsinə
baxırıq. Qan laxtalanma problemi olan şəxslər, ciddi
ürək-damar xəstəliyi olanlar, ağır şəkərli
diabet xəstələri və digər risk qrupları əməliyyat
üçün uyğun sayılmaya bilər. Bizim əsas
prinsipimiz sağlam pasiyentlərlə işləməkdir. Məqsəd
odur ki, həm əməliyyat zamanı, həm də əməliyyatdan
sonrakı dövrdə heç bir problem yaşanmasın.
Pasiyentin sağlamlığı hər şeydən önəmlidir.
– Rinoplastika cərrahiyyəsi
sahəsində dövlət nəzarəti
yetərlidirmi?
– Ümumiyyətlə, tibbin
bütün sahələrində
müvafiq protokollar var. Hansı əməliyyatların necə
icra olunması, kimlər tərəfindən aparılması
və hansı qaydalara əməl olunması müəyyən
olunub. Son zamanlar bu istiqamətdə vəziyyət daha da dəqiqləşdirilib.
Artıq bu sahədəki qeyri-peşəkarlar tədricən
sıradan çıxmağa başlayıblar. Amma yenə də
bu sahədə qaçaq əməliyyat edən şəxslər
mövcuddur. Təəssüf ki, bəzən elə estetik
müdaxilələr olur ki, onları hətta kosmetoloji
salonlarda edirlər. Bu, düzgün deyil və ciddi risk
yaradır. Bu problemlərin aradan qaldırılması
üçün Səhiyyə Nazirliyi və digər aidiyyəti
qurumlar tərəfindən müvafiq addımlar atılır.
Amma onu da qeyd etmək lazımdır ki, qaçaq əməliyyatlar
dünyanın bir çox ölkələrində mövcuddur.
Bu məsələdə ən vacib addımlardan biri
insanların maarifləndirilməsidir. İnsanlar bilməlidir
ki, estetik əməliyyat adı altında sağlamlıq riskə
atılmamalıdır.
– Sonda oxuculara nə tövsiyə edərdiniz?
– Ən əsas tövsiyəm odur ki, insanlar rinoplastika əməliyyatına
qərar verəndə tələsməsinlər.
Düzgün araşdırma aparsınlar, həkim
seçimini diqqətlə etsinlər. Ucuz qiymət və
sosial şəbəkə reklamlarına aldanmaq olmaz. Burun əməliyyatı
çox ciddi və məsuliyyətli bir cərrahi müdaxilədir.
Düzgün aparılan əməliyyat həm estetik
görünüşü yaxşılaşdırır, həm
də nəfəsalma problemlərini aradan qaldırır.
Əsas məqsəd sağlam və təhlükəsiz
nəticə əldə
etməkdir.
Vaqif Qələndər,
Azərbaycan Plastik Cərrahlar
Assosiasiyasının
sədri, plastik və rekonstruktiv cərrah
Müsahibəni apardı:
Sevinc
Həftə
içi.- 2026.- 12-18 fevral, ¹6.- S.7.