Azsaylı xalqların ana
dilində təhsil imkanları
Azərbaycan tarixən müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin birgə
yaşadığı məkan
kimi tanınıb. Bu müxtəliflik təkcə adət-ənənələrdə
və mədəni irsdə deyil, dil zənginliyində də açıq şəkildə özünü
göstərir. Ölkədə
ləzgilər, talışlar,
avarlar, saxurlar, udinlər, tatlar, ingiloylar və digər azsaylı xalqlar yaşayır və onların dilləri Azərbaycanın
mədəni xəzinəsinin
bir parçası hesab olunur. Məhz
bu səbəbdən ana dilində təhsil imkanlarının
yaradılması dövlətin
multikultural siyasətində
xüsusi yer tutur.
Bu gün
dünyada qloballaşmanın
sürətlənməsi fonunda
bir çox kiçik xalqların dili yoxa çıxmaq
təhlükəsi ilə
üzləşdiyi halda,
Azərbaycanda bu istiqamətdə atılan
addımlar təqdirəlayıqdir.
Dövlətin həyata keçirdiyi multikultural siyasət yalnız şüar səviyyəsində qalmır, real təhsil və mədəniyyət tədbirləri ilə dəstəklənir. Bu baxımdan ana dilində təhsil imkanları həm humanitar, həm də strateji əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirilir.
Ana dili
– milli kimliyin qorunmasının əsas dayağı
Pedaqoqların
fikrincə, ana dili insanın milli kimliyini formalaşdıran ən
mühüm faktorlardan biridir. Uşaq ilk düşüncələrini,
duyğularını və dünyanı dərk etmə
prosesini məhz ana dili vasitəsilə qurur. Ana dilində
danışmaq yalnız ünsiyyət deyil, eyni zamanda tarixi
yaddaşın, folklorun, milli psixologiyanın və mədəni
irsin yaşaması deməkdir. Azərbaycanda bu
yanaşmanın əsas üstünlüyü ondan ibarətdir
ki, dövlət dili ümummilli birliyi təmin etdiyi kimi,
azsaylı xalqların ana dillərinin qorunması da ölkənin
multikultural ruhunu yaşadır. Bu, bir çox ölkələrdə
problemə çevrilən dil məsələsinin Azərbaycanda
sabitlik və tolerantlıq nümunəsinə çevrilməsinə
səbəb olur.
Məktəblərdə
ana dilinin tədrisi
Hazırda
Azərbaycanda azsaylı xalqların dillərinin tədrisi
üçün müəyyən imkanlar yaradılıb.
Xüsusilə həmin xalqların daha sıx
yaşadığı bölgələrdə ana dili fənn
kimi məktəb proqramına daxil edilir. Bu istiqamətdə həyata
keçirilən tədbirlər dövlətin milli
azlıqların hüquqlarına hörmətlə
yanaşmasının bariz nümunəsi sayılır.
Məsələn,
Quba, Qusar və Xaçmaz bölgələrində ləzgi
dilinin tədrisinə diqqət ayrılır. Cənub
zonasında – Lənkəran, Astara və Lerik rayonlarında
talış dilinin qorunması istiqamətində məktəblərdə
dərslər təşkil olunur. Şimal-qərb bölgəsində
– Zaqatala və Balakən rayonlarında avar və saxur dilli əhalinin
ana dilində təhsil imkanları da mövcuddur. Eyni zamanda
udinlər kimi azsaylı xalqların dili və mədəniyyəti
də dövlət səviyyəsində diqqətdən kənarda
qalmır. Bu faktlar göstərir ki, Azərbaycanda dil müxtəlifliyi
yalnız mədəniyyət mövzusu kimi deyil, dövlət
siyasətinin bir istiqaməti kimi qəbul olunur. Xüsusilə
azsaylı xalqların dilləri üzrə dərsliklərin
hazırlanması, tədris proqramlarının
yaradılması və məktəblərdə bu dərslərin
keçirilməsi cəmiyyət tərəfindən də
müsbət qarşılanır.
Dərsliklər
və təhsil resursları sahəsində işlər
Ana dilində
təhsil imkanlarının formalaşması üçün
dərslik və metodik vəsaitlərin hazırlanması
xüsusi əhəmiyyət daşıyır. Bu sahədə
görülən işlər də təqdirəlayiqdir.
Müxtəlif illərdə azsaylı xalqların dilləri
üzrə dərsliklər hazırlanıb, məktəblərə
təqdim olunub. Bu addımlar bir çox ölkələrdə
tamamilə unudulan kiçik dillərin Azərbaycanda
yaşadılmasına şərait yaradır. Bununla
yanaşı, cəmiyyətin müxtəlif təbəqələri
də bu prosesə dəstək göstərir. Yerli
ziyalıların, müəllimlərin və mədəniyyət
xadimlərinin ana dilinin qorunması istiqamətində
apardığı işlər, topladığı folklor
nümunələri, yazdığı kitablar və
yaratdığı tədris materialları da mühüm rol
oynayır.
Multikultural
mühitin qorunması üçün real mexanizmlər
Azərbaycanın
multikultural siyasətinin əsas üstünlüyü odur ki,
burada milli azlıqların mədəni hüquqları qorunur
və bu, cəmiyyətin ümumi inkişafına xidmət
edir. Təkcə təhsil sahəsində deyil, mədəniyyət
tədbirlərində də azsaylı xalqların irsi
geniş şəkildə təbliğ olunur. Müxtəlif
bölgələrdə keçirilən folklor festivalları,
milli mədəniyyət günləri, yerli sənət
nümunələrinin təqdimatı, dilin və mədəniyyətin
yaşadılmasına xidmət edən tədbirlər bu
istiqamətdə görülən işlərin
miqyasını göstərir. Bu siyasət nəticəsində
Azərbaycanda müxtəlif millətlərin nümayəndələri
öz mədəniyyətini qorumaqla yanaşı, eyni zamanda
vahid cəmiyyətin bir parçası kimi yaşayır. Bu,
həm dövlətin sabitliyini gücləndirir, həm də
ölkənin beynəlxalq aləmdə tolerantlıq nümunəsi
kimi tanınmasına səbəb olur.
Mövcud
problemlər və inkişaf perspektivləri
Bütün
bunlarla yanaşı, bəzi problemlər də mövcuddur.
Ən ciddi çətinliklərdən biri müəllim
çatışmazlığıdır. Azsaylı
xalqların dilində dərs deyə biləcək
ixtisaslı kadrların sayı hələ də kifayət qədər
deyil. Digər məsələ dərsliklərin müasir
standartlara uyğunlaşdırılması və elektron
resursların artırılmasıdır. Müasir dövrdə
uşaqların təhsilində texnologiyanın rolu
böyükdür. Bu səbəbdən ana dili dərslərinin
daha maraqlı, interaktiv formatda təqdim olunması vacib hesab
olunur. Ekspertlər bildirir ki, gələcəkdə azsaylı
xalqların dilləri üçün mobil tətbiqlər,
elektron platformalar, audio dərslər və rəqəmsal
kitablar hazırlanarsa, bu dillərin qorunması daha da güclənəcək.
Şəhərləşmə
və assimilyasiya riskinə qarşı mübarizə
Son illərdə
şəhərləşmə prosesi azsaylı xalqların
dilinin qorunmasına müəyyən risklər yaradır.
Bölgələrdən böyük şəhərlərə
köçən ailələrdə uşaqlar daha çox Azərbaycan
dilində ünsiyyət qurur, nəticədə ana dili ikinci
plana keçir. Bəzən valideynlər
düşünür ki, ana dili uşağın gələcək
karyerasına təsir etməyəcək. Halbuki mütəxəssislər
qeyd edir ki, ana dilini bilmək uşağın
dünyagörüşünü genişləndirir,
düşünmə qabiliyyətini artırır və onu
daha güclü şəxsiyyət kimi
formalaşdırır.
Bu baxımdan dövlətin yaratdığı imkanlarla yanaşı, ailə
mühitində də ana dilinin qorunması vacibdir. Ana dilində
danışmaq, uşaqlara nağıllar oxumaq, folklor nümunələrini
öyrətmək və dilin gündəlik istifadəsini təmin
etmək bu prosesin ən əsas hissəsidir.
Multikultural
dəyərlərin real nəticəsi
Mövzu
ilə bağlı təhsil eksperti Məzahir Məmmədli
hesab edir ki, Azərbaycanda azsaylı xalqların ana dilində təhsil
imkanlarının qorunması multikultural dəyərlərin
real nəticəsidir: “Bu gün bir çox ölkələrdə
azsaylı xalqların dilləri təhsil sistemindən kənarda
qalır və nəticədə həmin dillər tədricən
yox olma təhlükəsi ilə üzləşir. Azərbaycanda
isə tam əksinə, dövlət siyasəti dil müxtəlifliyini
qorumağa yönəlib. Müxtəlif bölgələrdə
ləzgi, talış, avar və digər dillərin məktəblərdə
tədris olunması, dərsliklərin hazırlanması və
bu istiqamətdə görülən işlər çox
müsbət haldır. Bu, təkcə azsaylı xalqların mədəni
hüquqlarının təminatı deyil, eyni zamanda Azərbaycanın
milli birliyini daha da gücləndirən amildir. Çünki
insan öz dilini, mədəniyyətini qoruyaraq dövlətə
daha bağlı olur. Mən hesab edirəm ki, bu siyasət Azərbaycanın
tolerantlıq modelinin ən güclü tərəflərindən
biridir”.
Ekspert əlavə edir ki, bu sahədə
görülən işlərə baxmayaraq, bəzi problemlər
hələ də qalmaqdadır və bunların aradan
qaldırılması üçün daha sistemli yanaşmaya
ehtiyac var: “Ən ciddi çətinliklərdən biri müəllim
çatışmazlığıdır. Azsaylı
xalqların dillərində dərs deyə biləcək peşəkar
kadrların sayı kifayət qədər deyil. Bu istiqamətdə
müəllim hazırlığı gücləndirilməli,
ixtisasartırma kursları genişləndirilməli və
bölgələrdə pedaqoji kadrların
stimullaşdırılması təmin olunmalıdır”.
M.Məmmədli deyir ki, digər
mühüm məsələ ailələrin yanaşması
ilə bağlıdır. Onun sözlərinə görə,
son illər bəzi valideynlər ana dilinə əvvəlki qədər
önəm vermir və daha çox beynəlxalq dillərin
öyrənilməsinə üstünlük verir: “Bu gün
bir çox ailələr düşünür ki,
uşağın gələcəyi üçün əsas
olan ingilis dili, rus dili və digər beynəlxalq dillərdir.
Əlbəttə, xarici dilləri bilmək müasir
dövrün tələbidir və uşaqların dünyaya
açılması üçün vacibdir. Amma bu yanaşma
ana dilinin arxa plana keçməsi ilə nəticələnməməlidir”.
Ekspert vurğulayır ki, ana dilinin qorunması
yalnız məktəbin deyil, həm də ailənin və cəmiyyətin
ortaq məsuliyyətidir: “Ana dilinin yaşaması
üçün məktəb əsas vasitədir, amma ailə
də bu prosesin ayrılmaz hissəsidir. Uşaq evdə ana
dilində danışmırsa, məktəbdə öyrəndiyi
bilik uzunmüddətli olmur. Ona görə də valideynlər
ana dilini sadəcə keçmişin mirası kimi deyil, gələcəyin
mədəni sərvəti kimi görməlidirlər. Azərbaycan
bu sahədə çox doğru yol seçib və
təqdirəlayiq addımlar
atmaqdadır”.
Sevinc Osmanova
Həftə
içi.- 2026.- 12-18 fevral, ¹6.- S.4.