Azərbaycanın rəqəmsal gələcəyi
Qlobal iqtisadiyyatın gələcəyi
data mərkəzləri,
bulud texnologiyaları və alqoritmlər üzərində qurulur
Müasir qlobal arena nə
qədər müharibə
və kataklizmlərlə
üz-üzə qalsa
da, innovasiyalara açıq yeni mərhələnin başlandığını
nümayiş etdirir. Bu gün dünyanı
heyrətləndirən əsas
güc süni intellektin imkanları və təsir dairəsi ilə ölçülür. Dünya
dövlətləri, o cümlədən
Azərbaycan süni intellekti strateji prioritet kimi dəyərləndirir və
bunu ən yüksək tribunalardan bəyan edir. Dünya nizamı tədricən ənənəvi
hərbi gücdən
daha çox, süni intellektin imkanları üzərində
qurulan idarəetmə
modelinə doğru dəyişir. Bəs biz bu yeni
çağırışlara hazırıqmı? Milli Məclisin
deputatı, YAP Siyasi Şurasının üzvü
Elnarə Akimova məsələyə Hafta.az-a müsahibəsində
aydınlıq gətirib.
– Prezident İlham
Əliyevin sədrliyi
ilə keçirilən
və “Azərbaycanın
yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə
hansı yol xəritəsini ortaya qoydu?
– Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlət başçısının sözləri ilə desək, “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”. Bu, sadəcə, texnoloji yenilənmə deyil, strateji seçimdir.
Dünyada rəqəmsal transformasiya artıq siyasi iradənin və iqtisadi gücün əsas göstəricisinə çevrilib. ABŞ və Çin süni intellekt yarışında liderlik uğrunda mübarizə aparır, Avropa İttifaqı rəqəmsal suverenlik konsepsiyasını irəli sürür, Cənubi Koreya və Sinqapur dövlət idarəçiliyini geniş şəkildə rəqəmsallaşdırır. Qlobal iqtisadiyyatın gələcəyi data mərkəzləri, bulud texnologiyaları və alqoritmlər üzərində qurulur. Azərbaycan da bu tendensiyaları düzgün qiymətləndirərək rəqəmsal inkişafı prioritet elan edib. Prezident açıq şəkildə bəyan edib ki, rəqəmsal inkişaf məsələsi ölkənin gələcək inkişafını böyük dərəcədə şərtləndirəcək.
– Bu iddianın arxasında
hansı ciddi əsaslar dayanır?
– Azərbaycanın coğrafi
mövqeyi – Asiya ilə Avropanın kəsişməsində
yerləşməsi – indiyədək nəqliyyat və enerji dəhlizləri
üçün strateji üstünlük yaradıb. İndi
isə həmin üstünlük rəqəmsal magistrallara
çevrilməlidir. Dövlət başçısı qeyd
edib ki, mövcud nəqliyyat və energetika dəhlizləri gələcəkdə
fiber-optik xətlərə də transformasiya
olunmalıdır. Xəzərin şərq sahilləri ilə
bağlantını təmin edəcək fiber-optik kabel layihəsi,
Şərq-Qərb istiqamətində yeni rəqəmsal xətlərin
qurulması Azərbaycanın regional data habına çevrilməsi
üçün real zəmin yaradır.
Rəqəmsal arxitekturanın əsas
şərtlərindən biri enerji təminatıdır.
Süni intellekt və iri data mərkəzləri böyük
enerji gücü tələb edir. Prezident İlham Əliyev
müşavirədə vurğulayıb ki, son 20 ildə Azərbaycanın
generasiya gücü iki dəfə artaraq 10 min meqavata
çatıb və hazırda ən azı 2 min meqavat istifadə
olunmayan potensial mövcuddur. Bu göstərici region
üçün nadir üstünlükdür. Üstəlik,
bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr
gələcəkdə əlavə güc yaradacaq. Bu isə
Azərbaycanın “yaşıl enerji” əsasında fəaliyyət
göstərən data mərkəzləri qurmaq
imkanlarını genişləndirir və Avropanın karbon
neytrallığı siyasəti ilə uzlaşır.
İnvestisiya mühiti də
rəqəmsal transformasiya
üçün əlverişlidir.
Son 20 ildə ölkə
iqtisadiyyatına 350 milyard
dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması və uzunmüddətli neft-qaz müqavilələrinin sabit
icrası transmilli şirkətlərlə etibarlı
tərəfdaşlıq modelini
formalaşdırıb. Prezident
bildirib ki, bu təcrübə rəqəmsal
dünyada aparıcı
rol oynayan şirkətlərlə əməkdaşlıqda
da özünü göstərməlidir.
ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası,
Avropa İttifaqına
üzv 10 ölkə ilə strateji sənədlər və Çinlə imzalanmış
hərtərəfli Strateji
Tərəfdaşlıq sazişi
Azərbaycanın qlobal
güc mərkəzləri
ilə balanslı əməkdaşlıq platformasına
malik olduğunu göstərir.
Dövlət başçısının
ifadəsi ilə desək, “Dünyada bu qədər üstünlüyü olan
ikinci ölkə tapmaq çətindir”.
Rəqəmsal transformasiya yalnız
infrastruktur və investisiya ilə məhdudlaşmır. Dövlət
idarəçiliyində vahid
yanaşma əsas şərt kimi irəli sürülüb.
Prezident dövlət xidmətlərinin “mygov” platforması üzərindən
vahid mərkəzdə
cəmlənməsini tapşırıb.
Bu, Estoniya və Sinqapur kimi ölkələrin
uğurlu e-hökumət
modellərinə uyğun
yanaşmadır. Süni
intellektin dövlət
qurumlarında tətbiqi,
qərarvermə prosesində
alqoritmik analizdən istifadə və kibertəhlükəsizliyin gücləndirilməsi
yeni arxitekturanın əsas
elementləridir. Prezident
qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət
məmurlarının fəaliyyətinə
süni intellekt əsaslı sistemlər dəstək verir və Azərbaycan da bu təcrübəni nəzərdən keçirməlidir.
– Azərbaycanın yeni rəqəmsal
arxitekturasında rəqəmsal
nəslin formalaşması
prosesi necə gedir və orta
tədris məktəbləri
buna hazırlanırmı?
– Qeyd etdiyim bütün
bu proseslərin mərkəzində insan amili dayanır. Rəqəmsal dövlət
yalnız rəqəmsal
nəsillə mümkündür.
Prezident İlham Əliyevin
müşavirədə səsləndirdiyi
ən strateji fikirlərdən biri orta məktəblərdə
süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsinin vacibliyi idi. Dövlət başçısı vurğulayıb
ki, bu, uzunmüddətli
prosesdir və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq.
Bu yanaşma qlobal təcrübə ilə səsləşir. ABŞ-da məktəblərdə hesablama təfəkkürü tədris olunur, Çin süni intellekti təhsil proqramlarına daxil edib, Cənubi Koreya və Sinqapur isə ibtidai siniflərdən kodlaşdırmanı öyrədir. Çünki gələcəyin iqtisadiyyatı alqoritmlər üzərində qurulur.
Azərbaycanda da məktəblərdə süni intellektə dair biliklərin aşılanması yalnız proqramlaşdırmanın öyrədilməsi demək deyil. Bu, analitik düşüncə, problem həll etmə bacarığı, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyətin formalaşdırılması deməkdir. Şagird süni intellektin mahiyyətini, imkanlarını və risklərini anlamalıdır. Bunun üçün müəllim hazırlığı gücləndirilməli, müasir tədris materialları hazırlanmalı və məktəblərin texniki təminatı yaxşılaşdırılmalıdır. Regionlarda da eyni imkanların yaradılması rəqəmsal bərabərliyi təmin edəcək.
Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası enerji gücündən başlayaraq data mərkəzlərinə, oradan isə məktəb partalarına qədər uzanan vahid strategiyadır. Bu strategiya ölkəni yalnız regional nəqliyyat və enerji mərkəzi deyil, həm də rəqəmsal hab statusuna yüksəltməyi hədəfləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin birbaşa dövlət nəzarətinə götürülməsi həm daxili strukturlara, həm də beynəlxalq tərəfdaşlara aydın mesaj verir: Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi ola bilər.
Elnarə Akimova
Müsahibəni
apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2026.- 19-25 fevral, ¹7.- S.3.