“Tramp müharibəni

dayandırmaq istəyir, amma...”  

 

Neçə gündür, qonşu İranda müharibə gedir, ABŞ və İsrail aviasiyası bu qədim ölkənin şəhərlərini bombalayır, ölənlərin sayı minə yaxınlaşır, ölkənin Ali Rəhbəri, ailəsinin bir neçə üzvü, ordu komandanları və başqaları həlak oldular. Ən ağrılı fakt isə qızların təhsil aldığı məktəbin və idman salonunun vurulmasıdır – 160-dan çox şagird həlak olub... Bəs müharibə nə vaxtadək davam edəcək, qalib tərəf kim olacaq? Suallarımızı Hafta.az-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani cavablandırmağa çalışıb.

- Qızlar məktəbinin vurulmasına aydınlıq gətirilməsə də, bunun tək adı cinayətdir. Əslində, məktəblərin və bu kimi mülki obyetlərin vurulmasının Amerikada və dünyada insanları narahat etməsi kimi hallar keçmişdə qalıb. İndi ölən-ölür, qalan-qalır, heç kim sorğulanmır, cəzalandırılmır. Ən böyük qurum olan Birləşmiş Millətlər Təşkilatı ən yaxşı halda bir bəyanat verir, vəssalam. Ümumiyyətlə, bu gün beynəlxalq hüquq ayaqlar altındadır. Özünüz də görürsünüz ki, beynəlxalq təşkilatlar işləmir, Tramp özünə bir Sülh Şurası yaradıb. Əgər BMT işləsəydi, Tramp elə onun vasitəsilə qərarlar qəbul edərdi. Sizin də qeyd etdiyiniz kimi, Qəzzada 72 min insan öldürülüb, onların da çoxu qadınlar və uşaqlardır. Bütün Qəzza yerlə bir edilib, amma baxan, sorğulayan yoxdur. Dünyanın çox sayda şəhərində insanlar küçələrə axışıb, Qəzza qırğınlarına etiraz etdilər və sakitləşdilər. Netanyahu da Trampa arxalanaraq öz işini gördü. İndi də İranın üstünə gəliblər. Beynəlxalq təşkilatlar işləsəydi, ABŞ və İsrail hücum edə bilməzdi. Çünki özbaşına qəbul edilən bu qərar beynəlxalq hüquqa ziddir, yolverilməzdir. Özü də fikir verin: Cenevrədə danışıqlar getdiyi bir vaxtda aldadaraq hücum etdilər. Əslində, 12 günlük hücumlar zamanı da belə etmişdilər.

- Müharibənin gedişatı məlumdur. Tramp belə bir söz dedi ki, İran danışıqlara başlamağı təklif edib və o da qəbul edib. Sonra Araqçi bunu təkzib etdi. Sizcə,  müharibədən danışıqlara tezliklə qayıtmaq mümkündür?

- Siyasətdə yalan danışırlar, amma Tramp ağ edir. Həm aldadırlar, həm də yalan danışırlar.  Deyir, guya İranla danışıb razılaşmaq istəyib, amma qarşı tərəf gəlməyib. Hansı ki, Omanın xarici işlər naziri də şahiddir ki, İran danışıqlar tərəfdarı olub. Əsl həqiqəti tarix göstərəcək.

Tramp düşünürdü ki, havadan bombalayaraq Tehrana girəcək, xalq da bunlara dəstək olaraq küçələrə axışacaq və asanlıqla iqtidarı dəyişib istədikləri adamı hakimiyyətə gətirəcəklər, amma bu olmadı. Ona görə də deyir, guya İran danışıqlar istəyir. İran təkzib etdi ki, danışıqlardan söhbət gedə bilməz. Əslində, indiki vəziyyətdə danışmağın məntiqi də yoxdur. Əminliklə deyirəm: Tramp özü müharibəni dayandırmayınca, İran dayanmayacaq və əlindən gələni edəcək. İndi Tramp ərəb ölkələrini bu oyuna qatmağa çalışır, hətta Fransa, İngiltərə kimi Avropa ölkələrini də.

İran heç vaxt danışıqlardan çəkinməyib, amma Tramp danışıq adı altında öz tələbləri əsasında yazılmış sənədi imzalatmaq istəyirdi. Sonda da Tramp sülh danışıqlarını pozaraq hücuma keçdi. Amma hələlik, digər ölkələr bu oyuna gəlmirlər. NATO-nun Baş katibi də bəyan etdi ki, bu müharibə ABŞ və İsrailin müharibəsidir və ona görə də alyans prosesə qarışmayacaq. Çin və Rusiya İranı dəstəkləmir. Onlar İranı dəstəkləsəydilər, elə öz pulu ilə müdafiə silahları verərdilər. Müharibənin arealı genişlənsə, yəni Avropa ölkələri və ya hansısa ərəb dövləti İrana qarşı əməliyyatlara qoşulsa, ola bilər ki, Çin öz maraqları üçün İranı müdafiə etsin. Rusiyaya heç inanmıram, çünki bu durum onlara çox yarayır. Müharibə bazarda neftin bahalaşmasına səbəb olub və özləri də deyirlər ki, yanacaq bazarında Rusiyaya tələbat tədricən artmaqdadır. Ona görə də çalışırlar ki, fürsətdən yararlanıb daha çox qazansınlar. Üstəlik, araqarışıqlığından istifadə edib, Ukrayna cəbhəsində üstünlük qazanmaq istəyir. Tramp isə çalışır, müharibəni dayandırsın, sadəcə, qüruru imkan vermir. Qlobal bazarda yanacağın bahalaşması, həlak olmuş amerikalı əsgərlərə görə, Amerikada insanların etirazının güclənməsi, ərəb ölkələrinin təzyiqləri onu müharibəni dayandırmağa vadar edə bilər. Əks təqdirdə, İran daha güclü silahlarından istifadə edəcək. Bu, atom da ola bilər, ona oxşayan başqa bir silah da. Əminəm ki, bu silahlar İranda var, amma son ana saxlayıb...

ABŞ-nin hücum etdiyi istiqamətlər bəllidir. Bəs İsrail necə, birbaşa quru əlaqəsi olmadığı üçün İrana hücumu mütləq hansısa ölkənin hava məkanını keçməklə etməyə məcburdur. Nədənsə, bu barədə danışan yoxdur. İsrail təyyarələri və ya raketlərinin uçuş trayektoriyasını göstərə bilərsiniz? Həmin hava məkanı pozulan, bəlkə də razılaşdırılan ölkələrə bu barədə etiraz edilibmi?

– Düşünürəm, Amerika və İsrail İrana qarşı yerüstü əməliyyat aparmayacaqlar, çünki bu onların sonu olardı. Bir çox ərəb ölkəsi hücumların əleyhinə olduqlarını desələr də, fakt odur ki, hava həmlələri İordaniya, Suriya, İraqın hava sahələrindən gəlir. Soruşsan da deyəcəklər ki, qarşısını almağa gücləri çatmır-filan. İsrail istəyir İraqın şimalında fəaliyyət göstərən müxalif kürdləri ayağa qaldırsın ki, sərhədi keçib İranı qarışdırsınlar. Ona görə də İran Ərbildəki bazaları vurur.

Onu da deyim, Tramp İranın parçalanmasını qətiyyən istəmir. İsrail çox çalışır ki, İran bir neçə respublika şəklində bölünsün. Bu müstəvidə Netanyahu ilə Tramp arasında fikirayrılıqları da var.

İran ərəb ölkələrinin ərazisinə raket və PUA zərbəsi endirməkdədir. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və s. isə əvvəldən elan etmişdilər ki, onların ərazisindən və hava məkanından İrana bir güllə belə atılmayacaq. O zaman niyə İran o ölkələrə zərbə endirməklə qonşuluq münasibətlərini pisləşdirdi? Yəni İran zərbələri konkret olaraq ABŞ və İsrailin atəş nöqtələrinə yönləndirsə, yaxşı olmazdımı?

– Amerikanın əsas məqsədi budur ki, İranın neft, qaz və sair sərvətlərini nəzarətə götürsün və bununla, həm də Çinin maraqlarının qarşısını almış olur. Bir yandan da çalışır, regionda İsrail ən güclü mövqe sahibi olsun. Bu, olmayacaq. Düşünürəm,  bu vəziyyətdə bütün müsəlman ölkələri hər sahədə birləşməlidirlər. Onu da deyim,  İran ərəb ölkələrini qorxutmasaydı, onlar Amerikaya yaxınlaşmazdılar və nəticə etibarilə İsrailə qarşı İranın yanında olardılar. Hətta İsrailin də hərbi sferada güclənməsinin səbəbi İrandır. Məhz İrandan qorxduğu üçün Amerikadan dəstək istədi. Məncə, İran bu istiqamətdə xarici siyasətini düzgün qurmadı. Mən həmişə demişəm, hətta İran Xarici İşlər Nazirliyində işləyəndə də bildirmişəm ki, belə olmaz, hər gün İsrailin, Amerikanın əleyhinə bəyanatlar verməyin. Heç olmasa əvvəl güclənin, sonra bəyanat verin. Düzdür, hərbi sahədə bəzi inkişaflar var, amma bu, yetərli deyil. Güclü iqtisadiyyat qurmaq, bölgə ölkələri ilə sıx iqtisadi inteqrasiya, müsəlman ölkələri ilə yaxşı münasibət yaratmaq vacib idi.

– Amerika bilirdi ki, müharibə zamanı İran onun qonşu ölkələrin ərazilərindəki bazalarını vuracaq və bu da həmin ölkələri İranla düşmən edəcək. Sizə elə gəlmirmi ki, bu, elə Amerika və İsrailin siyasi maraqlarına uyğundur? Yəni İranın qonşularla arasının dəyməsi onları sevindirir...

– Bayaq da dedim: Amerika var gücü ilə çalışır ki, ərəb ölkələrini müharibəyə cəlb etsin, İranla düşmən olsunlar. İran da deyir ki, onları vurmaq istəmir, sadəcə, Amerikanın cavabını verir. Bu, həqiqətdir ki, ərəb ölkələri İrandan inciyiblər. Başa düşmək lazımdır ki, onların o qədər də güclü orduları yoxdur, ona görə də təhlükəsizliklərini təmin etmək üçün Amerika bazalarını öz ərazilərində yaradıblar. İran da deyir ki, Amerikaya əli çatmadığı üçün onun regiondakı varlıqlarını vurur. Bütün hallarda, İranın qonşu ölkələrin ərazisinə raket hücumları davam eləsə, həmin dövlətlərlə əlaqələr zədələnəcək.

– İranın yaxın strateji müttəfiqləri olan Rusiya, Çin niyə bu vəziyyətdə İrana dəstək vermirlər? Ən azından, İsrailə təsir edə bilərlər, amma kənardan tamaşa edirlər... Eynilə Venesuelanı tək buraxdıqları kimi...

– Mən həmişə demişəm, yenə təkrar edirəm: nə Çin, nə də Rusiya heç vaxt gəlib İrana görə müharibəyə qoşulmaz, onlar sırf öz maraqlarını güdürlər. Çin öz iqtisadi-texnoloji imkanlarını genişləndirir, çox böyük hərbi nailiyyətləri də var, amma qəti müharibə istəmir. Digər yandan, Tayvan problemi var, Rusiya da Ukrayna ilə müharibədir. İrana, hətta pulu ilə heç nə satmayıblar. Rusiya neçə qat artıq pulunu alsa da, Buşəhr nüvə stansiyasını 15 il yubadıb. “S300”ü İrana vermək üçün 8 il gözlədib, sonra nə olubsa, satıb. Hansı ki, o vaxta qədər İran özü ona oxşar bir sistem yaratmışdı. Ümumiyyətlə, Rusiya heç vaxt istəməyib ki, İran inkişaf etsin. İranın Avropa və Amerika ilə əlaqələrinin genişlənməsini də istəməyib. Çalışıb ki, İran həmişə zəif qalsın, onlar da istədikləri kimi istifadə etsinlər.

Sizcə, aktiv müharibə nə vaxtadək davam edəcək və hansı halda başa çatacaq? ABŞ və İsrailin tələbləri var, onlar tam yerinə yetiriləcəkmi? İran İslam idarəçiliyindən imtina edə bilərmi? Bunu da hücum edənlər istəyir...

– ABŞ elə bilib ki, İran da Venesueladır, tezbazar istədiyini edəcək, hava hücumları ilə ölkədə siyasi rejimi dəyişə biləcək, bu, mümkün deyil! İndi hərbi proseslər gedir, görək nə olacaq. Şəxsən düşünmürəm, bu vəziyyət uzun davam eləsin, Amerikanın bir yerdə dayanacağını gözləyirəm. Sirr deyil ki, İranda da narazılar var, amma indiki müharibə şəraitində, başına bombaların atıldığı, insanların öldürüldüyü bir vaxtda heç kim küçəyə çıxıb “Rejim dəyişsin” deməz. Bütün hallarda İranın xarici və daxili siyasətində qaçılmaz dəyişikliklər gözləniləndir. Daha demirəm, daxildə aranı qatalar, vəziyyət qarışa, hər halda müəyyən dəyişikliklər qaçılmazdır. İndi çalışırlar ki, daxildə kürdləri, bəlucları, ərəbləri ayağa qaldırıb İranı parçalasınlar.

Tramp həm inadına, həm də Amerikanın gücünə arxalanıb geri çəkilmək istəmir, İran da dirənib dayanıb. Görək, nə qədər davam edəcək. Yenə deyirəm, sistemin dəyişəcəyinə inanmıram, amma ölkənin xarici və daxili siyasətində mütləq islahatlar aparılacaq. Düşünürəm, xarici siyasətdə hərbi vasitələr yerini siyasətə verəcək. Məsələn, İran İsrailin əleyhinə siyasət yürüdəcək, amma silahlı təşkilatları dəstəkləməyəcək...

 

Əfşar Süleymani

 

Müsahibəni apardı:

Vüsal

 

Həftə içi.- 2026.- 5-11 mart, ¹9.- S.3.