Azərbaycan bu prosesə
tam hazırdır
İran-ABŞ
qarşıdurmasının dərinləşməsi qlobal
və regional təhlükəsizlik sistemində yeni risklər
formalaşdırır. İrana yönəlmiş hücumlar
Yaxın Şərqdə hərbi-siyasi balansı dəyişdirə
biləcək potensiala malikdir. Mövcud vəziyyət Cənubi
Qafqaz üçün, dolayısı ilə Azərbaycan
üçün də müəyyən
təhlükələr yaradır.
Müsahibimiz politoloq Natiq Miridir:
-
İran və İsrail-ABŞ qarşıdurmasının
açıq müharibə fazasına keçməsi regionun
təhlükəsizlik arxitekturasını necə dəyişə
bilər?
- Regionun təhlükəsizlik
arxitekturasının pozulması uzun illərdir
ki, İran rejimi tərəfindən təzyiq vasitəsi və
çəkindirici faktor kimi gündəmə gətirilir. Bu, əsasən
psixoloji və siyasi təsir aləti kimi istifadə olunub. Lakin
son əməliyyatlar göstərdi ki, Tehran münaqişənin
miqyasını genişləndirməyə, onu bütün
regiona yaymağa çalışsa belə, bu addım
İrana real divident qazandırmır və nə Amerika Birləşmiş
Ştatları, nə də İsrail üçün ciddi
çəkindirici amilə çevrilmir. Əksinə,
yaranmış vəziyyət digər region ölkələrini,
xüsusilə Körfəz dövlətlərini İran əleyhinə
daha sıx mövqe tutmağa sövq edir. Artıq ABŞ-la
birlikdə Körfəz ölkələrinin
özünümüdafiə hüququna dair birgə bəyanat
səsləndirməsi və ortaq mövqenin nümayiş
etdirilməsi göstərir ki, İranın addımları
gözlənilən effekti verməyib. Bunun əvəzinə,
Tehrana qarşı qüvvələrin daha da
konsolidasiyasına və səfərbər olunmasına şərait
yaradılıb.
Bu baxımdan müharibənin
uzunmüddətli xarakter
alacağını gözləmirəm. Ehtimal etmək olar ki,
müəyyən mərhələdən sonra İranın hərbi
və siyasi potensialı ciddi şəkildə zəifləyəcək.
Rejimin tamamilə sıradan çıxarılması ssenarisi
baş verərsə, bu, perspektivdə İranın dünyəvi
dövlət modelinə keçidi üçün imkanlar
aça bilər.
Belə
bir İran isə
qonşuları üçün təhlükə mənbəyi
olmaqdan çıxaraq, regionun təhlükəsizlik
arxitekturasına töhfə verən konstruktiv aktora
çevrilə bilər. Bu halda ölkə indiki
dağıdıcı xətt yürüdən tərəf
deyil, regionun sabitliyində maraqlı olan iştirakçı
statusu qazana bilər. O səbəbdən, bəzilərinin
düşündüyü və böyük təhlükə
kimi təqdim etdiyi ssenarini mən o qədər də fəlakətli
hesab etmirəm. Əksinə, mövcud prosesləri Yaxın
Şərq və bütövlükdə region
üçün uzunmüddətli perspektivdə müsbət
transformasiyanın başlanğıcı kimi qiymətləndirmək
mümkündür. Tarix göstərir ki, hər bir ciddi
geosiyasi dəyişiklik ilkin mərhələdə xaosla
müşayiət olunur. Heç bir proses bir günün
içində həllini tapmır. Lakin xaosdan sonra yeni təhlükəsizlik
balansı və daha sabit nizam formalaşa bilər ki, bu da
regiona sülh və inkişaf gətirə bilər.
Qeyd edim ki, müharibə davam
etdiyi təqdirdə, ən azı bir neçə həftə
ərzində Asiyada Çin-Tayvan xəttində yeni gərginlik
müstəvisi yarana bilər. Ən böyük potensial təhlükələrdən
biri məhz budur. Çünki Amerika Birləşmiş
Ştatlarının diqqətinin İranla müharibəyə
yönəldiyi bir şəraitdə Çin bu vəziyyətdən
istifadə edərək Tayvana qarşı hücum əməliyyatları
həyata keçirə, onu zərərsizləşdirərək
özünə birləşdirməyə cəhd göstərə
bilər. Yəni belə bir potensial təhlükə
mövcuddur və bu halda ABŞ ilə Çin arasında
qarşıdurma ehtimalı yarana bilər. Doğrudur, belə
bir vəziyyətdə ABŞ-ın hansı qərarı qəbul
edəcəyi tam aydın deyil. Lakin nəzərə almaq
lazımdır ki, İranla hərbi əməliyyatların
uzunmüddətli xarakter alması, yəni bir neçə həftə
davam etməsi raket ehtiyatları və hava hücumundan
müdafiə sistemlərinin imkanları baxımından
müəyyən məhdudiyyətlər yarada bilər. Bu
resurslar sonsuz deyil və müəyyən çərçivədə
məhduddur. Beləliklə, əməliyyatlar qısa müddət
üçün planlaşdırılıb. Bu şəraitdə
Çin vəziyyətdən sui-istifadə edərək yeni
münaqişə ocağı yarada bilər. Məncə, ən
böyük potensial təhlükə məhz budur. Digər
dövlətlərin isə real olaraq bu prosesə
qoşulacağını düşünmürəm.
- Müharibənin coğrafi
genişlənmə ehtimalı varmı və
hansı ölkələr birbaşa və ya dolayı şəkildə
cəlb oluna bilər?
- Regional ölkələrin prosesə
qoşulması əsasən Körfəz dövlətləri
ilə məhdudlaşır. Bunun səbəbi odur ki, bu mərhələdə
əsas hədəflər məhz Körfəz regionu və ərəb
ölkələridir. Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətər
kimi ölkələr münaqişədən zərər
görmə ehtimalı daşıyır. Onların
özünü müdafiə hüququnu açıq şəkildə
ortaya qoyması, İran və onun rejiminin zərərsizləşdirilməsi
prosesində iştirakını şərtləndirə bilər.
Artıq Səudiyyə Ərəbistanı bu mövzuda sərt
və konkret bəyanat verib. Eyni zamanda, Körfəz ölkələri
ABŞ-la birlikdə özünü müdafiə hüququ ilə
bağlı ortaq bəyanat qəbul ediblər. Bu fakt göstərir
ki, yaxın gələcəkdə İran bu ölkələri
hərbi hədəfə çevirməyə
çalışarsa, Tehran yalnız İsrail və ABŞ-la
qarşılaşmayacaq, həm də Körfəz ölkələrinin
qırıcı təyyarələri və raket sistemləri
ilə üz-üzə qalacaq.
Digər
qlobal güclər, xüsusən də bir zamanlar İranın
müttəfiqi sayılan Rusiya və Çin, bu prosesdə
birbaşa iştirak etməyəcəklər. Bunun səbəbi
ABŞ-la birbaşa qarşı-qarşıya gəlmə
riskidir. Bu baxımdan onların mövqeyi yalnız söz və
bəyanatlar səviyyəsində qalacaq, lakin prosesin
gedişinə real təsir göstərməyəcək.
- Bu qarşıdurma Yaxın Şərqdə
mövcud hərbi-siyasi ittifaqları necə yenidən
formalaşdıra bilər?
- Yaxın Şərqdə artıq müəyyən mənada bir Sülh
Şurası – dolayısıyla bir sülh ittifaqı kimi qiymətləndirilə
biləcək bir qurum fəaliyyət göstərir. Təxminən
60 ölkə bu qurumun təsis olunmasında bilavasitə
iştirak edib və Vaşinqtonda 20-dən artıq ölkə,
o cümlədən Azərbaycan, müəyyən nizamnamə
və sənədləri qəbul edib. Bu, artıq bir birlik
kimi dəyərləndirilir. Perspektivdə İrandakı rejim
çökərsə və ölkədə yeni dünyəvi
hakimiyyət mövcud olarsa, İran birləşdirici və
sülhə töhfə verən ölkə kimi prosesə
qoşula bilər. Bu da regionda, xüsusilə Yaxın Şərqdə
sülhün təmin edilməsinə imkan yaradacaq. Alternativ
ittifaqların formalaşması mövzusuna gəldikdə isə,
hazırda ciddi potensial mövcud deyil. Əvvəllər
Çin, Rusiya və İran kontekstində üçlük
formatı mövcud idisə, bu format getdikcə zəifləyir
və perspektivdə yeni və daha böyük alternativ
ittifaqın formalaşacağı gözlənilmir. Hazırda
tək və alternativsiz bir sülh şurası mövcuddur
ki, bu da regiondakı əksər dövlətlərin sülh
istəyini ortaya qoyur.
- Enerji marşrutları
və strateji boğazlar üzərində
nəzarət uğrunda mübarizə qlobal təhlükəsizliyə
hansı riskləri yaradır?
- İrana qarşı başlanan hərbi əməliyyatların həm
təhlükəsizlik, həm də geosiyasi tərəfləri
mövcuddur. Bu, ABŞ-ın ciddi geosiyasi niyyətlərinə
açıq siqnal verir.
Birləşmiş Ştatlar dünyanın
17% neftini istehsal edən Venesuelanın enerji resurslarını
öz nəzarətinə keçirdikdən sonra,
üçüncü ən böyük neft
istehsalçısı olan İrana qarşı hərbi əməliyyatlara
başlayıb. İran rejimi çökərsə, bu,
dünya neftinin təxminən 12%-i və qazın 17%-nə nəzarət
demək olacaq. Eyni zamanda, ABŞ İranın Hörmüz
boğazına nəzarəti ələ keçirməklə
qlobal ticarət və enerji daşımalarına təsir
imkanını genişləndirəcək. Bu boğazdan
dünya enerji daşıyıcılarının 20–25%-i
keçir. Bu vəziyyət ABŞ-a qlobal neft bazarı və
qiymətlər üzərində ciddi təsir imkanı verir
və əsas alıcılar olan Çin və Hindistan
üçün geosiyasi təsir yaradır.
- Müharibə ssenarisində
qaçqın və məcburi
köçkün axınının əsas istiqamətləri
hansı ola bilər?
- İrana qarşı aparılan hərbi əməliyyatlar mülki
şəxsləri hədəfə almır. Mülki əhali
kütləvi şəkildə bombalanmır və
öldürülmür. Rejim tamamilə gücsüzləşdirildikdən
sonra xalqın özünə müraciətlər ediləcək
ki, küçələrə çıxıb hakimiyyəti
təhvil alsın. Bu səbəbdən indiki vəziyyətdə
kütləvi miqrasiya gözlənilmir.
- Region
ölkələri mümkün
humanitar böhrana nə dərəcədə hazırdır?
- Hər bir qonşu
ölkə müvafiq təhlükəsizlik tədbirlərini
görür. Türkiyə sərhədlərini ciddi şəkildə
bağlayıb və əlavə qoşunlar yerləşdirib.
Azərbaycan da bu prosesə tam hazırdır. Humanitar
köç baş verdiyi təqdirdə, ölkəni tərk
etmək istəyən hakimiyyət qrupları da ola bilər.
Bu, həm siyasi hakimiyyət nümayəndələri, həm
hərbi komandanlar, həm də kəşfiyyat orqanları
üçün keçərlidir. Bundan əlavə,
xüsusi silahlı birləşmələr, proksi və
terrorçu qüvvələr də mövcuddur. Bu
ünsürlərin sərhədi keçərək daxil
olması halında, qonşu ölkələr ciddi
ehtiyat tədbirləri
görürlər.
Natiq Miri
Müsahibəni apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2026.- 5-11 mart, ¹9.- S.3.