Ölkəyə gələn turistlərin sayı artır

 

Azərbaycanın müxtəlif bölgələrində 11 Turizm İnformasiya Mərkəzi yaradılıb. Mədəniyyət Turizm Nazirliyindən aldığımız məlumata görə, bu mərkəzlərin yaradılmasında əsas məqsəd turistlərin ölkəmizə səfərini yüksək səviyyədə təşkil etməkdir:

"Həmin informasiya mərkəzlərinin yaradıldığı regionlar haqqında müxtəlif bələdçi kitabları hazırlanıb. İnformasiya mərkəzlərinin əsas işi turizm rəhbərlərinin təkmilləşdirmə kurslarını təşkil etməkdir. Bu gün artıq informasiya texnologiyalarından istifadə olmadan turizm sahəsini inkişaf etdirmək qeyri-mümkündür. Otellərin vəhdət şəbəkə vasitəsilə dünya məkanlarına daxil edilməsi və xarici nümayəndələrin tanış olması güclü vasitədir. Biz bunu çox düşünürdük və çox sevindiricidir ki, artıq bu layihə gerçəkləşib. Hətta bunun müxtəlif formaları mövcuddur. Biz müşahidə edirik ki, oraya daxil olanların sayı ildən-ilə artır".

Nazirlikdən ötən il üçün Azərbaycana gələn turistlərin sayında 40 faiz artım olduğunu da bildirdilər: "Belə bir göstərici dünyanın heç bir ölkəsində yoxdur. Sözsüz, bu nəticəni çox sevinclə qarşıladıq. Turistlərin sayında artımın olması isə bilavasitə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərlə bağlıdır. Ötən il Azərbaycana 1 milyon 899 min əcnəbi gəlib. Bu çox böyük müvəffəqiyyətdir. Ümidvarıq 2009-cu ildə - Bakının İslam Mədəniyyətinin paytaxtı elan edildiyinə görə - bu say azalmayacaq, əksinə, artacaq. Bu artım təxminən 10 - 12 faiz olacaq".

Nazirlikdən dünyada gedən iqtisadi böhranın Azərbaycanın turizm sahəsinin inkişafına heç bir mənfi təsir göstərmədiyini vurğuladılar: "Maliyyə böhranı ilə əlaqədar heç bir turizm şirkəti ilə olan layihələr ixtisar edilməyib. Ələbəttə, otellərdə qiymətlərin aşağı düşməsi müsbət haldır. Çox zaman otellərdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlər daxil olur. Amma bazar münasibətləri özünü tənzimləyəcək, rəqabət artacaq. Qiymətlərin aşağı düşməsi ilə gələn insanların sayı da çoxalacaq".

Naibə

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 5.