Kinomuzun canlı əfsanəsi

 

Nodar Şaşıqoğlu: "Vaxtilə Azərbaycanda çəkilməyimə qadağa qoyulmuşdu"

 

Müsahibimiz Nodar Şaşıqoğludur. Adının çəkilməsi ilə təsəvvürdə dərhal canlı assosiasiyalar yaradan belə insanları canlı əfsanə kimi qəbul edirik. Nodar Şaşıqoğlunun babası acar zadəganlarından, atası isə çar zabitlərindən olub. O, həmişə etiraf edir ki, bütün həyatı boyu yaşadığı ölkələrdən, şəhərlərdən qəlbinə ən doğması Azərbaycandır.

- Neçə ildir Bakıdasınız?

- Artıq 8 ildir Bakıda yaşayıram. Buna qədər isə Sankt-Peterburqda yaşayırdım. Orda qədim qüdrətli teatrlardan olan "Aleksandriysk" teatrının aparıcı aktyorlarından biri olmuşam. Bakıda həmişəlik qalmaq qərarım ailə vəziyyətim səhhətimlə bağlıdır. Mədəm tez-tez incidir məni. Əslində xəstələnəndə birinci növbədə fikirləşdim ki, məni sağaltsalar, Bakıda sağalda bilərlər. Ona görə Bəhruz həkimə müraciət elədim. O məni düz 2 il xalq təbabəti üsulu ilə müalicə edib ayağa qaldırdı.

- Bakıda qalmaq qərarına gələndə burada yenidən sənətinizlə məşğul olmaq niyyətiniz var idimi?

- Mən ümumiyyətlə o fikirdəyəm ki, canında təpər olan hər kəs həmişə fəaliyyətdə olmalıdır. Fəaliyyətdə olmaq insanı fiziki mənəvi xəstəliklərdən xilas edir. Bakıda Rus Dramasında işləmək perspektivi özünü doğrultdu. Əvvəlcə Çexovun "Qağayı" komediyasında Sorin obrazını ifa etdim, sonra isə Şekspirin möhtəşəm qəhrəmanlarından birini canlandırmaq arzum nəhayət ki, yerinə yetdi. Bildiyiniz kimi, artıq neçənci mövsümdür mən Kral Lir rolunda səhnəyə çıxıram (Nodar Şaşıqoğlunu bu rolda görmək istəyənlər aprelin 25- S.Vurğun adına Rus Dram Teatrına baş çəkə bilərlər - red.). Mərhum prezidentimiz Heydər Əliyevlə görüşümüz zamanı o, "Kral Lir" tamaşasının hazırlanması üçün vəsait ayırmağı da, məni mənzillə təmin etməyi (N.Şaşıqoğlu Bakıda mənzillə təmin olunana qədər köhnə "İnturist" mehmanxanasında yaşayırdı - red.) söz vermişdi. Təəssüf ki, ömrü yalnız birinci məsələni yoluna qoymağa yetdi. Onun layiqli davamçısı İlham Əliyev isə məni mənzillə təmin etdi.

- Həyatınızın Tbilisi mərhələsini necə xatırlayırsınız?

- Tbilisi, Acarıstan mərhələsini ümumiyyətlə heç cür xatırlamıram. Mənim orda yalnız müharibə dövrünə düşən uşaqlığım, bir orta məktəb dövrüm keçib. Sonra isə Moskvada ali məktəbdə oxumuşam Tbilisiyə yalnız biraylıq tətilə gəlirdim.

- Orda qohumlarınız qalıbmı, əlaqə saxlayırsınızmı?

- Əmim dayım oğlanları Acarıstanda yaşayırdılar. Amma davamlı əlaqələrimiz olmayıb. Bir əmim oğlu Məliklə - o, təmiz türkdür, ümumiyyətlə, acarlar əslində türkdürlər - Moskvada yaşayanda əlaqələrimiz var idi. Bakıya gələndən sonra bu əlaqələr qırıldı. Uşaqlıq dostlarımdan da xəbərim yoxdur. Çox ehtiyatlanıram ki, qohumlarımdan, ya da dostlarımdan kimisə xəbər alanda onun rəhmətə getdiyini desinlər.

- Sənətə gəlişinizi təsadüf hesab edirsiniz, yoxsa zərurət?

- Bunu ailə ənənəsinin davamı hesab etmək olar. Bilirsiniz ki, mənim əmim görkəmli Azərbaycan aktyoru Ülvi Rəcəb idi. Mən teatr təhsili almaqdan ötrü ən yaxşı məktəblərdən biri olan Şukin adına Teatr İnstitutunu bitirmişəm. İlk dövrdə Vaxtanqov adına teatrda, sonra "Taqanka" teatrında işləmişəm. Sovet ideologiyasına xidmət edən rəhbər işçilər anlayırdılar ki, incəsənət ideologiyanın yeridilməsində ən yaxşı köməkçidir. Buna görə ümumittifaq festivallarına, müxtəlif tədbirlərə külli miqdarda vəsait ayrılırdı, mütəmadi qastrol səfərləri təşkil edilirdi.

- Kinoda ilk işiniz olub?

- İlk dəfə Alban dövlətinin qurucusu Georgi İsgəndər bəy haqqındakı filmdə türk imperiyasının yaradıcısı Mehmet Fateh rolunu ifa etmişəm. Kiyev kinostudiyasında dahi rejissor Sergey Paracanovun ilk işi olan "Andrieş" filmində çəkiləndən sonra bir müddət kinodan aralandım. Bir gün isə mərhum Tofiq Tağızadənin assistenti Atamalıbəyov Moskvada olanda məni bir tamaşada gördü. Tamaşa qurtaranda səhnə arxasına keçib mənimlə tanış olandan sonra Ülvi Rəcəbin qardaşı oğlu olduğumu anladı. O mənə bildirdi ki, Tofiq Tağızadə İtaliya partizan hərəkatının qəhrəmanı Mehdi Hüseynzadə haqqında film çəkməyə hazırlaşır, yaxşı olar ki, onun Moskvada aparacağı sınaq çəkilişlərində mən iştirak edim. İndi bəziləri unudurlar ki, kino tarixində Tofiq Tağızadə kimi dahi rejissor onun "Uzaq sahillərdə", "Yeddi oğul istərəm" kimi güclü ekran əsərləri qalıb. "Uzaq sahillərdə" filmindən sonra mən Tağızadənin "Əsl dost", "Mateo Falkone", "Bizim küçə", "Onun böyük ürəyi" filmlərinə çəkildim. Arada bir müddət Azərbaycanda çəkilməyimə qadağa qoyuldu. O vaxt ideoloji şöbənin rəhbəri işləyən bir nəfər, indi o, məqalələr yazır, mənim burda çəkilməyimə icazə vermirdi. Sonra biz görüşəndə səbəbini soruşdum. Dedi ki, əgər bu illər ərzində səni çəksəydik, Həsən Məmmədov yetişərdi, Rasim Balayev. Əlbəttə, bu, məntiqi arqument idi. Lakin o nəzərdən qaçırmışdı ki, həmin aktyorların o dövrdə çəkildiyi rollar mənim yaşıma uyğun deyildi. Sonra isə teatr yenidən məni özünə cəlb etdi. Tələbəlikdən bəri yeganə arzum "Aleksandriysk" teatrının truppasına daxil olmaq idi. Məftun idim bu teatrın üslubuna, ənənələrinə əlbəttə ki, Tolubeyev, Çerkasov, Simonov kimi aktyorlarına. Teatrın rəhbərliyi istəyimi yaxşı qarşıladı. Qiraət bacarığımı yoxlamaq istədilər. Bu mənim üçün çox asan idi. Müxtəlif müsabiqələrin laureatı olmuşdum. Beləliklə, "Aleksandriysk" teatrında ilk rolum Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. SSRİ-nin bütün şəhərlərinə qastrola gedirdik. Əksər tamaşalarda baş rolları ifa edirdim.

- Ən çox sevdiyiniz obraz var?

- Məcnun obrazını həddindən artıq çox sevirəm. Xoşbəxtəm ki, kinoda bu obrazı yaratmaq mənə qismət olub. Füzulinin təkrarsız poetikası, fəlsəfəsi, Ənvər Məmmədxanlının gözəl dramaturgiyası, Lətif Səfərovun incə rejissor duyumu olan yerdə Məcnunu sevməmək mümkün deyildi. Mənə bu rol xüsusən ona görə xoşdur ki, onun rus dilində variantı var. orda öz rolumu özüm səsləndirə bildim. Təbii ki, bütün filmlərimdə məni səsləndirən Əli Zeynalovda bu çox gözəl alınırdı. Lakin aktyor özü danışanda effekt daha güclü olur. Füzulinin Məcnunu Nizaminin, Firdovsinin Məcnunundan tamamilə fərqlənir. Onun Məcnununda ön planda dəli anlayışı yox, Qeysin özü durur. Qeys isə sevdiyi qadına poetik parçalar həsr edən filosofdur. Bu o zamandır ki, qadın insan yerinə qoyulmurdu. Qeys isə zamanına qarşı çıxaraq qadının da hüquqları olan bir insan olduğunu bəyan edir. Başqa sözlə, Füzulinin "Leyli Məcnun" poeması öz zamanında doğulmayan Qeysin faciəsidir. Bu obraz aktyora olduqca geniş imkanlar verir.

- Leyli rolunda çəkilən aktrisa haqqında bilirsiniz?

- Kima Məmmədova əslində aktrisa deyildi. Leylinin bu filmdə səhnələri çox azdır. Kima isə bu rola ona görə təsdiq olunmuşdu ki, fotoqrafik cəhətdən Leyli obrazına çox uyğun gəlirdi.

- Necə hesab edirsiniz, əgər başqa cür yaşasaydınız, indi uğurlarınız, şöhrətiniz daha böyük olardımı?

- Bəli, mən etiraf edirəm ki, Allahın mənə bəxş etdiyi bacarığın, istedadın yalnız 50 faizini istifadə etmişəm. Məsələn, mən gərək "Aleksandriysk" teatrındakı fəaliyyətimə daha ciddi yanaşaydım. Mən Sirano de Berjerak kimi klassik obrazın məşqlərini yarımçıq qoyub Bakıda keçirilən dövlət konsertlərində çıxış etmək dəvətlərini qəbul edirdim. Rol isə başqa aktyora qismət olurdu. İndi Allah mənə vaxt verib ki, bir az da çalışım, istedadımın, bacarığımın qalan 50 faizini istifadə edim.

Samirə

 

Həftə içi.- 2009.- 11-13 aprel.- S. 7.