"Çalışıram çox dərs buraxmayım"

 

Elməddin İbrahimov: "Filmdə Flora Kərimova ana, mən isə onun oğlu rolunda oynayacağam"

 

Budəfəki müsahibimiz bir qədər fərqli insandır. Çünki onun yaşı azdır. Amma buna baxmayaraq səsi, sənəti, davranışı səhnə mədəniyyəti ilə diqqəti çəkən, eyni zamanda çoxlarının sevgisini qazanan "Muğam" müsabiqəsinin qalibi Elməddin İbrahimovdur.

 

Onun 12 yaşı var. Gəncədə doğulub. Ailədə 3 uşaqdırlar. Bacıları ondan böyükdür. Musiqini uşaqlıqdan sevir. "Muğam" müsabiqəsinə qədər bir neçə müsabiqədə iştirak edib. Bəs "Muğam" müsabiqəsinə yolu necə düşüb?

- Televiziya vasitəsilə bu müsabiqənin anonsları gedəndə anama dedim mən iştirak etmək istəyirəm. O zaman münsiflər heyətinin üzvləri bölgələri gəzib istedadları özləri yığırdılar. Onlar Gəncəyə gələndə bir çoxları kimi mən özümü sınaqdan keçirdim müsabiqədə 200 nəfərin arasından 3 nəfər seçildik. Sonra Bakıya gəldik. Burada da 500 nəfərdən 20 nəfər seçildik. Onlardan da biri mən oldum. Müsabiqədə diqqət mərkəzində olduğumu bilirdim. Hamının səsi yaxşı idi. Sadəcə, məni fərqləndirən o idi ki, yaşca iştirakçılardan kiçik olmağıma baxmayaraq onlarla eyni səviyyədə oxuya bilirdim. Həm çox sərbəst idim. Düzdür, məsuliyyət hiss edirdim. Amma sərbəstliyim ondan irəli gəlirdi ki, səhnəyə çıxanda fikrimi yalnız bir istiqamətdə toplayıb muğama aludə olurdum. Yadımdan çıxarırdım ki, mən səhnədəyəm, mənə böyük sənətkarlar baxır, yaxud da yüzlərcə tamaşaçının gözü məndədir.

- Səsini qoruyursan?

- Səsimi mütləq qorumalıyam. Çünki hələ mənim səsimdə keçid dövrünə qədər dəyişikliklər olacaq. Hiss edirəm ki, bu gün səsimdə müəyyən dəyişikliklər gedir. Mənsum müəllim digər böyük sənətkarlar deyir ki, keçid dövründə səsimlə bağlı heç bir problem yaşamayacağam. Çünki məndə səs dəyişikliyi yavaş-yavaş baş verir.

- "Muğam" müsabiqəsi həyatını çoxmu dəyişdi?

- . Artıq küçədə gedəndə hamı məni tanıyır. Sevinirəm ki, mənə belə reaksiya var. Bir dəfə müsabiqə vaxtı metro ilə gedirdim, qatarda da sıxlıq vardı. Buna baxmayaraq mənimlə şəkil çəkdirmək istədilər, etiraz etmədim, əksinə, sevindim. İndi nəqliyyatdan istifadə edirəm, sərbəst gəzirəm, sıxılmıram. Niyə sıxılmalıyam? Elə böyük sənətkarlarımız var ki, bu gün küçədə sərbəst gəzirlər. Onların yanında hələ mən kiməm ki, xalqdan utanım?

- Nəslinizdə səsi olan var?

- Yoxdur, təkcə mənəm.

- Bacılarının da səsi yoxdur?

- Yox. Olsa da, oxumaqlarına icazə vermərəm. Çünki səhnədə oxumaq qız sənəti deyil. Düzdür, xanım müğənnilərimiz çoxdur, amma mən istəməzdim bacılarım müğənni, yaxud xanəndə olsun.

- Bu sənət çətin olduğu üçün istəməzdin, yoxsa...

- Sadəcə, istəməzdim ki, bacılarım səhnədə oxusun. Yəqin, özünüz başa düşdünüz ...

- Harada təhsil alırsan səfərlərin təhsilinə mane olmur ki?..

- Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alıram. Həm Mənsum müəllimdən muğamın sirlərini öyrənirəm. O, həftədə 3 dəfə gəlib orada mənə dərs deyir. Müasir Təhsil Kompleksində yüksək səviyyədə dərs tədris olunur. Səfərlərim , təbii ki, dərslərimə mane olur. Amma çalışıram arada çox dərs buraxmayım, çünki insana bilik savad da lazımdır.

Bu həftə Moskvada keçirilən böyük bir tədbirdə çıxış etdim. Oraya Leyla xanım Əliyevanın dəvəti ilə getmişdim. Tədbirdə ifaçılardan yalnız mən oldum. Tarda məni Sail Paşazadə, kamanda isə Toğrul Əsədullayev müşayiət etdi. Bir estrada müğənniləri oldu.

- Tədbirlərdə iştirak edəndə sənə qonorar ödənilir?

- Məbləğ elə çox olmasa da, müəyyən qədər alıram.

- Gələcəkdə yüksək məbləğdə qonorar alacaqsan böyük büdcən olacaq. İlk növbədə almağı planlaşdırırsan?

- Birinci ev, sonra maşın, daha sonra da... Özünüz başa düşdünüz . Əgər evimlə maşınım olmasa, ailə qurmayacağam. Çünki hazırda özüm kirayədə qalıram, istəmirəm ailəm olandan sonra onları da kirayədə saxlayım.

- Deyəsən, filmə çəkilirsən...

- Qarabağa aid bir film çəkilir. Filmdə Flora Kərimova ana, mən isə onun oğlu rolunda oynayacağam. Filmdə mahnı da oxuyacağam. Çəkilişlərə hələ başlanılmayıb. Film haqda başqa heç bir məlumatım yoxdur. İnanıram ki, tamaşaçılar mənim aktyorluq qabiliyyətimi görəcəklər.

- Kirayədə qalırsan?

- Təhsilimlə bağlı anamla birgə kirayədə qalıram. Bizə burada maddi cəhətdən köməklik göstərilir. Evimizin kirayəsi Samux rayonunun deputatı tərəfindən ödənilir.

Xatirə

 

Həftə içi.- 2009.- 22 aprel.- S. 6.