Sevda Almaniyaya səs salıb

 

Sevda Ələkbərzadənin Almaniyanın "Network Medien" musiqi şirkəti ilə müqaviləsi əsasında 2-ci albomu işıq üzü görüb. Hazırda Almaniyada olan müğənnidən bu barədə məlumat ala bilmədiyimizdən onun işçilərindən biri ilə əlaqə saxladıq: "2 gün əvvəl Frankfurtun məşhur konfrans mərkəzlərindən birində Sevda Ələkbərzadənin albomunun təqdimat mərasimi keçirilib. Tədbir adıçəkilən şirkətin rəhbərliyi tərəfindən təşkil edilib. Növbəti təqdimat isə Azərbaycanda olacaq. Almaniyadakı tədbirdə yerli mətbuat televiziya nümayəndələri, musiqi tənqidçiləri bir sıra musiqi şirkətlərinin nümayəndələri iştirak edib. Bu gündən etibarən Avropanın bir sıra radio dalğalarında albomda yer alan mahnıların səslənmə prosesi başlayacaq. Onu da deyim ki, Sevda xanımın Almaniyaya səfəri bununla yekunlaşmır. Təqdimat mərasimindən 1 gün sonra müğənninin Avropa turnesinə start verilib ilk səfəri Lüksemburqdan başlayır. Orada onun konsert proqramı təşkil ediləcək. Ümumilikdə müğənninin 5 - 6 şəhərdə çıxışı nəzərdə tutulur. Turne "Network Medien" müqavilə əsasında həyata keçirilir. Azərbaycanın milli mahnılarının yer aldığı albomun təbliğində şirkət bütün imkanlarını səfərbər edib. Qeyd edim ki, avropalılar bizim folklorumuza böyük maraq göstərirlər onlar konsert proqramlarının sayını artırmaq üçün şirkət rəhbərliyinə müraciət ünvanlayıblar. Bu, şirkətin işi olduğundan müğənni özü hər hansı müdaxilə etmir. Müğənni ilə bağlı layihələrin anonsu reklam kimi hazırlanaraq radiolarda səsləndirilir eyni zamanda afişa şəklində bir neçə şəhərin küçələrinə vurulub". S.Ələkbərzadə turnesini başa vurandan sonra Almaniyada keçiriləcək Beynəlxalq Caz Festivalında iştirak edəcək. Təklif müğənniyə Almaniyanın "Elen Muzic" şirkətindən gəlib.

  

  

Xatirə

 

Həftə içi.- 2009.- 28 aprel.- S. 7.