"Bir qədər dincəlmək istəyirəm"

 

Pekin Olimpiya Oyunları Azərbaycan üçün 7 medalla yadda qaldı. Bu medalların birinin sahibi bu günlərdə Azərbaycan Respublikasının əməkdar idman ustası fəxri adını almış, Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranovdur.  

Şahini müstəqillik dönəmindən bura Olimpiya Oyunlarında iki dəfə çempion adını qazanmaq şansı olan idmançı adlandırsaq, mübaliğəyə yol vermərik. Şahinin dildən pərgar deyil, işdə peşəkar olması onu tanıyanlara yaxşı bəllidir. Bu gün LIVESPORT.AZ İmranovla da tanış oldu. Dünyaşöhrətli boksçumuz "az danışmaq gümüşdürsə, susmaq qızıldır" prinsipini bir kənara qoyub bizimlə həmsöhbət oldu. 

- Şahin, Afina Olimpiya Oyunlarını xatırlayardın... 

- Afina oyunlarında gənc idim - 24 yaşım var idi. Birinci döyüşdə qələbə çaldım. İkinci döyüşdə sonda Olimpiya çempionu olan Rusiya təmsilçisi ilə rinqə çıxdım. 10 xal üstünlüyüm olsa da, qaşımdan zədələndim. Mənimlə döyüşdən sonra həmin o rus boksçu qarşılaşmalarda asanlıqla qələbə qazandı. Bu boksçulardan bəzilərini mən məğlub etmişdim. Bir sözlə, mənim çempion olmaq şansım çox yüksək idi. Görünür, qismət deyilmiş.  

 - Bəzən idmançılar belə uğursuzluqlara düçar olduqdan sonra mənən sınırlar, onlarda qəribə bir bədbinlik yaranır. Bu psixoloji problemlər səndə müşahidə olunmadı?  

- Bu hissləri mən yaşadım. Daha çoxuna qadir olduğumu bildiyimdən təəssüflənirdim. Vətənə qayıdanda məni bir qəhrəman kimi qarşıladılar. Dövlət başçımız mənə dedi ki, "sən elə bizim üçün çempionsan". Mənə olan bu münasibətdən fərəhləndim, üstəgəl gənc olduğumdan özümdə böyük potensial hiss edirdim qərara aldım ki, növbəti oyunlara hazırlaşım.

- Yeri gəlmişkən, oxucularımıza bir qədər Pekin barədə danışardın...  

- Pekinə yola düşməzdən əvvəl dirsək nahiyəsində vətərlər ciddi zədələnmişdi. Lisenziya aldıqdan sonra belə müalicə ilə məşğul olurdum. Məşq etmək üçün rinqə çıxmaq praktik olaraq mümkünsüz idi. Buna baxmayaraq Olimpidada özümdə qüvvə tapdım sonadək döyüşdüm. Çətin yarımqrupa düşmüşdüm. Bildiyiniz kimi, birinci döyüşü dünya çempionu ilə keçirdim. İkinci rəqibim Avropa çempionatı mükafatçısı, üçüncüsü isə Kuba boks məktəbinin yetirməsi idi. O ki qaldı yarımfinal döyüşünə, həmin fransalı boksçunu mən Olimpiadadan əvvəl keçirilmiş Avropa çempionatında 10 xal fərqi ilə məğlub etmişdim. Məğlub etdiyim boksçularla müqayisədə o, elə güclü boksçu deyildi. Amma zədə öz sözünü dedi.  

- Olimpiadadakı ikinci bəxtsizlik səni qəhərləndirmədi?  

- Afinada düşünürdüm ki, bəxtim gətirmədi. Amma ikinci dəfə.... Mən demirəm ki çempion olacaqdım. Şansım kifayət qədər yüksək idi. İdmandır, etmək olar?  

- Peşəkar boksa keçmək istəyin yoxdur ki?.. 

- Xeyr.  

- London Olimpiadasında iştirak etmək niyyətin var?  

Bəli. Amma Olimpiadadan sonra bir qədər dincəlmək istəyirəm. Fiziki məşqlərimi - üzgüçülük, qaçış, idman oyunları s. davam etdirirəm ki, formadan düşməyim. Rinqə hələ ki çıxmıram. 2010-cu ildən etibarən beynəlxalq yarışlara getməyi planlaşdırıram.

 

 

Həftə içi.- 2009.- 11 fevral.- S. 7.