"Qədim Bakı" kitabının təqdimat mərasimi oldu

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada akademik Çingiz Qacarın "Qədim Bakı" kitabının ingilis dilində variantı təqdim edildi. Bir müddət öncə bu kitabın rus dilində versiyası işıq üzü görmüşdü.

Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dayağı sayəsində nəşr edilib. Ç.Qacar bu kitabında geniş oxucu kütləsinin diqqətinə Bakının tarixi mədəniyyəti, ictimai həyatı, məişətinin ən müxtəlif sahələri, görkəmli bakılılar barədə nadir foto, sənəd və məlumatları təqdim edib. "Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ilinin açılışı günlərində "Old Baku" ("Qədim Bakı") kitabının təqdimatı çox yerinə düşən tədbirlər sırasındadır. Nəfis və keyfiyyətli tərtibatla çap edilmiş kitabın səhifələrinin kino ekranı vasitəsilə nümayişi də baş tutdu. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, Ç.Qacarın xanımı Aliyə Qacar, Bakı ilə qardaşlaşmış şəhər olan ABŞ-ın Hyüston şəhərinin, Avstriya və Gürcüstanın müvafiq strukturlarının səlahiyyətli nümayəndələri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icracı direktoru İbrahim Quliyev və digər şəxslər iştirak edirdilər. Onların hər biri öz çıxışlarında kitabın, mütaliə mədəniyyətinin əhəmiyyətini, Bakının qədim şəhərlər sırasında özünün layiqli yerini möhkəm tutduğunu, ingilis dilində nəşr edilmiş "Qədim Bakı" kitabının məhz bu günlərdə təqdimatının keçirilməsinin çox önəmli hadisə və Bakının tanınmasından ötrü yeni imkan olduğunu vurğuladılar. Mərasimin sonunda çıxış edən Ç.Qacarın həyat yoldaşı Aliyə Qacar (kitabın müəllifinin özü üzrlü səbəblərdən mərasimdə iştirak etmirdi - red.): "Çingiz müəllim bu kitabı çoxdan yazmaq istəyirdi. Amma niyyəti bu idi ki, "Qədim Bakı" kitabı bir qədər fərqli olsun. Çünki bilirsiniz ki, Bakının tarixinə, adət-ənənələrinə həsr olunmuş çoxlu sayda kitab yazılıb. Buna görə də Çingiz müəllim istəyirdi əcnəbilər üçün də anlaşıqlı və maraqlı ola biləcək bir kitab ərsəyə gətirsin. O bu barədə çox düşünüb-daşındı. Özü də istəyirdi kitab əvvəlcə ingilis dilində işıq üzü görsün, sonra rus dilində. Bax bütün bunlar kitabın nəşrini bir qədər yubatdı. Mən Çingiz müəllimin adından Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən nazir Əbülfəz Qarayevə və əlbəttə ki mədəniyyətimizin keşiyində dayanan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".

Təqdimat mərasiminin sonunda qədim musiqi alətləri ansamblının ifasında səslənən əsrarəngiz musiqi parçalarını qonaqlar böyük maraqla dinlədilər.

 

Samirə

 

Həftə içi.- 2009.- 20 fevral.- S.7.