Türkiyəli jurnalistlər Azərbaycanda

 

Dünən Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti Mətbuat Şurasında (MŞ) olub. Şura sədri Əflatun Amaşov qonaqları rəhbərlik etdiyi qurumun xüsusiyyətləri, həyata keçirdiyi tədbirlərlə tanış edib. Görüşdə əsas müzakirə predmeti Türkiyə - Azərbaycan münasibətlərinin mediada işıqlandırılması olub. Ə.Amaşovun sözlərinə görə, Azərbaycan mediası Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamları narahatlıqla izləməkdədir: "Fikrimcə, hər iki ölkə xalqları arasındakı münasibətlər o dərəcədə möhkəmdir, heç bir qüvvə onu sarsıtmaq iqtidarında olmayacaq. Bununla belə, düşündürücü məqamlar da var. Bir sıra məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin Türkiyənin xarici siyasətindəki önəminə aydınlıq gətirilməsi vacibdir. Azərbaycan mediasının fəallığı da bundan qaynaqlanır".  

Qonaqlar da məsələnin Türkiyə mediasında həssaslıqla izlənildiyini bildiriblər. "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansever səfərdə məqsədin Xocalı faciəsinin 17-ci ildönümünü Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olduğunu deyib. Türkiyəli jurnalistlər Azərbaycana səfərləri çərçivəsində cəbhə xəttinin Tovuz rayonunda yerləşən hissələrinə baş çəkdiklərini, yerli sakinlərin vəziyyəti ilə maraqlandıqlarını vurğulayıblar. Qeyd edək ki, türkiyəli jurnalistlərin ölkəmizə səfəri "Zaman Azərbaycan" qəzetinin təşkilatçılığı ilə reallaşır. Nümayəndə heyətinin tərkibinə "Xəbər 7" telekanalının baş redaktoru Unal Tanılı, "Zaman" qəzetinin yazarı Fikri Türkel, "Bu gün" qəzetinin köşə yazarı Nuh Konultaş, "Aksiyon" həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkaya digər şəxslər daxildir.

  

  

Naibə

 

Həftə içi.- 2009.- 24 fevral.- S. 6.