"Dəli Kür" Ц 40

 

Məşhur filmin haqqında az danışılan aktyoru

 

Şedevrləri əvəzolunmazlar yaradır

 

Bu il kinomuzun klassik nümunələrindən biri olan Hüseyn Seyidzadənin İsmayıl Şıxlının eyniadlı romanı üzrə çəkdiyi "Dəli Kür" ekran əsərinin 40 illik yubileyidir.

Sovet senzurasının ixtisarlarına baxmayaraq, "Dəli Kür" filmi romanın ədəbiyyatımızda tutduğu yerə kölgə salmadan, əksinə, əlavə dolğunluq bəxş edərək kino yaradıcılığının və istehsalının şedevri kimi özünü təsdiq edib. Filmdə rus Əhməd obrazını canlandıran Eldar Əliyev (1936 - 1984) haqqında az danışılan sənətkarlardandır. Geniş tamaşaçı kütləsi onu həm də "Yenilməz batalyon" (həbsxanadan qaçan), "Mən ki gözəl deyildim" (Çingiz), "1001-ci qastrol" (kinorejissor), "Mezozoy əhvalatı" (Arif), "Sən niyə susursan?" (müfəttiş), "Eto sladkoye slovo - svoboda" (leytenant Kurilyov) filmlərində yaratdığı müxtəlif xarakterli rollardan tanıyır. Kinoya gəlişi isə teatrdan, S.Vurğun adına Rus Dram Teatrının rejissoru olduğu yoldan başlayıb. Eldar Əliyevin ailə üzvləri və həmkarları xatirələrini böyük həvəslə "Həftə içi"nin müxbirinə danışdılar. Həyat yoldaşı Tamara xanım Əliyeva: "Eldarın əsl adı Elbert idi. Amma danışırdı ki, heç uşaq vaxtı da onu belə çağırmayıblar. Onun atası Həsən Əliyev "Azərbaycanfilm" kinostudiyasının dublyaj redaksiyasında çalışırdı. Qardaşı Fuad isə İncəsənət İnstitutunun qrim işi üzrə müəllimi idi. Musiqi təhsilləri olmasa da, ikisi də gitarada çalmağı bacarırdı".

Qeyd edək ki, Fuad Əliyevin qızı Dinarə Əliyeva indi artıq təqdimata çox az ehtiyacı olan vokalçı kimi özünü təsdiq edib. Teatrımızın və kinomuzun görkəmli simalarından biri Yusif Vəliyev də bu ailənin yaxın qohumu idi.

Eldar Əliyevin incəsənətə birbaşa gəlməməsi şəxsi həyatında ən xoş məqamlar və qəti qərar qəbul etmək bacarığını sübut etməsi ilə əlamətdar olub. O, 1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu bitirəndən sonra 20 nömrəli orta məktəbdə müəllim işləyib. Tamara Əliyeva: "Eldar Pedaqoji İnstitutda oxuyanda mən orda müəllim işləyirdim. Aramızda beş yaş fərq var idi. Yəqin təsəvvür etmək çətin deyil ki, müəllimə ilə tələbənin məhəbbətinə görə qulaqlarımız necə söz-söhbətlər eşidirdi. Özü də o zaman... Amma Eldar çox vurğun, çox da ciddi idi".

Pedaqoji fəaliyyəti çox yaxşı alınsa da, teatr aləmi günü-gündən onu özünə daha coşqunluqla çəkirmiş. Beləliklə, 1966-cı ildə M.Əliyev adına İncəsənət İnstitutunun teatr rejissorluğu fakültəsini bitirdikdən sonra Rus Dram Teatrında fəaliyyətə başlayıb. İlk işi "İnkoqnito" tamaşası olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında quruluşları olub. Bolqar dramaturgiyası festivalında Panço Pançevin "Skazka o çetıryox bliznetsax" pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.

T.Əliyeva: "Sözü-söhbəti teatra aid olurdu. Düzdür, kinonun da öz yeri var idi. Hətta son vaxtlar ssenari də yazırdı. Yarımçıq qaldı. Amma teatr ona daha yaxın idi. Premyeraqabağı çox həyəcanlı olurdu. Bir neçə gecə yatmırdı, siqareti-siqaretə calayırdı".

Kürəkəni Mahmud bəy: "Quruluş verdiyi hər bir tamaşaya görə keçirdiyi məsuliyyət hissi çox böyük idi. Sifarişli səhnə əsərlərinə görə isə daha çox narahat olurdu. Onun Eldar Ryazanovla Emil Braginskinin qələmə aldıqları "Rodstvenniki" əsərinə verdiyi quruluş, "Samıy poslednıy den" tamaşaları böyük uğur qazanmışdı, Moskvadan gələn qonaqlar da yüksək fikirdə idilər".

Qızı Leyla xanım: "İndi Rus Dram Teatrı birinci növbədə tamaşaçıları cəlb etməyi düşünür. Amma o vaxt belə deyildi..."

Mahmud bəy: "Elə bu uğurlardan sonra da Jalakyaviçus onu "Eto sladkoye slovo - svoboda" filmində çəkilməyə dəvət etdi. Sonralar da Pribaltikaya işləməyə dəvət edirdi. Kolumbiya kinematoqrafçılarından da dəvət almışdı".

Leyla xanım: "Heç bir ölkədə çox qala bilmirdi. Qayıdanda danışırdı ki, hər şey çox yaxşı, çox gözəl idi - işləmək şəraiti, ümumi atmosfer... Amma elə bütün günü fikirləşirdim ki, bircə indi Bakıda, evimdə olaydım. Teatrda son rejissor işləri Hüseyn Cavidin "Şeyx Sənan" və Çervinskinin "Sçastye moye" əsərləri üzərində olub".

Eldar Əliyev sənət aləmində Eldəniz Zeynalov, Ceyhun Mirzəyev, Aleksandr Şarovski, Lyudmila Duxovnaya ilə dostluq edirdi. Hazırda Rus Dram Teatrının baş rejissoru olan A.Şarovski bizə bunları danışdı: "Eldarla mənim uzun illər möhkəm dostluğumuz olub. Mən o vaxtlar Gənc Tamaşaçılar Teatrında işləyirdim. "Rus drama"sında tamaşaya qoyulan Səməd Vurğunun "Fərhad və Şirin" dramında Fərhad rolunda çıxış etməyə dəvət olunmağımın təşəbbüskarı məhz Eldar idi. O, çox yüksək dərəcədə insani keyfiyyətlərlə zəngin adam idi. İnsan və dost kimi əvəzi yox idi. Mən bu günəcən ikinci belə bir adama rast gəlməmişəm. Onun qəfil, bədbəxt təsadüf nəticəsində vəfatından sonra bu hiss daha da kəskinləşdi. Bütün bu illəri əziz, böyük dostum Eldara necə ehtiyac duyduğumu sözlə demək çətindir".

Ailə üzvləri ilə söhbətimizdən: "Çox ünsiyyətcil, insanpərvər, incə yumor hissinə, cilalı rəftar mədəniyyətinə, çox səmimi, açıq xarakterə malik olduğuna görə hamı ona vurğun idi. Həyat belədi ki, gərək özün-özünə yol açasan. Eldar müəllimin insanlığı ilə sənətkarlığı eyni dərəcədə yüksək səviyyədə idi. Elə buna görə də az şeyə nail ola bildi. Həm ömür vəfa eləmədi, həm də insanlığı mane olurdu. O kimisə - az və ya çox dərəcədə, fərqi yoxdu - güdaza verib, özünə yol açmağı heç vaxt bacarmazdı. Təbii ki, əhvalında həmişə inciklik sezilirdi".

Leyla xanım: "Kiçik bacım Eldarə ilə (Leyla xanım böyük oğluna atasının adını verib - S.) mənim həmişə yaxşı görünməyimizi istəyirdi. Atam çox mülayim xasiyyətli olduğu üçün onunla tam sərbəst idik. Yadıma gəlir ki, biz balaca olanda Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyasını bizim üçün oxuyardı. Klod Leluşun "Kişi və qadın" filminə yazılmış musiqini, bir də Rəşid Behbudovun sənətini çox sevirdi. Bilmirəm, həyatdan cavan yaşında getdiyindəndir bəlkə, amma mənə həmişə elə gəlir ki, atam ahıl yaşlarına çatsaydı belə, doğurduğu təəssürat uşaq saflığında, gənc coşqunluğunda qalan insanın təəssüratını dəyişməyəcəkdi. Bu dünyanın adamı deyildi. Çox işıqlı idi. İçərisində günəş var idi elə bil"...

 

 

Samirə

 

Həftə içi.- 2009.- 5 mart.- S. 7.