Nuriyyə xanım 40 ildir gözləyir

 

"Qayınanam da oğlu qala-qala vəsiyyətlə evini qız nəvəsinə verdi"

 

Müsahibimiz çoxlu obrazlar yaradıb. "Bəxt üzüyü" filmində cəmi bircə cümlə deyib: "Bacı, bu siqaret sinəmə düşmür e..." və elə bu cümləsi ilə də yaddaşda qalıb. Bəs xalq artisti Nuriyyə Əhmədova teatrdan niyə ayrılıb, rollar "sinəsinə düşmədiyindən"?

 

- Cəmi 20 il teatrda işləmişəm. Ailə qurdum, övladlarım dünyaya gəldi, sonra da həyat yoldaşım əməliyyat keçirdi. Beləliklə, teatrdan birdəfəlik uzaqlaşdım. Ədil İsgəndərov teatrdan çıxmağımı qəbul etmədi. Deyirdi, bu nədir, qızlar ailə quran kimi sənəti atır, bəs sənətimizi kim davam etdirəcək? Mən də ailə vəziyyətimlə əlaqədar işləri çatdıra bilmirdim. Mədəniyyət və İncəsənət Universitetinin kinoaktyorluq fakültəsini bitirdiyim üçün kino sahəsinə getməyi qərar verdim və beləliklə, fəaliyyətimi kino sahəsində davam etdirdim. Teatrla müqayisədə kino reallığı xoşlayır. Kino mənim üçün canlı həyatdır. Bu sahəyə məni Ədil İsgəndərov seçdi. O, gəncləri kinoya seçərkən öncə gözlərə, sonra da boy-buxuna baxırdı. Ümumiyyətlə, onun seçimi çox uğurlu alındı. Çünki o dövrdə Ədil müəllimin seçdikləri indi üzdə olan aktyorlardır. Bu gün isə kinoya, teatra axın çoxdur və kim hansı sahəyə istəyir, gedir, heç nəyə baxmırlar.

- Sizcə, yaddaşlarda daha çox hansı rolunuzla qalmısınız?

- Məncə, "Sahilsiz gecə" ilə. Bu film tez-tez nümayiş olunmasa da, çox uğurlu alındı. Çünki yanımda böyük sənətkarlar olub, onlardan öyrənirdim. Amma sonra həmin sənətkarları itirdim. Məsələn, Nəsibə Zeynalova ilə Leyla Bədirbəylinin mənim həyatımda böyük rolu var. Nəsibə xanım isə xarakterik qadındır. Mən onlardan çox şey öyrənmişəm. Hətta teatrda çalışan vaxtlar Leyla Bədirbəyli ilə eyni tamaşada oynadıq. Xeyli filmlərə çəkilmişəm. Sonuncu film bu gün tez-tez ekranlarda gördüyünüz "Yuxu"dur.

- Mənə elə gəldi siz "Həm ziyarət, həm ticarət" filmini qeyd edəcəksiniz.

- "Həm ziyarət, həm ticarət"i özümün xarakterik filmim hesab edirəm. Çünki filmin ssenarisi məhz mənim üçün yazılıb. "Sahilsiz gecə" isə vizit kartımdır. Bu filmdə öz sözümü dedim. Filmin rejissoru Şahmar Ələkbərov məni bu filmdə erməni qadın Roza obrazına çəkdi. Rolu elə canlı yaratmışdım ki, elə bilirdilər doğrudan da erməniyəm. Camaatın əlindən küçəyə çıxa bilmirdim - hamı üstümə hücum edirdi. Bu, 1989-cu illərə təsadüf edir. Araqarışan zaman idi, yazıq Şahmar da xəstə canyıla filmə ictimai baxış keçirdi ki, camaat mənim doğrudan da azərbaycanlı aktrisa olduğumu bilsin. Amma filmin ssenari müəllifi Elçin Əfəndiyev qorxdu filmdən imtina etdi ki, mən belə bir ssenari yazmamışam. Şahmar da onda dedi ki, ssenaridən niyə imtina edirsən, biz Nuriyyənin başına fırlanmalıyıq ki, rolu bu cür oynayıb. Bizim Azərbyacan aktyorları hər şeyə qadirdir. "Milli bomba" filminin rejissoru Vaqif Mustafayev hər yerdə deyirdi ki, bu filmdə Nuriyyə rolun öhdəsindən elə gəlib ki, beynəlxalq arenaya çıxsa "Oskar" alardı. Bəs niyə almıram? Sən rejissorsan, düş qabağa, danış. Amma o filmdən sonra əməkdar artist adını aldım. Çoxları bu fəxri adı indi almağıma təəssüf elədi. Mən etdimsə, öz gücümə etdim. Heç kimin evini yıxmamışam, badalaq vurmamışam, bəziləri kimi arxamda kimsə olmayıb - hər şeyi öz gücümə etmişəm. Mən təmiz qadınam. Vaxtında çoxları mənə deyib ki, aktrisalıq sənlik deyil, sən əsl ev xanımısan. Amma mən mübarizə apardım çoxlarına sübut etdim ki, sənətdə olan azərbaycanlı qadının gözəl sənəti var, ailəsi . Ailəmə, uşaqlarıma sadiq, saf qadın olmuşam.

- Eşitdiyimizə görə, səsiniz gözəl olub...

- Mən ansambllarda çalışırdım, sənətə məhz müğənni kimi gəlmək istəyirdim. Amma İncəsənət Universitetinə qəbul olunanda yolum ayrıldı. Bizə dərs verən Rahim müəllim mənə dedi ki, qızım, oxuyanlar çox olacaq, sən get aktrisalığını elə, çünki sən yaxşı aktrisa olacaqsan bu sahədə udacaqsan. Bir şeyə təəssüflənirəm ki, bu sənətə gələndə anamdan xeyir-dua ala bilmədim. Bəlkə o vaxt atam olsaydı, o, xeyir-dua verərdi, çünki sənəti qiymətləndirən adam idi.

- Hazırda müğənnilərin maddi vəziyyəti yaxşıdır, müğənni olmadığınıza görə peşman deyilsiniz ki?..

- O vaxt dolanışığı, gün-güzəranı nəzərə alıb sənətə gəlmirdilər. Sənətimi indi sevirəm buna görə peşman deyiləm. Amma dolanmaq da vacibdir. İnanırsınız ki, mən hələ kirayələrdə yaşayıram? Sənətə gələndən 2 dəfə ev növbəsinə dayanmışam, ancaq verilməyib. Ötən gün verilişlərin biri məni çəkməyə gəlmişdi. Kirayə qaldığım yerdə çəkiliş etməyə xəcalət çəkdim, axırda verilişi rəfiqəmin evində çəkdik. Düzünü dedim ki, evim yoxdur. Bacımın qızları söylədilər ki, nahaq dedin, camaatdan ayıbdır. Dedim, bəs neyləyim? Artıq hər şeyi olduğu kimi deyəcəyəm. Vətənim əldən gedib, 2 balam gedib. Bundan sonra itirəsiyəm? O vaxt Polad Bülbüloğlu mədəniyyət naziri idi, imkan vermədi ki ev alım. Prezident Administrasiyasına yazdım ki, evim yoxdur, onlar da Mədəniyyət Nazirliyinə göstəriş verdilər ki, bu məsələyə baxın. Polad Bülbüloğlu da yazdı ki, mən belə bir aktrisa tanımıram. Yalanın dərəcəsinə baxın. Guya, məni tanımırdı, yaxşı tanıyırdı, sadəcə, başından elədi. 40 ildir gözləyirəm ki, ev alacağam, hələ səs-səmir çıxmır. Mənimki ev sarıdan heç gətirməyib. Qayınanam da oğlu qala-qala vəsiyyətlə evini qız nəvəsinə verdi. Aldığım prezident təqaüdü dolanışığımıza ancaq yetir. Oğlumun ailəsi kirayədə qalır, görün mən neçə nəfərə baxıram.

Xatirə Əsilbəyli

 

Həftə içi.- 2009.- 1 may.- S. 6.