Uşaqların məbədgah yeri

 

Mətanət Qasımova: "100 nəfər əlil və qüsurlu uşağı himayəyə götürmüşük"

 

Bu gün diqqətimizi cəlb edən və Bakı şəhərində fəaliyyət göstərən X.Natəvan adına kitabxana uşaqların məbədgahına çevrilib.

1924-cü ildən uşaqların ixtiyarına verilən kitabxana 1993-cü ildən X.Natəvanın adını daşıyır. Adıçəkilən kitabxananın 310 kv.m sahəsi olmaqla dövlət büdcəsi hesabına əsaslı təmir edilib. İşıqlı və yaraşıqlı otaqlarda 6 şöbə fəaliyyət göstərir. Böyük oxu zalı olmaqla kitabxanada hər cür şərait yaradılıb.

Kitabxananın müdiri Məlahət Qasımova bildirdi ki, hər gün onlarca uşağın üz tutduğu bu qədim kitabxanada xoşsimalı, təcrübəli insanların köməyi ilə nəinki Azərbaycan və MDB məkanında yaşayan xalqların, eləcə də dünya xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı qiymətli material əldə edir, bilik və məlumatlarını artırırlar: "60 mindən artıq kitab fondu olan kitabxanaya oxucu axını ilbəil artaraq onların üzvlərinin sayı 5900-ə çatıb. Bakı şəhərindəki 20 və 225 saylı məktəblərlə, eləcə də İncəsənət Gimnaziyası ilə sıx əlaqəmiz olur. Tədbirləri onların iştirakı ilə keçiririk. Biz eyni zamanda orta məktəblərlə də əlaqə saxlayır, onların təhsili ilə maraqlanır və proqramlarına uyğun şagirdlərə düzgün qiraət, ayrı-ayrı mövzularda yazılar hazırlamaq öyrədir, həmçinin yaşlarına uyğun ədəbiyyatla təmin edilməsində məsləhətlər veririk. Bir sözlə, uşaqlarda milli vətənpərvərlik ruhu aşılayırıq. Kitabxanamızda "Kitabların dostları", "Həvəskar oxucular", "Bacarıqlı əllər" və bu kimi dərnəklər fəaliyyət göstərir".

Yüksək zövqlə hazırlanan stendlər, kitabxana üzvü olan şagirdlərin əl işləri, rəsm əsərləri, habelə digər yaradıcılıq nümunələri göstərir ki, kitabxana öz işini uşaqlarla qarşılıqlı əlaqə, onların meyl və maraqları əsasında qurur: "Digər kitabxanalardan fərqli olaraq kitabxanamız 2009-cu ilin "Uşaq ili" olduğu üçün 100 nəfər qüsurlu və əlil uşağı himayə götürüb. Onu da qeyd edim ki, ömrünün 50 ilə yaxın bir dövrünü X.Natəvan adına kitabxanada xidmətə həsr edən və uzun müddət müdir işləmiş qocaman əməkdaşımız Nailə Ağayevanın bu işlərin ərsəyə gəlməsində xidmətləri danılmazdır".

Bura qədəm qoyan hər bir gənc Mətanət Qasımovanın isti nəfəsini, müəllim qayğıkeşliyini, milli dövlətçiliyimizə vətənpərvər ziyalı münasibətini hiss edir. Kitabxanada həm də müxtəlif peşə adamlarının, yazıçı və şairlərin, maarif və mədəniyyət xadimlərinin görüşləri təşkil edilir, gənc kitabxanaçı kadrların yetişdirilməsi üçün əsaslı işlər görülür. Milli dövlətimizin bu günü və sabahı, daxili və xarici siyasəti, dövlət başçısı İlham Əliyevin bu sahədə gərgin əməyi kitabxana kollektivinin təşkil etdikləri tədbirlərdə həmişə diqqət mərkəzində olmuşdur. Kitabxananın əməksevər kollektivi həmçinin şagidlərlə bağlı uşaq və yeniyetmələri maraqlandıran suallara cavab verir, onları düzgün məlumatlandırır.

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2009.- 2-4 may.- S. 6.