Mərasimlər haqqında qanunun qəbuluna ehtiyac var

 

Jalə Əliyeva: "Bu tək sosial yox, həm də birbaşa mədəniyyətlə bağlı məsələdir"

 

Parlamentin mədəniyyət komitəsinin son toplantısında yenidən toy və yas mərasimlərinin nizama salınması üçün xüsusi qanunun qəbulu məsələsi gündəmə gətirildi. Bununla bağlı xüsusi normaların işlənib-hazırlanmasının vacibliyi vurğulandı.

Bu məsələ ilə bağlı suallarımızı mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva cavablandırır:

- Əvvəllər bu məsələ ilə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması təşəbbüsü ilə bir neçə dəfə sosial siyasət komitəsi çıxış edib. Buna bir neçə dəfə cəhd göstərilib. Lakin məsələ hələlik açıq qalıb. Bu tək sosial yox, həm də birbaşa mədəniyyətlə bağlı məsələdir. Ona görə də biz mədəniyyət komitəsinin son iclasında toy və yas mərasimləri ilə bağlı qanunun qəbulu təşəbbüsünü birgə araşdırmaq təklifini irəli sürdük. Hələlik bu, təklif olaraq qalır. Lakin sonrakı addımlar, təbii ki, bir yerdə atılacaq. Hazırda isə konkret nə isə söyləmək mümkün deyil. Ancaq bunun vaxtı artıq çatıb.

Cəmiyyətdə bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mərasimlərdə həddən artıq israfçılığın olması insanları narahat etməyə başlayıb. Yaxın vaxtlarda komitələr istər birgə, istərsə də ayrı-ayrılıqda mütləq ortaya bir sənəd hazırlayıb çıxarmalıdır.

- Bu məsələ dəfələrlə qaldırılanda ən ciddi etiraz amili kimi Azərbaycanın çoxmillətli dövlət olduğu, hər bir xalqın özünəməxsus adət-ənənələrinin mövcudluğu göstərilir. Sizcə, yenidən bu etirazlar baş qaldırmayacaq?

- Təbii ki, Azərbaycanda çox sayda etnoslar yaşayır və biz tolerant ölkəyik. Biz bəlkə də ən kiçik xalqların belə adət-ənənələrinə, dillərinə, mədəniyyətlərinə hörmət edən ölkələrdən birincisiyik. Təbii ki, qanun hazırlananda bütün bu incəlikləri də nəzərə alacağıq. Qanun ümumilikdə bütün ölkə vətəndaşları üçündür.

- Sizcə, belə bir qanunun qəbulunu zəruri edən nədir?

- Biz istər yas, istərsə də toy mərasimlərimizdə çox ifrata varırıq. Toylarımızla bağlı Rusiya, Avropa, Türkiyənin hərəsindən bir şey götürüb nə isə qarışıq bir şey yaratmışıq. Bu xaosun içində özümüz də itib-batmışıq. Heç kim müasirlik, inkişafın əleyhinə deyil. Ancaq toy bizim yazılmamış qanunumuzdur. Toylarımızda saatlarla diskotekanın səslənməsi, bəylə-gəlinin zala daxil olarkən vals oynaması heç cür adət-ənənələrimizlə uyğunlaşmır. Əvvəllər gəlinlərimizin başında qırmızı duvaq olurdu. Niyə bunları unutmalıyıq? Toylarımızın keçirildiyi salonlarda da böyük problemlər var. Hamı istəyir toyunda bol süfrə olsun. Lakin bu məsələdə də ifrata yol verilməməlidir. İndi toylarımızda süfrəyə qoyulanların 10-da biri yeyilmir. Qonaq bundan ləzzət almır. Sanki restoran sahibinin cibinin doldurulmasına xidmət edir. Toy elə yerdir ki, insanlar ora tək əylənməyə yox, həm də görüşüb söhbət etməyə gəlirlər. Lakin restoranlarda musiqinin səsinin həddən artıq çox olması heç kimə söhbət etməyə imkan vermir. Şəxsən bu mənim üçün iztirabdır. Məni kimsə toya çağırmayanda sevinirəm. Yaslarımızda da vəziyyət fərqli deyil. Onu az qala toyla bərabərləşdirmək də dinimizə, adət-ənənəmizə uyğun deyil. Qapısında hüzr düşən insan ölüsünü unudur. Çünki bu mərasimə, onun xırdalıqlarına çox hazırlaşır. Yaslara əvvəl yaşlı insanlar daha çox ağır şəkildə gedirdilər. Ölən insanın xatirəsi anılırdı. Lakin indi yaslarımızda qız ərə verirlər, kimisə evləndirirlər. Molla isə hər dəfə mikrofonla camaatdan sakit olmağı istəyir. Bu şəraiti özümüz yaradırıq. Çünki bu təmtərağın qabağında gələn insanlar bu məclisi yas kimi qəbul edə bilmirlər.

- Qanunun qəbulunun yubanmasının səbəbi nədir?

- İnsanların adət-ənənələrinə, istəyinə məhdudiyyət qoyula bilməz. Belə bir arqument irəli sürülür ki, bu hardasa insan haqlarının, hüquqlarının pozulması kimi dəyərləndirilə bilər. Ancaq kökümüzə qayıtmaq hələ heç bir vətəndaşın hüququnun pozulması demək deyil.

- Vəziyyətin bu səviyyəyə gəlib çıxmasının günahı kimdədir?

- Biz özümüz - başqa heç kim.

- Məsələn, bu məsələlərə nəzarət edən bir çox strukturlar var. Bunların arasında Qafqaz Müsəlmanları İdarəsini, elə parlamentin sosial siyasət və mədəniyyət komitələrinin adlarını çəkmək mümkündür...

- Biz dəfələrlə bu məsələ ilə bağlı həyəcan təbili çalmışıq. Şeyxülislamın özünün də dəfələrlə fitvası olub. Ancaq insanlarımızın canında "hamıdan yaxşı olmaq" istəyi var. Bəlkə də bu, həyatın yaxşılaşmasından, inkişafdan doğur. Ancaq dünya mədəniyyəti, toyları deyiriksə, heç bir ölkədə bu cür mərasimlərdə bizim kimi israfçılıq yoxdur. Bu yaxınlarda Tacikistanda oldum. Orada dedilər ki, Tacikistan Milli Məclisi mərasimlərlə bağlı xüsusi qanun qəbul edib. Bu ölkənin aullarında toy 3-7 gün uzanır. Bunun qarşısını almaq və israfçılığı aradan qaldırmaq üçün belə bir qanun qəbul edildi. Dedilər qanun qəbul edilməmişdən əvvəl maarifləndirmə işi aparılıb. Ancaq bizim ölkədə bu qanunun qəbulunu mümkünsüz saydılar. Səbəb kimi isə Azərbaycanın varlı olduğunu, insanlarımızın yaxşı yaşadığını göstərdilər.

- Bununla bağlı ən çox narahatlıq doğuran məqamlardan biri də sovet dövründə binaların arasında tikilmiş xeyir-şər yerlərinin indi alınaraq sökülməsidir. İnsanlar bunun nəticəsində kənardan hazır çadırlar gətirməyə və günü çox böyük pullara onu qurdurmağa məcbur olurlar. Niyə bu məsələ parlamentdə səsləndirilmir?

- Əvvəllər çadır yox idi. Hər kəs rəhmətə gedən əzizini öz evində son mənzilə yola salmağa çalışırdı. İndi də vətəndaşların öz geniş evlərini qoyub yolun ortasında bərli-bəzəkli çadır qurdurması absurddur. Buna biznes işi kimi baxan insanlar da artıq mövcuddur. Qanunda bu məqamın da mütləq diqqətə alınmasını istərdim. Bu, şəhərimizin dəyişən mənzərəsinə də yaraşmır. Bu işin də artıq nizama salınması, tarazlaşdırılması vaxtı çatıb. Təbii ki, kimlərinsə evi balacadırsa, bu yas mərasimlərini həmin xeyir-şər evlərində keçirməsi daha uyğundur. Məsələn, toy restoranlarının özündə də yas mərasimlərinin keçirilməsi düz deyil.

Azad Əliyev

 

Həftə içi.- 2009.- 7 may.- S. 3.