"Xarici ölkələr Azərbaycanda 92 məscid tikib"

 

Hidayət Orucov: "Cəmiyyətimiz xurafatdan uzaqlaşır"

 

Müstəqillik əldə edəndən sonra Azərbaycanda xarici ölkələr tərəfindən 92 məscid tikilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Milli Məclisin insan haqları hüquq siyasəti dövlət quruculuğu komitələrinin birgə iclasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib. H.Orucov deyib ki, məscidlərin 63-ü Küveyt, 24-ü Türkiyə, 1-i Qətər, 1-i İran, 3-ü isə Səudiyyə Ərəbistanı tərəfindən inşa edilib. Onun sözlərinə görə, təkcə Türkiyənin 6 imamı bu məscidlərdə təmsilçi kimi fəaliyyət göstərir, qalan ölkələrin isə burada təmsilçisi yoxdur: "Ümumilikdə isə Azərbaycanda 1750 məscid var. Onlardan 150-si müvəqqəti, 800-ü isə daimi fəaliyyət göstərir". Onu da bildirək ki, xarici dövlətlərin Azərbaycandakı məscidlərinin əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində deyil. "Belə olan halda onlara kim nəzarət edir" sualı ilə Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşavirliyi ilə əlaqə saxladıq. Müşavirliyin rəsmiləri Ruhi Hoca Bayram Hoca bildirdilər ki, əsasən Türkiyə Dəyanət İşləri Vəqfinə tabedirlər: "Amma QMİ-nin razılığı olmadan məscidlərimizə imam təyin edə bilmərik. Azərbaycan qanunlarına isə həmişə riayət etmişik". Həmsöhbətlərimiz onu da qeyd ediblər ki, Türkiyənin burada tikdirdiyi bütün məscidlərdə təmir-tikinti işləri türkiyəli adamları tərəfindən aparılır.

Komitə sədri Azərbaycanda bu gün müəyyən gizli meyllərin olduğunu da qeyd edib. Bildirib ki, xaricdən maliyyələşdirilən bəzi icmalar dövlət qeydiyyatına alınmaqda maraqlı deyil: "Əgər onlar qeydiyyata alınsalar, məcbur olub nizamnamə əsasında işləməlidirlər. Onlar isə bunda maraqlı deyillər. Belələri, təəssüf ki, özlərini icma adlandırırlar, halbuki qrupdurlar".

Yeri gəlmişkən, "Yəhva şahidləri" dini icmasının 21 üzvü Xətai rayon Polis İdarəsi qeyrilərinin üzr istməsi tələbi ilə Xətai rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə iddianı təmin etməyib. Məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verən dini icmanın üzvləri Xətai rayon Polis İdarəsi qeyrilərinin "Yəhva şahidləri" dini icmasından mətbuat vasitəsilə üzr istənilməsi, maddi mənəvi ziyanın ödənilməsi, polis əməkdaşları barəsində intizam tədbirləri görülməsini tələb edirlər. Apellyasiya şikayətinə mayın 7-də baxılacaq.

Mayın 5-də Xırdalanda həbs edilən dindarların da adları açıqlanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, vəhhabi dini təriqətinə mənsub olduğu bildirilən - Qabil Şükürov, Qurban Cəfərov, Elnur Nuriyev, Sarvan Talıbov, Nadir İdrisov, Zöhrab Şıxəliyev, Musa Musayev, Elman Qasımov, Sənan Talıbov Anar Zuluyev polisə müqavimət göstərməkdə təqsirli bilinirlər. Onların "Nərimanov rayon dindarları" dini icmasının üzvləri olduğu deyilir. Məsələyə münasibət bildirən adıçəkilən dini icmanın sədri, "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleyman həbs olunan dindarların "sələfi camaatı"ndan olduğunu, onların polisə müqavimət adı altında dini baxışlarına görə həbs edildiklərini söyləyib. Q.Süleyman "sələfi camaatı"nın hər zaman terrora qarşı çıxdığını da bildirib. Qeyd edək ki, vəhhabilər Xırdalandakı toyların birində həbs olunublar.

  

  

Elnur

 

Həftə içi.- 2009.- 7 may.- S. 3.