Təkrarsız əsərlər müəllifi

 

Bu gün Rauf Hacıyevin doğum günüdür

 

İnsanların adları kimi, dünyaya gəldikləri zaman kəsiyi ilə də onların Yer üzündəki missiyası arasında uyarlılıq olur.

 

Mayın 15-də musiqi yaradıcılığı tarixinə təkrarsız əsərləri ilə adını həkk etmiş, Azərbaycanın ən layiqli mədəniyyət nazirlərindən biri kimi yaddaşlarda yaşayan Rauf Hacıyevin doğum günüdür. Balaca Raufun həyatı elə böyüməyə başladığı vaxtdan maraqlı qurulub. Gələcək bəstəkar görkəmli təbiət alimi və ilk Azərbaycan mətbu orqanı olan "Əkinçi" qəzetini yaradan Həsən bəy Zərdabinin ailəsində tərbiyə alıb. Repressiya illərində "gedər-gəlməzə" göndərilmiş Sultanmuxtar Hacıyevlə Nanə xanımın nikahları pozulandan sonra Rauf Hacıyevin tərbiyəsini Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım öz üzərinə götürüb. Anasının gözəl səsi, Qurban Pirimovun şagirdi olmuş atasının əla tar çalmaq bacarığı yeniyetmə Raufun musiqi ilə tez yaxınlaşmağına şərait yaratmışdı. Artıq 4 yaşı olanda balaca Rauf musiqi aləminə daxil oldu. İlk müəllimləri olan Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyevadan musiqinin sirlərini öyrəndi. Musiqi məktəbində oxuyarkən ilk bəstələrini - üç fortepiano pyesini yazdı: "Dağıstan", "Ləzginka", "Tarantella". Bu dövrdə "Samur", "Mingəçevir", "Gənclik marşı" bəstələrini də tamamladı. 18 yaşında ikən "Tələbələrin istəkləri" operettasını bəstələdi. Operetta Mustafa Mərdanov tərəfindən tamaşaya qoyuldu.

Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanan Rauf Hacıyev döyüşlərin birində yaralanıb Bakıya qayıdır. 1944-cü ildə yanğından mühafizə idarəsinin estrada ansamblını yaradır. Ansambl 1949-cu ilədək fəaliyyət göstərir. 1948-ci ildə R.Hacıyev Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilərək P.İ.Çaykovski adına Moskva Konservatoriyasına keçirilir. Andrey Eşpay, Aleksandra Paxmutova ilə bir qrupda oxuyur. 1949-cu ildə yenidən Azərbaycan Dövlət Konservatoriyasında təhsil almağa başlayır. Qara Qarayevin sevimli tələbələrindən biri olur.

R.Hacıyevin kiçik qızı, 7 nömrəli musiqi məktəbinin fortepiano müəlliməsi Nanə xanımla söhbətimizdən: "Bizim ailədə gənc yaşlarda ailə qurmaq adət halını alıb. Atam 20 yaşında olanda ilk övladı, qardaşım Fuad dünyaya gəlmişdi. Fuad indi Türkiyədə yaşayır. Xanımı Zəminə ilə birgə teatr sahəsində çalışırlar. Operettaların librettolarını yazırlar, dram tamaşalarına rejissorluq edirlər. Türkiyəyə köçməmişdən əvvəl Sankt-Peterburqun teatrlarında çalışırdılar. Atamın bütün operettaları əvvəlcə Moskvada tamaşaya qoyulurdu, sonra bizim "Muskomediya"da. Fuadla Zəminənin müəlliflərindən olduqları tamaşalar da təxminən belə taleni yaşayır. Onlar Rauf Hacıyevin "Ana, mən evlənirəm" operettasına Peterburq teatrında, "Kavkazskaya plemyannitsa" tamaşasına Moskva Operetta Teatrında, "Qağayı" pyesinə, "Arşın mal alan" operettasına Türkiyə teatrında quruluş veriblər. Fuadla Zəminə tamaşaçıların dönə-dönə maraqla seyr etdikləri "Ordan-burdan" telemüzkl tamaşasının libretto müəllifləridir. Qızları Nərminə də babası kimi bəstəkardır. Bacım Natəvan teatrşünasdır. Bizim İncəsənət İnstitutundan sonra Moskvada Teatr Sənəti İnstitutunu da bitirib. Yoldaşı Cahangir Ələkbərov Finlandiya konservatoriyasının professorudur. Qızları Günayın müğənniliyə həvəsi var. Vaxtaşırı Bakıya gəlirlər. Yadıma gəlmir ki, bizim ailədə yersiz mübahisələr, dilxorçuluqlar olsun. Atam olduqca həyatsevər, anam olduqca təmkinli insanlar idi. 54 il mehriban ailə həyatı yaşayıblar. Onların tanış olmağı Romeo ilə Cülyettanın əhvalatına bənzəyir. Bünyad Sərdarov küçəsindəki yaşadıqları vaxt eyvanları üzbəüz imiş. Gözəl ev xanımı olan anamın çox yaxşı da səsi var idi. Atamın bəstələrinin qaralama not vərəqələrinin üzünü köçürürdü. Atam elə olurdu ki, nəzm parçası seçib ona musiqi bəstələyirdi, elə də olurdu ki, bəstələdiyi musiqi üçün uyğun nəzm əsəri tapırdı".

Rauf Hacıyev əsl peşəkar olduğu üçün musiqi zövqünə, musiqi yaradıcılığına yenilik gətirənlərə qarşı mühafizəkar mövqe tutmaqdan uzaq idi. Onun bir insan və sənətkar kimi səciyyələri olan "gözəl", "həyatsevər" ifadələrinə "ilk" kəlməsi də əlavə olunmalıdı. 1956-cı il mayın 15-də R.Hacıyev caz orkestrini yaratdı. Solistləri Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devis olan bu orkestr keçmiş SSRİ məkanının hər yerində qastrol səfərlərində olub. 1965-ci ildən 1970-ci ilədək Azərbaycan Sovet Sosialist Respublikasının mədəniyyət naziri vəzifəsində çalışdığı müddətdə Xalça Muzeyini, Dövlət Rəqs Ansamblını yaradıb, Dövlət Xor Kapellasının fəaliyyətini bərpa edib. Onun nazir olduğu dövrdə M.F.Axundov adına Opera və Balet Teatrının balet truppası ilk dəfə olaraq Parisə qastrol səfəri edib. "Qrand Opera"nın səhnəsində xoreoqrafiya ustalarımız müxtəlif nömrələrlə çıxış edirlər. Tələbkar parislilər balet truppamızın texniki və artistlik imkanlarını, peşəkar musiqimizin yüksək səviyyəsini layiqincə qiymətləndirmişdilər. Rauf Hacıyevin nazir olduğu dövrün maraqlı faktlarından biri də bundan ibarətdir ki, keçmiş SSRİ-nin incəsənət aləmində azərbaycanlı bəstəkar və nazir davranışına görə "knyaz" adı ilə də məşhur idi. Elə SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevaya onun gəlməyi barədə məlumat verəndə məhz belə deyirmişlər: "Knyaz" gəlib". Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta idi. Vasif Adıgözəlov demişkən, bu gün fortepianoda çalmağı öyrənən gənclər özləri də bilmədən Rauf Hacıyev üslubunda çalırlar.

Onun "Qızıl karavella", "Kuba - məhəbbətim mənim" və başqa operettaları, "Gənclik" simfoniyası, "Qaytağı", "Ləzginka" xoreoqrafik süitaları, oratoriya və kantataları, "Üç poema", "Təbəssümünü gizlətmə" əsərləri və ... 150-dən çox mahnısı qalıb: "Azərbaycan", "Bakı", "Sevgilim", "Sənsiz", "Saçlarına gül düzüm", "Leyla", "Ay qız", "Obelisk", "Mir bez tebya", "İdyot vesna", "Görüş" filmində ifa olunan "Deyirlər, hər kəsin öz sevgisi var" və onlarca digər mahnısı var.

Bu gün nəinki Azərbaycanda, bütün dünyada mahnı, ümumiyyətlə əsl musiqi yaradıcılığı anlayışının "yox" dərəcəsinə yaxınlaşdığı bir zamanda Rauf Hacıyev kimi peşəkarların sənətkarlıq irsi daim diqqət mərkəzində olmalıdır ki, bəstəkarlığın, musiqinin əslində nə demək olduğunu unutmayaq.

Samirə Behbudqızı

 

Həftə içi.- 2009.- 15 may.- S. 7.