Həmsədrlər birgə bəyanat yaydılar

 

"Danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində aparılır"

 

Minsk Qrupu həmsədrləri Metyu Brayza, Bernar Fasye Yuri Merzlyakov Azərbaycan Ermənistan prezidentlərinin Sürix görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış ediblər. Bəyanatda əsasən, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılan son addımların xronikası sadalanıb. Bildirilir ki, həmsədrlər yanvarın 19-da Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla, yanvarın 20-də isə İrəvanda Serj Sarkisyan və Edvard Nalbandyanla görüşüblər. Yanvarın 27-də isə həmsədrlər yenidən xarici işlər nazirləri ilə görüşərək bir gün sonra prezidentlərin görüşünü təşkil ediblər:   

   "Görüşdə həmsədrlər prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər". Həmsədrlər ümid edirlər ki, münaqişənin yaxın gələcəkdə sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər fikir ayrılığı olan məsələlərdə ortaq məxrəcə gələ biləcəklər. Münaqişənin nizamlanması tərəflər üçün indiki "status-kvo" vəziyyətindən daha sərfəlidir. Həmsədrlərin məqsədi isə Qarabağ münaqişəsinin Helsinki "Yekun aktı"nda nəzərdə tutulan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında ədalətli balanslaşdırılmış həll yolunu tapmaqdır.   

   "Münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində aparılır" - bu fikirləri isə xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib. Onun sözlərinə görə, prezidentlərin görüşündə hazırda hazırlanan bundan əvvəl mövcud olan prinsiplər ətrafında müzakirələr aparılıb: "Baza prinsiplərində bəzi razılaşdırılmayan məqamlar var. Hər bir prezident qarşılıqlı anlayış şəklində öz fikrini bildirdi. Təbii ki, bu, çətin prosesdir. Ancaq irəliyə doğru addım atmaq lazımdır. Bundan başqa yol yoxdur".  

   Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə vurğulayıb ki, danışıqlar baza sənədləri əsasında aparılır. Hər iki prezident danışıqların müntəzəm xarakter daşıması baxımından münaqişənin həlli istiqamətində müəyyən dinamikliyin olduğunu vurğulayıb. Görüşdən-görüşə tərəflər bir-birlərini daha yaxşı başa düşür çətinlikləri, maneələri həll etməyə çalışırlar: "İndi söhbət münaqişənin nizama salınmasının prinsiplərinin işlənilib-hazırlanmasından gedir. Əsas prinsiplər qarşılıqlı razılaşdırıldıqdan sonra tərəflər baza sənədləri üzərində işləməyə başlayacaqlar".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 30 yanvar.- S. 1-2.