Gömrük Xidməti 17 illik yubileyini qeyd edir

 

Aydın Əliyev: "Gömrük Xidməti dinamik inkişaf yolu ilə addımlayır"

 

Bu il Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 17 illiyi tamam olur. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb. Gömrükçülərin peşə bayramı ərəfəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə söhbətləşdik.   

   - Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə də bilavasitə bağlıdır. Son illər ərzində Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulub, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb. Bununla belə, gömrük işi ölkədə və dünyada gedən ictimai-siyasi, iqtisadi-sosial proseslərdən geridə qala bilməz və daim təkmilləşdirilməlidir. Odur ki ötən illərdə olduğu kimi, yola saldığımız 2008-ci ildə də bu sahədə görülmüş işlər davam etdirilib, kompleks tədbirlər həyata keçirilib. Əvvəla, qeyd edim ki, gömrük orqanlarının mühüm vəzifələrindən biri fiskal funksiyanın - gömrük vergi və rüsumları üzrə proqnozun yerinə yetirilməsidir.

   - Gömrükçülər 2008-ci il üçün nəzərdə tutulan proqnoza necə əməl ediblər?  

   - 2008-ci ilin yekunlarına əsasən, Dövlət Gömrük Komitəsi üzrə nəzərdə tutulmuş 1 110,00 milyon manat gömrük vergi və rüsumu əvəzinə büdcəyə 1 110,36 milyon manat vəsait köçürülüb, proqnoz artıqlaması ilə təmin edilib. Büdcə daxilolmalarında, yəni vergi növlərində və strukturda dəyişikliklər aparılmadan - maliyyə intizamı və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, ümumiyyətlə, gömrük nəzarətinin daha effektiv təşkili və digər sahələrdə görülən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsi hər il olduğu kimi, ötən ildə də proqnozu artıqlaması ilə yerinə yetirib.  

   2009-cu il üzrə müvafiq tapşırıqlara gəlincə, bütün iqtisadi təhlillər aparıldıqdan sonra Dövlət Gömrük Komitəsi üçün 1 300 milyon manat proqnoz nəzərdə tutulub. Tam əminliklə deyə bilərəm ki, bu ildə də Dövlət Gömrük Komitəsi öz üzərinə düşən vəzifənin öhdəsindən gələ biləcək. Belə ki, son illər Azərbaycan Gömrük Xidmətinin maddi-texniki bazası möhkəm­ləndi­­­­­rilib, qanunvericilik bazası təkmilləşdirilib. Bunlar isə növbəti uğurlara əsaslı yol açır.   

   - Ötən il gömrük orqanları tərəfindən gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə nəticəsində hansı faktlar qeydə alınıb?  

   - 2008-ci ilin yanvar - dekabr ayları ərzində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunmasına, bütün qüvvələr səfərbər edilməklə qaçaqmalçılığın və gömrük işi sahəsində digər hüquqpozmaların qarşısının alınmasına yönəldilib. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2008-ci ildə 4208 hüquqpozma faktı aşkar edilib. Onlardan 175-i cinayət xarakterli faktlar olub və bu faktlarla əlaqədar təqsirli bilinən 172 nəfərin barəsində müvafiq tədbirlər görülüb. Gömrük orqanları tərəfindən aşkar edilən cinayətlərin böyük bir hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Yerləşdiyi coğrafi məkana görə narkotiklərlə mübarizədə ön sıralarda olan Azərbaycanda 2008-ci ildə narkoşərait əvvəlki illərə nisbətən daha mürəkkəbliyi ilə səciyyələnib. Komitə tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizənin təşkili üçün gömrük orqanlarının maddi-texniki təchizatı, ölkədaxili və beynəlxalq əməkdaşlığın, məlumat mübadiləsinin genişləndirilməsi, kadrların peşəkar hazırlığının artırılması, əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük nəzarətinin beynəlxalq təcrübədə özünü doğrultmuş səmərəli metodlarının və riskin idarə olunması sisteminin tətbiqi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkarlanıb və bu faktlar üzrə 356 kiloqram 338 qram narkotik, o cümlədən 68 kiloqram 255 qram heroin, 62 kiloqram 732 qram tiryək, 221 kiloqram 406 qram həşiş, 3 kiloqram 945 qram marixuana, 4204 ədəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) və 242 qram metamfetamin maddəsi tutulub. Bundan əlavə, gömrük orqanları əməkdaşlarının təşəbbüsü ilə 22,5 ton yabanı halda bitən çətənə kolu aşkar edilərək yandırma üsulu ilə məhv edilib.  

   2007-ci illə müqayisədə 2008-ci ildə qanunsuz dövriyyədən götürülən narkotiklərin miqdarı 2,87 dəfə, o cümlədən heroinin miqdarı 5,9 dəfə, tiryəkin miqdarı 1,67 dəfə, həşişin və psixotrop maddələrin miqdarı 3 dəfə çox olub. Narkoqaçaqmalçılıqda təqsirli və ya şübhəli bilinərək saxlanılmış 84 nəfərdən 64-ü Azərbaycan, 16-sı İran, 1-i Ukrayna, 1-i Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə vətəndaşı, 10-u qadın, 74 nəfəri isə kişi olub.   

   "Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən valyuta nəzarəti orqanı olan Dövlət Gömrük Komitəsi valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi, habelə idxal-ixrac əməliyyatları ilə əlaqədar valyuta qanunvericiliyinə əməl edilməsi üzərində valyuta nəzarətini həyata keçirir. Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 2008-ci ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 1 kiloqram 967 qram qızıl, 29 kiloqram 58 qram gümüş, 89.570 ABŞ dolları, 2 milyon 455 min rus rublu tutulub.   

   - Son illər gömrük xidmətinin təkmilləşdirilməsi sahəsində görülən işlər haqqında məlumat verərdiniz.

   - Ölkə iqtisadiyyatının dinamik inkişafı şəraitində gömrük xidmətinin daim təkmilləşdirilməsi vacib amildir. O cümlədən gömrük işinin tələb olunan səviyyədə təşkili, beynəlxalq normalara uyğun aparılması, bu sahədə normativ bazanın təkmilləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarının geniş tətbiqindən asılıdır. Ölkədə gömrük işi sahəsinə dair qanunvericiliyin Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrin qanunvericiliyinə uyğunlaşdırılması üçün Avropa İttifaqının və BMT İnkişaf Proqramının dəstəyi ilə "Azərbaycan Respublikasında Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış yeni Gömrük Məcəlləsi layihəsinin müddəaları təhlil edilərək öyrənilib, geniş müzakirə edilib və təkliflər paketi hazırlanaraq yeni Gömrük Məcəlləsinin hazırlanması üzrə işçi qrupa təqdim edilib.   

   Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosedurlarının və bu sahədə normativ-hüquqi aktların və gömrük qanunvericilik bazasının təkmilləşdirilməsi və gömrük nəzarətinin daha da gücləndirilməsi məqsədilə də bir sıra işlər görülüb. Belə ki, Dövlət Gömrük Komitəsinin müvafiq əmrləri ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair təlimat"a, "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə qaydaları"na dəyişikliklər edilib. Həmçinin "Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi texnologiyasına riayət olunmasının təmin edilməsi üçün sərhəd-keçid məntəqələri üzrə tələb olunan minimum şərtlər toplusu" təsdiq olunub.   

   Bundan başqa, "Mədəniyyət sərvətlərinin ölkənin gömrük sərhədindən keçirilməsi qaydaları", "Diplomatik xidmət əməkdaşlarının diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları" layihələri işlənib-hazırlanıb, müvafiq prosedurlardan keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.   

   Həmçinin "Gömrük ərazisində malların emal olunmasına icazə verilməsi qaydaları", "Gömrük ərazisindən kənarda malların emal olunmasına icazə verilməsi qaydaları" və "Azərbaycan Respublikasının gömrük ərazisində rüsumsuz ticarət mağazasının yaradılmasına icazə verilməsi qaydaları" hazırlanıb və müvafiq prosedurların keçirilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.   

   Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair dövlət proqramı"nın icrasının təmin olunması istiqamətində - Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların normalarının ölkədə həyata keçirilməsi, malların keçirilmə xüsusiyyətləri üzrə gömrük nəzarətinin müddətləri limitlərinin müəyyən edilməsi məsələləri ilə əlaqədar müvafiq işlər görülüb. Həmçinin gömrük orqanları və sahibkarlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə "Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın əsasları haqqında əsasnamə" layihəsi hazırlanıb və Dövlət Gömrük Komitəsinin əmri ilə təsdiq olunub.   

   - Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqini necə səciyyələndirərdiniz?  

   - Ölkə prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, bu ilin əvvəlində respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunub. Azərbaycan "İpək yolu"nun və "Şimal - Cənub" nəqliyyat dəhlizinin vacib hissəsi olduğu üçün dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir. "Bir pəncərə" prinsipinin tətbiqi haqqında dövlət başçısının fərmanında da məqsəd dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələri aradan qaldırmaq, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şərait yardır.   

   Dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipini tətbiq etməklə, sərhəd-keçid məntəqələrinə nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sözügedən problemləri aradan qaldıraraq sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şəarit yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl ölkələrdə olduğu kimi minimum vaxt limitlərinə riayət edilməsinə nail olmaq mümkündür.   

   Artıq dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini gömrük orqanları həyata keçirir.   

   - Ötən il gömrük prosedurlarında informasiya texnologiyalarının tətbiqi sahəsində hansı tədbirlər həyata keçirilib?  

   - Ötən il ərzində sözügedən sahədə bir sıra tədbirlər həyata keçirilib. "Gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılmış sistemi"nin (GRNAS) yeni versiyası bütün gömrük idarələrində və postlarında tətbiq edilib və sənaye istismarı təmin olunub. Görülən işlərin nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçılarının 95 faizi elektron bəyannamələşdirmə prosesi ilə əhatə olunub. "Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi"nin (RAİS) layihələndirilməsi başa çatdırılıb və müvafiq təminatı yaradılıb. Layihədə RAİS-in konsepsiyası, əsasnaməsi, riskin qiymətləndirilməsində ekspert üsulunun istifadəsi, risk meyarları və müvafiq ballar, risk şəraitini təsvir edən "ilkin məlumatlar"ın forması, risk profillərinin təsviri, GRNAS və RAİS-in birgə işləməsinin texnoloji sxemi və RAİS-in ümumi funksional sxemi öz əksini tapıb. Onu da bildirim ki, ötən ilin dekabrından "RAİS" proqram təminatının Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Sumqayıt Gömrük İdarəsində 2 ay sınaq müddətinə eksperimental qaydada tətbiqinə başlanılıb.  

   2008-ci ildə yeni proqram məhsullarının yaradılmasına da böyük diqqət yetirilib. Mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması və bazalardan məsafədən istifadə kimi müasir və səmərəli sahəni nəzərə alaraq gömrük xidmətinin mərkəzləşmiş daxili "Web-portal"ının hazırlanmasına başlanılıb. "Web-portal"da istifadə olunacaq avtorizasiya sistemi və istifadəçilərin öz qeydiyyat yazılarını idarə etmək üçün nəzərdə tutulmuş müvafiq "Web-səhifə"lər hazırlanıb. Portalın mühafizə sisteminin proqram təminatı yaradılıb və istifadəçilərin hüquqlarına uyğun olaraq portalın bütün səhifələrinə daxilolma prosesi proqramlaşdırılıb.  

   Gömrük orqanlarının informasiya sistemlərində elektron imzanın tətbiq olunmasının təmin olunması məqsədilə SİNAM şirkəti ilə birlikdə müvafiq tədbirlərin görülməsinə başlanılıb. Bu məqsədlə tərtib olunmuş proqram təminatının işi ilə tanış olunub və proqram təminatı bir neçə kompüterə yazılaraq eksperimental qaydada istismarı üçün hazırlıq tədbirləri görülüb.  

   - 2008-ci ildə Dövlət Gömrük Komitəsində kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində hansı işlər görülüb?  

   - 2008-ci il ərzində Dövlət Gömrük Komitəsinin gömrük işi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə 27 iyun 2008-ci il tarixdə Brüsseldə "Azərbaycan Respublikası hökuməti və Slovakiya Respublikası hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq ıə qarşılıqlı yardım haqqında saziş" və 3 iyul 2008-ci il tarixdə Bakıda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında saziş" imzalanıb. Bundan başqa, digər ölkələrin gömrük orqanları ilə gömrük işi sahəsində beynəlxalq normalara uyğun olaraq saziş, protokol, memorandum və digər sənədlər hazırlanıb.  

   Ümumdünya Gömrük Təşkilatı, MDB iştirakçı dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurası, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Gömrük Əməkdaşlıq Komitəsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT-nin İnkişaf Proqramı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində də məqsədyönlü addımlar atılır.  

   Dövlət Gömrük Komitəsi ölkəmizin Qərb və Şərq mədəniyyətləri arasında dialoqun və dini tolerantlığın inkişaf etdirilməsi sahəsində apardığı işlərə də öz töhfəsini verir və bu da 11 - 14 fevral 2008-ci il tarixdə Belçika Krallığında "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" və "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı kitabların təqdimat mərasimində və Dövlət Gömrük Komitəsi, Azərbaycanın Belçika Krallığındakı səfirliyi və Ümumdünya Gömrük Təşkilatının birgə təşkil etdikləri "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" mövzusunda keçirilən sərgidə öz əksini tapıb. Bundan başqa, 3 - 10 sentyabr 2008-ci il tarixdə İsveçrə Konfederasiyasında Dövlət Gömrük Komitəsi və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə təşkil etdikləri "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" və "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı kitabların təqdimat mərasimi və "Mədəni irsin keşiyində" mövzusunda sərgi keçirilib.  

   Ötən il ərzində Dövlət Gömrük Komitəsi bir neçə yerli, regional və beynəlxalq səviyyəli tədbirlər də keçirib. Yanvarın 18-də Ümümdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində "Ticarətin asanlaşdırılması ıə Ümumdünya Ticarət Təşkilatı danışıqları üzrə potensialın gücləndirilməsi" və aprelin 16-17-də isə Fransa Gömrük və Vasitəli Vergilər İdarəsinin eksperti tərəfindən mobil briqadalar barədə seminarlar təşkil edilib. Sonuncunun davamı olaraq noyabrın 17-21-də Fransa gömrük xidmətinin mobil briqadalarla bağlı iş təcrübəsinin öyrənilməsi məqsədilə komitəmizin nümayəndələri Roşel şəhərinə ezam edilib.   

   Bundan başqa, mayın 5-7-də "Mərkəzi Asiyada vahid pəncərə və məlumatın harmonikləşdirilməsi" mövzusunda, həmin ayın 21-23 tarixlərində BYD üzrə və iyunun 9-13 tarixlərində isə harmonik sistem üzrə regional seminarlar təşkil olunub. Sentyabrın 23-dən 25-dək isə Bakıda Azərbaycan da daxil olmaqla 37 ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndə heyətinin iştirakı ilə Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin 17-ci iclası keçirilib. Öz növbəsində, Dövlət Gömrük Komitəsi ötən il bir sıra ölkələrdə keçirilən beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə respublikamızı layiqincə təmsil edib. Məsələn, fevralın 3-5-də Birləşmiş Ərəb Əmirliklərində "Problemlərlə mübarizəyə qalxaq!" mövzusunda Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə 4-cü Ümumdünya Forumunda, fevralın 28-29-da isə İrlandiyada ÜGT Avropa regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında, martın 10-14-də Avrasiyada BMT İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 51-ci sessiyasında, martın 18-də Ukraynada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin iclasında, martın 27-28-də isə Belçikada "XXI əsrdə gömrük" mövzusuna həsr edilmiş Qlobal Forumda, mayın 20-24-də Yunanıstanda "Kontrafakt və piratçılıqla mübarizədə gömrüyün fəaliyyəti və nailiyyətləri" beynəlxalq konfransında, iyunun 4-6-da Rusiyada MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 47-ci iclasında, iyunun 26-28-də Belçikada Gömrük Əməkdaşlıq Şurasının 111/112-ci sessiyasında, oktyabrın 24-25-də Türkiyədə "İpək Yolu ölkələri arasında ticarətə yardım və asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair Beynəlxalq Forum" və sair belə tədbirlərdə fəal iştirak ediblər.   

   - Gömrükçülərin sağlamlığı və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ötən il hansı addımlar atılıb?   

   - 2008-ci ildə Dövlət Gömrük Komitəsi üçün dövlət başçısı İlham Əliyevin iştirakıyla Bakıda Mərkəzi Gömrük Hospitalı istifadəyə verilib. Bu hospital gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının öyrənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədilə inşa edilən ən müasir sağlamlıq ocağıdır. Mərkəzi Gömrük Hospitalında quraşdırılmış avadanlıqlar əsasən Almaniyanın və digər Avropa ölkələrinin istehsalıdır. Yeni tibb ocağı üçün "Mercedes" markalı 5 ədəd avtomobil, səyyar hospital alınıb. Onun köməyi ilə səyyar vəziyyətdə xəstələrə istənilən tibbi yardım göstərmək mümkündür.

      Komitənin Tibbi Xidmət İdarəsində isə tamamlama işləri, həmçinin idarənin inzibati binasında və köməkçi obyektlərində də tikinti işləri başa çatıb. Bütün bunlar gömrükçülərin sağlamlığının təminatı məqsədilə həyata keçirilir.   

   Gömrükçülər dövlət başçısının qayğısını daim hiss edir və prezidentin 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, komitənin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi, eləcə də bir qrup əməkdaşın "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi ölkəmizdə gömrük işinin layiqincə qiymətləndirilməsinin parlaq təzahürüdür.

 

 

Sevil Zeynalqızı 

 

Həftə içi.- 2009.- 30 yanvar.- S. 1-2.