Bakı döyüşünün bir addımlığında – Qafqaz İslam Ordusu

 

 

 

 

Ənvər paşanın Azərbaycanla bağlı planı burada yerli qüvvələr hesabına türk zabitlərinin köməyi ilə tərkibində 3 piyada diviziya (hər) birində 3 piyada alay) olan 1 korpus yaratmaq idi. Nuru paşa Mosulda 6-cı Ordu komandanlığından 149 zabit və məmur, 488 gizir və əsgər seçərək onlardan təlimatçılar kimi istifadəni planlaşdırırdı.

 

Aprelin 5-də Ənvər paşa tərəfindən təsdiqlənmiş Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid Təlimnamə də bunu təsdiqləyir. Nuru paşa Mosul-Təbriz-Naxçıvan marşrutu ilə hərəkət edərkən Naxçıvanda, Ordubadda, daha sonra Cəbrayıl, Ağdam, Tərtər və Yevlaxda bir neçə osmanlı zabitini yerləşdirərək onlara yerli konüllülərdən ibarət dəstələr yaratmağı tapşırırdı. Bir çox yerlərdə əhali I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Nuxada Bədri və Sidqi əfəndilər, Zaqatalada Həqqi əfəndi və Ələddin əfəndi belə dəstələrin komandirləri idi. Lakin Nuru paşanın üzləşdiyi reallıq planları pozdu.

 

 

Bakı Soveti qoşunları sürətlə irəliləyir, Müsəlman Korpusunun kiçik hərbi qüvvələri onun hərəkət sürətini nisbətən ləngitsə də, qarşısını ala bilmirdi. Könüllülərdən yaradılan hərbi hissələr silah və sursatla təmin edilməmiş, təlim keçməmiş, zabit heyəti demək olar ki, yox idi. Belə şəraitdə təlimatçılar vasitəsi ilə hərbi hissələrin yaradılması prosesi çox vaxt tələb edərdi. Nuru paşa teleqramlarının birində xəbər verirdi ki, Müsəlman Korpusunda 1000-ə yaxın döyüşçü var, bu isə göstərir ki, toplanan könüllü dəstələri î real qüvvə kimi heç nəzərə almırdı. Belə vəziyyətdə məhz nizami osmanlı qoşunlarının göndərilməsi ehtiyacı açıq-aydın görünürdü. Bu qüvvələr komandanı Vehib paşa olan 3-cü Ordu tərkibindən götürülməli idi.

 

İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə birbaşa hərbi qüvvələrin göndərilməsinə imkan yaratdı. İyunun əvvəllərindən Azərbaycana 3-ñü Osmanlı ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət idi. Dəstə QİO-nun avanqardı rolunu oynayırdı. Qafqaz İslam Ordusu tərkibində Osmanlı qoşunları 5-ci Qafqaz firqəsi (diviziya) ilə təmsil olunurdular. Əvvəllər 3-cü Ordunun (komandan Vehib paşa) tərkibində olan firqə aşağıdakı quruluşa malik idi: üç piyada alay (9-cu, 10-cu, 13-cü alaylar), bir süvari alayı (mürəttəb 2-ci süvari alayı), bir topçu alayı (5-ci Qafqaz səhra topçu alayı) və əlavə hissələr.227 Hər piyada alayında üç piyada tabor, bir pulemyot (makinalı tüfəng) bölüyü var idi. 9-cu piyada alayı (komandir minbaşı Cəmil Cahid bəy sonra qaimməqam Həmdi bəy) 25-ci, 26-cı və 27-ci piyada taborlarından ibarət idi. 10-cu piyada alayı (komandir qayməqam Osman bəy, sonra Dəmirəli bəy) 28- ci, 29-cu və 30-cu piyada taborlarından ibarət olmuşdur. Üç tabordan (4-cü, 46-cı, 60-cı piyada taborları) ibarət 13- cü piyada alayının komandiri qayməqam Əhməd Riza bəy idi. 19-cu və 42-ci süvari bölüklərdən ibarət olan mürəttəb 2-ci süvari alayının komandiri minbaşi Zehni bəy idi. 5-ci Qafqaz səhra topçu alayı (komandir minbaşı Abdulla bəy) iki topçu taborundan ibarət olmuşdur (Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4-cü və 5-ci batareyalardan təşkil edilmişdi. Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr və iaşə taqımı aid idi.

 

 

Qeyd etmək lazımdır ki, hələ müharibə başlamazdan əvvəl Osmanlı ordusunun ən zəif cəhətlərindən biri təminat məsələsi ilə bağlı idi. Belə ki, döyüşən ordunun tərkibində təminat məsələləri ilə bağlı ayrıca strukturun olmaması əməliyyatların keçirilməsinə maneçilik törədirdi. Təminat əsasən qoşunların yerləşdiyi ərazilər hesabına həyata keçirilir, ölkənin mərkəzi bölgələrindən daşınmalar isə olduqca pis təşkil edilmişdi. Yaradılan anbarlarla döyüşən hissələr arasında daşınmalar da ləng aparılırdı. Buna səbəb bir tərəfdən texnika sarıdan geridə qalma idisə (avtomobillərin azlığı, arabaların əksər hallarda döyüş gedən bölgənin əhalisindən yığılması), digər səbəb xüsusi nəqliyyat hissələrinin olmaması idi. Nəticədə hətta alman zabitləri qeyd edirdilər ki, Osmanlı qoşunları irəliyə bilirlər, lakin sürətli hücumlar etmək iqtidarında deyillər. Döyüş zamanı ilkin uğur qazanan qoşunlar azacıq irəlilədikdən sonra ərzaq və sursat ehtiyatını bərpa etmək üçün hərəkəti dayandırır, ərzaq və sursatın gətirilməsini gözləyirdilər. Nəticədə dərin irimiqyaslı hücumlar həyata keçirmək olmur, düşmən geri çəkilib yeni mövqelər qurmaq üçün imkan qazanırdı. Osmanlı qoşunlarının hücumları bir mövqedən digərinə doğru hərəkəti xatırladırdı. Vuruşan hissələrin su və ərzaqla təminatını Azərbaycan Cümhuriyyəti Ərzaq Nazirliyi öz boynuna götürdü. Əhalidə olan məhsulun 1/10 yığılır, eyni miqdarda ərzaq anbarlardan götürülürdü. Azərbaycanı tərk etmiş ermənilərə məxsus olan topraqların məhsulunu ətraf azərbaycanlı əhali toplamalı və toplanmış məhsulun 50 %-i dövlətə, vuruşan hissələrə keçirməli idi. Əvəzi ödənilməklə əhalidən minik heyvanları götürülürdü. Sentyabr döyüşləri ərəfəsində zəkat da yığılaraq orduya keçirildi. Cənub və Şimal hücum xətti boyunca ərzaq anbarları yaradıldı. Təkcə 5-ci Qafqaz piyada firqəsinə bir gündə 10.774 kq ərzaq tələb olunurdu.

 

Ərzaq Nazirliyindən ərzağın götürülüb hissələrə paylanması üçün 5-ci firqənin tərkibində əlavə struktur vahidi - Mənzil Müfəttişliyi yaradıldı ki, bu qurum ərzağın daşınması, təminat və digər məsələlərlə məşğul olurdu. Onun səmərəli işi nəticəsində Mənzil Müfəttişi idarəsi yaradıldı. 5-ci Qafqaz fiqəsində 330 zabit, 7403 əsgər (5277-si döyüşən hissələrdə) və 1939 heyvan var idi.

 

 

Firqənin 3-cü Ordu ilə bağlılığı Qafqaz İslam Ordusunun komandanı Nuru paşa vasitəsi ilə həyata keçirilməli idi. İdarəetməni asanlaşdırmaq üçün Qafqazda yerləşən 3-cü və 9-cu Ordular Şərq Ordular qrupu tərkibində birləşdirildi (komandan Vehib paşa, iyunun 29-dan Xəlil paşa). Bu zaman 3-cü Ordunun komandanı Esat paşa təyin edildi. Maraqlıdır ki, iyun ayında 5-ci piyada firqəsinin (komandir Mürsəl paşa, sonralar Mürsəl Bakı adını götürüb; Ərkani-Hərb (qərargah) rəisi- minbaşı Rüşdübəy) adı dəyişdirildi və o, Azərbaycan qolordusunun 3-cü atıcı diviziyası adını aldı.

 

QİO-nun komandanı Nuru paşa və Ərkani - Hərb rəisi Nazim bəy qərargaha arxalanaraq fəaliyyət göstərirdilər. Qərargah aşağıdakı şöbələrdən ibarət idi: 1-ci şöbə - hərəkət şöbəsi (əməliyyat-planlaşdırma); 2-ci şöbə - heyət şöbəsi (zabitlərin siyahıları, təltif edilmələr); 3-cü şöbə-hərbi divan və məhkəmə; 4-cü şöbə - təminat şöbəsi - ərzaq və paltarla təminat; 5-ci şöbə - tibbi; 6-cı şöbə - baytarlıq; 7-ci şöbə - pulemyotların inspeksiyası; 8-ci şöbə - qərargahın rəhbərliyi.

 

İyun-iyul döyüşləri nəticəsində osmanlı hərbi hissələrinin quruluşunda dəyişikliklər baş verdi. Bu bir təfərdən osmanlı hissələrinin verdiyi itkilər və bu itkilərin azərbaycanlı döyüşçülərlə əvəzlənməsi, digər tərəfdən azərbaycanlı könüllülərin sayının artması nəticəsində yeni-yeni Azərbaycan hissələrinin yaradılması ilə bağlı oldu.

 

Könüllü dəstələr və çağırış işi

 

Azərbaycana gəldikdə Nuru paşa şahidi oldur ki, əhali vuruşmaq əzmindədir və könüllü dəstələr artıq mövcuddur. Bir çox yerlərdə əhali I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr təşkil etdilər. Nuxada Bədri və Sidqi əfəndilər, Zaqatalada Həqqi əfəndi və Ələddin əfəndi belə dəstələrin komandirləri idi. Lakin könüllüləri nizami hissələrə qarşı döyüşə göndərməkdən çəkinən Nuru paşa onları nizami osmanlı qoşunlarının gələcəyi yolları, ilk növbədə dəmir yolları və körpülərin qorunmasında istifadə etdi.

 

 

Qazax və Sadaxlıda könüllülərdən postlar yaradılmış və özlərini doğrultmuşdular. Dərhal "Gəncə, Qazax və Sadaxlı məntəqələrində cəm ediləcək milis ətrafı haqqında təlimat" adlı bir sənəd tərtib edildi və burada könüllü dəstələrin postlarının yaradılması və fəaliyyəti ilə bağlı məqamlar öz əksini tapdı. Təlimata əsasən Poyludan Gəncəyə qədər ərazidə dəmir yolu boyunca yerli əhalidən milis dəstələri yaradılmalı idi. Bu dəstələrin yaradılmasında Qafqaz İslam Õåóriyyə Cəmiyyəti köməklik göstərirdi.

 

Osmanlı hərbi hissələri Azərbaycana daxil olarkən əhaliyə müraciət qəbul edildi. Müraciətdə QİO-nun məqsədləri göstərilirdi: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək, Bakıda müsəlmanlar və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək, Bakı ilə bağlı "almanların ehtiraslarına mane olmaq", Qafqaz müsəlmanlarını təcavüzdən qurtarmaq. Bu müraciətin könüllülərin sayının artmasına çox təsiri oldu.

 

Qafqaz İslam Ordusu yaradılandan sonra könüllülərdən ibarət dəstələr iki məqsədlə istifadə edilirdi: 1.Arxa cəbhəni təşkil edən şəhərlərdə sabitliyin qorunması, yolların mühafizəsi; 2. Azərbaycan və Osmanlı hərbi hissələrinə ehtiyat qüvvə hazırlanması. Misal üçün, iyunun 22-də 389 nəfərlik Ağdaş konüllülər dəstəsi Osmanlı hərbi hissələrinin 9-cu, 10-cu və 13-cü alayları arasında bölüşdürüldü. 150 nəfərlik Göyçay milis dəstəsi Müsüslü dəstəsinin Azərbaycan bölmələrinə verildi.

 

 

Nəticədə həm Azərbaycan, həm də türk hissələrinin itkiləri məhz azərbaycanlı könüllülər hesabına doldurulurdu, çünki komplektləşdirilmə üçün Türkiyədən sıravi heyət göndərilmirdi. M.Süleymanov osmanlı sənədləri əsasında 5-ci Qafqaz firqəsində nə qədər yeni qüvvənin olmasını müəyyənləşdirdi. Belə ki, 30 iyun tarixində 8229 sıravisi olan firqə 1-15 iyul tarixlərində müxtəlif səbəblərdən (həlak olanlar, itkin düşənlər, yaralılar, xəstələr) 1200 nəfər itirmiş, həmin dövrdə firqəyə 1992 nəfər azərbaycanlı gəlmiş və iyulun 15-də firqənin sıravi heyətinin sayı 9021 nəfərə çatdı. Türkiyədən əlavə nizami qüvvələrin göndərilməsini istəyən Nuru paşa Ənvər paşanı buna sövq etmək üçün məktublarında döyüşçülərin çatışmadığını, könüllülərin əvvəlki kimi 1000 nəfər olmasını göstərirdi. QİO rəhbərliyi və Azərbaycan hökuməti səfərbərlik işini daim nəzarətdə saxlayırdı.

 

Belə ki, 1894-1899-cu illər təvəllüdlü müsəlman gənclər hərbi xidmətə çağırılırdı. İlk dəfə olaraq Yelizavetpolda Əxzi-Əsgər idarəsi yaradıldı və toplanma işinə vəsait ayrıldı. Hərbi xidmətə çağırılmırdılar: xəstələr, dəlilər, həbs olunanlar, nazirlər, nazir müavinləri, valilər, ziraət idarələri müdirləri, dövlət xəzinədarı, məhkəmə rəisləri prokurorlar, prokuror müaviləri, polislər, ruhanilər, 60 yaşına çatmiş və ya dul qalmış ananın tək oğlu, atadan, anadan yetim olub himayəsində kiçik qardaş - bacısı olanlar, baba və ya nənənin himayəsində olan tək nəvə, bir nåçə uşağı olanlar. Çağırışdan azad olanlara xüsusi sənəd verilirdi.233 Toplanma işi aşağıdakı mərhələlərlə həyata keçirilirdi. Yaradılmış Milli Müdafiə Cəmiyyətləri əhali arasında təbliğat aparır və orduya səfərbər olunmanın vacibliyini vurğulayırdılar. Eyni zamanda bildirilirdi ki, öz silahları olan gənclər bu silahlarla xidmətə gəlsələr daha yaxşı olardı. Daha sonra xidmət yaşı çatmış gənclər qəza mərkəzlərinə göndərilir və burada Əxzi-Əsgər komissiyasında həkimlər tərəfindən müayinə olunurdu. Yararlı bilinən gənc Əxzi-Əsgər idarəsi tərəfindən iaşə və təchizatla təmin edilir. Yerləşdirmə Komissiyası tərəfindən xüsusi ayrılmış binalarda müvəqqəti olaraq yerləşdirilirdi. Əsgər paltarı geyinən gənclərə Milli Müdafiə Cəmiyyətləri əhalidən topladıqları əlavə köynək, corab və s. verir və yola salırdılar.

 

Xüsusi Azərbaycan Korpusunun təşkili və strukturu

 

1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Xüsusi Azərbaycan Korpusu qoyuldu. Xüsusi Azərbaycan Korpusunda (komandan Əlağa Şıxlinski) əvvəlki Müsəlman Korpusuna daxil olan hissələr yenidən düzənlənərək qərargah və iki Azərbaycan diviziyası yaradıldı.

 

Dəyişiklik zamanı azərbaycan hissələrinin komandirləri türk zabitlərindən təyin edildi. 1-ci Azərbaycan diviziyası (komandir miralay Cəmil Cahilbəy, Ərkani-Hərb rəisi minbaşı Tahir bəy) üç piyada alayı (1-ci, 2-ci və 3-cü) və bir Sərhəd alayından ibarət oldu. 1-ci piyada alayına Qaimməqam Məhyyəddin bəy, 2-ci piyada alayına əvvəlcə İsmayıl Həqqi bəy, sonra Əhməd Həmdi bəy, 3-cü piyada alayına qaim-məqam Xalis bəy rəhbərlik edirdilər. Sərhəd alayının komandiri İsmayıl Həqqi bəy təyin edilmişdi. 2-ci Azərbaycan diviziyası (komandir qaimməqam Nazim bəy, Ərkani - Hərb rəisi minbaşı Cəmil bəy) üç piyada (4-cü, 5-ci və 6-cı) alayından ibarət olmuşdur. 4-ci piyada alayına Həlim Pərtöv bəy, 5-ci piyada alayına Yusif Ziyabəy, 6-cı piyada alayına miralay Dəmirəli bəy rəhbərlik edirdilər.

 

 

Döyüşlərdə rus topları ilə silahlanmış Azərbaycan topçu taqımlarının və Azərbaycan süvari hissələrinin fəallıqla iştirak etməsi dəfələrlə göstərilir (əsasən Tatar və Ləzgi alayları), lakin onların hansı diviziyanın tərkibində olmasını söyləmək çətindir. Ştata əsasən üç piyada tabordan ibarət olan Azərbaycan piyada alayında 61 zabit, 2700 əsgər, 48 minik və 236 yük heyvanı, üç bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.

Əli ağa Şıxlinskinin 27 iyun tarixli 189 saylı əmri göstərir ki, Korpusun tərkibində 115 saylı sanitar qatarı, Yelizavetpol stansiyasındakı 200 nəfərlik lazaret mövcud olmuş, həmçinin döyüşlərdə bir Azərbaycan zirehli qatarı da iştirak edib.

 

Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən gənclər doğulduqları yerdən asılı olmayaraq hərbi hissələr arasında bölüşdürülürdülər: Gəncədən çağırılmış əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə çiyin-çiyinə vuruşurdu. Toplanmış könüllülərin Azərbaycan hissələrinə bölüşdürülməsi isə ərazi prinsipi əsasında aparılırdı: Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, Şuşa və Qarabağ qəzasından - 2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1-ci və 2-ci süvari bölüklərinə, Cavanşir qəzasından - 4-cü piyada alayının 3-cü taborunun formalaşdırılmasına göndərilirdi.

 

Toplanma işi sürətlə gedirdi: misal üçün, iyulun 2-dən 29-dək Ağdamda 462 nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028 nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində 472 piyada və 245 süvari, Tərtər dəstəsində 245 süvari var idi. Təkcə Cəbrayılda könüllülər yığmaq olmurdu. Raportlarda bunun səbəbi belə açıqlanırdı: "hər bir kənd digəri ilə ədavətdədir və qan davası aparır".

 

 

Ənvər paşa Əlimərdan bəy Topçubaşovla görüşündə könüllülərin toplanmasından xəbəri olmasını göstərir: "Mənə məlumdur ki, çağırışda böyük çətinlik olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlmanları əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər. Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".

 

Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilir. Erməni təhlükəsi olan kəndlərdə Akıncı dəstələri təşkil edilməli idi: 150 nəfərlik bölüklərə bölünmüş dəstəyə nüfuzlu şəxs rəhbərlik edir, döyüşçülər öz evlərində yaşasalar da mütəmadi təlim keçir və siqnal olan döyüşə çağırılırdılar. Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub, lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb edilirdi.

 

Avqustda qoşunların strukturunda növbəti dəyişikliklər aparıldı. Ətrafında olan bəzi ilhaqçılar sonradan Azərbaycanın Türkiyəyə qatılacağını bildirərək Azərbaycan milli hissələrinin yaradılmasının zərərli olmasını gənc və siyasi cəhətdən təcrübəsiz olan Nuru paşaya təlqin etmək istəyirdilər. Digər tərəfdən Azərbaycan Korpusunda zabit heyəti sıralarında rusların çox olması, bütün hərbi yazışmanın və sənədləşmənin hətta azərbaycanlı zabitlər tərəfindən də rus dilində aparılması (azərbaycanlı zabitlər rus ordusu sıralarında xidmət etmiş və bu dildə hərbi təhsil almışdılar) Nuru paşanın narazılığına səbəb olan məqamlar idi.

 

Nəticədə 1918-ci il avqustun 2-də Nuru paşa Qafqaz İslam Ordusu tərkibində Azərbaycan hissələrinin yaradılması barəsində əmr verdi. Əmrə əsasən iki diviziyadan (firqə) ibarət korpus yaradılmalı idi və korpus Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3-cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot bölüyü, depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.

 

1918-ci il avqustun 13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun 20- də Nuru paşanın əmri ilə 124 azərbaycanlı zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin saxlanılmasına yönəlmişdi. Qərargahlar ləğv ediləndən sonra etibarlığı şübhə doğuran qeyri- müsəlman zabitlər uzaqlaşdırılmış, azərbaycanlı zabitlər isə Azərbaycan və Osmanlı hərbi hissələrinə təyinat almışdılar.

 

 

İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə zirehli qatara komandanlıq edirdim".

 

Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunun quruluşu

 

Müasir tarixşünaslıqda Qafqaz İslam Ordusunun quruluşu və say tərkibi göstərilərkən Bakıya hücum zamanı mövcud olan maksimum sayda hərbi hissələr göstərilir və döyüşlərin elə birinci günündən bütün bu hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun-avqust döyüşlərində Osmanlı qoşunlarından yalnız 5-ci Qafqaz piyada firqəsi iştirak edib, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir və elə hissə-hissə də döyüşə qatılırdılar.

 

Sovet tarixşünaslığı Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum zamanı isə əlavə olaraq üç diviziyanın iştirak etməsini göstərirdi. Halbuki tarixi sənədlər sübut edir ki, Azərbaycanda cəmi iki Osmanlı piyada diviziyası (firqəsi) olub, onlardan 5-ci Qafqaz piyada firqəsi ilk günlərdən vuruşub, 15-ci piyada firqə isə yalnız sentyabrın 9-10-da Bakı ətrafına gəlib və təkcə Bakı uğrunda döyüşdə iştirak edib.

 

Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı piyada firqələri iştirak ediblər, lakin onun 36-cı diviziya ilə bağlı mənbə göstərməməsi bu məlumatı şübhə altına alır.

 

Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir. Misal üçün, "Ãðàæäàíñêàÿ âîéíà è âîåííàÿ èíòåðâåíöèÿ â ÑÑÑÐ" enklopediyasında Bakıya hücum ərəfəsində türklərin 2 piyada diviziyası, iyulun sonlarında daha iki diviziyası, və nəhayət, avqustun əvvəllərində daha üç diviziyanın gəlməsi və beləliklə Bakıya hücumda 7 (!) türk diviziyasının iştirakı bildirilir.

 

 

5-ci Qafqaz piyada firqəsi ilə eyni quruluşa malik 15-ci piyada firqə döyüşlərin Bakı ətrafında getdiyi vaxt QİO-nun tərkibinə qatılmışdı. Firqənin komandiri miralay Süleyman İzzət bəy, Ərkani-Hərb rəisi minbaşı İhsan bəy idi. Azərbaycan sərhəddini keçəndə firqənin tərkibində olan 38-ci piyada alayına miralay Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy rəhbərlik edirdilər. Bununla belə, toplanmış döyüş təcrübəsi, yeni gəlmiş hərbi hissələr arasında döyüşlərdə iştirak etmiş hərbi hissələr yerləşdirmək istəyi, çoxsaylı azərbaycanlı könüllülərdən maksimum yararlanmaq zərurəti 15-ci piyada firqəsinin tərkibində dəyişikliyə səbəb oldu.

 

1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi, 15- ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib). 5-ci Qafqaz piyada firqəsi (komandan mirliva Mürsəl paşa, qərargah rəisi Rüştü bəy), 4 piyada alayı (onlardan üçü əvvəllər 5-ci firqənin tərkibində olanlar idi, biri isə 106-cı Qafqaz piyada alayından götürülüb), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyada və süvari alayların strukturunda dəyişklik baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları aid idi. 15-ci piyada firqəsi (komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və 107-ci piyada alayları), Zehni bəy müfrəzəsi, Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi), 15-ci topçu alayından və əlavə hissələrdən ibarət olub. Firqə Rumıniyada yerləşərək Konstansadan dəniz yolu ilə Batuma, sonra Gümrüyə gətirilmişdi.

 

Piyada alayların quruluşu 5-ci firqənin alayları ilə eyni idi (üç piyada taboru). Zehni bəy müfrəzəsi bir Osmanlı süvari alayı (iki bölükdən ibarət mürəttəb 2-ci süvari alayı), iki Azərbaycan süvari alayı (üç bölükdən ibarət Tatar süvari alayı və üç bölükdən ibarət Ləzgi süvari alayı) və heyətləri azərbaycanlılardan olan iki dağ topundan ibarət olmuşdur. Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi) üç alay şəklində toplanmış azərbaycanlı könüllülərdən düzənlənmişdi. 15-ci topçu alayı iki Dağ topçu batareyası, bir səhra topçu taqımından (cəmi 12 top) ibarət olub. Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, səyyar xəstəxana, orkestr, iaşə taqımı, iki ərzaq qolu aid idi. Cənub qrupu (Azərbaycan diviziyası komandan Cəmil Cahit bəy) iki tabordan ibarət olan 4-cü piyada alayı, üç süvari könüllülər alayı, bir səhra və bir dağ topu alaylarından ibarət olub. 106-cı Qafqaz piyada alayı digər hərbi hissələrə birləşdirildiyindən tərkibində bir piyada taboru qalmışdı. QİO bu tərkibdə Bakı uğrunda son döyüşə başlayıb.

 

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

 

Yusif Ağayev

Səbuhi Əhmədov

Hərbi And.- 2018.- 23 noyabr.- S.5.