Bakı döyüşünün bir addımlığında – Qafqaz İslam Ordusu

 

Xüsusi Azərbaycan Korpusunun təşkili və strukturu

 

1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Xüsusi Azərbaycan Korpusu qoyuldu. Xüsusi Azərbaycan Korpusunda (komandan Əlağa Şıxlinski) əvvəlki Müsəlman Korpusuna daxil olan hissələr yenidən düzənlənərək qərargah və iki Azərbaycan diviziyası yaradıldı.

 

Dəyişiklik zamanı azərbaycan hissələrinin komandirləri türk zabitlərindən təyin edildi. 1-ci Azərbaycan diviziyası (komandir miralay Cəmil Cahilbəy, Ərkani-Hərb rəisi minbaşı Tahir bəy) üç piyada alayı (1-ci, 2-ci və 3-cü) və bir Sərhəd alayından ibarət oldu. 1-ci piyada alayına Qaimməqam Məhyyəddin bəy, 2-ci piyada alayına əvvəlcə İsmayıl Həqqi bəy, sonra Əhməd Həmdi bəy, 3-cü piyada alayına qaim-məqam Xalis bəy rəhbərlik edirdilər. Sərhəd alayının komandiri İsmayıl Həqqi bəy təyin edilmişdi. 2-ci Azərbaycan diviziyası (komandir qaimməqam Nazim bəy, Ərkani - Hərb rəisi minbaşı Cəmil bəy) üç piyada (4-cü, 5-ci və 6-cı) alayından ibarət olmuşdur. 4-ci piyada alayına Həlim Pərtöv bəy, 5-ci piyada alayına Yusif Ziyabəy, 6-cı piyada alayına miralay Dəmirəli bəy rəhbərlik edirdilər.

 

 

Döyüşlərdə rus topları ilə silahlanmış Azərbaycan topçu taqımlarının və Azərbaycan süvari hissələrinin fəallıqla iştirak etməsi dəfələrlə göstərilir (əsasən Tatar və Ləzgi alayları), lakin onların hansı diviziyanın tərkibində olmasını söyləmək çətindir. Ştata əsasən üç piyada tabordan ibarət olan Azərbaycan piyada alayında 61 zabit, 2700 əsgər, 48 minik və 236 yük heyvanı, üç bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.

Əli ağa Şıxlinskinin 27 iyun tarixli 189 saylı əmri göstərir ki, Korpusun tərkibində 115 saylı sanitar qatarı, Yelizavetpol stansiyasındakı 200 nəfərlik lazaret mövcud olmuş, həmçinin döyüşlərdə bir Azərbaycan zirehli qatarı da iştirak edib.

 

Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən gənclər doğulduqları yerdən asılı olmayaraq hərbi hissələr arasında bölüşdürülürdülər: Gəncədən çağırılmış əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə çiyin-çiyinə vuruşurdu. Toplanmış könüllülərin Azərbaycan hissələrinə bölüşdürülməsi isə ərazi prinsipi əsasında aparılırdı: Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, ŞuşaQarabağ qəzasından - 2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1-ci və 2-ci süvari bölüklərinə, Cavanşir qəzasından - 4-cü piyada alayının 3-cü taborunun formalaşdırılmasına göndərilirdi.

 

Toplanma işi sürətlə gedirdi: misal üçün, iyulun 2-dən 29-dək Ağdamda 462 nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028 nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində 472 piyada və 245 süvari, Tərtər dəstəsində 245 süvari var idi. Təkcə Cəbrayılda könüllülər yığmaq olmurdu. Raportlarda bunun səbəbi belə açıqlanırdı: "hər bir kənd digəri ilə ədavətdədir və qan davası aparır".

 

 

Ənvər paşa Əlimərdan bəy Topçubaşovla görüşündə könüllülərin toplanmasından xəbəri olmasını göstərir: "Mənə məlumdur ki, çağırışda böyük çətinlik olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlmanları əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər. Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".

 

Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilir. Erməni təhlükəsi olan kəndlərdə Akıncı dəstələri təşkil edilməli idi: 150 nəfərlik bölüklərə bölünmüş dəstəyə nüfuzlu şəxs rəhbərlik edir, döyüşçülər öz evlərində yaşasalar da mütəmadi təlim keçir və siqnal olan döyüşə çağırılırdılar. Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub, lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb edilirdi.

 

Avqustda qoşunların strukturunda növbəti dəyişikliklər aparıldı. Ətrafında olan bəzi ilhaqçılar sonradan Azərbaycanın Türkiyəyə qatılacağını bildirərək Azərbaycan milli hissələrinin yaradılmasının zərərli olmasını gənc və siyasi cəhətdən təcrübəsiz olan Nuru paşaya təlqin etmək istəyirdilər. Digər tərəfdən Azərbaycan Korpusunda zabit heyəti sıralarında rusların çox olması, bütün hərbi yazışmanın və sənədləşmənin hətta azərbaycanlı zabitlər tərəfindən də rus dilində aparılması (azərbaycanlı zabitlər rus ordusu sıralarında xidmət etmiş bu dildə hərbi təhsil almışdılar) Nuru paşanın narazılığına səbəb olan məqamlar idi.

 

Nəticədə 1918-ci il avqustun 2-də Nuru paşa Qafqaz İslam Ordusu tərkibində Azərbaycan hissələrinin yaradılması barəsində əmr verdi. Əmrə əsasən iki diviziyadan (firqə) ibarət korpus yaradılmalı idikorpus Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3-cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot bölüyü, depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.

 

1918-ci il avqustun 13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun 20- də Nuru paşanın əmri ilə 124 azərbaycanlı zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin saxlanılmasına yönəlmişdi. Qərargahlar ləğv ediləndən sonra etibarlığı şübhə doğuran qeyri- müsəlman zabitlər uzaqlaşdırılmış, azərbaycanlı zabitlər isə Azərbaycan və Osmanlı hərbi hissələrinə təyinat almışdılar.

 

 

İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə zirehli qatara komandanlıq edirdim".

 

Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunun quruluşu

 

Müasir tarixşünaslıqda Qafqaz İslam Ordusunun quruluşusay tərkibi göstərilərkən Bakıya hücum zamanı mövcud olan maksimum sayda hərbi hissələr göstərilir və döyüşlərin elə birinci günündən bütün bu hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun-avqust döyüşlərində Osmanlı qoşunlarından yalnız 5-ci Qafqaz piyada firqəsi iştirak edib, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir və elə hissə-hissə də döyüşə qatılırdılar.

 

Sovet tarixşünaslığı Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum zamanı isə əlavə olaraq üç diviziyanın iştirak etməsini göstərirdi. Halbuki tarixi sənədlər sübut edir ki, Azərbaycanda cəmi iki Osmanlı piyada diviziyası (firqəsi) olub, onlardan 5-ci Qafqaz piyada firqəsi ilk günlərdən vuruşub, 15-ci piyada firqə isə yalnız sentyabrın 9-10-da Bakı ətrafına gəlib və təkcə Bakı uğrunda döyüşdə iştirak edib.

 

Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı piyada firqələri iştirak ediblər, lakin onun 36-cı diviziya ilə bağlı mənbə göstərməməsi bu məlumatı şübhə altına alır.

 

Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir. Misal üçün, "Гражданская война и военная интервенция в СССР" enklopediyasında Bakıya hücum ərəfəsində türklərin 2 piyada diviziyası, iyulun sonlarında daha iki diviziyası, və nəhayət, avqustun əvvəllərində daha üç diviziyanın gəlməsi və beləliklə Bakıya hücumda 7 (!) türk diviziyasının iştirakı bildirilir.

 

 

5-ci Qafqaz piyada firqəsi ilə eyni quruluşa malik 15-ci piyada firqə döyüşlərin Bakı ətrafında getdiyi vaxt QİO-nun tərkibinə qatılmışdı. Firqənin komandiri miralay Süleyman İzzət bəy, Ərkani-Hərb rəisi minbaşı İhsan bəy idi. Azərbaycan sərhəddini keçəndə firqənin tərkibində olan 38-ci piyada alayına miralay Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy rəhbərlik edirdilər. Bununla belə, toplanmış döyüş təcrübəsi, yeni gəlmiş hərbi hissələr arasında döyüşlərdə iştirak etmiş hərbi hissələr yerləşdirmək istəyi, çoxsaylı azərbaycanlı könüllülərdən maksimum yararlanmaq zərurəti 15-ci piyada firqəsinin tərkibində dəyişikliyə səbəb oldu.

 

1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi, 15- ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib). 5-ci Qafqaz piyada firqəsi (komandan mirliva Mürsəl paşa, qərargah rəisi Rüştü bəy), 4 piyada alayı (onlardan üçü əvvəllər 5-ci firqənin tərkibində olanlar idi, biri isə 106-cı Qafqaz piyada alayından götürülüb), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyadasüvari alayların strukturunda dəyişklik baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları aid idi. 15-ci piyada firqəsi (komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və 107-ci piyada alayları), Zehni bəy müfrəzəsi, Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi), 15-ci topçu alayından və əlavə hissələrdən ibarət olub. Firqə Rumıniyada yerləşərək Konstansadan dəniz yolu ilə Batuma, sonra Gümrüyə gətirilmişdi.

 

Piyada alayların quruluşu 5-ci firqənin alayları ilə eyni idi (üç piyada taboru). Zehni bəy müfrəzəsi bir Osmanlı süvari alayı (iki bölükdən ibarət mürəttəb 2-ci süvari alayı), iki Azərbaycan süvari alayı (üç bölükdən ibarət Tatar süvari alayı və üç bölükdən ibarət Ləzgi süvari alayı) və heyətləri azərbaycanlılardan olan iki dağ topundan ibarət olmuşdur. Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi) üç alay şəklində toplanmış azərbaycanlı könüllülərdən düzənlənmişdi. 15-ci topçu alayı iki Dağ topçu batareyası, bir səhra topçu taqımından (cəmi 12 top) ibarət olub. Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, səyyar xəstəxana, orkestr, iaşə taqımı, iki ərzaq qolu aid idi. Cənub qrupu (Azərbaycan diviziyası komandan Cəmil Cahit bəy) iki tabordan ibarət olan 4-cü piyada alayı, üç süvari könüllülər alayı, bir səhra və bir dağ topu alaylarından ibarət olub. 106-cı Qafqaz piyada alayı digər hərbi hissələrə birləşdirildiyindən tərkibində bir piyada taboru qalmışdı. QİO bu tərkibdə Bakı uğrunda son döyüşə başlayıb.

 

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

 

Yusif Ağayev

Səbuhi Əhmədov

Ordu.az

 

Hərbi And.- 2018.- 30 noyabr.- S.7.