Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa

 

 

 

Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı,  vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir

 

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdurÜmummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

 

...Çar Rusiyası dövründə də  bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri  Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Cəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh etmişdir. “Şərqin konservatoriyası” adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi incəsənət xadimlərinin vətəni olmuşdur. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilmişdir. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib.

 

1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində  Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan , tarixi abidələr məhv edildi.

 

Bu gün dəfələrlə səslənən “Şuşa xəyanətin qurbanı oldu” sözləri təsadüfən deyilməyib. Yerli əhalinin dediklərindən aydın olur ki, mayın əvvəllərində şəhər sakinlərinin əhval-rühiyyəsi də yaxşı olub. Belə ki Şuşanı tərk etmək barədə fikir belə yox idi.

 

Əsas problem silah çatışmazlığından ibarət idi. Yəni qeyri - bərabər döyüşdə könüllü batalyonlar şəhəri mətanətlə qoruyurdular. O günlərdə bütün Azərbaycan xalqı Şuşanın taleyi üçün narahatlıq keçirirdi. Hamı Şuşanın müdafiəsinə qalxmışdı. Belə ki, bəzi təxribat xarakterli “torpaqları qoyub qaçdılar, döyüşmədilər” sözlərin heç bir əsası yox idi. Ermənilərin, havadarları rus ordusunun  artilleriyasının hucumlarının qarşısını alan könüllülər, yerli əhali düşmənə qarşı mərdliklə vuruşurdu.

 

O zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin səhvləri üzündən pərakəndə aparılan döyüşlər, yaranan hərc- mərclik Şuşanın müdafiəsini çətinləşdirirdi. Ermənilərin özləri etiraf edirlər ki, Şuşanın işğalında 100-ə qədər zirehli maşın tank, 11min canlı qüvvə ilə birlikdə xarici dövlətlərdən gətirilmş müzdlularıdan, havadarlarının yardımından istifadə olunmuşdur.

 

Şuşanın işğalı ilə bağlı şahidlər bildirirdilər ki, hələ mayın 3-4-də ağır texnika artilleriya, canlı qüvvə bilərəkdən Şuşadan çıxarıldı. İşğal olunan Kərkicahan istiqamətindən Şuşa ətrafındakı Hacı talası Daşaşıran adlanan ərazilərdən ermənilərin güclü həmləsi başlandı. Şuşa dörd tərəfdən “qrad”, “ kristal” tipli raketlər, top, tank, zirehli texnikalarla güclü atəşə tutuldu. Azsaylı könüllülərdən ibarət dəstələrin qoruduğu şəhər faktiki olaraq müdafiəsiz qaldı. Bütün çətinliklərə baxmayaraq Şuşanın Azərbaycan üçün strateji əhəmiyyətini nəzərə alan döyüşçülər əsil qəhrəmanlıq göstərərək alınmaz qala Şuşanı qorumağa çalışırdılar. Amma vəziyyət getdikcə ağırlaşırdı. Arxa cəbhə ilə əlaqələr çətinləşirdi. Şəhərdə kommunal sistemlər, işıq, qazla təchizat iflic vəziyyətində idi. Xocalı hadisəsindən sonra camaat hökumətə inanmırdı. Məcburən qadınların, uşaqların, yaralıların şəhərdən çıxarılmasına başlanıldı. Beləcə əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə, gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir oldu. Yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi ermənilərin əlinə keçdi. Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır.

 

Alınmaz qala olan Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səslənsə bir məsələ aydındır ki, bu qədim şəhər xəyanətin qurbanı oldu.

 

Geniş auditoriya qarşısında çox əminliklə “Şuşa işğal olunsa tapança ilə özümü vuraram” deyən, o dövrdə  layiq olmasa belə Azərbaycanın müdafiə naziri vəzifəsini icra edən şəxs zabit mətanətinə xilaf çıxaraq verdiyi vədini yerinə yetirməyə cəsarəti çatmadı. Şəhərin işğalı nəticəsində mədəni- maarif, kənd təsərrüfatı texnikumları da daxil olmaqla 22 təhsil müəssisəsi, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı.

 

Artıq 25 ildir ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün böynu bükükdür. Susa şuşalılarsız qalıb. Cıdır düzü namərdlərin tapdağı altındadır. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qaydacağı günü gözləyir.

 

Aprel döyüşləri, qüdrətlənən ordusunun şücaəti göstərir ki, Lələtəpədə düşmən gözünə ox olan bayrağımızın Şuşada da dalğalanacağı gün gələcək.    Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın işğal altında qalan torpaqlarını yolla olursa olsun azad etmək imkanları böyükdür.

 

“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq” söyləməklə

 

Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz olduğunu diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi torpaqlarımız hansı yolla olursa olsun işğaldan azad ediləcək.

 

...O gün gələcək. Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı- qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bu, əlli milyonluq bütün dünya azərbaycanlılarının arzusudur.

 

 

 

Xuraman İsmayılqızı

 

Hərbi And.- 2020.- 15 may.- S.6.