Qurbanı qəbul olan oğul

Hər ocaqda oğul övladı dünyaya gələndə "Vətənə layiq övlad olsun" deyirlər. Valideynlər oğullarının vətənə layiq olması üçün çalışırlar. Oğul ata-anaları övladlarını çox sevsələr , hər şeydən daha üstün bildikləri vətəni, torpağı oğullarına bir sərdabə bilirlər. Vətən qeyrətdi, namusdu. Torpağı işğalda olmaq hər kəsin alnının ləkəsi deməkdi. Dünyaya göz açan hər oğul o ləkəni təmizləmək iqtidarında olmalıdı. Azərbaycan oğlu elə yetişməlidir ki, ayağının səsindən düşmən lərzəyə gəlsin. Elə vətənə layiq o oğullar qəlblərdə qələbə məşəlini yandırdılar.

 

"Ana, məndən sənə oğul olmaz, mən vətənin oğluyam". Bu sözləri Ayxan anasına 8 Mart günü demişdi. Bir ananın oğlundan duya biləcəyi ən qürurlu eyni zamanda qəlb sızladan sözlər idi bu sözlər. Bir neçə ay sonra Ayxan vətənin oğlu oldu. Zülmətləri yaran Ay kimi Ayxan da illərdi zülmətə qərq olan torpaqlarda bir anda bərq vurdu.

 

Məmmədov Ayxan Rəfail oğlu da Naxçıvanın yetirdiyi qəhrəman oğullardandı. 1998-ci il sentyabrın 14-də Şərur rayonunun Xanlıqlar kəndində dünyaya gəlmişdi. Doğulduğu gün özü ilə bərabərində böyük xoşbəxtlik gətirmişdi. Hər kəs bu xoşbəxtlikdən öz nəsibini götürmüşdü. Şəlalə ana oğlunu laylalarla oxşayardı. O hər layla dedikdə qəribə bir duyğuya qapılardı. Rəfail kişinin isə tək bir arzusu var idi. Ayxan vətənə layiq övlad olsun. Oldu, həm o qədər layiqli bir oğul oldu ki, bütün nəsil Azərbaycan xalqı onunla qürur duydu.

 

Ayxan 2004-cü ildə Şərur rayon Xanlıqlar kəndi Zülfüqar Hüseynov adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. Orada da 4 il təhsil aldıqdan sonra 2020-ci ildə leytenant hərbi rütbəsinə layiq görülüb. İyunun 20-də təyinatla Beyləqana göndərilib. 10 gün sonra kəşfiyyat kurslarına qatılıb 20 günlük kursu müvəffəqiyyətlə başa vurub. Daha sonra Cəlilabada göndərilib. Elə 44 günlük Vətən müharibəsinə Cəlilabadan yollanıb. Sonuncu dəfə 23 fevral 2020-ci ildə evlərindən, sevdiklərindən ayrılan Ayxan 9 ay həsrət qaldıqlarına sarılmadan döyüşə yollanıb. Hər kəs Ayxanın həsrətini çəkirdi. Ancaq bir nəfər vardı ki, Ayxanın hər anının ağrı-acısını hiss edirdi. Çünki Ayxanı ürəyinə bükmüşdü. Soyuq gecələrdə od-alov saçan atəşin içində Ayxanı xəyallarında sevdası ilə isidirdi Sevda. Arzularının hər biri Ayxana uzanıb çatırdı. Barmağındakı nişan üzüyü Ayxanın nişanəsi idi. O qədər sevirdi ki, Allah yuxuda Ayxanın şəhid olacağını ayan etmişdi Sevdaya.

 

Oktyabrın 18-də Ayxan ailəsinə zəng edib. Hər kəslə danışıb. Atasına "Ata, mənə qurban kəs" deyib. Ancaq qurbanı hansı səbəbə dediyini deməyib. Səhəri tezdən atası oğlunun adına qurban kəsib. Qurbanı kəsilən Ayxan bir daha zəng etməyib ki, qurbanının kəsildiyini atası ona desin. Bəlkə illər sonra vətən torpağı azad olunduğu üçün qurban kəsilsin istədi. Bəlkə şəhadət yoluna qədəm qoyduğu üçün... Zəng etdiyi gündən cəmi 3 gün sonra - oktyabrın 21-i Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olsa da, Ayxanın şəhid olduğu xəbəri oktyabrın 23-də yayılır. Heç kimin çəsarəti çatmır bu xəbəri şəhidin ailəsinə desin. Min bəhanə ilə qohum-qonşu şəhidin evinə axnaşır. Bu gəl-getlər artıq ailəyə acı gerçəkdən xəbər verirdi. Ancaq onlar Ayxanın yoxluğu barəsində düşünmürdülər. Oktyabrın 24-ü Naxçıvanın səmasında bir təyyarə göründü. O təyyarə ruhu göyə ucalan 12-i qəhrəmanın cismini ana torpağına gətirdi. Bir-bir endirilən şəhidlər cərgə ilə düzüldü. Hər bir tabut bir məğrurluq nümunəsi idi. Hər biri zəfərin müjdəçisi idi. Naxçıvan camaatı artıq neçənci dəfə idi cərgə ilə düzülən qəhrəman şəhidlərin tabutlarının başında pərvanə olurdu. Hərəsi son dəfə öz ata ocağına aparılan şəhidlərdən biri olan Ayxan da ata ocağına gətirildi. Elə həmin gün doğulub boya-başa çatdığı Şərur rayon Xanlıqlar kənd qəbirsanlığında torpağa tapşırıldı. Ayxanın özü ilə bərabər sevgisi arzuları da dəfn olundu. Gedişi ilə Ayxansızlıq adında dərin sağalmaz yara vuruldu ürəklərə.

 

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə leytenant Məmmədov Ayxan Rəfail oğlu şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

ŞƏHİD AYXAN

 

Sən özün qurban oldun,

 

Vətənimə, elimə.

 

Bəs "Mənə qurban kəsin",

 

Neyçün gəldi dilinə?

 

 

Yoluna qurban dedin,

 

Yoxsa ki, torpaqlara?

 

Sən ucalıb bənzədin,

 

Azad olan dağlara.

 

 

Dağlar kimi vüqarlı,

 

Vətən tək əziz şəhid.

 

Adını büküb qəlbdə,

 

Saxlayırıq biz igid.

 

 

Ay kimi işıq saçdın,

 

Sən vətənimə Ayxan.

 

Əsil vətən oğlu tək,

 

Vətənimə verdin can.

 

Manya SƏXAVƏTQIZI

 

Hərbi And.- 2021.- 9 aprel.- S.17.