Sarıxanlının qəhrəman oğulları...

 

 

 

Vətənə kim sahib çıxar? Əlbəttə ki, Vətənin əsl vətəndaşları. O vətəndaşlar ki, həm Vətənə daş olmağı, həm də gözdə yaş olmağı gözə alırlar. Hələ 1990-cı illərdə vətən dara düşən zamanlarda, ermənilərin Vətənə tamah saldığı vaxtlarda Azərbaycanın hər bölgəsi kimi İmişli rayonun da hər kəndindən qəhrəman oğullar öz canlarını Vətənə sipər etdilər.

 

O dövrdə "Sarıxanlı Qartalları" adlı dəstə düşmənin qorxulu röyasına çevrilmişdi. Həmin o dəstənin üzvlərinin bəziləri getdikləri kimi geri dönsələr də, bəziləri şəhid kimi döndülər. Bəzilərinin isə nə özü, nə də nəşi dönmədi. O qəhrəmanların döyüş yollarını bir məqaləyə sığdırmaq mümkün deyil. Mən bu məqalədə həmin qəhrəmanların döyüş yolunu örnək alan, ll Qarabağ döyüşlərində şəhid olan 3 qəhrəmanın həyat və döyüş yolundan bəhs edəcəm.

 

II Qarabağ döyüşlərində Sarıxanlı kəndinin ilk şəhidi Musayev Alik Rafiq oğlu olmuşdu. Alik 1987-ci ildə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuşdu. Ailənin ikinci övladı və tək oğul payı olan Alik 1994-cü ildə İmişli rayon Sarıxanlı kənd Vətən Novruzov adına 1N-li tam orta məktəbdə təhsil almağa başlamışdı. 2005-ci ildə məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdı. Bakı şəhərində Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmişdi. 2007-ci ildə xidmətini başa vurmuşdu. Bir neçə il ordu sıralarından uzaq qalsa da 2011-ci ildə MAHHXHQ kimi ordu sıralarına qoşulmuşdu. 2012-ci ildə almanlarla təlim keçmişdi. Bir neçə il sonra 2016-cı ildə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin həmlə bölməsində xidmət etmişdi. 2017-ci ildə 3 aylıq kurs keçmiş və kursu baş çavuş hərbi rütbəsi alaraq tamamlamışdı. 2019-cu ilin dekabrından öz istəyi ilə Füzulidə ön cəbhədə xidmət etmişdi. Elə vətən müharibəsi başladığı zaman da vətəni ilk müdafiə edən oğullardan biri kimi önə atılmışdı. Bir çox ərazilərin azad olunmasında böyük rolu olan qəhrəman oktyabrın 28-də dəstəsi ilə birlikdə Hadrut istiqamətində mühasirəyə düşmüşdü. Alikin səyləri nəticəsində həmin dəstə nühasirədən xilas olmağı bacarmışdı. Ancaq qəhrəmanın döyüş yolu oktyabrın 1-də tamamlanmışdı. Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralı döyüş yoldaşını döyüşlərin getdiyi ərazidən uzaqlaşdırmağa çalışan Alik yanına düşən minamyotun partlaması nəticəsində aldığı qəlpə yarasından şəhadətə ucalmışdı. Şəhidin nəşi oktyabrın 2-də doğulduğu Sarıxanlı kəndində ata ocağına gətirilmiş elə həmin gün Sarıxanlı kənd məzarlığında torpağa tapşırılmışdı.

 

Sevinc xanımla ailəli olan şəhidin vətənə əmanət Balabəy və Güllər adlı 2 övladı qalıb.

 

Vətən qəhrəmanı Musayev Alik Rafiq oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Müharibə həm zəfər sədası, həm də şəhid sədası gətirirdi. Sarıxanlı kəndi oktyabrın 18 - də ikinci şəhidi Vüsalı bağrına basdı. Bu elin, bu obanın sağalmayan şəhid dərdi təzələndi. Vətənə sevdalı olan vətən oğlunun qısa ömür yolu hər kəsin qəlbində kədərdən bir iz saldı.

 

Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr 1996-cı ildə İmişli rayonu Sarıxanlı kəndində ailənin ilk övladı olaraq ailəsinə övlad sevinci bəxş etmişdi. Böyüdükcə özündən kiçik bacı və qardaşına dayaq olmuşdu. Elə körpəlikdən vətən sevgisi aşkar olan Vüsal 7 yaşı olan zaman ailəsi ilə birlikdə qürbətə köçmüçdü. Rusiyanın Tumen şəhərində yaşamağa başlayan Vüsal elə həmin şəhərdə də təhsil almağa başlamışdı. Daha sonra vətənə dönmüş və V sinifdən Bakı şəhər Xətai rayon 138 N-li tam orta məktəbdə təhsilini davam etdirmişdi. Mehriban, səmimi davranışları ilə düşdüyü mühitdə tez sevilməyi bacaran gənc hər kəsin rəğbətini qazanmağı bacarmışdı. Məktəblə yanaşı həm də idmanın cüdo növü ilə məşğul olan Vüsal idman sahəsində də nailiyyətlər əldə etmişdi. Eyni zamanda kompyuter kurslarını da diplomla tamamlamışdı.

 

Vüsal həm şəkil çəkməyi, həm də şəkil çəkdirməyi çox sevirmiş. Demək olar ki, hər anını şəkillərlə ölümsüzləşdirirmiş. Sanki ondan qalanların təkcə şəkillər olduğundan xəbərdar imiş. Hər şəkilindən bir xatirə boylanan Vüsal məktəbə vida dediyi 2014-cü ili də əbədiləşdirmişdi. Məktəbi bitirdikdən sonra həmin ilin oktyabrında həqiqi hərbi xidmətə gedən Vüsal Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdi. Hər dəfə düşmən atəşkəsi pozan zaman düşmənin layiqli cavabını verən qəhrəmanın düşmənə nifrəti sonsuz idi. Vətən qeyrətini çəkən bir oğul üçün işğal qəbul edilməz idi. Vüsalın yaxınları bilirdilər ki, bir gün müharibə başlayarsa Vüsal mübariz əsgərlər sırasında olacaq. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı canını vətənə sipər edən qəhrəman Vətən müharibəsində də adından söz etdirməyi bacarmışdı. Ehtiyatda olan hərbçi kimi çağırışla təlimlərə qatılan Vüsal oktyabrın 6-da döyüşlərə başlamışdı. Şiddətli döyüşlərin getdiyi Füzuli istiqamətində mübarizəyə başlayan qəhrəman 13 gün haqq savaşı aparıb. Vətənini, dinini, Allahını sevən oğul son nəfəsinə qədər döyüşüb və Füzulinin azad olunmasının səbəbkarlarından biri olub. Oktyabrın 18-də atasına zəng edib "Füzuli azaddır" deyərək sevincini bölüşüb. Həmin müjdəli xəbər Vüsalın son danışığı olub. Elə həmin gün döyüş bölgəsində qalan yaralı silahdaşına yaşamağa ümid olmağa çalışarkən düşmənin snayper atəşinə tuş gəlib və şəhadətə ucalıb. Oktyabrın 18-də vətənin azadlığı uğrunda canından keçən şəhidin nəşi Sarıxanlı kənd məzarlığında torpağa tapşırılıb.

 

Ömrünün gənc çağında vətənləşən Şahmarlı Vüsal Mərdan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Cəbhədə döyüşlər davam etdikcə Qarabağa çatacaq məsafələr qısalırdı. Günbəgün irəliləyən rəşadətli Azərbaycan Ordusunun eyni zamanda verdiyi şəhidlərin də sayı artırdı. Az yaşı olmağına baxmayaraq böyük qəhrəmanlıq göstərib şəhadət zirvəsinə ucalan şəhidlərdən biri də Əsədli Cahid Zahid oğludur. Sarıxanlı kəndinin II Qarabağ döyüşlərində vətənə qurban etdiyi ən körpə şəhidi. Cəmi 18 il ömür yaşayan, çox arzularını dilə gətirməyə belə ömrü vəfa etməyən şəhidlərimizdəndi Cahid. 18 yanvar 2002-ci ildə İmişli rayon Sarıxanlı kəndində dünyaya göz açmışdı. 3 bacının bircə qardaşı idi Cahid. Atasının, anasının ən istəklisi idi. Cahid 4 yaşında olarkən ailəsi Rusiyaya köçmüşdü. Məktəbli yaşına çatdığı zaman qürbətdə təhsil almağa başlamışdı. Vətəndən uzaqda böyüsə də məsafələr onun Vətən sevgisinə əngəl ola bilməmişdi. Məktəbi bitirdikdən sonra doğma vətənə olan vətəndaş borcunu yerinə yetirmək üçün vətənə dönmüş və 26 yanvar 2019-cu ildə hərbi xidmətə getmişdi. Hər gün düşmənin atəşinə məruz qalan Goranboy rayonunun Tapqaraqoyunlu kəndində hərbi xidmətə başlamışdı. II Qarabağ müharibəsi başlayan zaman topçu olaraq döyüşlərə qatılmış, Suqovuşan və Talış kənd uğrunda mübarizə aparmışdı. Oktyabrın 21-də elə həmin döyüşlərdə də şəhadətə ucalmışdı. Qara xəbər tez yayılır. Cahidin şəhid xəbəri bir anda Sarıxanlı kəndinə səda salmışdı. Hər kəs Cahidin şəhid olmasına öz balasını, doğmasını itirmiş kimi üzülmüşdü. Xidmət üçün vətənə gələn Cahidin ailəsi Rusiyada yaşadığı üçün o uzun müddət imiş ki, ailəsini görmürmüş. Elə ailəsi də karantin səbəbindən övladlarının dəfninə gələ bilməmişdi. Həm tək oğul övladını itirmək, həm övladının dəfnində iştirak edə bilməmək izah edilə bilməyəcək qədər çətin hisslərdi. Vətən, xalq yolunda 18 yaşında əbədi solan Cahid xalqının çiyinlərində son dəfə əbədiyyətə uğurlandı. Sarıxanlı kənd məzarlığında vətən torpağı ən körpə müqəddəsini qoynuna aldı. Şəhid olmaq üçün doğulan Cahidin üzərindən şəhid olandan sonra Yasin surəsi tapılmışdı. Xidmətdə olarkən də oruc tutan şəhid şübhəsiz ki, cənnətdə müqəddəslərin yanındadır.

 

Vətənin ən çətin günlərində vətənə can verən Əsədli Cahid Zahid oğlu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

SARIXANLI ŞƏHİDLƏRİ

 

Sizinlə ucaldı bu qoca vətən,

 

İllərlə köksündə dərd - kədər bitən.

 

Vətən həsrətiylə böyüdünüz siz,

 

Oldunuz vətənin dadına yetən.

 

 

Sizinlə yayıldı zəfər sədası,

 

Oldu neçə ana şəhid anası.

 

Sarıxanlı eli bağrına basdı,

 

Üç igid şəhidi bildi balası.

 

 

Bu elin çox igid, şəhidi olub,

 

Neçə gənc vətənin qoynuna dolub.

 

Düşmən Qarabağa tamah salanda,

 

İgidlər düşmənin gözlərin oyub.

 

 

Həmin igidləri örnək götürən,

 

Vətən həsrətini sona yetirən,

 

Alik, sən olmusan gözəl torpağa,

 

Bayraqlı tabutda müjdə gətirən.

 

 

Şəhid karvanının cavan sakini,

 

Qurbətdə yarandı vətən nisgili,

 

Cahid, vətən üçün canından keçdin,

 

Yaşatdın xalqıma sən də zəfəri.

 

 

Dünyaya sonsuz bir eşq ilə baxan,

 

Vətən intiqamı gözündə çaxan,

 

Vüsal, gənc yaşında ölümsüzləşdin,

 

Oldun ürəkləri yandırıb-yaxan.

 

 

Sizinlə fəxr edir Sarıxanlı eli,

 

Şəhidin qəlbdədi hər zaman yeri.

 

Bu vətən nə qədər var olacaqsa,

 

Hər vaxt yaşadacaq siz şəhidləri.

 

Manya SƏXAVƏTQIZI

 

Hərbi And.- 2021.- 13 avqust.- S.11.