Şəhid Elgün Həsənovun xatirəsi anılıb

 

Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən şəhid Həsənov Elgün Əli oğlunun xatirəsi anılıb. Şəhidin ad günündə ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elgün Həsənovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi şanlı qələbədən söhbət açıblar. Qeyd edilib ki, məhz Elgün kimi qəhrəman oğullarımız Vətənin harayına səs verərək, torpaqlarımızı yağı düşməndən azad etdilər. Şəhidlərimiz haqq döyüşündə ölümün gözünə dik baxaraq, gələcək nəsillər üçün qəhrəmanlıq dastanı yazdılar. Elgün Vətən müharibəsi zamanı ilk günlərdən döyüşə qatılanlar sırasında idi. O, bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib.

 

Elgün 1999-cu il avqustun 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Hələ uşaq yaşlarından Elgün vətənpərvərliyi ilə fərqlənib. Bildirilib ki, Vətən müharibəsində Elgün kimi gənclər sayəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Elgün oktyabrın 24-də Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 Hərbi And.- 2021.- 20 avqust.- S.6.