Aşıq Ələsgər yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib

 

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Dədə Ələsgər aşıq poeziyasının, saz ifaçılarımızın zənginləşməsinə böyük təkan vermiş, öz yüksək sənətkarlığı ilə aşıq sənətinin şöhrətini göylərə qaldırmışdır.

 

Bunu AZƏRTAC-a Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

 

Bildirib ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Hələ sovetlər dönəmində böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

 

1997-ci ildə Ulu Öndərin sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə yüksək dəyərdir. Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbii açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili Aşıq Ələsgər ili elan etmişdir. Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı türk dünyasının ozan aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Dövlət başçısının aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramına görə mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Ustad Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

 

Hərbi And.- 2021.- 5 mart.- S.20.