SON ATƏŞ

 

Bu vətənin dünənlərdən bu günlərə uzanan qeyrət yolu var. O yolun yolçuları adları vətənlə qoşa çəkilən vətən övladlarıdır. Harada yaşamaqlarından asılı olmayaraq, ürəklərində vətən sevgisi, Qarabağ həsrəti olan o övladlar vətənlə bütünləşir. Bayrağının al rəngi şəhid qanlarından götürülən bu vətənin qəhrəmanlıq mücəssəməsi sayılan övladları çoxdur. Özü, sözü, izi vətən olan o oğullardan olan Baxşəliyev Qərib İnqilab oğlu dünənlərdən bu günə uzanan qeyrət yolunu layiqli şəkildə addımlayıb izini sabahlara əmanət qoyub. Baxışlarından vətən torpağına vətən sevgisini əks elətdirirdi, bu qəhrəman.

 

Baxşəliyev Qərib İnqilab oğlu 22 may 1977-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Üç övladlı ailənin son beşik tək oğul övladı olan Qərib ata anasının bacılarının ümid dolu sabahları idi. Ötən illərlə bərbər böyüyən qəhrəman 43 il sonra vətənə dayaq oldu. Əslən illərlə düşmən tapdağı altında qalan Laçının Sadımlar kəndindən olan Qəribin o kəndlə bağlı yalnız uşaqlıq xatirələri var idi. Ağlı kəsən zamanlardan vətən torpaqlarının düşmən tərəfindən işğal olunması Qəribin ürəyində dərin bir iz buraxmışdı. 1983-1994-cü illər ərzində N. Nərimanov rayonu 82 N li tam orta məktəbdə təhsil aldığı zaman işğal altında olan şəhər rayonların işğal tarixləri çatanda ürəyindəki nifrəti bir qədər kəskinləşirdi.

 

 

 

Qərib kimi bir oğulun hərbçi olacağı heç kimə sirr deyildi. Ruhu vətən sevgisi ilə cilalanan bu oğul 1995-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdu. 1999-cu ildə hərbi təhsilini başa vurduqdan sonra Goranboy rayonu Tərtər rayonunda yerləşən N saylı hərbi hissələrdə xidmətə başlamışdı. Sonra Cəmşid Naxçıvanski adına Hərbi liseydə bölük komandiri, tabor komandiri psixoloq-təlimatçı vəzifələrində çalışmışdı. Bundan başqa Heydər Əliyev adına Hərbi liseydə tərbiyəvi işlər üzrə rəis müavini, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdi.

 

Qərib hərb sahəsindəki bilik bacarıqlarını gənc zabitlərlə bölüşüb, onların gələcəkdə vətənə yararlı bir zabit olmaları üçün hər vəchlə çalışmışdı.

 

İllərlə göstərdiyi xidmətləri yüksək qiymətləndirilən Qərib Baxşəliyev polkovnik leytenant hərbi rütbəsinə yüksəlməklə yanaşı, Qüsursuz xidmətə görə l dərəcəli medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif edilmişdi.

 

Azərbaycan Ordusunun polkovnik leytenantı ailəsində nümunəvi ailə başçısı, gözəl ata idi. 2006-cı ildə könül verdiyi Gülnarə xanımın ürəyinə yol tapmağı bacarmışdı. 2008-ci ildə ailə quran cütlüyün 2010-cu ildə Əli adlı övladı, 2014-cü ildə Məryəm adlı övladı, 2017-ci ildə Əhməd adlı övladı dünyaya gəlmişdi. Ailənin dördüncü möcüzəsi Cənnət isə gələn ay Şəhid qızı kimi dünyaya gələcək.

 

Vətən həsrəti baxışlarına yansımışdı, Qəribin. Laçın həsrəti köksünə sığmayacaq qədər böyümüşdü. Hər addımını vətənin işıqlı sabahı üçün atırdı vətən oğlu. Hər zaman əsgər zabitlərə dediyi bir söz var idi. Heç vaxt düşmənə əsir düşməyin. Sonuncu güllənizi özünüz üçün saxlayın. Döyüşdə sonuncu güllənin çox böyük mənası var. Qərib sanki verdiyi məsləhətləri özü yaşayacağından xəbərdar imiş. Bəlkə bir təsadüf idi.

 

Baxşəliyev Qərib Vətən müharibəsi başlanan gündən vətənin müdafiəsinə qalxıb. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan Laçın uğrunda gedən döyüşlərdə alay komandiri kimi mübarizə aparıb. Laçın həsrətli Laçın oğlu qartal kimi düşmən üzərinə şığıyıb. Günlərlə düşmən ordusunu darmadağın edən qəhrəmanın yolu noyabrın 3-də dumana düşüb. O anda düşmənə əsir düşəcəyini anlayan Qərib son gülləsini başına tuşlayıb məğlubedilməz bir qəhrəman kimi adını tarixə yazıb. Sağlığında düşmənin qorxulu yuxusuna çevrilən qəhrəmanın şəhid olduqdan sonra nəşi ilə savaşan düşmən uzun müddət şəhidin nəşini geri qaytarmaqdan imtina edib. Bir müddət davam edən danışıqlar prosesindən sonra şəhidin nəşi Azərbaycana təhvil verilib. Dekabrın 8-də ll Fəxri xiyabanda vətən torpağına tapşırılan Qəribin ruhu o gün rahatlıq tapıb.

 

Xalqın dərin ehtiramla yad etdiyi qəhrəman polkovnik leytenant Baxşəliyev Qərib İnqilab oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Xalqın qəlbində isə o bir qəhrəmandır.

 

ŞƏHİD QƏRİB

 

Mərdlik mücəssəməsi, qeyrət təcəssümüsən,

 

Qarabağın bu günkü parlaq, aydın günüsən,

 

Sən vətən torpağının tər dərilən gülüsən,

 

Azadlıq bəxş etmisən Qərib, bu məmləkətə

 

Sayəndə Qarabağım sayılmır müstəmləkə.

 

 

Deyirdin ki, Heç zaman əsir düşməm düşmənə,

 

Əsir düşmək yaraşmaz xalqıma, mənə.

 

Xilaskarın tək baxdın şəhidim, son güllənə,

 

Əsir düşməmək üçün canına qıydın Qərib,

 

Tarixin yaddaşında bir tarix oldun şəhid.

 

 

Laçın həsrətli qəlbin Laçınına qovuşdu,

 

Məğrur xalq ürəyindən vətən dərdi sovuşdu,

 

Qarabağ dağlarında igidlər qanad açdı,

 

Qartal olub süzdülər vətəni başdan başa

 

Dünya qalib ölkəmə indi edir tamaşa.

 

 

Manya SƏXAVƏTQIZI

 

Hərbi And.- 2021.- 28 may.- S.24.