Azadlığa qovuşan əsir abidə

 

Zəngilanın XIV əsrdən boylanan tarixi - Xacə yəhya türbəsi

 

İşğaldan azad olunan torpaqlarımızla bağlı hamımızın bir ortaq narahatlığı da həmin ərazilərdəki tarixi mədəni, dini, memarlıq abidələrimizin taleyi ilə bağlı idi.

 

Artıq 30 ildir düşmənin bütün çirkin əməllərinə şahid olmuş xalq kimi abidələrlə bağlı da nikbin düşünə bilmirdik. Yaşananlar tarix sübut etdi ki, yanılmırdıq. Körpələri süngüyə keçirən, ananın bətnini yarıb körpəsini çıxaran, atanı övladları qarşısında yandıran, qız-gəlinə təcavüz edən insanlığın qara yarası ermənilərin Qarabağdakı abidələrə qarşı da sözün əsl mənasında zorakılığının şahidi olduq. Düşmənin xüsusilə qədim dini məbədlərin tarixinin saxtalaşdırması cəhdləri, məscidlərin yararsız hala salınaraq içərisində donuz saxlanılması kimi çirkin əməllərindən artıq bütün dünya xəbərdardır.

 

Mayın 1-də Zəngilana səfərim zamanı erməni barbarlığının bir göz şahidi oldum. Bəli, düz deyirlərmiş, həqiqətən ermənilər təkcə insanlara təcavüz etmirmiş, onlar torpağı da zorlayır, divarlara, daşlara, ağaclara da təcavüz edirmişlər. Rayonun Məmmədbəyli kəndində gördüyüm xarabalıqları film səhnələrinin bir hissəsi kimiydi. Dağıdılıb viran edilən kəndin yarımtikili qalıqları arasında kəndin ən hündür yerində bir abidə diqqəti daha çox çəkirdi. Yaxınlaşıb tarixi memarlıq nümunəsinə baxma şansımız oldu. Qeyd edim ki, türbənin qədim zamanlara söykənən tarixinin olduğu bilinsə , haqqında başqa heç bir məlumat yox idi. Bələdçilər türbənin qədim Məmmədbəyli adı ilə tanındığını bildirdilər. Abidənin aşağı arxa hissəsi 27 il öncə kəndə basqın zamanı atılmış top mərmisinin düşməsi nəticəsində dağılıb. Yuxarısındakı qübbənin bir tərəfindəki daşlar da tökülüb. Türbənin giriş tərəfində yuxarıda yazılı kitabə vardı. Türbənin içərisi tamamilə yararsız hala salınmışdı, divarlarda hər hansı yazılı məlumat yox idi.

 

 

Ümumi məlumat üçün qeyd edim ki, türbə - görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan xüsusi qübbələrlə örtülmüş tikililərə deyilir. Həmçinin, tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Hələ qədim dövrlərdən türbələr camaat tərəfindən ziyarətgaha çevrilib ehtiramla yad edilib.

 

Bakıya döndükdən sonra Məmmədbəyli türbəsi haqqında tarix üzrə fəlsəfə doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillidən daha geniş məlumat aldıq. Tarixçinin bildirdiyinə görə, bu abidə Xacə Yəhya türbəsi adlanır. Onun sözlərinə görə, tikili İslam memarlığına aiddir: "Araşdırmaçıların fikrincə, Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub Elxanilər zamanı Marağa rəsədxanasında çalışırmış. Onun atası Xacə Məhəmməd isə dövlət qulluğunda vəzifə sahibi imiş. Məmmədbəyli kəndinin adı da görünür, Xacə Məhəmməd adından yaranıb. Şəkildən göründüyü kimi, yazının başlanğıcında haşiyəsində Qurani-Kərimdən yazılar verilib.

 

Daşdan tikilmiş bu türbə qüllə tipli olub ikiqatlıdır. Yeraltında olan sərdabə hissəsi planda kvadrata yaxın (2,95 x 3,30 m), üst kamerası isə səkkizbucaqlıdır. Sərdabə 1,90 metr hündürlükdə tağtavanla örtülüb. Onun giriş qapısı qərb tərəfdəndir. Sərdabənin divar hörgüsü döşəməsi yaxşı yonulub, cilalanmış daşdandır. Türbənin giriş portalı üstündə nəsx xətti ilə yazılmış bir kitabə var. Kitabənin məzmunu belədir: "Mən, bu tikintinin sahibi (türbədə basdırılan şəxs) ulu Allahın yardımına möhtac olan aciz qul Yəhya ibn Məhəmməd əl-Xacəyəm. 704-cü ilin Ramazan ayında (23.III-27.IV.1305-ci il miladi). Əli Məcdəddinin əli ilə tikilmişdir".

 

 

Türbənin tikiliş forması haqqında da məlumat verən Fariz Xəlilli qeyd edib ki, bu türbədə memar Əli Məcdəddin oğlu qülləvarı türbə tipinin özünəməxsus örnəklərindən birini yaradıb: "Kənd kənarında təpə üzərində ucalan Xacə Yəhya türbəsinin səkkizüzlü prizmatik korpusu içəridə sferokonik, bayırda isə piramidal günbəzlə örtülüdür. Onun daşdan tikilmiş kütləsində tünd rəngli daşdan işlənmiş karnizi kəskin seçilir. Həmçinin, korpusun şimal-qərb üzündə olan düzbucaqlı qapı gözü yer səthindən xeyli hündürdədir (1,8 metr). Qapı gözü tünd rəngli çərçivə içərisinə alınmış, daş üzlüklü bastağın yanları üstü sadə quruluşlu stalaktit sırası ilə haşiyələnb. Üst kamera divarının qalınlığı 90 smyaxın olub daxildən xaricdən yaxşı yonulub cilalanmış daş lövhələrlə üzlənib. Korpusun bayır üzləri batıq olub çiyinli düzbucaqlı tağça şəklindədir. Türbənin sadə həll edilmiş üzləri arasında bastağ olan üz nisbətən plastik işlənməsi ilə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur".

 

Tarixçinin bildirdiyinə görə, bu türbələr adətən ikikameralı olur. Ona görə qəbir birinci kamerada yox, daha altda olur: "Ehtimal ki, bu türbədə qəbir eyni formada basdırılıb. Hesab edirəm ki, abidənin yanındakı tikililər köhnə tikili deyil. Şəkillərdən göründüyü qədər dağıntılardan iki mərtəbəli olduğu hiss edilir. Ola bilər türbə ətrafında məscid tikilib. Yaxud dini məqsədlə tikilmiş hansısa tikili ola bilər. Ona görə abidə bərpa konservasiya olunanda qazılıb araşdırılmalı, həmçinin, yanındakı tikililər daha ətrafı öyrənilməlidir. Tək türbənin özünü bərpa etməklə bitmir. Yəni kompleks formada həm öyrənilməli, analiz edilməli, həm bərpa olunmalıdır.

 

Azərbaycanın bir çox yerlərində belə səkkizbucaqlı türbələr var. Bu memarlıq üslubu ən çox Şirvan bölgəsində yayılıb. Ümumən Şamaxıdakı Kələxana türbələr kompleksini, Ağsudalı Şeyx Dursun, Şeyx Əmir Əhməd türbələrini, Bakıdakı Seyid Yəhya Bakuvi türbəsini və s. belə türbələrə aid etmək olar. Əsasən Şəki, Bakı, Qəbələ, Şamaxı ərazisində qeydə alınıb. Lakin Qarabağda - Cəbrayıl, Ağdam, Xocalı, Zəngilanda və digər rayonlarda da gördüyünüz kimi, türbə tipli abidələrə rast gəlmək olur. Ağdamda Qutlu Musaya Xaçındərbətli türbəsi adlanan abidəni misal göstərmək olar".

 

 

İndi azad olunan torpaqlarda görüləcək işlər çoxdur. Lakin qədim memarlıq nümunələrimizin tarixinin öyrənilməsi, həm erməni yalanlarını və vandalizmini, həm də Qarabağın tarixi Azərbaycan torpaqları olmasını dünyaya çatdırmaq üçün ən yaxşı vasitədir. Bunun üçün abidənin bərpa və konservasiya işlərinə həssas, tarixiliyinin qorunub saxlanılmasına isə ciddi yanaşılmalıdır. Tariximizə sahib çıxmaq və qorumaq öz əlimizdədir.

 

Yaxın zamanda xarabalıqdan gülüstana çevriləcək bir kənd görmək ümidi ilə ayrıldıq XIV əsrə işıq salan Məmmədbəylidən.

 

 

Afaq RZA

 

Hərbi And.- 2021.- 28 may.- S.20.