“Həmin erməni dedi ki, sizə təslim olmağa gəlmişəm” - Müharibə iştirakçısı

 

Verdiyev Yahya: “Bizə dedilər ki, əməliyyat başlayandan sonra bir neçə günə Şuşanı azad edəcəyik”

 

Verdiyev Yahya Musa oğlu 1988-ci il yanvarın 19-da Daşkəsən rayonunda anadan olub. 1995-ci ildə orta təhsil almaq üçün Anar Mürsəlov adına 2 saylı tam orta məktəbə gedib. Məktəbi bitirdikdən sonra 2006-cı yanvarın 20-də həqiqi hərbi xidmətə yollanıb. Beyləqanda N saylı hərbi hissədə 2-ci batalyonda minaatan batareyasında qulluq edib. 2007-ci il iyulun 3-də xidmətini başa vuraraq təxris olunub.

 

2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında müharibə başlayanda Yahya da Vətənin digər oğulları kimi orduya könüllü yazılıb. Vaxtı çatanda evlərinə çağırış vərəqi gəlib. Valideynləri cox narahat olublar. O həmin hadisəni belə danışıb: “Oktyabrın 8-də mən Naftalanda idim. Yolda mənə zəng gəldi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən evimizə gəliblər. Telefonla qardaşımla danışanda dedim ki, məni hələ aparmırlar, yalnız tibbi müayinədən keçmək üçün lazımam. Nə vaxt ehtiyac olanda çağıracaqlar. Hərbi biletimi onlara ver”.

 

Yahya sonra özü onlarla əlaqə yaradaraq bildirib ki, sabah səhər saat 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə olacaq: “Sonra mən Bərdə şəhərinə getdim. Orada yaşayan iki bacımla görüşdüm. Onlara bu xəbəri demədim və bildirdim ki, sadəcə sizi görməyə gəlmişəm. Gecə Bərdədən yola çıxdım. Həmin vaxt ölkədə komendant saatı idi. Yolda bizim maşını hərbi polis saxladı. Mən onlara bildirdim ki, çağırışçıyam və səhər tezdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olmalıyam. Ona görə də gecəylə getməliyəm. Sonra yoluma davam edərək Naftalana gəldim və gecə orada qaldım. Oktyabrın 9-da səhər tezdən dediyim vaxtda, yəni saat 09.00-da Daşkəsən rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində oldum”.

 

Orada qeydiyyatdan keçdikdən sonra artıq maşına minib gedəndə Yahya qardaşına zəng vuraraq müharibəyə getdiyini bildiribondan yol üçün pul istəyib: “Qardaşıma dedim ki, mənə pul hazırla, yolüstü keçəndə mənə verərsən. Onda biliblər ki, artıq müharibəyə gedirəm”.

 

Həmin vaxt onun qardaşı kənddə yolun qırağında tikintidə işləyirdi. Yahyanın getdiyi maşın karvanı həmin yerdən keçəndə ailə üzvlərinin hamısı yolun qırağına çıxıblar. Amma o maşını onlardan təxminən 200 metr aralıda saxladıb. Bu zaman qardaşı onun olduğu maşına yaxınlaşaraq pulu verib. Orada qardaşıyla vidalaşaraq yoluna davam edib. Həmin gün oktyabrın 9-da onları əvvəlcə Ağcabədi rayonuna aparıblar.

 

Oktyabrın 24-də isə onlar Cəbrayılın Daşkəsən kəndinə gediblər: “Bizi orada yerləşən hərbi hissədə minaatan batareyasına qoşdular. Nasosnı briqadasında şəhid olanyaralanan əsgərlərin yerinə getmişdik. Yeddi nəfər idik. Oradan da Hadrut rayonuna yollandıq və gecəni orada qaldıq. Hadrutda ermənilər bizi güclü atəşə tutdu. Bizi gecəylə ərazidən çıxartdılar. Meşə yollarıyla Ərgünəş yüksəkliyinə getdik. Ordumuz erməniləri böyük artilleriyalarla zərbələr endirirdi. Bizdə onlara kömək etməyə getmişdik. Düşməni 3 gün ərzində atəşə tutduq”.

 

Sonra meşə yollarıyla bir kəndə yollanıblar. Orada bir gecə qaldıqdan sonra digər azad olunmuş kəndə gediblər. Dediyinə görə, həmin kəndlə Şuşa arasında olan məsafə bir neçə km idi. Komandanlıqdan onlara ordunun artıq Şuşa uğrunda əməliyyatlara başlayacağını bildiriblər: “Bizə dedilər ki, əməliyyat başlayandan sonra bir neçə günə Şuşanı azad edəcəyik. Həmin kənddə bir neçə gün böyük taxıllıq sahədə mövqe saxladıq. Ordan düşməni 82 mm-lik minanatanlarla atəşə tuturduq”.

 

Dumanlı, yağışlı havada Dəmirçilər kəndində bizim taborun əsgərləri gecə saatlarında mülki formada bir erməni tutmuşdu: “Həmin erməni bizə dedi ki, sizə təslim olmağa gəlmişəm. Ancaq bizim əsgərlər onunla söhbət edəndə təslim olmağa gəlmədiyi üzə çıxdı. Məlum oldu ki, köhnə kəşfiyyatçı olub. Birinci Qarabağ müharibəsində Şuşanın alınmasında kəşfiyyatçı kimi iştirak edib”.

 

Yahya böyük qürurla qeyd edib ki, onlara Şuşanın azad olunması xəbərini verəndə həddindən artıq sevinmişdilər. İnana bilmirdilər ki, Azərbaycanın gözəl təbiətli şəhəri olan Şuşa artıq düşməndən azad edilib.

 

Əsgərlərimiz kənd yolları ilə gedəndə maşın yolları təhlükəli olduğuna görə işləmirdi. Ona görə də meşəliklə gedirdilər. Bir dəfə mövqelərini dəqiq bilmədiklərinə görə yolu azıblar: “Hava qaraldığına görə gecə yolda qaldıq, səhərin açılmasını gözlədik. Səhər isə açılanda əsgərlərimizin olduğu mövqeləri tapdıq və ora getdik. Oradan bizi növbəti yeni alınmış əraziyə apardılar. Həmin yerdə atış mövqelərimizi qurduq və erməniləri atəşə tutduq”.

 

O bildirib ki, əsasən azad olunan torpaqları əldə saxlamaq üçün həmin kəndlərə gedirdilər. Əsgərlərimizə düşmənin hücumlarını dəf etmək üçün yardım edirdilər. Çünki ermənilər itirdikləri əraziləri geri qaytarmaq üçün hücumlar etməyə çalışırdı. Bizimkilər də ermənilərin qarşısını alaraq onlara sarsıdıcı zərbələr endirirdilər.

 

Noyabrın 10-da müharibə bitdikdən sonra onları Cəbrayılın Daşkəsən kəndinə gətiriblər. Dekabrın 26-da isə buraxıblar.

 

Yahya ikinci Qarabağ müharibəsində bir çox yerlərdə olub. Ancaq ona heç bir medal verilməyib. Müharibə veteranıadını alsa da hərbi biletinə yalnız Xocavəndin Cəbrayılın azad olunmasını bildirən möhürlər vurulub. Adını medalçılar siyahısında görməyib. Bu haqda özü deyib ki, olduğu 4-cü taborun minbatında şəxsi heyət 44 nəfərdən ibarət idi: “19 yaralı, 2 şəhidimiz oldu. Mən taborda olduğum uşaqlardan medal alıb-almadıqları barədə soruşmuşam. Heç birinə medal düşməyib. Hətta uşaqlardan bir neçəsi Müdafiə Nazirliyinə müraciət etmişdi. Ancaq hələ ki, nəticəsi yoxdur”.

 

Bəxtiyar CƏFƏRLİ

 

Hərbi And.- 2022.- 22 aprel.- S.8.