“Elə bilirəm ölməyib,
sağdır, haradasa yaşayır...”
Lent.az
-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid zabitimiz Əhməd Abdullayevə həsr olunub.
Abdullayev Əhməd
Hüseynağa oğlu. 30 iyul 1976-cı ildə Cəlilabad
rayonunda, ziyalı ailəsində anadan olub. 1983-cü ildə Cəlilabad rayon, 8
saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə
Cəmşid Naxçıvanski adına hərbi məktəbə
daxil olub və həmin məktəbi müvəffəqiyyətlə
bitirib. 1992-ci ildə təhsilini davam etdirmək
məqsədilə Ankarada hərbi məktəbə daxil olub.
1996-cı ildən Türkiyə Quru
Qoşunları Akademiyasında təhsilini davam etdirib. Dünyanın bir çox ölkələrində
(Almaniya, İsveçrə) hərbi təlimlərdə
iştirak edib. 2001-ci ildən 2010-cu ilədək
Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində
qrup komandiri vəzifəsində çalışıb.
2009-cu ilin dekabr ayından Tərtər rayonunda yerləşən
"N" saylı hərbi hissədə xidmətini davam
etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin
sentyabr ayının 4-də erməni qəsbkarlarının
hücumunun qarşısını almaq məqsədilə
xüsusi döyüş tapşırığını
yerinə yetirərkən qəhrəmancasına həlak olub.
28 dekabr
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
qorunub saxlanılmasında igidlik göstərdiyinə görə
mayor Əhməd Hüseynağa oğlu Abdullayev
ölümündən sonra "İgidliyə görə"
medalı ilə təltif edilib.
Təklik
Lap çoxdan dünyasını cavan yaşda dəyişmiş
şairin oğlunun xatirələrini oxuyurdum. Qəfildən diqqətimi
belə bir cümlə çəkdi: Atam dünyasını
dəyişəndən sonra gecələr anamın ağlamaq
səsinə yuxudan oyanırdıq. Çox vaxt biz də
anamın yanına gedib, ona qoşulub ağlayırdıq...
Bu cümlələrdəki ağrı, tənhalıq,
hüzn məni çox sarsıtmışdı. Sonralar şəhid ailələri
ilə tanış olanda gecələr
yuxudan oyanıb ağlayan, az yaşlı uşaqları
onların ağlamaqlarını eşitməsinlər deyə
hıçqırıqlarını balışa basan
qadınlarla, şəhidlərin qadınları ilə
tanış oldum. Hamısının
üzündə eyni kədər, eyni həsrət
asılıb qalmışdı. Söhbət
etdikcə hər qapı taqqıltısına, telefon zənginə
diksinən bu qadınların gözləri həmişə
yollarda qaldı. İndi həmin qadınlardan daha biri ilə
tanış olmaq üçün yola
çıxmışdım. Dəhşətli
isti nəfəsimi kəssə də çatacağım mənzildə
daha bir həyat hekayətinin, şərəfli hərbçi
ömrünün vərəqlərini çevirmək
üçün tələsirdim.
Lent.az -ın “Şəhid əmanəti” layihəsində
budəfəki ünvan 2010-cu ildə kəşfiyyat zamanı
qəhrəmancasına şəhid olan mayor Əhməd
Abdullayevin ailəsidir. Xanımı Ulduz xanım düz həyətə
kimi qarşıma çıxıb məni mənzilinə qədər
müşayiət edir. Evdə isə bizi
onun iki oğlu, qardaşı gözləyirdi. Pilləkənləri
çıxdıqca şəhid xanımının səsi
divarlara dəyib əks-səda verirdi:
- Biz
2004-cü ildə ailə qurmuşuq. İki
oğlumuz dünyaya gəlib. Bir müddət Tərtərdə
onun iş yerinə yaxın ərazidə
yaşamışıq. Əhməd tez-tez təlimlərə
gedirdi. Hərb haqqında da evdə
danışmazdı. Sonuncu dəfə gedəndə mənə
dedi ki, bu dəfə işimiz bir az
qorxuludu. O qədər qısqanc adam idi ki,
mənim nömrəmi heç kimə verməzdi. Mənə
dedi ki, birdən sənə başqa nömrədən zəng
gəlsə, narahat olma, o nömrəni aç. Evdən
çıxmaq istəyəndə geri qayıtdı, dedi, qoy,
uşaqları bir də öpüm, birdən nə isə
olar. Ona dedim ki, sən nə danışırsan, bizə bura
gətirib qoymusan ki, belə sözlər deyəsən.
Uşaqlarla ikinci dəfə görüşüb gedəndə
yenə qapının yanında mənə dedi ki, bu dəfə
hər şey ola bilər,
hazırlıqlı ol. Getdi. Amma həmin
günün axşamı yenə evə gəldi, lazım olan
əşyalarını götürdü, uşaqlarla bir də
görüşdü, mənə dedi ki, gəl, səni də
qucaqlayım, həyatdır, hər şey ola
bilər. Orucluq vaxtı idi, səhər sübh vaxtı namaza
qalxanda, hiss etdim ki, nəsə havam çatmır,
boğuluram. Hətta yeriyə də bilmirdim.
Telefonu götürüb Əhmədə zəng
vurdum. Nə qədər zəng vursam da
telefonuna zəng çatmadı. Bir az
keçdi, əmisi oğlu zəng vurdu, Əhmədi
soruşdu. Dedim, ona nə isə olub zəng vurmusan? Dedi, yox sənəd
məsələsi var, ona görə zəng vurmuşam. Sağollaşdıq. Aradan bir az
keçdi, qaynım zəng vurdu, o da dedi ki, elə-belə zəng
vurmuşam. Onun zəngindən sonra bildim ki, nə
isə olub. Sonra nə qədər
yığdımsa, onların heç birinə zəng
çatmadı. Biz az keçdi,
bacım zəng vurub dedi ki, Əhməd yaralanıb, biz indi sənin
yanına gəlirik. Bir az keçdi,
qapımız döyüldü, gördüm hərbi
maşınlar və bir neçə əsgərdi. Dedilər ki, qorxmayın, Əhməd yaralanıb,
sizi onun yanına aparırıq. Bayıra
çıxanda gördüm əsgərləri
ağlayır. Amma dedilər
yaralıdı. Mən inanmadım, bizi polis
maşını ilə bir tanış
adamın evinə apardılar, onda ürəyim getdi, heç
nədən xəbərim olmadı. Ayılandan sonra dedim ki, məni
aparın Əhmədin yanına, çünki
inanmırdım. Əhmədin bronejileti vardı, həm də
cüssəli adam idi. Dedim, siz Əhmədi
kiminləsə səhv salmısınız, o yaralana bilməz.
Məni aparın, mən baxıb deyəcəm.
Onlar məni xəstəxana adı ilə gətirdilər
Əhməd olan yerə. Sən demə,
morq imiş (kövrəlir). Həmişə
mən bu haqda danışanda kövrəlirəm. Həm
də bu cür şeyləri mən ancaq kinolarda
görmüşdüm, inanmazdım ki, nə zamansa həyatda
da yaşaya bilərəm...
Hənir
Morqu xəstəxana bilib gedən Ulduz xanımı
Əhməd qoyulan otağa buraxmırlar. Təkid edirlər
ki, valideynləri gəlsinlər, sonra sizi də buraxarıq.
Lakin bir az keçəndən sonra onun
yalvarışları hərbçilərin ürəyini
yumşaldır, onu Əhmədin yanına buraxırlar.
Ölümü ağlına gətirməyən Ulduz elə
bilir ki, dəmir xərəyə uzadılan Əhməd
doğurdan da sağdır, hətta əli ilə onun bədəninin
hərarətini də yoxlayır:
-
Uşaqlar, ətrafımdakılar hamısı yadımdan
çıxmışdı. Məni əvvəl
onun yanına buraxmadılar, çıxartdılar
çölə ki, burda gözləyin. Ayaqyoluna getmək
adı ilə təzədən Əhməd olan yerə gəldim,
qapıda duranlara yalvardım, ağladım, dedim, məni
buraxın onun yanına, əlimlə bircə dəfə ona
toxunub çıxacam. Birtəhər içəri
girdim, inanmazsınız, Əhmədin istiliyi də canında
idi. Onun üz-gözündə, cüssəsində
ölümdən əsər-əlamət yox idi. Bircə
üzündə, çənəsində bir az
sıyrıntı və torpaq vardı. Yadıma
gəlir ki, Əhmədi silkələyib ağladım ki,
ayılsın. Ondan sonra heç nə
xatırlamıram, özümə gələndə
gördüm, əsgərlər məni həyətdə əyləşdiriblər,
üzümə su vururlar (ağlayır). Hər
tərəf dumanlı idi, gözüm heç nəyi
görmürdü. Günortaya yaxın
qaynım gəldi, onu Əhməd olan otağa saldılar.
Qaynım təsdiq etdi ki, Əhməddir. Sonra bizi Cəlilabada gətirdilər. Qarşıda Əhmədi aparırdılar, biz də
onun ardınca gedirdik. Qayınanamgilə
çatanda artıq hamı bilirdi ki, Əhməd şəhid
olub. Bircə mən inana bilmirdim. Öz-özümə deyirdim ki, Əhməd, sən
nə qədər qısqanc insan idin, məni, uşaqlarını
kimi ümidinə qoyub getdin? Onun uşaqları ilə
bağlı o qədər arzuları vardı ki...
Müəllim
Əhməd dəfn olunandan sonra onun avtomobilini təmizləyən,
əşyalarını yığışdıran ailə
üzvləri avtomobilin salonundan bir disk tapırlar. Quran ayələrindən
ibarət olan diskə qulaq asmaq istəyəndə
görürlər ki, Əhmədin sonuncu dinlədiyi surə
Yasin surəsi olub. Həmin günləri Ulduz xanım həyəcansız
danışa bilmir:
- Diskdəki Yasin surəsi yarıya qədər dinlənilmişdi. Onda mən
başa düşdüm ki, Əhməd hara, niyə getdiyini və
qayıtmayacağını bilirmiş.
Əhməd şəhid olandan sonra ailənin
özünə gəlməsi xeyli zaman alıb. Uşaqları
azyaşlı olsa belə onun bir ana kimi uşaqlarının
qayğısına qalmaq, onların “ata hardadı”
suallarına cavab vermək gücü tükənib. Qohum-əqrəbanın dəstəyi zaman-zaman
özün gəlməyə çalışan Ulduz xanım
deyir ki, bu barədə qardaşı Nahid bəyin ona xeyli
köməyi olub. Əhmədin körpə
balaları gecələr atalarını axtaranda
dayılarının yanına gedib, onun qucağına
sığınıblar. Ulduz xanımın uzun illər
Rusiyada yaşayan qardaşı Nihad bəy də deyilənləri
təsdiq edir:
- Dəfələrlə
gecələr yuxudan ayılıb, ağlayıb yanıma gəliblər.
Qucağıma almışam, ovundurmağa
çalışmışam. Düzdür
nə mən, nə də əmisi onlara atasını əvəz
etməz. Amma uşaqdılar, gərək
nə qədər bacarırıqsa, təsəlli olaq.
Biz hamımız xəbəri eşidib haya gəldik. Əhmədlə
mən bir məktəbdə oxumuşuq, həyat
yoldaşımla isə bir sinifdə oxuyublar. O, çox
yaxşı hərbçi olmaqla yanaşı, həm də
savadlı kadr idi. Onun ölümü yüzlərlə
tələbə itkisi demək idi. Tələbələrini
o qədər peşəkar şəkildə yerləşdirirdi
ki, onlar hərbin bütün sirlərinə bələd
olurdular.
Ata, ana,
dost...
Ulduz
xanım Əhmədlə tanışlıqlarından bəhs
edir:
- Mənim
anamla Əhmədin anası bir eyni xəstəxanada işləyiblər.
Əhmədin üzünü heç vaxt
görməmişdim. Bir gün anam dedi ki, səni
yaxşı bir oğlana vermişəm. Dedim,
ay ana, heç olmasa, üzünü görərdim, sonra
razılılıq verərdin. Dedi, mən səni münasib
olmayan adama vermərəm. Bizim atamız rəhmətə
getmişdi deyə nə mən, nə də qardaşlarım
anamın sözündən çıxa bilməzdik. Nişanımıza bir həftə qalmış
Əhməd icazə alıb gəldi. Mən
yalnız onda onun üzünü gördüm, bildim ki, kimdir.
-
Peşman olmadınız?
- Yox. Həmişə
də deyirəm ki, yenidən dünyaya gəlsəm, bilsəm
ki, Əhmədlə ailə qursam, beş
il birlikdə yaşayacağıq, yenə də onu seçərdim.
Çünki Əhməd kişi kimi
kişi idi. O, ən birinci valideynlərinə, sonra vətəninə
və bizə hörmət edirdi. Hərbdə də çox
qeyrətli və vicdanlı adam oldu. Sonuncu
tikəsini əsgərlərinə verən adam
olub. Əməliyyatlardan sağ-salamat
qayıdanda uşaq kimi sevinirdi, deyirdi, şükür
hamı sağ-salamat qayıtdı, heç bir ananın, gəlinin
gözü yaşlı qalmadı. Çox
düz, doğru sözün tərəfində dayanan biri idi.
Bəzən olurdu ki, hərbi hissədə su
olmurdu, gəlib evdən su bidonlarına su yığıb,
maşına yükləyib aparırdı. Uşaqlarını çox sevirdi. İstəyirdi ki, oxusunlar, öyrənsinlər.
Hüseynin yaşı çox az idi, amma
onu qucağında otuzdurub, ona maşın sürməyi
öyrədirdi. Hüseyn bayraq görən kimi
deyirdi, Azərbaycan, vətən, bayraq. O, elə öyrətmişdi
uşaqları. Əhməd beş dil
bilirdi. Sonuncu öyrənmək istədiyi dil
Çin dili idi. O, can verən anda onun yanında olan əsgər
deyir ki, başını qaldırdım, üzünə
bulanmış torpağı təmizləyirdim. Deyirdim, gözlə, indi gəlib sizi həkimə
çatdıracaqlar. Əhməd isə
gözünü açıb deyib ki, uşaqlarımdan və
torpaqdan muğayat olun. Yəni o, son
anında belə ailəsini və vətəni
düşünmüşdü.
Əmanətlər
Əhmədin ailəsi dörd nəfərdən ibarət
olub.
Böyük oğlu Hüseyn 2006, kiçik oğlu Nihad isə
2008-ci il təvəllüdlüdür. Ulduz xanım deyir ki, atalarının
ölümündən sonra uşaqlar uzun müddət özlərinə
qapanıblar. Xeyli vaxt özlərini
köməksiz, dayaqsız hiss ediblər. Lakin bir
neçə il əvvəl “Zəfər”
Şəhid Ailələrinə Dəstək İctimai
Birliyindəki digər şəhid övladları ilə
tanış olub dostlaşmaları onların təkliyini qismən
də olsa, azaldıb. Hüseyn atası ilə bağlı
xatirələrini, ürək sözlərini çətinliklə
də olsa ifadə etməyə çalışır:
- Mən,
əlbəttə, fəxr edirəm ki, elə bir insanın
övladıyam. Bu ad məni həyatda çox
səhvlərdən də uzaq tutur. Atdığım hər
addımda düşünürəm ki, bu addım atamın adına kölgə salmasın. Mənim
indi bircə məqsədim var ki, oxuyub, müəyyən
mövqe qazanmaq və atamın adını ucaltmaq. Atam
hündürboylu, yaraşıqlı adam
idi. Tez-tez onu xatırlayıram. Bir dəfə bizi Sumqayıtdan Tərtərə
aparırdı. Onda mən atamla
maşında oturub, anamla qardaşımı gözləyirdim.
Atam dedi ki, Hüseyn, bəs anan harda qaldı, niyə gəlmədi.
Mən də uşaq idim, dedim ki, səbir elə,
gözünü yazsın, gəlir. Anamın bəzənməsini
o cür ifadə etmişdim. Sonralar həmişə
bu sözü deyib gülüşürdük. Mənə həmişə maşın sürməyi
öyrədirdi. Tez-tez çörək almağa
göndərirdi, deyirdi, get, öyrən
indidən belə şeyləri. Bir dəfə
harasa gedirdik, həyətdəki iti görüb qorxdum,
ağlamağa başladım. Atam əlimdən tutdu,
dedi qorxma, mənim kimi atan var. Əvvəllər tez-tez yuxuda
görürdüm. Ayılırdım elə
bilirdim yuxu deyil. Anama deyirdim ki, ana atam evə
gəlmişdi, məni qucaqlamışdı. Anam da
heç nə demirdi susurdu... Böyüdükcə anladım
ki, hamısı yuxudu...
Qayıdış
Ulduz xanım Əhmədlə Tərtərə gedəndə
həyat yoldaşına aid əşyalar eləcə də
çəkmələri evdə qalıb. Əhməd
şəhid olandan sonra ailə Tərtərdən Bakıya
qayıdır. Və o zaman çox kədərli əhvalat
baş verir:
- Əhməd sentyabrda şəhid oldu, biz dekabrda Sumqayıtdakı evimizə qayıtdıq. Qapıdan içəri girəndə gördüm Əhmədin köynəyi qapıdakı asılqandan asılıb, çəkməsi də yerindədi. Hüseyn ağladı. Dedi, atam evə gəlib, bizi görmədən gedib, sən mənə niyə atamın gəldiyini deməmisən (ağlayır). Sonralar Əhmədin şəklini böyüdüb divara vurduq. Mən onda dəli kimi olmuşdum, o şəkil məni bir az sakitləşdirirdi. Onda da Hüseyn ağladı, dedi, atamın şəklini niyə divara vurursunuz? Mənimlə xeyli vaxt danışmadı, deyirdi şəkli götürün divardan. Sonralar həmişə xörək çəkiləndə gedib Əhmədin boşqabını da gətirib qoyurdu masaya.
Əvvəllər qəbir üstünə gedəndə çox ağlayıb qışqırırdım, heç cür onun ölümünü qəbul etmirdim. Bir dəfə Hüseyn mənə dedi ki, mama bax, bu dəfə gedib, orda oyun çıxartma, ağlama. Onda elə bildim ki, bu sözü mənə Əhməd deyir. Sakitcə dedim ki, hə, yaxşı.
Nihad isə atası şəhid olanda iki yaşında
olub. O,
atasını heç xatırlamır. Anasının,
qohumlarının danışdıqları, bir də
yuxuları ilə özü üçün bir ata obrazı
yarada bilib.
- Mən ilk dəfə atamın yoxluğunu beş yaşımda bildim. Sumqayıtda olurduq. Bir gün həyətə düşmüşdük, ağac əkirdik. Birdən anamdan soruşdum ki, ana, atam niyə bizə gəlib ağacı əkməkdə kömək etmir? Anam dedi ki, atan şəhid olub (kövrəlir). Ona qədər mən elə bilirdim ki, atam bütün günü işdə olur, axşamlar evə gəlir, səhər yenə gedir. Mən istəyirəm ki, heç bir uşaq atasız olmasın. Kaş, atam da mənimlə olaydı, sağ qalaydı.
Borc
Ulduz xanım deyir ki, kim deyirsə ki, illər
keçir, yara qaysaqlanır, mən deyirəm ki, mənim
üçün bu belə deyil. Aradan on il keçib, elə bilirəm
ki, hər şey dünən baş verib. Heç
nə köhnəlməyib. Nə dərd,
nə də xatirələr. Bizim
üçün, mənim iki uşağım
üçün o yaranın üstü həmişə
açıqdır. Əhməd həmişə
sağdı. Həmişə
yağış yağanda Hüseyn deyirdi ki, yəqin biz nə
isə səhv etmişik, atam ağlayır. Onun təsəllisini
az da olsa dayısından, əmisindən
alırlar.
Ailə ilə sağollaşıb çıxıram. Ulduz xanım
mən dayanacağa qədər ötürür.
- Əvvəllər Əhmədin qəbri üstünə gedəndə çox ağlayırdım. Qayınanam mənə acıqlanırdı, deyirdi oğul mənimdi, məndən çox yanmayacaqsan ki. Özünə fikir ver, saçına rəng qoy, şənliklərə imkan olduqca get. Ancaq mən heç kimə izah edə bilmirdim ki, Əhməddən sonra mənim havam, suyum dayanıb, nəfəs almaqda belə çətinlik çəkirəm. Aradan on il keçib, mən hələ də Əhmədin paltarlarını yığışdırmamışam. Mənə elə gəlir ki, o, hardasa sağdır, belə eləsəm, gələr mənə acıqlanar. Əhməddən kənarda mənim üçün maraqlı heç nə yoxdur, mən özümü onunla dəfn etmişəm. Gələn bayramlar, keçirilən toylar, şənliklər mənim üçün maraqlı deyil. Biz bir-birinizi sevməmişik, amma ailə qurandan sonra aramızda çox güclü bağ olub. Ona həmişə deyirdim ki, sən mənim atam, anam, qardaşım, bacım, həm də ən yaxın dostusan. Mənim ondan gizlin heç bir sözüm olmayıb. Bu danışdıqlarımın hamısı ona sevgidəndir. Mən bu sevgini uşaqlarıma ötürməyə borcluyam.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 19 avqust.- S.14-15.