Bizi ağrısı ilə böyüdən kədər

 

 Şəhid İlqar Bürcəliyevin xatirəsinə

 

 

 

Bizim bir günün içində böyüməyimizdən bir il keçdi. İlqar şəhadətə yüksələndə beş yaşı olan körpə fidanlar bir neçə gün əvvəl əllərində gül dəstəsi ilə məktəbə qədəm qoydular, bağlarda əkilən tinglər boy atdı, ev tikməyə başlayan qonşumuz Əli dayı çəpərini rənglədi artıq. Yaşadıq, dedik-güldük, qonaq da getdik, hər halda, qubardan ölmədik. Günü günə, ayı aya düyünləyib bir ili tamamladıq...

Amma həmişə bir yanımız boş qaldı. Nəyinsə yarımçıq qaldığını, çatışmadığını hiss elədik. O yarımçıqlığın adını axtarıb-axtarıb İlqarın adını tapanda susduq. O deyib-gülməyimizə, o kefimizin çağlığına utandıq. Çevirilib özümüzü tənə elədik: "Ə, mən necə adamam, utanmıram, hələ nəyəsə sevinib gülə bilirəm e..."

Amma kədərimizin , sevincimizin içində Onu yaşatdıq, getdiyimiz-gəldiyimiz yerlərdə ürəyimizdə daşıdıq. Küçə-küçə xatirə xəritəsi çəkdik. İlqarlı yollar, İlqarsız yollar...

Hər səhər evdən çıxıb 77 nömrəli avtobusu görəndə 77-nin 177 olduğu vaxtlar yadıma düşür. Onda uşaq idik. Qayğılardan çox uzaq vaxtımız idi. Hərdən dərsdən çıxıb üç dayanacaqlıq yol gedəsi olurduq. Deyirdim, piyada gedək, 20 qəpiyimiz cibimizdə qalsın. İlqar deyirdi, ay Nadir, bəsdi , yekə oğlansan, yorulmuşuq, piyada?! Qolumdan tutub avtobusa tərəf dartırdı.

Günün birində 177-nin yüzlüyünü sildilər, qaldı 77... İlqar deyinirdi. Deyirdi, adamın 77-ə dili yatmır e, rəqəmlər çılpaq görsənir.

O yüzlük itəndən sonra, elə bil, nəsə qırıldı. Qayğılı həyatın qanadlarına atıldıq. oldusa, ondan sonra oldu. Hamımız bir yerdə yüz idik. İlqardan sonra yüzlüyümüz milyon yerə paralanıb ürəyimizə səpələndi, pərən-pərən olduq.

Hər avtobusa minəndə, Yasamalın yollarını dolaşanda onun hənirtisini hiss edirəm. Elə bilirəm, hardansa çıxacaq, deyəcək, Nadir, burdayam, heç kimə demə. O gündən bəri hər yerdə ona oxşayan kimisə görəndə gözümü zilləyirəm. Doyunca baxıb doluxsunuram. Bir anlıq elə bilirəm ki, özüdür. Amma üzü nurlum elə getməyib ki, bir qayıtsın...

77 nömrəli avtobusun sonuncu dayanacağına İlqarın şəklini vurublar. Yaşadıqları evin, təhsil aldığımız məktəbin yaxınlığındadır. Uşaqlar həmin dayanacaqda avtobusdan düşüb məktəbə gedirlər. İlk dəfə görənlər çönüb uzun-uzun baxırlar. Kimisi "can ay bala" deyib keçir, kimisi qəhərdən donub qalır. İlqar onun timsalında bütün şəhidlər bu Vətəni birləşdirən keçidlərdi. Biz "İlqarlar dayanacağı"ndan həyata enib yaşayarıq, dünyadan bu cür tutunuruq.

Oruc adlı bir sinif yoldaşımız var idi. Boydan çox balaca, çəlimsiz bir uşaq idi. Dərslərini yaxşı oxumazdı. Bu bəs deyildi, hələ şuluqluq da edərdi, tez-tez danlanardı. O çəlimsiz Oruc Qarabağ savaşında düşmənə qarşı döyüşdü. Onu danlayan, tənbeh edən müəllimlərinin, bəzən yola getmədiyi sinif yoldaşlarının, ailəsinin - Vətənin uğrunda döyüşdü. Qayıdanda gördü ki, İlqar yoxdu...

Dayanacağa İlqarın şəkli vurulandan bəri Oruc tez-tez su, dəsmal götürüb ora yollanır. Möhkəm-möhkəm silir, yan-yörəsinə artıq nəsə düşsə, təmizləyir. Qoymur ki, o şəklin üzərinə toz qonsun. O da öz sədaqətini belə göstərir. İlqarın anasını görən kimi deyir ki, xala, narahat olma, dayanacağı tər-təmiz eləmişəm...

Səhərlər məktəbə gedəndə sıraya düzülürdük. Demək olar ki, hər gün Şəmistan Əlizamanlının ifasında "Cənab leytenant" mahnısının sədaları altında sinifə qalxırdıq. İlqar şux qamətli, iti addımlı idi. Elə bil, əsgər yeriyirdi. O balaca uşaq böyüyüb barıt qoxulu yollarda addımladı. Öz adını qəhrəmanlar cərgəsinə yazdırdı...

Bu bir ilin içində tez-tez İlqargilə getmişik. Bəlkə , kədərə sinə gərməyimizin bir səbəbi budur. İlqarın ata-anası bizi öz balaları kimi əzizləyir. Biz onlara gedəndə dərdi ürəklərində gizlədib ancaq bizimlə maraqlanırlar, tez süfrə açırlar, könlümüzü xoş eləmək istəyirlər. Hansımızdan 4-5 gün xəbər çıxmırsa, ayrı-ayrılıqda zəng edib hal-əhval bilirlər. İlqarın yerini verə bilmərik, sözsüz ki. Amma biz öz çapımızda bu ailənin üzvünə çevrilmişik. Bir-birimizə ürək-dirək verib bu bir ili yaşadıq. Fəqət yaşamağın çox çətin olduğunu bu ildə lap dəqiq dərk elədik.

İlqardan əmanət bir Tamerlanımız da var. Qardaşı ilə fəxr edən, onun adına layiq olmaq üçün çalışan Tamerlan... Tamerlan da bu ilin içində çox böyüyüb. Əla futbol oynayır. İlqarın arzularını davam etdirir, formasının arxasına İlqarın adını yazdırır. Tamerlanın futbolda qazanacağı uğurdan İlqara da pay düşəcək.

İlqarın futbola olan marağı hamımızı təəccübləndirirdi. Əsl azarkeş idi! Azarkeşlik bir yana, gələcəyin peşəkar futbolçusu ola bilərdi. Onun azarkeşi olduğu komandaya nəsə demək qeyri-mümkün idi, bərk əsəbiləşirdi.

Hərdən fikirləşirəm ki, olardı, ayaqsız, əlsiz olsa da, qayıdardı. Ona ayaq olardıq, əl olardıq. Amma sonra fikirləşirəm, necə ki onun yoxluğu bizə dağ olub, ayaqsız qayıtmağı da özünə dağ olardı. O, futbolsuz dayana bilməzdi. Yəqin, uca yaradan bunu ona rəva bilmədi...

Bu gün İlqarın şəhid olmağından bir il keçir. Xəbərini bir gün sonra eşitdik. Həmin gün ciyərimiz od tutub yandı...

28-i gecə saat 12-nin yarısı sinif yoldaşımız Emindən zəng gəldi. Yuxudan oyatmışdı deyə çox acıqlı cavab verdim. Emin ağdamlıdı, Vətən həsrəti nədi yaxşı bilir, özü soyuqqanlı adamdı, çox nadir hallarda kövrəldiyini görərdim ya görməzdim. "Alo" deyəndə gördüm səsi əsir:

- Emin, nolub, bu, vaxtın zəngidir?

- Nadir...

- De görək day...

- Ay Nadir...

- Eşidirəm, Emin.

- İlqar getdi...

- Bilirsən sərt karantindi, 9-dan sonra küçəyə çıxmağa icazə yoxdu, ona görə belə deyirsən. Zarafatlaşmağa başqa mövzu tapmadız? Gecən xeyrə!

 

Telefonu səssizə qoyub başımı balışa atdım. Gördüm ki, gözümün yaşı balışımın bir üzün tamam isladıb, o biri tərəfini çevirdim. Təkcə bir söz dedim: "Allah!.." Nitqimə ayrı bir söz gətirə bilmədim. Telefonu götürüb Aqşini yığdım, Emin deyənləri təkrar elədi. Yenə zarafat elədiklərini zənn edib ağzıma gələni dedim. Sonra ardınca Lətifi, Xəyyamı yığdım, gördüm ki, həmin sözləri deyirlər. İnana bilmədim...

Emingilin məhləsinə getdim, 5-6 oğlan dayanmışdı. Həəə, onda bildim ki, bu xına o xınadan deyil. Uşaqlar mənə sarı gəlib qucaqladılar, qoşulduq bir-birimizə, elə ağladıq ki...

O günün travması canımızdadı. İldönümü yaxınlaşdıqca hər şey təzələnir. Hələ üstü qaysaq bağlamayan yaramız dayanmadan qanayır. Hər şey bir yana, özündən, səsindən, gülüşündən ötrü darıxırıq.

Bürcəliyev İlqar Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olundu. Həmin medallarparlaq Zəfərimiz hamımız üçün sonsuz qürurdur, itkilərimizə böyük təsəllidir. Amma bunlar da bizdən ötrü İlqarın yoxluğundan doğan kədərin təsirini azaltmır.

Sabah İlqarı ziyarət etmək üçün Gəncəyə gedəcəyik. Onun qara mərmərdən üzümüzə zillənən göy gözlərinə baxanda ürəyimiz qan ağlayacaq. Bizim də qismətimizə bu yazılıbmış, ağırdır...

İlqar, əziz dostumuz, şəhid qardaşımız, ruhun şad olsun!

Bir gün görüşmək diləyi ilə...

 

 

Nsadir Yalçın

Hərbi And.- 2022.- 19 avqust.- S.9.