"Günlərlə Polad Həşimovun videolarına baxıb deyirdi ki, bu qisas yerdə qalmaz!"

 

Haqqında söz açacağım növbəti qəhrəman qardaşım Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğludur.

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı "Intellect" liseyində təhsil alıb. 2014-2019-cu illərdə isə Slavyan Universitetində (BSU) "Beynəlxalq münasibətlər" üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Şəhidimiz subay idi.

Şəhidin atası Şükürov Ayaz deyir ki, Nicatdan çox danışa bilərəm. İnanın, onun haqda az qala bir kitab yazmaq olar:

"O, dünyaya gələndə Birinci Qarabağ müharibəsi idi. Müharibə ilə gəldi, müharibə ilə getdi balam. Mən Nicatın dünyaya gəlişini dostlarımla birlikdə şadyanalıq etdim, atəşfəşanlıqla qeyd etdim. Hər kəs deyirdi əsgər dünyaya gəlib. Oğlum idmanı çox sevirdi, 5-ci sinifdən karate ilə məşğul idi. Ulu öndər Heydər Əliyev adına olan turnirlərdə birnci yerə layiq görülüb. Çox igid, qorxmaz , tərbiyəli övlad idi. O qarşısına məqsəd qoymuşdu ki, ali təhsil alacaq. Hərbiyə gedəndə təhsil ala bilməmişdi, hərbidən gələndən sonra getdi ali təhsil aldı. Nicat evdə ciddi uşaq idi. Sanki bir kişi siması vardı, çox vətənpərvər idi. O, uzun illər idi ki, namaz qılırdı, heç vaxt heç kəs bilmirdi ki, Nicat ibadət edir. Çox rəhimli insan idi. Həmişə kasıbların, imkansızların yanında olardı. Oğlum hər Ramazan bayaramında maşının doldurardı ərzaqla, aparıb imkansız ailələrə yardım edərdi. Dostları deyir ki, biz istəyirik övladlarımızı onun kimi tərbiyə edək. Oğlum bütün Birinci Qarabağ şəhidlərinin intiqamını aldı, çünki o təəssüratlarla böyümüşdü".

Şəhidin anası Şükürova Yeganə deyir ki, heç bilmirəm mən haradan başlayıb danışam. Ayağı yer tutandan biz həyət evində idik. Həmişə deyirdi mən əsgər olacağam: "Uşaqlıqdan tapança, avtomatları olardı, hərbi oyunlar oynayırdılar, balacalıqdan o cür həvəsi vardı. Həmişə atası ona çoxlu oyuncaqlar alırdı, onları söküb baxmaq istəyirdi. Ana- atasına, dostlarına sadiq uşaq idi. Orta məktəbdə müəllimləri Nicatı çox istəyirdi. O, riyaziyyatı çox gözəl bilirdi, çox seçilən uşaq idi.

Uşaq vaxtı həyətimizdə yuxarıdan yıxıldı, başı daşa dəymədi, ancaq illər keçdi başından yaralanaraq şəhid oldu balam... ( Red: ağlayır)

Nicat 2020-ci il 27 sentyabrından könüllü kimi 3 dəfə müraciət etmişdi səfərbərliyə, sonra apardılar. Füzuli-Hadrud istiqamətində döyüşüb. Balam oktyabrın11-də axşam saat 7-8 radələrində şəhid olub. Səbail rayonu badmdar qəsəbəsində dəfn olunub".

Şəhidin atası Şükürov Ayaz deyir ki, karantin vaxtı Nicat  hərbidə Gədəbəydə idi, o qədər qar yağmışdı ora qalxmaq mümükünsüz idi. Dedi qar yağır yollar bağlıdır gəlmə, ata.  Dedim darıxıram, göydən daş da yağsa, gələcəyəm. Yollar çox dəhşətliydi, şoferin biri düşüb addım-addım gedirdi, avtobus da arxasınca. Getdim çatdım o vəziyyətdə. Dedim kimin valideyni gəlməyibsə, onları da yığ gətir. Nicat onları yığdı gətirdi. Oturub ata-bala söhbət edirdik. Aldığım nələr vardı elə ordaca hamısını payladı əsgər yoldaşlarına. Axsayırdı, ayaqqabılarını çıxardım. Hələ gözümün önündədir balamın həmin halı. Komandirləri Nicatdan çox razılıq edirdi. Dedim o ibadət edəndir, ona şərait yaradın. Sağ olsunlar komandirləri həmişə zəng edirdi mənə ki, Nicat bizim əsgərimiz yox, qardaşımızdır.

Həmişə zəng edəndə deyirdi, ata, burdan Göyçə gölü görünür. Azərbaycanımızın çox gözəl yerlərini işğal ediblər düşmənlər, bu torpaqları onlara verməyəcəyik.

 Bir dəfə dedim ki, ananla gəlirəm. Dedi anam gəlsə, mən gedib qalxacağam dağa görüşməyəcəyəm. Bu qədər kişilərin yanına qadına əziyyət verib niyə gətrirsən, olmaz! Özüm gələcəyəm. Həmişə yemək-içmək göndərərdik Nicata, hamısını əsgərlərə verirdi".

Şəhid anası Yeganə xanım deyir ki, Nicat ali məktəbə qəbul olmamışdı. Getdi hərbi xidmətini çəkdi gəldi, hazırlaşıb universitetə qəbul oldu:

"Hər gün tezdən saat 6 tamamdan günorta 12-yə kimi oxuyurdu, kiçik bir dükanda işləyirdi. Bütün hazırlıq pulun oradan düzəldirdi. Çox səliqəli, çox xoş ünsiyyətçil idi. Könüllü olaraq bir sıra dövlət tədbirlərində fəal iştirak edib.

Tovuz hadislərindən sonra Nicat bir an belə sakitlik tapmadı. Adını könüllü olaraq yazdırdı, günlərlə Milli Qəhrəman Polad Həşimovun videolarına baxıb deyirdi ki, bu qisas  yerdə qalmaz. Deyirdim Nicat ölməyə yaman tələsirsən. Deyirdi, ana, ölməyə yox, öldürməyə!

Nicata hərbi komissarlıqdan zəng gələndə çox sevinirdi, qonşular belə qarşısına durdu ki, getmə evin tək oğlusan. Mən son görüşdə çox narahat idim, mənə dedi belini bükmə, başını dik tut, sən bu cür oğulun anasısan. Narahat olma, torpaqlarımızı azad edəcəyik!

Bir dəfə Nicatın telefonuna baxırdım, gördüm dostu ilə bir yazışması var, müharibəyə getməzdən qabaq. Dostu yazıb ki, sən niyə gedirsən könüllü? Sən Qarabağ görmüsən? Nicat da deyir ki, bu qədər güclü ordumuz var, biz qədər güclənmişik. Amma erməni bizim torpaqlarımızdan çıxmaq istəmir. Gedib bu torpaqlarda şəhid olan, qaçqın düşən,əziyyət çəkən hər kəsin qisasını alacağıq. Vətən çağırırsa, biz müsəlləh əsgərik!"

Şəhidin bacısı Nigar xanım deyir ki, qardaşımın əsgəri deyirdi ki, biz Hadrut istiqamətində hərəkət edirdik. Yollar çox qaranlıq dumanlı idi: "Nicat bizə dedi ki, nəsə havadan bir təhlükə yağır. Yanımızda yaralı vardı, qədər yorğun olsa da, Nicat onu da ordan çıxarmağa çalışırdı. Bir neçə saatdan sonra bizi atəşə tutdular. Nicat kömək etdiyi əsgərin yanında bərk yaralanmışdı. Allah rəhmət eləsin, çox igid, vətənpərvər oğul idi..."

Şəhidin atası Şükürov Ayaz deyir ki, 1991-ci ildə çox qarışıq zaman idi.Qarbağdan kütləvi qaçqınlar gəlirdi: "Əsgər yoldaşım da qaçqın gəlmişdi, ona çox dəstək oldum, uşaqları körpə idi. Digər qaçqınlara da əlmizdən gəlirdi yardım etdik. Bu yaxınlarda  Birinci İkinci Qarabağ müharibələri şəhidlərinin xatirə məqbərəsinin açılışında həmin dostum Birinci Qarabağ müharibəsi şəhidi İsrail Məmmədovun həyat yoldaşı İpək xanım dedi ki, Nicat getdi İsrailin qanını aldı.

Birinci Qarabağ müharibəsi bizim gözlərimizin önündə oldu, Xocalı müsibəti mənə o qədər ağır təsir etmişdi ki, inanın, mən hələ də o müsibətləri unutmuram. Həmişə evdə bu hadisələrlə bağlı övladlarıma danışırdım. Düşmənin etdiyi vəhşilikləri göstərirdim, uşaqlar da o təəssüratlarla böyüyürdü. Bir az böyüyəndən sonra mənə deyirdi, ata, siz necə bu haqsızlıqlara dözmüsünüz. O vaxtı ordu qurculuğu yox idi, yeni dövlət idik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövründən sonra bizdə hər şey inkişaf etdi. Onun siyasəti bizi çox qabağa apardı, bütün dünyaya öz sözümüzü deyə bildik. Bu gün onun siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. Şükür bu günə! Biz qalibik, biz güclü dövlətik, bu cür qəhrəman oğulların sayəsində biz torpaqlarımızı azad etdik, başımızın üstündən bu qaralar birdəfəlik getdi".

Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Şükürlü ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, təhsil aldığı 49 saylı "Intellect" liseyində şəhidimizin büstü qoyulub, yaşadığı küçədə barelyefi qoyulub. Digər məktəblərdə sinf otaqları adına verilib. Adına xatirə bulaq kompleksi var.

Ailənin ən böyük arzusudur ki, böyüyüb-boya başa çatdığı küçə Şükürlü Nicat Ayaz oğlunun adına verilsin.

Ruhun şad olsun, Vətənin qəhrəman oğlu!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2022.- 9 dekabr.- S.11.