“90-cı illərdə tökülən qanlı göz yaşımızı oğullarımız Şuşada xarıbülbüllə sildi!”

 

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biri də şəhid Əliyev Saleh Namiq oğlu dur.

Saleh Əliyev 1992-ci il avqustun 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olub. 1998-ci ildə Birinci Qarabağ müharibəsi şəhidi Milli Qəhrəman Elxan Misirov adına 71 saylı  orta məktəbdə təhsilinə başlayıb. 2014-ci ildə Sənaye Texnologiya Kollecini bitirib. 2014-cü ilin yayında hərbi xidmətini Qazax rayonun Kəmərli kəndindəki "N" saylı hərbi hissədə keçirib. 2016-cı ildə hərbi xidməti başa vurub. 2020-ci ilin iyulunda başlayan Tovuz döyüşləri zamanı Milli Qəhrəmanı general-mayor Polad Həşimov şəhid olandan sonra Orduya könüllü yazılıb. Sentyabrın 21-də İkinci Qarabağ müharibəsinə qoşulub.

Şəhid anası Əliyeva Solmaz Famil qızı deyir ki, üç övladımız vardı. Böyük övladım şəhidim Saleh idi. Balamla bağlı o qədər xatirələr var ki, danışmaqla bitməz:

"Hələ uşaq vaxtı Sabunçu rayonunda 82 saylı baxaçaya gedirdi. Həmişə müəllimləri deyirdi ki, çox səliqəli, təmiz uşaqdır. Böyük bir kişi kimi qardaşının qaydına qalır, qayğısını çəkirdi. Uşaq vaxtı cüdo ilə məşğul olurdu. Bir dəfə gec gəlmişdi, getmişdim arxasınca. Mənə hirsləndi ki, mən uşağam arxamca gəlirsən? Mən kişiyəm, özüm gedib-gələcəyəm!

Saleh balacalıqdan şəhidlərimizi çox sevirdi. Şəhid Milli Qəhrəmanlar Salatın Əsgərova Çingiz Musatafayev haqqında şeirlər əzbərləmişdi. Məktəbdə elə alınıb ki, bundan şeiri soruşmağa vaxt qalmayıb. Müəlliməsindən çox küsmüşdü ki, mən şəhidləri sevirəm, niyə mənə şeir oxutmadı. Küsdüyü üçün həmin günü məktəbdən yarımçıq gəlib. Atam həmişə deyirdi ki, Saleh çox qeyrətli oğul olacaq. Siz görəcəksiniz o necə oğul olacaq. Balam 15 yaşından həm oxuyurdu, həm işləyir, evə həmişə kömək olurdu. Bir sirri olanda gəlib mənimlə bölüşürdü.Yadıma gəlir məktəbli vaxtlarında bir gün qonşuya kömək lazım oldu. Pəncərdən gördüm ki, Saleh qonşunun ağır yüklərini daşıyır. Çağırdım ki, Saleh, sən uşaqsan axı, o yükü götürə bilmərsən. Dedi, ana, axı onun oğlu yoxdur kim kömək etsin? Onun bu cavabından utandım. Gedib özüm kömək etdim qonşuya.

Onu oxumaq üstündə çox incidirdim ki, oxusun. Qohumlardan bir neçəsinin adını çəkdi. Dedi, filankəslər oxuyubmu? Yox. Bax, mən elə oğul olacağam ki, onlardan da üstün! İnsana fərasət, bacarıq lazımdır".

Şəhid atası Namiq Əliyev deyir ki, oğlum texnikanı çox sevirdi:

"Əvvəldən bir motoskleti vardı, daha sonra işləyərək avtomobil aldı. Elə baxın, qapıda qalıb, heç tərpətməyə əlimiz gəlmir. Arada qardaşı sürür.

Nəsə bir problem, çətinlik olanda özü həll edirdi. Heç vaxt bizi incitməzdi.

Ailənin sanki bir ağsaqqalı kimi idi. Usta gətirirdi evimizə ki, onu-bunu təmir edək. İşgüzar idi, ev quran idi bizim balamız. Çox xeyirxah uşaq idi. Dükan işlədirdik. Dükanmızdan bütün qərənfilləri aparıb qəbirlərin üstünə paylaşdırırdı.

Şəhidimizin anası Əliyeva Solmaz xanım deyir ki, məhləmizdə bir dostu avtomobil qəzasında rəhmətə getmişdi:

"Həmin uşağın anası mənə bu yaxınlarda danışır ki, bir gün getdim ki, Saleh oğlumun qəbrinin üstünü təmizləyir. Dedim, Saleh, sənə kim dedi buranı təmizlə? Mənə dedi ki, mənə bunu kimsə deməlidir ki?! Tez-tez nənə babasın ziyarət edərdi, onları çox sevirdi uşaqlıqdan.

Pandemiya vaxtı dövlət ona 190 manat məvacib verirdi. O gətirib mənə 90 manat verdi, heç soruşmurdum. Bir dəfə soruşdum bəs o 100 manatı necə etdin? Dedi ki, ehtiyacı olan ailəyə verirəm, ana, onlar çox acınacaqlı vəziyyətdədir. Çox rəhimli uşaq idi. Bir gün burada qurunt suları məhlələri basdı, evlərin polları çox pis vəziyyətə düşdü. Həmin vaxtı qonşunun pollarını təmir etdirirdi. Bu da ordan çıxan taxtaları öz avtomobilinə yığıb apardı Maştağaya ehtiyacı olan dostlarına ki, qışda körpələri əziyyət çəkməsin. Saleh xalçayumda işləyirdi. Bir gün gördüm 4-5 dənə xalça gətirib, yuduzdurub, asdırmışdı. Bütün köhnə xalçaları apardı təkrar bərpa etdirməyə. Aparıb ehtiyacı olan dostuna verdi. Aparıb qaz balonlarını doldurub verirdi tanışlarına. Deyirdi, ana, körpələri var.

Bu, bizim üçün çox böyük acıdır, ancaq qüruru, fəxri daha böyükdür. Mən fəxr edirəm ki, Saleh kimi oğulun anasıyam! Həmişə dostlarına deyirdi ki, biz generalımızın qanını alacağıq! Mənim oğlum Saleh kimi oğullar 1990-ci illərin şəhidlərinin qanını aldılar. Gənclərmizə bir tövsiyəm var, çalışsınlar bu torpaqları heç vaxt daha erməni mənfurlarına verməsinlər.

Allah cənab Prezdentimizə cansağlığı versin. Onun dəmir yumruğunu qalib Ordumuzun sayəsində biz qalib olduqə Sağ olsun müstəqil Azərbaycanımız! Sağ olsun Ali Baş Komandanımız! Allah cəmi şəhidlərimizə rəhmət eləsin!"

 Hazırda Şəhid Əliyev Saleh Namiq oğlunun adına yaşadığı evin qarşısında ailin şəxsi vəsayiti hesabına xatirə bulaq kompleksi qurulub. Təhsil aldığı orta məktəbdə adına sinif otaqları, həmçinin 176 nömrəli orta məktəbdə sinif otağı var. Anası bildirir ki, 82 saylı baxaçaya oğlumuzun adının verilməsini istəyərdik.

Azərbaycan Ordusunun əsgəri olan Saleh Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Saleh Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Saleh Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2022.- 23 dekabr.- S.16.