Sönmüş çıraq  

 

 

 

Analarımız körpələrini yatırmaq üçün beşik başında laylalar oxuyar. Bu laylaları eşidən hər kəsin ürəyinə həzinlik, fərəh gələr, körpələr isə xumarlanıb yuxuya gedər. Lakin Sədaqət ananın oxuduğu laylalar adamı lərzəyə salar:

 

Bağçamızda miyana,

Gül sünbülə dayana.

Oxu, bülbülüm, oxu,

Bəlkə balam oyana.

 

11 aydır Sədaqət ana Şəhidlər Xiyabanında yatan oğlu Ceyhunun başdaşını qucaqlayıb, oğlunun rahat yatması üçün laylalar deyir:

 

Əziziyəm, zirəsən,

Zəfəransan, zirəsən.

Qurban olum o günə,

Bir qapıdan girəsən.

 

 

 

Qışın soyuğu, yayın istisi anaya mane olmayıb ki, bir gün oğlunun ziyarətinə gəlməsin. Yağış yağanda ananın gözünün yaşından utanıb kəsib, külək əsəndə ananın fəryadından həya edib dayanıb, günəş istisini verəndə ananın yanğısından ürküb çəkilir. Amma 11 ayda ana susmayıb, rahatlıq tapmayıb fəryad edir. Az qala göydə uçan quşlar da bu fəryada alışaraq ananın dili ilə "Ceyhunum, Ceyhunum" deyib səs-səsə verirlər.

1990-cı ildə Nüsrət kişi ilə Sədaqət xanım ailə qurmuşdur. Üç oğula sahib olan Nüsrət kişi halal zəhməti ilə ailəsini dolandırırdı. 1992-ci ildə yağı düşmənlərimiz ölkəmizə hücum edəndə Nüsrət kişi ailəsini Allaha əmanət edib, vətənini qorumağa getmişdir. 1994-cü ildə atəşkəs olsa da, evinə dönməmiş, Murovdağ istiqamətində hərbi xidmətdə qalmışdır. Həmin ilin may ayının 20-də Nüsrət kişiyə şad xəbər gəlmiş: "Gözün aydın, oğlun olub, igid Ceyhunun dünyaya gəlib".

 

Bəli, həmin gün Azərbaycanın daha bir igidi dünyaya göz açmışdır. Ata isə oğlunu üç aydan sonra görə bilmişdir.

 

90-cı illərin sonunda müəyyən səbəblərə görə ailə Rusiyaya köçür Ceyhun orta təhsilini Voronej şəhərində alır. Savadına görə ibtidai təhsilini 2-ci sinifdən başlayır, yəni bağçadan birbaşa 2-ci sinifə götürülür. 2008-ci ildə isə Şalıyevlər ailəsi vətənə qayıdır Ceyhun təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirir. 2011-ci ildə ali məktəbə qəbul üçün test üsulu ilə imtahan verərək 600 bal toplayır Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur.

 

Lap kiçik yaşlarından oxumağa, elmə maraq göstərirdi. Ceyhunun savadı, intellektual səviyyəsi o qədər yüksək idi ki, bu da onu yaşıdlarından fərqləndirirdi. İki dildə (rus ingilis dili) səlis danışığı işində daima uğur qazanmağına şərait yaradırdı. 

 

Ceyhun özü öz uşaqlığını əlindən almışdır: uşaqlar oyuncaqlarla oynamağı sevər, igidimiz isə mütaliəni. Son qəpiyini kitaba verərdi.

 

Ceyhunu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular, qürur oyadır istər-istəməz qəhrəmanın ruhu qarşısında baş əyirsən.

 

Daxilən utancaq, az danışan, qız kimi həyalı olan Ceyhun məhəllənin sevimlisi idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı. Uşaqlıqdan qohuma, qonşuya, dost-tanışa dayaq olubdur. Məhəllədə kiminsə köməyə ehtiyacı olanda Ceyhun çağırılardı.

 

Uşaqla uşaq, böyüklə böyük kimi olurdu. Uşaqlıqdan dostcanlı, qohumcanlı, mehriban idi. Ceyhunu tanıyanlar bu xüsusiyyətlərinə görə onu çox sevirdi.

 

2015-ci ildə məzun olandan sonra Ceyhun həqiqi hərbi xidmətə gedir, 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərinin iştirakçısı olur.

 

Hərbi xidmətdən gələndən sonra xarici ölkələrdə olan universitetlərin magistraturasına imtahan verir ABŞ-da magistraturaya daxil olur. Lakin ailənin maddi vəziyyətinə görə gedə bilmir Azərbaycanda qalıb müxtəlif yerlərdə işləyir.

 

Ceyhun Nüsrət oğlu Şalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 1-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ceyhun Şalıyev Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ceyhun Şalıyev ölümündən sonra "Vətən uğrunda" medalı "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Təxminən iki saat Sədaqət ananın qonağı oldum. Bəzən oğlunun artıq həyatda olmadığını unudub, onun barəsində gülə-gülə danışırdı: "Hər gün işə gedəndə arxasınca su atırdım. Sanki uzaq ölkəyə gedir. Bərk-bərk qucaqlayıb öpürdüm. Sonra tez pəncərənin önünə keçib ta gözdən itənə kimi əl sallayırdım. İşdən gələn vaxtı isə təkrar pəncərənin önünə keçib, Ceyhunumun yolunu gözləyirdim. Balamın boyunu görən kimi sevincimdən uçurdum".

 

Qəfildən ananın üzündə təbəssüm donur, ayılırdı ki, oğlu yoxdur başlayırdı ağlamağa. Bu ağlamaqda dəhşətli bir məqam vardı: göz yaşı yox idi. On bir aydır dayanmadan axan göz yaşı artıq qurumuşdu. Ana özünü döyəcləyir, Ceyhunsuz niyə yaşadığına üsyan edir, həyatının bitdiyini söyləyir sonra üzünə təbəssüm gələrək xırıltılı səslə deyir: "Allah böyükdür, tezliklə məni Ceyhunuma qovuşdurar. Balaca körpəmi tək qoymaram. Sönmüş çırağım o biri dünyada yanar...

 

Ceyhunla mənim aramda tam fərqli sevgi vardı. İki oğlum bir yana, Ceyhun bir yana. Sözüm-söhbətim onunla idi. Məsləhət yerim, güvən yerim, arxam, dayağım idi. İndi arxasız qalmışam. Ceyhun mənə qıymazdı, indi yəqin atasının yuxusuna girib məni tapşırır:

 

Söylə gülləri solan anama,

Əli qoltuqda qalan anama,

De baba, oğlu ölən anama,

Yaralanmışam, dura bilmirəm.

 

Sədaqət ana yana-yana Ceyhunun sevdiyi qızdan danışırdı: "Payızda nişan aparacaqdım. Deyirdim, ay oğul, toyunda Şah bəzəyəcəm. İndi o, dəbdən düşüb, amma sənin toyunda onu edəcəm. İndi Şahı məzarı üstündə bəzəmişəm...

 

Mən sənə zinət heç vurmamışam,

Toy otağını bəzəməmişəm,

Boynuna xalat mən salmamışam,

Ayrılma məndən, ey cavan balam.

 

Bu vaxt söz tapmıram deyim. Təsəlli , məsləhət verə bilmirəm. Sadəcə indi bunu deyirəm: Əziz Sədaqət xanım kimi analarımız, ağlamaqdan qurumuş göz yaşlarınıza, fəryaddan xırıldayan səsinizə qurban olum. Bir ildir ağladınız, fəryad etdiniz, daha bəsdirin. Bükülən qamətinizi, əyilən başınızı qaldırın. Çünki sız Ceyhunun, Muradın, Camalın, Əkbərin, Xudayarın, Muxtarın... (adlarını yaza bilmədiyim şəhid analarından üzr istəyirəm)  ANASISINIZ. Tam əminliklə bilirəm ki, bu oğullar da analarını belə görmək istəməzdi, ona görə qəhrəman oğullarınıza xətir dik durun, çünki siz ŞƏHİD ANASISINIZ.

 

Məhəmməd peyğəmbər (s.a.s) şəhidlər haqqında demişdi: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".

 

Ceyhun dünyaya ilin ən gözəl fəslində göz açmışdı özü baharın vurğunu idi. Şəhidlik zirvəsinə yüksələndə ömrünün bahar çağını yaşayırdı. İllər ötəcək, hər kəs qocalacaq, lakin Ceyhun Ceyhun kimi şəhidlər yaddaşlarda ömrünün bahar çağını yaşayan igid kimi qalacaqlar. 

Sonda bunu deyə bilərəm ki, Ceyhunun timsalında təkcə Şalıyevlər ailəsi yox, bütün Azərbaycan bir igidini, bir  qəhrəmanını itirib.

 

Başın sağ olsun, Vətən!

Qarabağ Azərbaycandır!

 

 

Kəmalə XƏLİLQIZI

 

Hərbi And.- 2022.- 11 fevral.- S.16.