“Qarşımdan keçən maşın
onun tabutunu aparırmış...”
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid mayor Elnur Əliyevin evindən hazırlanıb.
Mayor
Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1983-91-ci illərdə Dədəli kənd orta məktəbində təhsil alıb. 1994-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vurub. 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirən kimi N saylı hərbi hissəyə motoatıcı taqım komandiri təyin olunub. 2014-cü ilin noyabrından etibarən Füzuli rayonundakı N hərbi hissəsinin səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi təyin olunub.
Yol
Dümdüz asfaltın üzərində güllənib naxış vuran yağış damcılarından məni namnazik şəffaf şüşə səthi ayırır. Bozumtul rəngə çalan buludların dərinliklərindən qopub avtobusun pəncərəsinə toxunan, sonra da diyirlənib torpağa damcılayan soyuq su damlaları düşüncələrimə bir az kədər, bir azca da ağrı qatır. Ucunu tutub getdiyim bu yol bir azdan məni 2016-cı il aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş mayor Elnur Əliyevin evinə çatdıracaq.
Şəhidin həyat yoldaşı ilə reportajdan əvvəlki söhbətimiz yadıma düşür. Nuranə xanım söz arası qəfildən deyir: “Elnur bir gecə də olsun indi biz yaşadığımız evdə yaşamadı. Bu evdə bir stəkan çay içib, bir tikə çörək yemədi. Eləcə 3-4 dəfə qaçaraq gəlib evin yeri-yurdu, təmiri ilə maraqlanıb, getdi”...
Görəsən, indi getdiyim bu yolu üç il bundan əvvəl sonuncu dəfə gedən mayor ürəyindən nələr keçirib, nələr düşünürmüş? Yəqin ki, ailəsi ilə birgə köçəcəyi evlə bağlı müxtəlif arzular qururmuş. Nə zamansa gözəl günlərin sorağı ilə yeni evinin kandarından içəri keçəcəyinin xəyal edirmiş...
Ev
Evin qapısından içəri daxil olanda divarın bir hissəsində şəhid üçün yaradılmış guşədə Elnur Əliyevin portretləri, tərifnamələri, orden və medalları ilə qarşılaşıram. Otaqdakı canlı və cansız hər şey nə zamansa dipdiri, sağlam, ürəyi həyat, vətən eşqi ilə döyünən bir insanın varlığından xəbər verir. Şəhidin 6-cı sinifdə oxuyan oğlu Elvin, qardaşı Amid, bacısı Turanə və qaynanası Şairə xanım masa ətrafında əyləşiblər. Otaq adamla dolu olsa da ətrafa ürəyə işləyən səssizlik hakim kəsilir. Saçları gümüşü rəngə çalan, xınadan, boyadan özünü məhrum edən Şairə xanımın səsi yan-yörəmizi bürüyən sükuta hücum edir:
“Elnur dayımın ilk övladı idi. Mənim toyum
olanda onun altı yaşı vardı. O, həmişə mənə
bacı deyərdi. Amma sonralar tale elə gətirdi
ki, qızımla ailə həyatı qurdular. Onun iyirimi yaşı olanda anası cavan yaşda rəhmətə
getdi. Amma rəhmətə getməzdən əvvəl mənə
dedi ki, qızın Nuranə Elnurundu. Allah təala
mənə oğul yox, üç qız vermişdi. Elnur mənim həm oğlum, həm də kürəkənim
idi. Elnur da, Nuranə də öz
razılıqları ilə ailə qurdular”.
Qardaş
Elnur
Əliyevin qardaşı Amid Əliyev də
hərbçidir. Qardaşın gözlərinin dərinliyindən
boylanan qüssə, simasını bürüyən nisgil
şəhid qardaşının ölümünə
heç cür alışa bilməməsindən
xəbər verir. “Mən evin balacası
olmuşam. Elnurun hərbçi
olmasında atamın rolu çox olub. 80-ci illərin
sonunda qatarla rayonlardan birinə gedən atam yolda Cəmşid
Naxçıvanski adına məktəbin
tələbələrini görür. Onların
səliqə-sahmanı, duruşu atamın xoşuna gəlir.
Evə gələn kimi anama deyir ki, Elnuru ora
aparacam, hərbçi olsun. Sonralar Elnuru hərbçi
paltarında görməyim, onun hərbə olan sevgisi məndə
də bu sahəyə maraq oyatdı. Bu haqda Elnura deyəndə
o, mənə bircə kəlmə dedi: “Dözə biləcəksənsə,
gəl.”
Ürəkli oğlan idi. Uşaqlıqdan
qorxunun nə olduğunu bilmirdi. Bizim ailədə,
nəsildə Elnur əvvəldən seçilmiş insan idi.
Ömrünün 22 ilini hərbdə xidmət
etmişdi. Bu illərin yalnız bircə
ilini arxa cəbhədə oldu. O, arxada heç cür
qala bilmirdi, həmişə irəlidə olmağa tələsirdi.
Həyatındakı ən əlamətdar
günlərdə, nişanında, ilk övladı
doğulanda belə gələ bilməmişdi.
Elə sözlər, fikirlər var ki, onları sözlə
ifadə edə bilmirəm. Vətən bizim
hamımızındır. Hər birimiz necəsə
üstündə gəzdiyimiz torpağa öz borcumuzu
qaytarmalıyıq. Bizim də qismətimizə
hərbçi olmaq düşüb. Mən
Elnurda vətən eşqinin, məhəbbətinin nə
olduğunu dəfələrlə görmüşdüm.
Hərbçi formasını geyinmək, səngərə
gedib torpağın üstündə yatmaq da vətən
sevgisidir, amma hər şey hələ bununla bitmir.
İnsanın həyatında elə bir məqam ola bilər ki, bu sevgini sübut etmək
üçün ondan onun canı tələb olunsun. Elnurun ölümü, onun əhatəsində olan əsgərləri
xilas etməsi onun vətənə, insanlığa olan
sevgisinin sübutu idi.
Aradan
üç il keçsə də elə
bir gün, saat olmayıb ki, onu xatırlamayım. Evdə də,
işdə də dəfələrlə hansısa işlə
məşğul olarkən qəfildən Elnur gözlərimin
önündə canlanıb, onunla
yaşadığımız günlər yadıma
düşüb və həmin an
qollarım boşalıb. Onun itkisi mənim
içimdə həmişə qövr edən, açıq
qalan yaradı. Bu yaranın nə zamansa
qaysaq bağlayacağına, üzünün örtüləcəyinə
inanmaram. Düzdür ailəsinin,
övladlarının yanında özümü tox tutmağa,
güclü görsənməyə çalışıram.
Övladlarının möhkəm, əzmli
böyüməsi üçün biz məcburuq ki, onun
yoxluğunu qəbul edək, ya da ən azından
özümüzü qəbul etmiş kimi göstərək.
Amma çox çətindir, çünki Elnur
hərədə bir cür iz qoyub gedib. Bütün
bunlarla yanaşı həmişə fəxr edirəm ki, bu
cür insanın qardaşıyam”.
Ön cəbhə
Bayaqdan
hiss olunan həyəcanını yatırmaqdan ötrü asta
da olsa otaqdan otağa keçən, gəlib masa ətrafında
əyləşməyə ürək etməyən Nuranə
xanım avazımış çöhrəylə, titrək
səslə elə ayaq üstü söhbətə
qoşulur: “Məni Elnura el verdi, el də aldı. Bizə kimsə elçi gəlmək istəyəndə
hamı deyirdi ki, o, Elnura deyiklidir. Özümüzün
də xəbərimiz olmadan el bizi birləşdirmişdi.
2005-ci ildə ailə qurduq. Elə ilk günlərdən
də onunla birlikdə ön cəbhələrdə oldum.
Olduqca çətin şəraitlərdə
yaşamışıq. Ailə qurandan sonra yaşayacağımız
ev ucqar bir dağın başında yerləşirdi.
Adi məişət əşyalarımız
soyuducu, qaz, elektrik sobamız belə yox idi. Evi odun sobası ilə qızdırırdıq.
Övladlarımın hər ikisini də həmin
kənddə dünyaya gətirmişəm. Amma bir dəfə də olsun onunla
yaşadığım həyata, taleyimə etiraz etməmişəm.
Çünki mən kiminlə ailə
qurduğumu əvvəlcədən bilirdim. Biz
yaşadığımız kənd hər an
düşmən təhlükəsinə məruz qala bilərdi.
Kəndlə Elnurgilin postu yaxın idi. Elnurla təzə ailə qurduğumuz günlərin
birində bir dəfə o, çox yorğun gəlib möhkəm
yatmışdı. Birdən gecə saat ikidə yuxudan
ayılıb, dedi “mən gedirəm, uşaqlar postda tək
qalıblar”. Mən onda başa düşdüm
ki, Elnur o dağın başında məni evdə tək
qoymağa razıdı, amma postdakı əsgərlərini nəzarətsiz
qoymağa yox. Sözün düzü, onun
bu hərəkəti mənə toxundu. Soruşdum
ki, sən gedirsən, bəs mən tək necə qalım?
Gülümsəyib dedi: “Sən mən evdə olanda qorx, orda
olanda qorxma!”
Həmişə anamgilə də deyirdim ki, nəsə
hadisə baş versə, onun düşünəcəyi ən
son adamlar ailə üzvləri olar. Biz onun üçün
siyahının ən axırındaydıq. Çünki onu birinci düşündürən
başqasının balaları, övladları idi. Hərbçilər öz doğmalarının
göz yaşlarına qıyırlar, amma onların
tabeçiliyində olan əsgərlərin ailələrinə
qıymırlar. Yəni bunlar söz xətrinə
deyilən sözlər deyil. Mən onunla birgə
yaşadığım on bir il müddətində
bu dediklərimin şahidi olmuşam.
Yuxu
Elnur Əliyev şəhid olan günün gecəsi Nuranə
xanımın oğlu Elvin qəfildən atasının səsini
eşitmək, onunla danışmaq istəyir. Lakin onun zəng
və mesajları cavabsız qalır. O, məcburiyyət
qarşısında qalıb, uşaqlarını aldadır. Deyir ki, atanıza mesaj yazdım, yaxşıdı.
Siz yatın, o, da bir azdan gələcək.
Uşaqlarını sakitləşdirmək üçün
onlarla birgə uzanan Nuranə xanım yuxuya gedir:
“Gördüm ki, evimizi mühasirəyə alıblar,
çıxacaq heç bir yerimiz yoxdur. Öz-özümə
fikirləşirəm ki, mən cəhənnəm, bəs
uşaqları harda gizlədim ki, düşmən tapa bilməsin.
Birdən ağlıma gəlir ki, onları
paltar şkafının içərisində gizlədim.
Yuxudan ayılandan sonra narahat olmağa
başladım”.
Mesaj
Nuranə xanımın gördüyü yuxunun qorxusuna kənddən
gələn atışma, silah səslərinin vahiməsi də
qarışır. Aprelin 2-də səhərə yaxın o,
həyat yoldaşına növbəti mesajı yazır.
“Təxminən iki dəqiqədən sonra
telefonuma Elnurun nömrəsindən mesaj gəldi “Yazmayın!”
Bundan sonra mən daha da narahat oldum. Axı o, niyə mənə yazma yox, yazmayın
yazdı? Bu rəsmiyyətə səbəb
nə idi? Amma yenə də ağlıma
şəhidlik, ölüm kimi fikirlər gəlmədi.
Öz-özümə təskinlik verdim. Bəlkə telefonu kiməsə başqa yoldaşa
verib, bəlkə özü harasa gedib. Bundan
sonra daha heç nə yazmadım. Fikirləşdim
ki, məsələ ciddidir, onu narahat etmək olmaz!”
Son gəliş
“Son dəfə martın 30-da evə gəldi, çox
bikef idi. Baxdım ki, gözlərinin altı da
qızarıb. Plov bişirmişdim. Süfrəyə plovu gətirəndən sonra Elnurun
stəkanında ona kompot süzdüm. Mənim
də adətim idi, ona çayı, kompotu həmişə
yarımçıq süzürdüm. Bu
da onun acığına gəlirdi. Amma həmin
gecə Elnurun stəkanını sonuna qədər doldurdum.
Özü ilə də zarafatlaşdım.
Dedim, bax, bu dəfə stəkanını axıra qədər
doldurmuşam, ömrün uzun olacaq. Elə bil, həyat
özü bizi son ana hazırlayırmış... Səhəri günü o, martın 31-də erkəndən
məndən xəbərsiz oyanıb, getmişdi. Sonra günortaya yaxın mənə mesaj yazdı ki,
heç səhər-səhər məni yola salmadın.
Həmin günü ona heç bir zaman demədiyim ən
gözəl sözləri dedim. Ona son sözüm belə
oldu: “Sənsiz həyatı mən neynirəm?” Həmin
yazışma bizim vida yazışmamız oldu”.
Son
döyüş
Aprelin 1-dən 2-nə keçən gecə Elnur
Əliyev əsgərləri ilə düşmən olan tərəfə
keçirlər. Düşmən tərəfdən onlar
olan istiqamətə dalbadal əl qumbaraları atılır.
Onlar bir neçə dəfə bundan
yayınsalar da növbəti qumbara düz mayor və əsgərlərinin
yanına düşür. Sağ qalan əsgərlərin
sonradan nəql etdiklərinə görə partlayış
baş verən zaman ətrafındakı əsgərlərə
heç nə olmasın deyə mayor özünü
qumbaranın üstünə atır. Sinəsini
dələn yaradan elə yerindəcə dünyasını dəyişir.
Təcili
yardım
Ölümü eyninə gətirməyən Nuranə
xanım aprelin 2-də heç nədən xəbərsiz
uşaqlarını dərsə aparır. Ancaq evə
qayıdan kimi müəllimədən zəng gəlir ki, vəziyyət
pisdir, uşaqları məktəbdən götürmək
lazımdır. Ağlına heç nə
gətirməyən Nuranə xanım ərinin şəhid
olmasından xəbərdar olan bütün kəndin
qayğılı, kədərli, qorxulu baxışları
altında məktəbə yollanır. Yolda
cəbhə bölgəsindən gələn təcili
yardım maşınları ilə rastlaşır. Qorxu canını bürüyür. Nuranə
xanım sonralar bilir ki, sən demə, onun
qarşısından ötüb keçən səsli-küylü
təcili yardım maşınlarından birinin içərisində
onun həyat yoldaşının cansız bədəni də
olub...
Son
Son ana qədər mətanətlə dözən,
ölümü nə həyat yoldaşının, nə də
özünün həndəvərinə yaxın buraxmayan
Nuranə xanıma ərinin ölüm xəbəri gəlib
çatır.
“Bütün kənd Elnurun şəhid olmasını
bilirmiş. Bircə məndən başqa. Hamı
bizim evdən çıxan ilk səsi gözləyir ki, bizə
axışsın. Elnurun əmisi, bibisi də
bizə gəlirlər. Onlar da xəbəri
bilirmişlər, amma deməyə ürək etmirlər.
Ortancıl qaynıma zəng vuranda o, ağlaya-ağlaya dedi: “Belimiz
qırıldı”. Bilmirəm, amma həmin
vaxtı niyəsə ağlıma gəldi ki, Elnuru kənddəki
hospitala aparıblar. Qapını
açdım ki, bayıra çıxım, gördüm
bütün kənd bizim həyətdədir. Adamları yarıb kənddəki hospitala tərəf
qaçmağa başladım. Onlar məni
tutub saxladılar, həyətimizə gətirdilər. Baxdım ki, qohumlarımız, Elnurun Bakıda
yaşayan dostları hamısı bizim həyətdədilər.
Həmin anda dedim ki, əgər Elnura nəsə olubsa, allah mənim də canımı alsın. Bu sözlər ağzımdan çıxanda
gördüm, boynuma bir əl dolandı. Elvin məni
qucaqlayıb, dedi ki, ana deyirlər atam şəhid olub, bəs
sənə də bir şey olsa, biz necə olacağıq? Elvinin sözləri sanki məni silkələdi.
Həmin an anladım ki, axı mən tək deyiləm,
balalarım var...
Mən həmişə öz həyatıma, bir də
Elnurun ömrünə güvənmişəm ki, bizim ikimizə
heç nə olmaz. Başqalarının həyatından isə
həmişə qorxmuşam. Amma onun
ölüm xəbərini eşidəndə heç nə
olmaz fikrinə olan inamım sarsıldı. Bir anlıq düşündüm, Elnur, axı mən
inanırdım ki, sənə heç olmaz. Hərdən
fikirləşirəm, əgər mən Elnurun ölüm xəbərini
eşidib ölmədimsə, deməli, bundan sonra da ölmərəm...”
Sevinc
Ağır olsa belə ətrafımdakı insanlar Elnur Əliyev haqqında, onunla bağlı xatirələrini danışmaq istəyirlər. Aradan ötüb keçən bu üç il heç kimin ürəyini sərinlətməyib, ağrısını azaltmayıb. Bayaqdan ala gözlərindən yaş süzülən, səssizcə, için-için ağlayan şəhidin bacısı Turanə xanım dillənir: “Mən ondan həmişə çəkinmişəm. Gözümü açıb özümü dərk edəndən onu qardaş yox, ata gözündə gördüm. Heç vaxt ona olan sevgimi büruzə verə bilmədim. Biz onlarla qonşuluqda, demək olar ki, eyni həyətdə yaşayırdıq. Sonuncu dəfə onu görməyə gələndə, uşaqlar dedilər ki, ata yatıb. Narahat etməyə qıymadım, evə də keçmədim. Eləcə pəncərədən onun yatışına baxıb getdim. Səhəri günün gecəsi isə qardaşım şəhid oldu.
Şəhid olan günü Nuranə ilə dayanmışdıq. Xəbər gəldi ki, Elnuru gətirirlər. Biz ikimiz də bir-birimizə baxdıq, içimizdən qəribə bir sevinc hissi keçdi. Necə gətirirlər, hara gətirirlər? Bəlkə ona heç nə olmayıb? Amma az keçmədi ki, ani sevincimiz yenidən yasa çevrildi. Gətirdikləri qardaşım yox, onun uzandığı tabut idi...”
Oğul
Şəhidin oğlu Elvin qardaşı Elxanla
birgə tutduğu gündəliyə atası haqqında
arzularını yazır: “Sənin oğlun olmaq qürurverici,
şərəfli hissdir. Hərdən fikirləşirəm
ki, niyə mən bu taleyi yaşamalıyam? Amma sonradan
öz-özümə deyirəm: Hamının atası mənim
atam kimi olmur. Sən seçilmiş adam olduğun
üçün dünyadan belə getdin!”
Samirə Əşrəf
Hərbi And.- 2022.- 3 iyun.- S.14-15.