VƏTƏNİN ŞƏHİD OĞLU  

 

 

Şəhidlər xalqın ürəyində taxt qururlar. Çünki onlar xalqın, millətin rifahı üçün öz canlarını fəda edirlər. Ölümün gözünə qorxmadan, çəkinmədən baxaraq addımlayan oğullar, əslində, ölümsüzlüyə doğru addımladıqlarını da bilirlər. Cənnətdə yüksək məqama layiq görülən qəhrəmanlar vətəni də ucaltmağı bacarırlar. Zirvələrdə dalğalanan bayrağın enməməsi üçün son nəfəslərini də, son damla qanlarını da qurban edirlər. "Təki bayraq enməsin, vətən torpağı bölünməsin", - deyərək xalqa, vətənə ümid olan 20 yaşlı vətən oğullarından biridir Atakişiyev Rüstəm Zahid oğlu.

 

Onun həyatda sınağı elə doğulandan başlamışdı. Həyata göz açdığı zamandan çətinliyin ağuşuna atılmışdı. 24 dekabr 2000-ci ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olan Rüstəm həyatı dərk edəndən anasının yaşamaqyaşatmaq üçün apardığı mücadiləsini görmüşdü. Həyatı ilk dərk etdiyi zamanlarda ən böyük arzusu anasını, bacıları Həzin və Aytacı günə çıxarmaq olmuşdu. Həyat onu sınaqları ilə böyütmüşdü. Həyatın çətinlik məktəbinə lap erkən yaşlarında başlayan Rüstəm 2007-ci ildə Qəbələ rayon Müşfiq Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Məktəbdən sonra anasına kömək məqsədi ilə işləmişdi.

 

Məktəbdə oxuduğu zamanlardan hərbçi olmaq arzusunu dilə gətirən Rüstəm bu arzusuna çata bilməmişdi. 2018-ci ildə məktəbi bitirən qəhrəman 2019-cu ildə həqiqi hərbi xidmətə getmişdi. Hərbi xidmətə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə başlayan Rüstəm xidmətinin 3-cü ayında könüllü olaraq adını Xüsusi Təyinatlı Qüvvələrin sırasına yazdırmışdı. Hərbçi olmaq arzusuna daha bir addım yaxınlaşan qəhrəman XTQ-nin bütün kurslarını müvəffəqiyyətlə başa vurmuşdu. O, bütün sınaqlardan 100 bal alaraq, əzmi və gücü ilə əsil hərbçi ola biləcəyini sübut etmişdi. Rüstəm atəş dəstək taqımının snayper manqasının baş snayperçisi olmuşdu.

 

2020-ci ilin fevralında Rüstəmin səhhətində problem yarandığı üçün 10 günlük məzuniyyətə göndərilib. Həmin o gəliş Rüstəmin evinə son gəlişi və doğmaları ilə son görüşü olub. Həmin gündən sonra ailəsi yalnız Rüstəmin səsini duya bilib.

 

2020-ci il Azərbaycan tarixinə qanlarla həkk olunmuş silinməz izlər düşdü. O izlər bizi xalq olaraq bütünləşdirdiyi kimi torpaqlarımızı da bütövləşdirdi. İyul döyüşlərindən sonra Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başladı. Düşmən bu təlimlərdən nəticə çıxarmaq yerinə atəşə daha yaxın getməyə başladı. O atəşdə yanan isə elə Ermənistan özü oldu.

 

17 sentyabrda Rüstəm İsmayıllı rayonunda təlimə qatılanlar sırasında yer alıb. Artıq Azərbaycan əsgəri çatmalı olduğu ünvanı yaxşı bilirdi. O ünvan Qarabağ idi. Qarabağın azadlığı uğrunda döyüşlər başlanan ilk gündən Rüstəm də vətənə və xalqa ümid olanlardan biri olub. Murovdağ, Kəlbəcər istiqamətində şiddətli döyüşlərdə iştirak edən qəhrəman həmin istiqamətdə mühasirəyə düşüb. Mühasirəni yarmağı bacaran qəhrəmanın döyüş yolu Füzuli rayonu istiqamətində davam edib. Qan gölünə dönən Füzuli torpağına Rüstəmin də qanı damlayıb. Çiynindən qəlpə yarası alan qəhrəman hospitala aparılıb. Dörd gün sonra Rüstəm sağlamlığına qovuşmadan israrla "Mənim silahdaşlarım şəhid olub. Əsgərlər mübarizə aparırlar, mən burada qala bilmərəm", - deyərək müharizəyə davam edib. Cəbrayıl uğrunda döyüşdükdən sonra Xocavənd istiqamətində irəliləyən dəstə Qırmızı Bazara az qalmış düşmən silahlıları ilə qarşılaşıb. Qəfil döyüş başlayıb. O döyüş Rüstəmin son mübarizəsi olub. Hiyləgər düşmən əsgəri özünü ölü kimi göstərərək qəfil atəş açıb. O atəş Rüstəmin min dərdə məskən olan ürəyinə isabət edib. Elə həmin an Rüstəm həyatla vidalaşıb.

 

21 oktyabrda Rüstəmin doğulduğu kəndə onun şəhid olduğu xəbəri çatıb. Kənd camaatı şəhidini qarşılamağa tədarük görsələr də ailənin bundan məlumatı olmayıb. Hətta Rüstəmin məzarı da qazılıb hazır vəziyyətə gətirilib. Oktyabrın 23-də səhər tezdən bələdiyyənin nümayəndəsini qarşısında görən Arifə ana bir anda çaşıb qalıb. Ona oğlunun ürəyindən ağır yaralandığını deyiblər. Onsuzda illərdi ürəyi yaralı gəzən Rüstəmin yaralandığı xəbərinə anası inanmayıb. Duyduğu xəbər önündə donub qalan ana oğlunun müharibədə olduğundan xəbərsiz olub. Rüstəm hər dəfə anası, bacıları ilə danışanda heç bir şey bəlli etməmək üçün çox gümrah səslə danışırmış. Sən demə, danışıqlarının birində o, xəstəxanada olub. Ancaq doğmaları nigaran olmasın deyə heç bir şey bəlli etməyib.

 

 

 

Bir neçə saat sonra evin kandarına asılan bayraq Rüstəmin şəhid olduğunun carçısı olub. Elə o an Rüstəmin bayrağa bürünmüş tabutu maşından endirilib. İki bacının, Arifə ananın naləsi yeri-göyü lərzəyə gətirib.

 

- gözlərini Rüstəm. Bizi dayaqsız qoyma. Bu sükut sənə yaraşmır. Axı sən bizim göz yaşlarımıza tab edə bilməzdin. Gözümüzün göz yaşları belə səni yuxudan oyatmır. Rüstəm...

 

23 oktyabr Rüstəmli həyatın, Rüstəmli arzuların sonu çatdı. Bir gün Rüstəmlə həyatın xoş üzünü görəcəyi ümidi ilə yaşayan Arifə ana tək oğlunu deyil, bütün ümidlərini Tüntül kənd məzarlığında dəfn etdi.

 

 Arzusu hərbçi olmaq olan qəhrəman bu arzunun sonu olan şəhadətə elə yolun başında çatdı. İllərlə hərbçi kimi vətənə qulluq etməsə də qısa zamanda illərlə davam edən mübarizəni sona çatdıranlardan biri oldu. Döyüşdə göstərdiyi şücaətləri hər kəs tərəfindən qiymətləndirilən əsgər Atakişiyev Rüstəm Zahid oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Şücaətə görə" medalı, "Cəsur döyüşçü" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Şəhidlər vətəni yaşatdıqları kimi vətəndaşlar da şəhidlərin adlarını yaşatmağa çalışırlar. Bu minvalla bir zamanlar Rüstəmin yaşadığı kənddə onun adına bulaq inşa edilib və həmin küçəyə qəhrəman şəhidimizin adı verilib. Bundan başqa, şəhidimizin adı bir neçə sinif otaqlarına verilib. Hər kəs vətənin şəhid oğlu ilə qürur duyur.

 

  ŞƏHİD RÜSTƏM

 

Zəfər salnaməsin qan ilə yazıb,

Tarixdə silinməz iz qoydun, Rüstəm.

Kol-kos ağuşunda qalan torpağa,

Ümidlə sarılıb sən oldun həmdəm.

 

 

Murov, Kəlbəcərin uca zirvəsin,

 

Sənin tək oğullar azad elədi.

Vətən torpağının bircə qarışın,

Qaniçən düşmənə ödünc vermədin.

 

 

 

İllərlə düşməndə qalan torpağın,

Ahını yığmışdı qəlbə oğullar.

Həmin o həsrətli, qəmli torpağa,

Yetirdi mərdləri o qanlı yollar.

 

 

 

Füzuli, Cəbrayıl neçə igidin,

Əzminin, gücünün şahidi oldu.

Xocavənd uğrunda mərd tək vuruşub,

Rüstəm, şəhid kimi əbədi soldun.

 

 

 

Ana, bacıların tək ümid yeri,

Zülümlü dünyadan cənnətə getdin.

Körpə yaşlarından qəlbi qəm çəkən,

Vətən, xalq yolunda can fəda etdin.

 

 

 

Manya SƏXAVƏTQIZI

 

Hərbi And.- 2022.- 4 mart.- S.16.