Qəhrəmanlıq nümunəsi

 

Azərbaycanın qədim tarixli, zəngin və əsrarəngiz təbiəti ilə yanaşı, bu ölkənin müstəqilliyi uğrunda neçə-neçə qəhrəmanlar  yetişdirmiş  rayonlardan biri də Lerikdir. Lerik  Azərbaycan Ordusunun hər zaman özünümüdafiə və əks-hücumu zamanı keçirilən əməliyyatlarda aktiv döyüşüb və vətən keşiyində sipər olub. Birinciİkinci Qarabağ Müharibəsində yüzlərlə oğul düşünmədən canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib. Lerikin balaca olsa belə, yaxın keçmişdə baş verən  müharibədə şəhid verən kəndi Dico kəndidir. Birinci Qarabağ Müharibəsində 1, İkinci Qarabağ Müharibəsində 2 şəhid verən kəndin əhalisi 100-ə qədərdir.

Şəhid Tahirov Firdovsi Balaxan oğlu 1997-ci il fevralın 18-də doğulub. Təbii ki, kənddə məişət həyatının əziyyətli olduğu danılmaz faktdır. Firdovsi Dico kəndində ibtidai təhsilini başa vurduqdan sonra kənddən 7 km aralıda qonşu kəndə təhsilini davam etdirməyə yollanır.  Hər gün 7 km gedir və qayıdır. Məqsədin varsa, əngəllər sənin üçün heçdir. Bu proses fasiləsiz şəkildə, payızın palçığına, qışın qarına məhəl qoyulmadan davam edildi.

Şəhidimizin qardaşı Həşimlə qəhrəmanımız haqqında danışdıq: “Firdovsi haqqında ancaq xoş xətirələrim olub. O, uşaqlıqdan bəri zəhmətkeş olub.  Mən Firdovsinin dərslərilə yanaşı, məişət işlərində də ailəsinə yardım etdiyinə şahid idim və bunları bir arada necə etdiyinə məəttəl qalmışdım. O, tələbə vaxtında da dərslərilə yanaşı, ailəsinə yük olmasın deyə dərsdən sonra müxtəlif işlərdə çalışırdı. Bizim son görüşümüz onun məzuniyyət vaxtına təsadüf edir. Dəqiq yadımdadır, məzuniyyətinin son günü idi. Səhər sübh həmişəki kimi mən yenə işə gedirdim. O, yan otaqda yatmışdı. Evdən çıxmağa hazırlaşanda onun yatdığı otağa gəldim, amma oyadıb görüşməyə ürəyim gəlmədi. Eləcə qapıda ona bir neçə dəqiqə baxıb işə getdim. Həmin anı gözəl xatırlayıram. Sanki dünən olub”.

 

Firdovsi 11-ci sinifi bitirərək ali məktəbə qəbul oldu. Qeyd edim ki, qəhrəmanımız heç bir repititor yanına getmədən orta məktəbdə öyrəndikləri ilə universitetə daxil oldu. Şəhid Firdovsi Tahirovun müəllimi Sahil müəllimlə də həmsöhbət olduq. O, qəhrəmanımızla bağlı xatirələrini bizimlə bölüşdü: “Çox sevimli və əziz şagirdim Firdovsi İkinci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olduruhu ən yüksək zirvələrə ucaldı! Cəsurluq, qoçaqlıq, vətənə sevgi Firdovsidə uşaq yaşlarından özünü biruzə verirdi. Dico kənd ibtidai məktəbini bitirdikdən sonra təhsilini mənim də müəllim kimi çalışdığım Tikəband kənd N. Hacıyev adına tam orta məktəbində davam etdirdi. Beləliklə, gələcəyin qəhrəmanı ilə Tikəband kənd tam orta məktəbin kollektivinin tanışlığı belə başlandı. Firdovsi qısa müddət ərzində məktəb kollektivi və kənd ictimaiyyəti arasında nüfuz sahibi oldu. Qeyri-adi istedada malik Firdovsi çox möhkəm yaddaşa, dərin düşüncəyə malik bir şagird idi. Bütün müəllimlərin sevimlisi idi. Heç bir fənnə fərq qoymadan yüksək məsuliyyətlə yanaşırdı. Yüksək istedada malik olması müəllimlərə heç bir əziyyət vermirdi. Sözü bir dəfəyə, adi bir işarə ilə anlayırdı. Vətənə olan dərin sevgisi, qəhrəmanlıq dolu keçmişimizi özündə əks etdirən tariximizə meylini daha da artırdı. Heç bir hazırlığa, əlavə məşğələyə getmədən yüksək nəticə əldə edərək ADPU-nunTarix müəllimliyi” ixtisasına daxil oldu”.

 

Şəhid Firdovsi Tahirovun müəllimi Sahil müəllim fikirlərinə davam edərək bildirdi ki, Firdovsi eyni zamanda onun yeganə şagirdi olub ki, qəbul imtahanında ixtisası tarix fənni üzrə 100% nəticə göstərib: “Özübunu məktəbdəki dərs prosesi zamanı əldə edib. Hamımız gələcəkdə onun böyük bir tarixçi olacağına şübhə etmirdik. Ancaq Firdovsi bundan da böyük bir işə imza ataraq canı bahasına, qanı bahasına gələcəyimiz üçün şanlı, şərəfli bir tarix yazdı. Cəlilabadda “N” saylı hərbi hissədə xidmətdə olan FirdovsiTovuz döyüşləri”nə könüllü yollanıb və fəal iştirak edib. Döyüşlər başa çatandan sonra yenidən əvvəlki xidmət yerinə qayıdıb. 27 sentyabr Vətən müharibəsi başlayanda, əlbəttə, Firdovsi buna biganə qala bilməzdi və könüllü şəkildə bu döyüşlərə qatıldı”.

 

Sahil müəllimin sözlərinə görə, 30 sentyabr bir çoxlarının olduğu kimi, həm də Firdovsinin günü idi: “Murov zirvəsi ətrafında gərgin döyüşlərdə qəhrəmancasına şəhid olaraq əbədiyyətə qovuşdu. Ruhun şad olsun, əzizim. Torpaqlarımız azaddır. Son zəng zamanı müəllimlərlə vidalaşanda dediyin sözlər hələ də qulağımdadır: “Əziz müəllimlər, haqqınızı halal edin, sizin qarşınızda baş əyirəm”. Ancaq tam əksinə oldu. Sən öz qanın, canın bahasına xalqımız üçün elə bir gördün ki, biz sənə borclu qaldıq. Sənin ruhun qarşısında biz baş əyirik. Haqqını bizə halal et, Firdovsi. Ruhun şad olsun. Səni heç vaxt unutmadıq və unutmarıq. Dico kənd qəbiristanlığında bir üçrəngli bayraq dalğalanır. Bunu hamı görür. Bu Firdovsidir. O, yaşayır və yaşayacaq. İllər, əsrlər, minilliklər boyu!”.

 

Orta məktəblə yanaşı, ali təhsil müəssisəsində də tələbə və müəllim kollektivinin hörmətini çox tez bir zamanda qazanmağı bacarmışdı Firdovsi.  Təhsili ilə paralel çalışan Firdovsi dərsdə axsamamağa səy göstərir və daima öz üzərində işləyirdi. Gələcəkdə elm nümayəndəsi olmaq üçün əlavə tarixi mənbələrə üz tutan qəhrəmanımız indi özü tarixi mənbədir.

 

2019-cu ildə təhsilini bitirən Firdovsi hərbi xidmətə yollanır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri sırasında xidmətini davam etdirir.  Komandir heyətinin xüsusi rəğbətini qazanır. 2020 – ci ilTovuz döyüşləri”nə könüllü şəkildə qatılır və düşməndən intiqam almaq üçün var gücü ilə döyüşür.  Xətasız-bəlasız döyüşərək xidməti yerinə qayıdır.

 

 

 

2020 ci il  27 sentyabr

 

Azərbaycan Ordusunun əsgəri olan Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Firdovsi Tahirov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Firdovsi Tahirov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Firdovsi Tahirov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi

 

Emin ŞİRVANZADƏ

 

Hərbi And.- 2022.- 4 mart.- S.9.