26 il ömrün 44 günü

 

Abbasov Elşən: “Bir anda dağın arxasından düşmənin iki qırıcısı üzərimizə doğru gəldi”

Abbasov Elşən Hüseyn oğlu 23 may 1996-cı ildə Samux rayonu Alabaşlı qəsəbəsində anadan olub. 2003-2012-ci illərdə Alabaşlı qəsəbə tam orta məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2012-2015-ci illərdə Gəncə şəhər Peşə litseyində təhsilini davam etdirib. Peşə litseyini bitirdikdən sonra həmin ilin iyul ayında hərbi xidmətə yola düşüb. 3 ay Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, 15 ay isə Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmətdə olub. Burada olduğu 15 ay ərzində əvvəlcə 6 ay ikinci motoatıcı taborda baş atıcı, sonra 9 ay artilleriya divizionunda baş radiotelefonçu kimi qulluq edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətdən təxris olunub. Evə qayıtdıqdan 5 ay sonra 2017-ci ilin may ayında atası rəhmətə gedib.

 

Əsgərlikdən döndükdən sonra 1 il 5 ay avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləyib. 2019-cu ilin may ayından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən qaz idarəsində müqavilə əsasında işləyir.

 

2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında müharibə başladı. Ancaq ondan əvvəl sentyabrın 21-də ölkədə hərbi toplanış elan edilmişdi. Elşən də toplanışa çağırılanlar arasında olub.

 

Sentyabrın 21-də axşam gələn zəng və..

 

2020-ci il sentyabrın 21-i axşam saatları idi. Qəsəbə icra nümayəndəsi Elşənin mobil telefonuna zəng vuraraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən adının hərbi təlimlərdə iştirak edənlərin arasında olduğunu deyib. Yarım saat ərzində hərbi biletiylə birlikdə icra nümayəndəsinin binasında olmağını bildirib. O xatırlayır ki, həmin günü səhər Ermənistan silahlı qüvvələrinin Şəmkir rayonu üzərində dronu vurulmuşdu. Zəng barədə evə məlumat verib. Ondan əvvəl də qonşularından bir neçə nəfəri aparmışdılar. Ailə üzvləriylə görüşəndən sonra icra nümayəndəsilə birlikdə və bir neçə çağırışçıyla Samux rayon hərbi komissarlığına gediblər. Oradan isə avtobusla Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə aparıblar: “Orada bizim sənədlərimiz yoxlanıldı, qeydiyyatımız aparıldı. Təxminən bir həftə ərzində orada qaldıq. Bu müddət ərzində hərbi hissənin təlim yerlərində hazırlıqlar keçdik. Bir dəfə də Seyfəli təlim poliqonuna atışa apardılar. Artıq 26 sentyabrda axşam bütün hərbi hissə ilə birlikdə Göygöl rayonu istiqamətindən Murov dağına qalxdıq. Orada biz Buzluq kəndinin yuxarı hissəsində olduq”.

 

Parçanın üzərinə yazılan məlumatlar

 

Buzluq kəndində bizə silah-sursat və digər avadanlıqlar paylanıldı, adımıza qeyd olundu. Sonra bizə bir neçə sm uzunluğunda parça verildi. Bunun üzərinə hər birimizin adı, soyadı, atamızın adı, yaşadığımız rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanı və qan qrupumuz yazıldı. Parçanı şalvarımızın kəmərinə bağlamağımızı istədilər. Müharibədən öncə apardığımız bu prosesdən sonra dərk etməyə başladıq ki, yəqin nəsə olacaq. Gecə saatlarına qədər bu işlərlə məşğul olduq. İşlərimiz yekunlaşdıqdan sonra bir neçə saat yatdıq. Səhər saat 6-da oyandıq və bizə dedilər ki, müharibə başlayıb. Artıq atəş səsləri eşidirdik.

 

Sentyabrın 27-də müharibə başladı

 

Sentyabrın 27-si tezdən müharibə başlanan gündən oktyabrın 4-5-nə qədər Murovdağ istiqamətində Buzluq kəndindən yuxarıda Kəpəz zirvəsinin ətəyində hərbi hissənin birinci taboru olaraq müdafiə xəttində olduq. Daha sonra bizi gətirib Çaykəndə düşürdülər. Artıq biz natəmiz vəziyyətdə idik. Buna görə oradakı hərbi hissədə yuyunduq və sonra maşınlara oturduq. Bizə dedilər ki, siz Füzuli istiqamətində döyüşlərə qatılmaq üçün 2-ci ordu korpusuna ezam olunursuz. Maşınlarla Gəncə-Yevlax yoluyla Füzuli rayonuna getdik. Füzulidə olan zaman döyüş mövqeyinə yola salınarkən bir çoxlarının da tanıdığı polkovnik Abdulla Qurbani ilə Naxçıvanda hərbi xidmətdə olduğum vaxtda tanıdığım şəxsi heyətlə ideoloji iş üzrə rəis, polkovnik Miryas Rüstəmov bizimlə çox səmimi söhbətlər apardılar. Bizə ürək-ürək verdilər.

 

Füzulidə onlara gödəkçə və dəbilqə verildi

 

Gecə saatlarında getdiyimiz yerə çatdıq - Əhmədbəyli-Horadiz tərəfə. Murovdağda olarkən arxa cəbhədə olduğumuz üçün bizə güllə keçirməyən gödəkçə və dəbilqə paylanılmamışdı. Səhər açıldı və Füzulidə bizə bunlar, eyni zamanda digər əlavə silahlar da verildi. Daha sonra maşın karvanıyla Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində getdik. Ora çatanda maşından düşərək piyada yolumuza davam etdik. Cəbrayıl rayonunun işğaldan azad olunmuş, dağılmış, viran edilmiş kəndlərinin yanına getdik. Orada özümüzə yer etdik. Hələ bu ana qədər döyüşlərə qatılmamışdıq. Sadəcə piyada irəliləyirdik. Biz birinci taborun 82 mm-lik minatan batareyasının tərkibində idik. Düşmənlə çox yaxın məsafəyə çatdıqda özümüzə mövqe tutduq. Zabitlərimiz kəşfiyyat, ölçü apardılar. Minaatan qurğularımızı qurmağa başladıq. Düşmənə endirdiyimiz ilk zərbə Cəbrayıl rayonunda dağın başında dəmirdən olan teleqüllə və rabitə qülləsi idi.

 

Qərargah rəisi və sürücüsü şəhid oldu

 

Cəbrayılda bizim taborun iki bölüyü və digər taborlarla birlikdə motoatıcı olaraq düşmən üzərinə getdilər. Biz də 82 mm-lik minaatanlarla onlara arxadan dəstək verirdik. İki-üç gün bu istiqamətlərdə irəli getdik. Orada ermənilərin böyük hərbi hissəsi var idi. İşğaldan sonra bu yerdə Dövlət Sərhəd Xidmətinin qərargahı quruldu. Biz ora doğru getdik. Ermənilərin böyük əksəriyyətinin oranı tərk etməsinə baxmayaraq həmin yer uğrunda da döyüş getdi. Səhəri gün bizim hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Babək Ramaldanov və sürücüsü şəhid oldular. Onlar ermənilərin hərbi minik avtomobilini qənimət olaraq götürüb gəldikdə arxadan raketlə vurulmuşdular. Onlarla birlikdə digər şəhidlərimiz və yaralılarımız da oldu. Lakin asta tempdə də olsa irəliyə doğru gedirdik və bunlar hamısı piyada şəklində olurdu. Böyük ağır yüklərimizlə - minaatan qurğularımız, onların mərmiləri, öz şəxsi silahlarımız və güllələrlə birlikdə. Bir qədər az miqdarda su və yemək də var idi. Arxa cəbhədən təminat gəlirdi. Bol olan vaxtlar da olurdu, kasad vaxtlar da. Bu da başadüşülən idi. Çünki müharibənin qızğın vaxtları gedirdi.

 

Dayanmadan gedilən 10 km yol

 

Cəbrayılda bir gün axşam saat təxminən 6-dan başlayaraq dağı ötüb o tərəfə keçmək üçün dağın başına piyada doğru qalxmağa başladıq. Gecə saat 3-4-ə kimi demək olar ki, dayanmadan arada sadəcə 5 dəqiqə fasilə verməklə getdik. Səhərin açılmasına az qalmışdı və bizə sonra məlumat verildi ki, siz dayanmadan bu qədər saatı mərmilər və yüklərlə 10 km-dən artıq yolu üzü yuxarı getmişdik. Cəbrayıl rayonunda dağın başında dəmirdən olan teleqüllə və rabitə qülləsi ikisi bir yerdə idi. O qüllədə Azərbaycan bayrağını dalğalandırdıq.

 

46 nəfərin yediyi xoruz kababı

 

Bu da heç vaxt yadımdan çıxmaz ki, Cəbrayılda erməni evlərinin həyətindən bir xoruz tapmışdıq. Onu özümüzlə diri halda saxlamışdıq. Artıq demək olar ki, Cəbrayıl-Qubadlı sərhədi yaxınlığında idik. Çünki bizə demişdilər ki, artıq Qubadlı ərazisinə keçirik. Orada olduğumuz ilk gündə yeməyimiz olmadı və yanımızda gətirdiyimiz xoruzu kəsib kabab bişirdik. Səhər vaxtı hazırladıq ki, gecə vaxtı ocağın işığı düşməsin. O kababdan 46 nəfər şəxsi heyət yedi.

 

1-2 saat dincəlmişdik ki...

 

Beləlikə yolumuza davam edərək irəlilədik. Həddindən artıq çox yorulmuşduq. Buna görə bizə dedilər ki, bir günlük burada dayanıb istirahət edə bilərsiniz. Biz də dayandıq və rabitə vasitəsilə əlaqəyə çıxdıq. Bizə quru ərzaq və su gətirildi, gücümüzü yenidən topladıq. Amma 1-2 saat dincəlmişdik ki, üzərimizə dəhşətli dərəcədə mərmilər yağmağa başladı. Sanki bizi göydən görüblərmiş kimi artilleriyadan atəşə tutmağa başladılar. Orada bizim olduğumuz yerdə ordumuzun sülhməramlı qüvvələrindən də şəxsi heyət dincəlməyə gəlmişdi. Onların maşınlarına yanacaq təminatı üçün maşın gəlmişdi. Nahar vaxtı biz su maşınından su doldurmaq istəyəndə mərminin biri yanacaq maşınının arxasına düşdü. Orada rabitə bölüyünün iki əsgəri şəhid oldu. Yaxşı ki, mərmi yanacaqla dolu olan maşına düşmədi. Yoxsa partlayışdan şəhidlərimizin sayı çox olardı. Olduğumuz yer dağıdılmış və dağlıq-dərəlik bir kənd idi. Hərəmiz tez qaçaraq dağılmış evlərin divarının dibində, dərənin dibi və bu kimi gizlənmək imkanı olan başqa yerlərdə gizləndik. Təxminən bir saat ərzində heç kim yerindən çıxmadı. Çünki hədsiz dərəcədə atəşə tutulurduq. Daha sonra radio bölüyünün zabitləri əlaqəyə çıxaraq bu haqda məlumat verdilər. Ondan sonra düşmən susduruldu. Yəqin ki, bizim digər qüvvələrimiz tərəfindən. Artıq yerimizin bəlli olduğunu bildik. Belə olduğu təqdirdə yerdəyişmə etmək lazım idi. Lakin bizə tapşırıq gəldi ki, bunu gün işığında deyil, gecə qaranlıq düşdükdən sonra etmək daha məqsədəuyğundur. Biz də gecə düşəndən sonra irəliyə doğru getməyə başladıq. Xeyli gedəndən sonra dayandıq, çünki atışma səsləri eşidirdik. Bizə dedilər ki, artıq Cəbrayılı keçmişik və Qubadlı rayonu ərazisindəyik. Burda da yenə səhər açıldıqdan sonra döyüşlər başladı. Gecələr atışmalar bir o qədər də çox davam etmirdi. Səhər isə bölüklərimiz tərəfindən düşmən üzərinə gedildi və biz də onlara minaatanlarla dəstək verməyə başladıq.

 

Nazirlikdən gələn nümayəndə və minaya düşənlər

 

Qubadlıda olanda Müdafiə Nazirliyindən nümayəndə gəlmişdi. Bizim bölmənin bu qədər məsafəni çox az sayda ölüm itkisi və yaralı ilə qət etdiyimizi Nazirlik səviyyəsində yaxşı hal kimi qiymətləndirildiyini dedi. Sonra günorta saatlarında bizə avtomobillə minaatanlar üçün mərmilər gəlmişdi. Onları götürmək üçün bir qədər avtomobillə yol getdik. Mühəndis istehkamçılar bir yol təmizləmişdilər. Ondan kənarda mina işarəli yerlər var idi və bu yoldan qırağa çıxmaq olmazdı. O yolda olanda çox güclü artilleriya atəşinə tutulduq. Maşınlarda mərmi olduğu üçün hamı düşüb aralanmaq istədi. Burda həyəcana qapılıb yoldan kənara çıxıb qaçanlar və minaya düşənlər oldu. Bir anlıq ajiotaj və qorxu yaşandı. Atəş dayanmadığına görə biz çıxış yolunu maşına oturub yolumuza davam etməkdə gördük. İtkilər olsa da oradan ayrıla bildik. Yaralılarımızı da özümüzlə götürdük.

 

Ermənistandan atılan mərmilər və Laçın dəhlizinin başlanğıcı

 

Sonra olduğumuz bir neçə ərazilərdə qısa atışmalar olurdu. Bizə dedilər ki, Qubadlı rayonunun Ermənistanla həmsərhəd olan Qarakişilər kəndində mövqe tutmalıyıq. Orda düşmənlə qarşı-qarşıya bir-birimizi görürdük. Bölüyümüzün arxasında yenə irəliləməyə davam etdik. Artıq bizə orda tez-tez artilleriya atəşi olurdu. Həmçinin gecələr sakitçilik olsa da bəzi halarda atırdılar. Sonradan bizə dedilər ki, artıq Ermənistan Respublikasının ərazisindən atılır. Beynəlxalq qanunların pozulmaması üçün cavab atəşi endirə bilmirdik. Buna baxmayaraq Laçın istiqamətində irəliləməyə doğru davam etdik. Bizə belə bir məlumat deyilmişdi ki, artıq siz çox yorulmusuz. Ona görə Qubadlıda mövqe tutacaqsız. Ancaq digər bölmələr irəliləməyə davam edəcək. Amma bizim bölməmiz Laçın rayonunun Güləbird kəndinə qədər irəlilədi. Bizə deyilmişdi ki, bura demək olar ki, Laçın dəhlizinin başlanğıcıdır. Orada bir neçə gün dayandıq. Digər bölmələr isə irəlilədi. Amma biz artıq Laçın rayonu ərazisindəydik.

 

Havaya qalxan düşmən təyyarələri

 

Noyabr ayının 4-5-də Laçın-Qubadlı istiqamətində olanda bizə radio əlaqəylə məlumat gəldi ki, düşmən havaya öz təyyarələrini qaldırıb. Biz də həmin vaxt meşəlik ərazidə idik və ağacların altında gizləndik. Hava bir az qaralmışdı. Düşmən təyyarəsi bizim üzərimizdən uçuş etdi, ancaq bizi görmədi. Bizdən bir qədər aralıya raket atıb getdi.

 

Dağın arxasından gələn iki qırıcısı

 

Bundan 1-2 gün sonra bir az da irəlilədik. Artıq meşəlik ərazidən çıxmışdıq və düzənlik bir yerdəydik. Bizə bu dəfə radio əlaqəylə heç bir məlumat verilməmişdi. Bir anda dağın arxasından düşmənin iki qırıcısı üzərimizə doğru gəldi. Bizim öncədən məlumatımız olmadığı üçün elə bildik ordumuzun təyyarələridir. Həmin anda çox böyük həyəcana qapıldıq. Bir nəfər təyyarənin arxa qanadının üstündə erməni bayrağını gördü və hamı səpələnməyə başladı. Çünki toplu şəkildə olanda həmin yerə ata bilərdilər. Bu anda ikinci təyyarənin arxa hissəsini bizim bölmənin zabitlərindən biri vurdu. Qabaqdakı da dayanmadan Ermənistan ərazisinə uçdu. Vurulan təyyarə onun arxasınca getmək istəsə də bir qədər getdikdən sonra partlayıb yerə düşdü.

 

Əsir düşmədiyimiz üçün sevindik

 

Noyabr ayının 9-da səhər saatlarında bizə deyildi ki, irəliyə doğru getməliyik. Bütün əşyalarımızı yığdıq və şəxsi heyətin yarıdan çoxu avtomobillə, 12 nəfər isə piyada getməyə başladıq. Həmin 12 nəfərdən biri də mən idim. Piyada düzənlik, dərəlik, dağ yoluyla tükənmiş halda getdik. Artıq axşam düşmüşdü və avtomobillə gedən şəxsi heyətin yerini tapa bilmirdik. Sanki biz mühasirəyə düşdüyümüzü sanmışdıq. Gecə idi və sakit vəziyyətdə yerimizi müəyyən etmək üçün səhərin açılmasını gözləyirdik. Heç bir radio əlaqə də yox idi. Artıq gecə saat 2-3 radələri idi və bizi nəhayət ki, axtarıb tapdılar. Əsir düşmədiyimizi bilib çox sevindik.

 

Müharibənin bitmə xəbəri

 

Bölməmizin yerləşdiyi mövqeyə getdik və minaatanları qurmaq üçün qazıntılara başladıq. Qarşımızda taborun 3-cü bölüyünün şəxsi heyəti, onların arxasında da biz idik. Səhər açıldıqda bizim taborumuzdan bir neçə metr qarşı tərəfdə erməni hərbçilərinin olduğunu gördük. Onların hərəkətlərini məsafə yaxın olduğu üçün binoklsuz aydın görmək mümkün idi. Yəqin ki, onlar da bizi görürdülər. Sol tərəfimizdə də yenə aralıda çoxlu şəxsi heyət var idi. Onlar da orda öz mövqelərini tutmuşdular. İlk öncə bunları öz hərbçilərimiz zənn etmişdik. Səhər tezdən idi və rabitəmiz də işləmirdi. Amma daha sonra binoklla baxdıqda sanki aydın oldu ki, bunlar erməni hərbi qulluqçularıdır. Sağ tərəfdə də binoklla uzaqdan baxanda yenə hərbçilərin olduğu görünürdü. Bunlar da eynilə ermənilər idi. Biz sanki sağımız, solumuz və önümüzdə ermənilər olan yarımada formasında onların içərisinə daxil olmuşduq. Onların ümumi sayı bizim şəxsi heyətdən hədsiz sayda çox idi. Və bir anda bizim arxamızdakı yoldan pikap maşını gəldi. Maşından yüksək rütbəli iki zabit düşdü. Biri mayor, digərisə polkovnik idi. Polkovnik birbaşa Müdafiə Nazirliyinin əməkdaşı idi. Noyabrın 10-u səhər idi. O bizə müharibənin bitdiyini dedi. Biz hamımız ilk öncə bunun zarafat olduğunu sandıq. Deyildi ki, bu zarafat deyil. Gecə Ermənistan kapitulyasiyaya imza atıb və müharibə bitib. Bu gündən bir güllə olsun sizə deyilməsə atmırsız. Əlbəttə biz bu xəbərə çox sevindik.

 

Elşən noyabr ayının 28-də Laçından Gəncədə yerləşən N saylı hərbi hissəyə qayıdıb. Dekabrın 31-də isə evə buraxılıb.

 

Medallar və təşəkkür məktubu

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Abbasov Elşən Hüseyn oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Həmçinin döyüşdə iştirak etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşəkkür məktubu da göndərilib.

 

Bəxtiyar CƏFƏRLİ

 

Hərbi And.- 2022.- 13 may.- S.6-7.