Şıxarxda qisas günü: Milli Qəhrəmanın müqəddəs şəhidlik zirvəsi

 

– Təcili müsbət iki qan tapın. Tez ol.

 

 

 

Həkim alnındakı təri silib, tənzifi Valeh Müslümovun güllə yarası almış bədəninə sıxdı. Qanı heç cür dayandırmaq mümkün olmurdu. O, bir neçə yerindən yaralanmışdı. Həkim özü də onun sağ qalmağına böyük təəccüb keçirirdi. Gör, nə qədər sağlam bədənin ola ki, bu qədər qan itirəsən, ancaq hələ də həyatla əlaqəni kəsməyəsən. Bu düşüncələrdən onu iki cüt göz ayırdı. Qapının ağzında Valeh Müslümovu gətirən hərbçi yoldaşları yarı ümid, yarı narahatlıqla gözlərini ona dikmişdilər. Həkimin ağzından çıxacaq bir xoş sözə möhtac dilənçi tək gözlərini ondan ayırmırdılar. O, tez tibb bacısını çağırdı.

 

– Xəstəyə morfin verin. Qan gələn kimi təcili əməliyyat edək...

 

***

 

Taledən qaçmaq olmaz. Bəlkə də elə bu onun taleyi idi. Vətəninin dar gününə heç cür biganə qala bilmirdi. Yəqin ki, həyat elə özü Valeh Müslümovu bu yola hazırlayırdı. Özünü tanıyandan karate ilə məşğul olmağa başlamışdı. İdmana olan həvəsinin haradan yarandığını heç özü də bilmirdi. Ancaq karate ilə məşğul olmağı o, qədər ürəkdən sevirdi ki, bəzən məktəbdə dərslərdən qaçıb idmana gedirdi. Bu sahədə dəfələrlə mükafatlar qazanmışdı.

 

Onun idmançı bədəni, fiziki gücü həmişə karına gəlib. 1988-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra da vətəni üçün çalışmağa davam edib. SSRİ-nin dağıldığı həmin günlərdə ölkəsinin azadlığı uğurunda meydanlara axışan sadə vətəndaşlardan biri də o olub. Ölkəsinin tapdaq altda qalması ilə heç cür barışa bilmirdi. Ona görə də rus KQB-nə, bütün təqiblərə rəğmən etiraz aksiyalarının, xalq hərəkatının həmişə ön sıralarında yer alırdı. Gecə-gündüz, soyuq-isti demədən meydanlarda gecələyir, bəzən günlərlə evinə belə gəlmirdi. Müstəqil Azərbaycanı yaratdıqdan sonra da dərdi azalmadı, əksinə günü-gündən artırdı. Min bir əziyyətlə qazandıqları müstəqillik, onlara başqa itkilərin hesabına başa gəlirdi. Mənfur düşmən ölkədəki xaosdan istifadə edərək, minillik tarixə məxsus Azərbaycan torpaqlarına göz dikmişdi. Müstəqilliyi qazanmaq qədər onu qoruyub-saxlamağın da vacib olduğunu anlayan Valeh Müslümov 1991-ci ildə yenidən cəbhəyə yollandı. O, həmin ilin avqust ayından Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis dəstəsi tərkibində Tovuz, Şuşa, Xocalı və Qubadlı rayonlarında xidmət apardı. Bir sıra dövlət əhəmiyyətli əməliyyatlarda iştirak edərək çoxlu uğur qazanmışdı.

 

***

 

Həyat missiyasını başa vurmaq üzrə idi. Səngərdə əli tətikdə qarşı tərəfə- düşmən cəbhəsinə baxırdı. Ağdərənin müdafiəsi tapşırılan batalyonun tərkibində Valeh Müslümovun da vardı. 1992-ci il aprel ayı idi. Ağdərə uğrunda döyüşlər davam edirdi. Alnının tərini silib, atəşə başladı. Düşmən hücuma keçmişdi. Az bir qüvvə ilə erməni silahlı qüvvələrinin dəstələri dayanmadan hücum edirdilər. Valeh Müslümov atəşə başladı, əlini tətikdən çəkmədən ətrafa göz gəzdirdi. Əsgər yoldaşına işarə edib, mövqeyini ona tapşırdı. Özü kiçik təpəciyin arxasına keçdi.

 

Buradan əlverişli şərait yaranmışdı. Demək olar ki, hər gülləsinə bir erməni əsgərini böyrü-üstə aşırırdı. Sayı-hesabı yaddan çıxmışdı. Səriştəsiz düşmən zabitləri qarşılarında düşən əsgərləri görür, ancaq güllənin haradan gəldiyini bilmirdilər. Valeh Müslümovun yerini təyin edənə qədər, artıq 10-a yaxın düşmən əsgəri məhv edilmişdi. Əsgərlərin kimisi başından, kimisi çiynindən vurularaq üzüqoylu yerə uzanırdılar. Ancaq düşmənin ardı-arası kəsilmirdi. Zabitlərdən biri axır ki, Valeh Müslümovun yerini təyin edə bilmişdi. Əl işarəsi ilə pulyemont vasitəsilə oranı atəşə tutmağı tapşırdı.

 

Valeh qayanın arxasına sığındı. Pulyemontdan çıxan iri çaplı güllələr qaya parçasına dəyir, daşı param-parça edirdi. Valeh Müslümov burada uzun müddət qala bilməyəcəyini anlayırdı. Odur ki, nə olursa, olsun buradan çıxmaq lazım idi. Cibindəki qumbaranı çıxartdıb, fitilini çəkdi. Qumbaranı əlində saxlayıb, lazımi zamanı gözlədi. Bir neçə dəqiqədən sonra sanki bir boşluq yarandı. Valeh Müslümov əlindəki qumbaranı düşmən tərəfə atmağı ilə, qayanın arxasından götürülməyi bir oldu.Qumbaranın partlamağı ilə toz-torpaq bir-birinə qarışdı. Düşmən əsgərlərinin bir neçəsinin cansız bədənləri yerə sərildi. Valeh Müslümov bir neçə addım atandan sonra, özünü səngərə sala bildi. Özünü toxtayıb, silahını yoxladı. Qarşıya baxdı. Qabaqdakı səngərlərdən birində vəziyyət ağır idi. Müdafiə çox zəifləmişdi. Səngərdəki Azərbaycan əsgərlərinin sayı azalmışdı. Müdafiə xəttinin ön tərəfi yarılmaq üzrə idi.

 

Valeh Müslümov oradakı əsgər yoldaşlarına kömək etmək üçün birdaha silaha sarılıb, atəş açmağa başladı. Silahın maqazinini dəyişdi. Uzaq məsafədən hədəfə uğurlu atəş aça bilmirdi. Məsafə çox olduğundan hədəfi vurmaq mümkün olmurdu. Odur ki, irəli hücuma keçməyə qərar verdi. Silahını çiyninə atıb, əlverişli zamanı qovalayıb, birdən götürüldü. Əyilə-əyilə özünü ön səngərə çatdırdı. Səngərdə iki əsgər qalmışdı. İki əsgər böyük bir batalyonun qarşısını kəsmişdi. Valeh Müslümov səngərə girər-girməz atəşə qoşuldu. Yanındakı əsgərlərin üz-gözü toz-torpaqdan görünmürdü. Bir müddət düşmənə göz açdırmasalar da, çox keçmədi ki, erməni əsgərlərindən biri başlarının üstünü kəsdirdilər. İki hərbçi yoldaşı artıq şəhidlik mərtəbəsinə ucalmışdılar. Yuxarıdan-aşağı atılmış gülələlər Valeh Müslümovun bədənini parça-parça etdi. Valeh ona sarı dönərək, atəş açdı. Erməni əsgəri sərrast atəşdən o andaca yerə uzandı, və oradaca keçindi. Valeh səndələdi. Kürəyini torpağa söykədi. Əlini qumbarasına atdı. Düşmənə təslim olmaqdansa, özünü düşmənlə birlikdə məhv edəcəkdi. Artıq qərar vermişdi. Heç olmasa bədəninin tikələri bu torpaqlarda səpələnərdi. Onda bəlkə ruhu rahatlıq tapardı. Qumbaranı bərk-bərk sıxdı. Yuxarıdan dayanmadan silah səsləri gəlirdi. Taqəti qalmamışdı. Gözlənilmədən bir hadisə baş verdi. Düşündüyü kimi erməni əsgərləri yox, öz yoldaşları səngərə çatdı. Onun səngərdən xilas etmək üçün kiçik dəstə yaradılmışdı. Bu dəstənin üzvləri yerindəcə düşməni geriyə oturtmuş, Valeh Müslümovun olduğu səngərə qədər gəlib çıxmışdılar. Ancaq burada çox qalmaq olmazdı. Düşmən sayca üstün idi. Mütləq özündə güc toplayıb hücuma keçəcəkdilər. İki əsgər Valeh Müslümovu qucağına alıb, sürətlə arxaya tərəf gəlməyə başladılar. Dəstənin digər üzvləri atəş açaraq düşmənə nəfəs almağa imkan vermir, Valehgilə ərazini rahat tərk etməkləri üçün şərait yaradırdılar. Çox keçmədi ki, Valeh Müslümov artıq arxa cəbhədə idi. Gözləri bağlı olsa da, nəfəsi gedib-gəlirdi. Onu tez hərbi təcili tibbi yardıma qoyub, rayon hospitalına göndərdilər.

 

***

 

Tibb bacısı əlində qab qanla içəri girdi. Həkim bunu görüb, dərhal əməliyyata başladı. Qan xəstəyə qoşuldu. Qapının arxasında dayanan hərbçilər hər şeyin yaxşı bitəcəyinə ümidli idilər. Çarəsizcə həkimin dayanmadan işləyən əllərinə baxırdılar. Əməliyyat iki saata yaxın davam etdi. Valeh Müslümov son anına qədər vuruşdu, yenidən döyüş meydanına qayıtmaq üçün var gücünü topladı. Ancaq təəssüf ki, onu xilas etmək mümkün olmadı. Bu təəssüf hissi və məyusluq həkimin üzündən oxunurdu. Artıq sözə ehtiyac yox idi. Qapı qarşısında dayanan iki hərbçi hər şeyi anlamışdılar. Dişlərini-dişlərinə qıcayıb, ağlayırdılar...

 

Valeh Müslümova ölümündən sonra “Milli Qəhrəman” adı verildi.

 

 

 

Emin Piri

 

Hərbi And.- 2022.- 27 may.- S.16.