Şəhidin varsa yurdun var

 

"Biz bu torpaqda doğulub boya-başa çatmışıq...Ona görə də onun uğrunda döyüşməyə ölməyə də hazırıq. Bizim ən ümdə borcumuz torpağı canı,qanı bahasına da olsa düşmən işğalından azad etməkdir. Bunun üçünsə bizim bir yolumuz var. Bu yol qələbəyə gedən yoldur. Bu yol Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, Laçından, Kəlbəcərdən, Şuşadan keçib, Xankəndində qurtarmalıdır. Bu qələbəni mütləq qazanmalıyıq"-deyən Seyidov Nihat elə bu amalla da şəhidlik zirvəsinə ucaldı.

Özü bu zirvəyə ucalmaqla atası Mehmanın, anası İlhamə xanımın, kiçik qardaşları Hüseyin və Mirəlinin başını daha da ucaltmış oldu.

Qəhrəmanın atası Mehman bəy deyir :" Nihat döyşlər zamanı evlərinə tez-tez zəng etməzdi. Üç-dörd gündən bir zəng edər "ata hər şey qaydasında. İrəliləyirik. Mənfur düşmən qarşımızda duruş gətirəbilmir. Silah sursatlarını atıb qaçırlar. Bu gün onların tanklarını sürüb gətirdik". demişdi. Onunla sonuncu dəfə şəhid olmamışdan iki gün əvvəl, 13 oktyabrda danışdıq. "Ata siz mənimlə fəxr edəcəksiniz" deyib sağollaşıdı. Nihat ailəsinə o fəxarət hissini yaşatdı. Gənc yaşında arzusuna çatdı".

Şəhidin  anası İlhamə xanım bildirdi ki: "Oğlum vətən müharibəsindən iki il  əvvəl mənə şəhid olacağını demişdi. Hərbi məktəbdə təhsil aldığı dövürdə "Ana vaxt gələcək, vədə yetişəcək mən bu ali pilləyə yüksələcəyəm". O zamanlar kim düşünərdi ki, gözlənilməz bir vaxtda  Qarabağ uğrunda müharibə başlayacaq. Oğlum da bu haqq savaşında istədiyi məqama ucalacaq. Heç yadımdan çıxmaz..Nihat hələ Heydər Əliyev adına Naxçıvan Hərbi Liseydə təhsil alanda tarix müəlliməsi Təranə xanımla arasında olan söhbəti. Müəlliməsi mənə dedi ki, Tarix dərslərində xüsusilə fəal olan Nihat mənimlə söhbəti zamanı " Müəllimə,... görəcəksiniz      Qarabağı azad edəcəyimiz gün elə də uzaqda deyil. Döyüşlər başlanacaq. Ali baş komandanın əmri ilə biz düşməni torpaqlarımızdan çıxaracağıq. Mən də şəhidlik zirvəsinə ucalacağam" deyib oğlum. Onun iki arzusu var idi. Xidməti dövründə kəşfiyyat bölüyünə keçmək və Vətən uğrunda şəhid olmaq. O bu arzularını reallaşdırdı.

Qardaşı Hüseyin deyir ki, "Nihatın dostlarının əksəriyyətini tanıyıram. Ətrafında elə bir yoldaşı olmayıb ki, onunla arasında küskünlük olsun. Bütün yoldaşları ilə səmimi və mehriban olub. Onun Orxan adlı dostu ilə çox yaxın idilər. Ailəvi dostluğumuz var. Dostu Orxan Nəbiyevlə döyüşlərdə də bir yerdə oldular. Birlikdə də şəhadətə ucaldılar".

Cəsur döyüşçü Nihat Seyidov  12 iyun 1998- ci ildə Culfa rayonu Teyvaz kəndində anadan olub. İlk təhsilinə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə başlayan Nihat iki il sonra təhsilini Naxçıvan şəhər 7 nömrəli  tam orta məktəbdə davam etdirib. Vətənə sədaqət, düşmənə nifrət hissi ilə yaşayan qəhrəmanımız orta məktəbin 8-ci sinifini bitirən kimi sənədlərini Heydər Əliyev adına Naxçıvan hərbi liseynə təqdim edib və təhsilini müvəffəqiyyətlə başa vurub.  Hərbi təhsilini 2015-2019-illərdə Bakı Ali Hərbi Məktəbində davam etdirib.  İstər Naxçıvanda istərsə də Bakıda hərbi məktəbdə təhsil aldığı dövürdə Nihat yüksək mədəniyyətə sahib olmasıyla, səmimi və fəallığı ilə həm müdavim yoldaşlarının, həm də müəllimlərin böyük rəğbətini qazanıb.

Nihat 2019- cu ilin iyun ayında leytenant rütbəsi ilə Mingəçevir şəhərindəki N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayır. Vəzifəsini nümunəvi şəkildə yerinə yetirməsi, ona qısa bir zamanda bölük komandiri vəsifəsi verilməsi ilə nəticələnir. 2020-ci il 20 mart tarixində döyüş fəaliyyəti və ictimai-siyasi hazırlıqda əldə etdiyi naliyyətlərə görə fəxri fərmanla təltif edilir. Vətən müharibəsi başlananda, sentyabrın 28-də Tərtərə yollanıb.               

 

Bu barədə ailəsinə xəbər verən qəhrəmanımız. Sevincli halda tezliklə arzusuna çatacağını deyib. Tərtərdən başlanan döyüş yolu Talış və Suqovuşanda uğurla davam edib. Müharibənin qalibiyyətlə bitməsində həlledici rol oynayan Suqovuşan uğrunda gedən döyüşlərdə Nihat öndə gedərək keçirilən əməliyyatlarda şücaət göstərir.

Son döyüş yeri olan Suqovuşana Nihat kəşfiyyat bölüyü ilə yollanıb. Kəşfiyyatçı kimi xidmətini davam etdirmək arzusunda olan igidimiz bu diləyini də yerinə yetirmiş olur. Nihat  oktyabrırın 14 dən 15- nə keçən gecə mənfur düşmən snayperinin gülləsinə tuş gəlir. Vətən uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olur. Onunla birlikdə da 8 döyüşçü bu ali məqama ucalır.

Prezident İlham Əliyevin sərəncamı ilə Seyidov Nihat Mehman oğlu ölümündən sonra "Döyüşdə fərqləndiyinə görə"  Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "3-cü dərıcəli Rəşadət"ordeni ilə medalı ilə təltif edildi.

Vətən Müharibəsi 30 ilə yaxın düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan Azərbaycan ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq.Bu cəsur igidlərin əksəriyyətinin yaşları deməyə əsas verir ki, onlar heç işğal olunan torpaqlarımızın üzünü belə görməyiblər. Amma bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atılıblar. Azərbaycan xalqı igid oğulları ilə hər zaman fəxr edir, onların adını uca saxlayır.

 

 

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər birliyinin üzvü

Naxçıvan Dövlət Tarix muzeyi

Hərbi And.- 2022.- 11 noyabr.- S.12.