Yarımçıq xoşbəxtliyin bitməyən arzuları...

 

Mülayim, yüngül küləkli bir payız günü... Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən və arzularını, gələcəyini, həyatını Vətənin torpaqlarının azadlığı naminə qurban vermiş şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun evinə yollanıram. Tərif edilən ünvana çatanda qəribə bir həyəcan bürüyür ürəyimi. Xalqımızın, eləcə də ailə üzvlərinin yaddaşında əbədi olaraq acılı-şirinli xatirələri ilə qalan şəhidin nura qərq olmuş mənzilində olmağın həyəcanıdı bu. Nə üçün gəldiyimi qəti qərarlaşdırsam da, nədən və necə başlayacağımda bir az çətinlik çəkirəm. Məqsədim Əfqanın xatirəsini anmaqonun ömür yolundan bəhs edən yazı hazırlamaqdır.

Nəhayət, mənzil başına çatıram. Şəhidin xanımını ilk görəndə gözlərimin önündə əsrlərlə həyat yoldaşlarını müharibədə itirmiş, saçlarının bir telini , birini qara hörmüş, qəm yükünü, ailənin çətinliyini çiyinlərində dəyanətlə daşıyan, vüqarlı əsl Azərbaycan qadınının obrazı canlandı. İçimdən qeyri-ixtiyari onları qucaqlayıb minnətdarlıq etmək istəyi keçdi... Amma mənən bağrıma basıb, qəlbən ürəyimdən keçənləri fısıldadım... Minnətdarlıq etdim... Bu minnətdarlığı Azərbaycan xalqının şəhid ailələrinə ehtiramı bilirəm. Şəhid xanımının gözlərindəki sonsuz kədər öz istəklisindən, balalarının atasından vaxtsız ayrılığın necə çətin olduğunu əks etdirirdi. Eyni zamanda, mətinliyi, dəyanəti və qüruru da sezmək çətin deyil. Və nəhayət, bu hisslərin təsiri altında Rəqinə xanımla salamlaşır, hal-əhval tuturam. Azərbaycan xalqına məxsus qonaqpərvərliyi hər kəlməsində hiss edirəm. Səmimi söhbət əsnasında şəhid Əfqan Abdurahmanovdan danışırıq. Həyat tərzi, ailəyə münasibəti barəsində geniş söhbət edən Rəqinə xanım deyir ki, o, mənim üçün bir dünya idi - təsəvvürsüz bir dünya, doyunca yaşamadığım dünya. Dostluq, yoldaşlıq, sonsuz məhəbbət vardı balaca dünyamızda. O qədər xoşbəxt idik ki, bəzən bu xoşbəxtliyin yarımçıq qalmasından qorxurdum. Elə də oldu... Yarımçıq qalan təkcə xöşbəxtliyimiz deyildi. Arzularımız, xəyallarımız, planlarımız qaldı…

Həyat yoldaşının həyat yolundan danışan Rəqinə xanım bildirdi ki, xalqımıza qarşı düşmən tərəfindən edilən vəhşiliklər və torpaqlarımızın işğalı Əfqana da təsirsiz ötüşmür. Bu səbəbdən də o, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olur. 2001-ci ildə yüksək nəticələrlə təhsilini başa vurur. Ali Hərbi Məktəbin sayılıb seçilən məzunlarından biri olur. Qətiyyətli və qərarvermə qabiliyyəti yüksək olan Əfqan irəlidə onu nələr gözlədiyini bilməsə də, qarşısına qoyduğu məqsədlərə doğru böyük əzm və iradə ilə addımlayır. Hərbi məktəbdə ixtisası üzrə qazandığı bilik və bacarığını hər kəslə səmimiyyətlə bölüşür, tabeliyində olan hərbçilərin qayğısına qalır, onlara dəstək olurdu. Rəqinə xanımın dediyinə görə Əfqanın bütün xidməti ancaq ön xətdə, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə keçib. Hətta məzuniyyətdə olanda belə o, xidmət etdiyi hərbi hissəyə baş çəkir, əsgərlərlə mütəmadi maraqlanırdı. Vətənə xidmət etdiyi müddətdə müdafiə nazirinin əmrinə əsasən Türkiyə, ÇinÇexiyada müxtəlif təkmilləşdirmə kurslarına və təlimlərə qatılıb. Vətən sevgisi və bacarığı sayəsində ard-arda uğurlar qazanıb.

Rəqinə xanım dedi ki, yaxşı komandir olmaqla yanaşı, çox qayğıkeş, övladlarına gözəl atainsani keyfiyyətlərinə görə fərqli bir şəxsiyyət idi. Xidmət etdiyi hərbi hissədə döyüş yoldaşları və tabeliyində xidmət edənlər də hər dəfə Şəhid Əfqan Abdurahmanovu bu cür fəxarətlə anır, xatirələrini bölüşürlər.

Qızı Hilalə Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsidir. O, öz ixtisası üzrə oxuyaraq gələcəkdə atasına layiq bir övlad olmaq arzusundadır. Atası haqqında danışarkən bu zərif qızcığazın gözlərində sönməyən əbədi məhəbbət qığılcımını hiss etdim. “Atanın sənə verdiyi hansı məsləhət, tövsiyə daima yadındadır” - sualına Hilalə heç düşünmədən “Atam mənə həmişə "az yat" deyərdi”, - cavabını verdi. Otaqda hər kəs gülümsədi. Onların üzündə təbəssümün yaranması və onlarla birlikdə şəhid Əfqan Abdurahmanovun həyatını bir kitab kimi vərəqləmək, yaddaşlarının dərinliyindəki xoş xatirələrə səyahət etmək mənə də könül xoşluğu verdi.....

Əlibəy ailənin ikinci övladıdır. Bu balaca oğlanın atasızlığı dərk etməsi səs tonundan, ağıryana hərəkətindən və gələcəkdə seçdiyi peşə ilə bağlı qərarında qətiyyətli olmasından hiss olunurdu. Əlibəy atasını qürur və fəxarətlə anıb, xatirələrindən danışdı.

"Tez-tez atamla hərbi hissəyə gedərdim. Hərbi hissədə əsgər yataqxanası, yeməkxana və silahlarla tanış edər, geniş məlumat verərdi. Düşmənlə üzbəüz mövqedə xidmət etdiyinə görə hətta məni səngərlərə aparardı. Əsgərlərlə söhbət edərdim. Atam mənim üçün bir ideal idi. Onunla birlikdə olanda mən hər dəqiqə böyüyürdüm, dünyanı tanıyır, həyatı öyrənirdim. Təəssüf ki, bu gün o yanımda yoxdur, ondan mənə yadigar qalan yalnız tövsiyələri, məsləhətləri və xatirələridir".

Rəqinə xanım Əfqanın hər zaman dilə gətirdiyi "Mən övladlarımı kimin yanına qoyub getdiyimi yaxşı bilirəm" ifadəsini səsləndirəndə səsindəki qüruru, simasındakı məğrurluğu görürəm. Vətən Müharibəsi Qəhrəmanının fikrinin nə qədər doğru olduğunu içdən-içə təsdiqləyirəm. "İndi mənə aydın olur ki, o bu sözləri deyərkən iki balasını mənə nə vaxtsa qoyub gedəcəyinə öyrəşdirirdi", - şəhid xanımı dedi.

Aprel döyüşləri zamanı yüksək peşəkarlıqla xidməti borcunu yerinə yetirən və bir çox uğurlu əməliyyatları icra edən polkovnik-leytenant Əfqan Abdurahmanov 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etdi. Əfqanın qorxmazlığı və cəsurluğu onun əsgərlərini də ruhlandırırdı. Döyüş-döyüş ermənilərin geri çəkilməsinə nail olurdular. Uğurlu əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad olunurdu. Təəssüflər olsun ki, Qarabağı azad görmək arzusu çin olmadı. Uğrunda canından keçəcək qədər sevdiyi Vətən torpağı uğrunda döyüşən polkovnik-leytenant Əfqan Abdurahmanov, 10 oktyabr 2020-ci ildə elə Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə adını tarixə "qorxu bilməyən döyüşçü" kimi həkk etdirərək, şəhidlik zirvəsinə ucaldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə polkovnik-leytenant Əfqan Ağasəf oğlu Abdurahmanov (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülübeyni zamanda, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə doğulub boya-başa çatdığı Qəbələ rayonundakı 3 saylı tam orta məktəbə adı verilib. Ailə üzvləri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və Qəbələ rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər.

 

 

Nərgiz HÜSEYNOVA Bakı şəhəri

 

Hərbi And.- 2022.- 21 oktyabr.- S.14.