“Uşaqlarım
Tabutu Görəndə Soruşdular, Qutudakı Bizim
Atamızdı?”
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub.
Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi “N” saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olub.
Azərbaycan Ordusunun mayoru olan
Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan Vətən müharibəsi
zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə şücaət göstərib.
“Canavar”
postunun alınmasında iştirak edir və sentyabrın 30-da
həlak olur.
Oktyabrın 2-də Sumqayıt şəhər
Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
Rahib Babayev ölümündən sonra “Vətən
uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”
medalları ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif
edilib.
Ria24.az şəhid Rahib Babayevlə bağlı məqalə
dərc edib.
Həmin
məqaləni təqdim edirik:
Aygün xanımgilə çatanda, hava qaralmış,
yağı. Ordan-burdan çisələyirdi. Əynim nazik olduğundan yağış
damcıları boynumu-boğazımı isladır, əsən
külək məni üşüdürdü. Aygün xanım qapını üzümə
açanda, açıq qapıdan üstümə isti hava
kütləsi axdı. Söhbətləşəcəyimiz
otaqda şəhidimizin şəkilləri
düzülmüş, şkafın üzərində hərbi
paltarı qoyulmuşdu. Hər tərəfdən
gözümə üç rəng dəyirdi. Mavi,
qırmız, yaşıl… Bizim rənglərimiz,
bizim bayrağımız. Söhbətimizə də elə
bayraqla başladıq:
– Rahib vətənini
və bayrağını çox sevirdi. Bütün
ömrünü vətənə həsr etdi. Təsəvvür
edin ki, on üç, on dörd yaşından bu adam hərb sahəsində idi. O, əsl hərbçi
idi.
– Mən
onunla tələbə vaxtı tanış
olmuşam. O vaxt universitetdə oxuyurdum, Rahib də hansısa
iş üçün bizim universitetə gəlmişdi. Elə orda gördük, bir-birimizdən xoşumuz gəldi.
Sonra da ailələrimizin razılığı
ilə ailə qurduq. Aramızda təbii
ki, sevgi yarandı. 2007-ci ildə tanış
olduq, 2008-ci ildə isə həyatımızı birləşdirdik.
Ailə quranda, mənim 21, onun 23 yaşı
vardı. Bir qızımız, iki
oğlumuz dünyaya gəldi. Qızım Mələyin
on iki, oğlumun birinin səkkiz, İbrahimin isə 4
yaşı var.
– Rahib Babayev necə insan idi?
–
Çox yaxşı, mehriban adam idi. Hərbçilərin işi bilirsiniz ki, çətin
olur. Rahib də işləyirdi, vaxtı az
olurdu, amma heç vaxt məni diqqətdən kənarda
qoymurdu. O qədər işin, zəhmətin içərisində
evə gələndə də mənə, uşaqlara kömək
edirdi, onlara mənimlə bərabər əziyyət çəkirdi.
Mətbəxdə xörək bişirməkdən
tutmuş, süfrə açmağa qədər hər
işdə mənə kömək edirdi. Qızımız
anadan olanda, mən çox çətinlik çəkirdim,
gecələr yuxusuz qalırdım. Onda
Rahib işdən gec gəlirdi, amma buna baxmayaraq mənə
deyirdi, sən get yat, mən uşağa baxaram. O,
yaxşı zabit olmaqla yanaşı həm də çox
gözəl ata idi. Uşaqlarını çox
sevirdi. Onlar üçün canından
keçməyə hazır idi. Rahib Murovda
xidmət edirdi. Bizi özü ilə ora
aparmırdı. Deyirdi, orda qaz yoxdur,
elektrik tez-tez kəsilir. Mənim uşaqlarım
gedib orda əziyyət çəkər.
Aygün xanım Rahibdən danışır,
danışdıqca da keçmişlə bağlı xatirələri
gözünün önündə canlanır. Rahibsiz
keçib gedən günlərə, onun yoxluğuna təəssüflənir.
Bayaqdan başqa otaqda səsli-küylü oynayan
uşaqları biz olan otağa girirlər. Anaları
onları sakitləşdirir, sakit olmalarını
tapşırır. Qızı otaqdan
çıxmır. Diqqətlə gah mənə,
gah anasına baxır. Ondan atasını
necə xatırladığını soruşuram.
Cavabı özünəməxsus olur:
– Mən
onu çox tez itirdim. Amma, o bizə çox
şey öyrətdi. Vətəni sevməyi,
bayrağı sevməyi bizə o öyrətdi. Mənim atam şəhid olmazdan əvvəl də qəhrəman
idi, indi də qəhrəmandır. Mən hiss edirəm
ki, o bizim yanımızdadır. Mən fəxr
edirəm ki, elə bir atanın qızıyam. O bizi
çox sevərdi. İstəyirəm ki, o gəlsin.
Mən onunla söhbət edim. O yenə
bizi gəzintiyə aparsın. Son dəfə də
olsa, onu qucaqlayım öpüm və söhbət onunla edim.
Sözlərinin sonunu gətirə bilmir qəhər
boğazını tutur, azacıq kövrəlir. Amma
özünü itirmir, qardaşlarının yanına
qayıdır. Aygün xanım söhbətinə
qaldığı yerdən davam edir:
– Evdə
çox həlim, yolagedən adam idi. Amma qısqanclığı da vardı. Əgər o, evdə yox idisə, mən hara gedirdimsə,
mütləq anam mənim yanımda olmalı idi. Mən də artıq neçə illər idi onunla
birgə yaşayırdım. Bilirdim nəyi
etmək olar, nəyi etmək olmaz. Bir də
o heç vaxt xoşlamazdı ki, yoldaşlarının,
dostlarının yanında ona zəng vurum, nə vaxt gələcəyini
xəbər alım. Mən də onun bu
xasiyyətini bildiyim üçün heç vaxt onu narahat etməzdim.
Amma ümumilikdə deyib gülən, şən adam idi. İndi onun haqqında
keçmiş zamanda danışmaq mənim üçün
çətindir. Həmişə bizdən
uzaqda olub. Həmişə elə
bilmişəm ki, o, gələcək. Ona
görə də indi elə bilirəm ki, o, hardasa uzaqdadı,
işdədi gələcək.
Aygün xanım deyir ki, Rahib Murovda ən çox xidmət
edən zabitlərdən biri kimi ad çıxarıb. Müharibə vaxtı
oradakı həlledici postlardan birini götürməkdə
onun həlledici rolu olub:
– Rahib səkkiz
il idi Murovda xidmət edirdi. Oranı
əlinin içi kimi tanıyırdı. Müharibə
başlananda da o, elə Murovda oldu. Oradan
hücuma keçdilər.
– Onunla
son görüşünüzü necə
xatırlayırsınız?
–
Sentyabrın 13-də evə gəldi. Bizimlə
vidalaşdı. Dedi, gedirəm, ola
bilər ki, bir də gəlmək qismət olmasın. Sözün düzü, onun bu sözünü o qədər
də ciddi qəbul etmədim. Amma o, şəhid
olandan başa düşdüm ki, o gəliş elə son gəliş
imiş. Çünki o, evə heç
vaxt iki saatlıq gəlməmişdi. Üstəlik,
həmin gün ancaq uşaqlarla vaxt keçirirdi, onları
öpüb qucaqlayırdı. Gedəndə
də gözü arxada qaldı rahib üç
uşağından həqiqətən də doymadı.
O, balalarını sevdiyi qədər də onlara həsrət
qaldı. Balalarının üzünü
doyunca görmədi. Həmişə deyirdi ki, təqaüdə
çıxmağıma az qalıb. Onları məktəbə özüm aparıb gətirəcəm.
Uşaqlar onun üzünü o qədər gec
görürdü ki, sonuncu dəfə Rahib evə gələndə,
balaca oğlumu qucağına alanda, uşaq onu tanımayıb
ağladı. Onda o qədər pis oldu ki… O sonuncu gəliş
bizim həyatımızın həm ən xoşbəxt, həm
də ən kədərli günüydü.
– Sizin
ağlınıza gələrdi ki, o, şəhid
olacaq?
– Gəlməzdi.
Çünki çox zirək adam idi. Həm də bayaq dediyim kimi Murovu əlinin içi
kimi tanıyırdı. Həm də
neçə illərin zabiti idi. Düşünürdüm
ki, ona heç nə olmaz. Amma müharibə
başlayanda, ürəyimdə bir sıxıntı əmələ
gəldi. Hər an qorxu içindəydim
ki, nə isə olacaq. Sentyabrın 28-də
onunla danışdım. Mənə dedi ki, Agu, Kəlbəcərə
az qalıb. O, təklikdə həmişə
mənə Aygün yox, Agu deyirdi. Sən demə onlar orda post ələ
keçiriblər, hərbi nailiyyətlər əldə ediblər.
Amma mən sonradan bildim ki, mənimlə
danışanda, o, ayağından yaralanıbmış.
Yüngül yara olub, amma mənə bu haqda
heç nə demədi. Sonrakı günlər
ona nə qədər zəng vurdum, telefonuna zəng
çatmadı. 30-da hərbi hissə ilə
danışdım. Dedilər,
sağdı. Amma sən demə elə həmin
gün səhər o, yenə ayağından vurulub və qan
itirmədən şəhid olub. Rahib illərdi
qoruduğu zirvənin uğrunda şəhid olmuşdu.
Rahibin şəhid olma xəbərini bilənlər ciddi
cəhdlə bunu Aygündən gizlədirlər. Aygün isə narahat-narahat
ev işləri məşğul olur,
uşaqları dərsə aparır, televizor və radiodan cəbhə
xəbərlərini izləyir. Ona qara xəbər
oktyabrın 1-də səhər saatlarında gəlir:
– Ayın
1 idi, oğlumu hazırlığa aparırdım. Rahibin dostu zəng vurdu. Mən onu qabaqladım,
dedim, rahibdən bir xəbər varmı? Dedi, bacı özləri
gün ərzində sizə xəbər edəcəklər. Soruşdum, nəyi xəbər edəcəklər.
Dostu duruxdu, sonra gördüm o, ağlayır.
O, ağlayanda, bildim ki, nə isə olub. Ondan
sonrasını xatırlamıram. Bir o
yadımdadı ki, mən ancaq qışqırıram, ətrafıma
da çoxlu adamlar yığışıb. Ayın 2-də onun nəşini evə gətirdilər.
Dostu onun üzünü açıb
baxmışdı, amma bizə məsləhət görmədilər
baxmağa. Həm də mən elə
haldaydım ki, nə isə etməyə taqətim
qalmamışdı. İndiki halda
olsaydım, məcbur tabutu açdırıb baxardım.
Həm də yadıma gəlir ki, anam da dedi ki, qoy,
yaddaşında necə qalıb, elə də həmişəlik
qalsın.
–
Uşaqlarınız ətrafda nə baş verdiyini başa
düşürdülər?
– Yox,
başa düşmürdülər. Mən
çığırırdım, üç
uşağım da mənimlə birgə
çığırırdı. Onlar
atalarının ölümünü dərk eləmirdilər.
Qonşularım onlara demişdilər ki,
atanız yaralanıb, onu evə gətirirlər. Onlar da qapıda dayanıb gözləyirdilər.
Elə bilirdilər ki, ayağında yarası
var və o, özü yeriyə-yeriyə evə gələcək.
Rahibin dostları tabutu çiyinlərində gətirəndə,
uşaqlarım tabutu görüb dedilər ki, bu qutudakı
bizim atamızdı?
Sonra mən onları Rahibin dəfninə də apardım. Dedim, onlar kimi övladı olduğunu anlayıb dərk etsinlər. Qızımla ortancıl oğlum indi nisbətən nə baş verdiyinə bilirlər. Amma balaca oğlum heç nə dərk etmir. Amma səbəbsiz yerdə ağlayır. Onda mən onu aparıram atasının məzarına. Orda sakitləşir, atasının şəklini öpür. Bəzən gecə saat on ikidə biz Rahibin məzarının üstünə gedirik. Əvvəllər olsa, bəlkə də mən qorxardım, amma indi Şəhirdlər xiyabanı bizim əzizimizin, doğmamızın uyduğu bir məkandır. Ona görə ora da bizim üçün doğmadı.
Aradan iki il keçib, amma mən hələ də onun ölümünə inanmıram. Evdə ona aid əşyaların heç birini atmamışam. Paltarları da şkafda sonuncu dəfə necə asılıbsa, eləcə də qalıb. Çox vaxt şkafın qapısını açıq qoyuram. Paltarlarını görəndə, elə bilirəm ki, o, özü şkafdan mənə baxır.
– Gələcək sizə necə görünür?
– Çox çətin. Təkbaşına
üç uşaq böyütmək çox
ağırdı. Amma çalışıram ki, onlar
heç nədən korluq çəkməsinlər.
Atalarına layiq böyüsünlər.
Düşünürəm ki, rahibin övladları pis ola bilməz.
Əminəm ki, onun balaları da onun kimi olacaqlar.
Çünki onların damarlarında vətən uğrunda
canından keçmiş bir kişinin qanı axır.
Samirə
Əşrəf
Hərbi And.- 2022.- 21 oktyabr.- S.12-13.