“Həmişə də deyirdi
ki, oğlum olsa, pilot kimi
yetişdirəcəm...”
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Şəhriyar Əvəz oğlu Ağamalıyev haqqındadır.
Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul rayonunda anadan olub. Hacıqabul şəhər 1 saylı tam orta məktəbi bitirib. Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Vətən müharibəsi zamanı xüsusi təyinatlı həmlə qrupunun komandiri olub. Şəhriyar Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhriyar Ağamalıyev "Vətən uğrunda" və "Vətənə xidmətə görə" medalları ilə (ölümündən sonra) təltif edildi.
İlk tanışlıq...
Zərif, zərif olduğu qədər də kədərli, nisgilli səslə danışırdı Nərminə xanım. Özünü qürurla təqdim edərək söhbətə başladı:
- Mən Ağamalıyeva Nərminə vətən uğrunda canını fəda edən Ağamalıyev Şəhriyarın həyat yoldaşıyam...
Danışır, danışdıqca nigaran gözlərlə iki yaşlı oğlu İmrana, bir yaşlı qızı, atasının üzünü görə bilməyən Şəhrinura baxır:
- Biz Şəhriyarla qohum deyilik. Başqa-başqa rayonlardanıq. Bildiyiniz kimi, o, Hacıqabuldan idi. Mən isə əslən
Zəngilan rayonundan idim. Amma şəhərdə böyümüşdüm. Biz 2017-ci ildə tanış
olmuşuq. O vaxtı universitetin axırıncı
kursunda oxuyurdum. Şəhriyar isə rayondan
təzə gəlmişdi,
Bakıdakı şirkətlərin
birində işləyirdi.
Həm də bizim evimizin
yanında kirayə qalırdı. Məni də
yəqin ki, evə gedib gələndə görmüşdü.
Bir müddət mənə göz qoyub fikir verəndən sonra bir gün
mənə yaxınlaşdı. Dedi, Nərminə xanım sizi bir aydır
ki, izləyirəm, sizdən çox xoşum gəlir, fikrim də ciddidir. Yəni tanışlığımız
belə adi yol tanışlığı
kimi başlandı.
Təbii
ki, mən onda heç bir razılıq vermədim. Amma bir müddət keçəndən sonra onun ciddiyyətini hiss etdim. Telefon nömrəmi ona
verdim, söhbət etdik, danışdıq.
O, xasiyyət və görünüş etibarı
ilə mənim bütün istəklərimə
cavab verirdi. Martda tanış
olduq, iyunda nişanlandıq, sentyabrda
isə toyumuz oldu. Dörd, beş ayın
içərisində biz bir-birimizə
bu qədər tezliklə isindik.
Arzu...
Cütlük ailə qurandan bir il sonra onların İmran adlı oğulları doğulur. Elə həmin ərəfədə
Şəhriyarın işlədiyi
şirkətdə ixtisarlar
başlanır. Belə olan
halda Şəhriyar hərbi sahəyə istiqamətlənir. Zabitlik kurslarını
keçir, leytenant hərbi rütbəsi qazanır.
- Zabit olandan sonra
Şəhriyar Goranboyda,
Tərtərdə hərbi
fəaliyyətini davam
etdirib. Hərbçi
kimi də, ailə başçısı
kimi də xüsusi bir adam idi.
Zahirən ciddi, zəhmli
olsa da, ürəyitəmiz, mehriban,
qayğıkeş, dünyagörüşlü,
hədsiz ailəcanlı
idi. Övladından, ailəsindən ötrü canını verərdi. Onun vətənə yanaşması da bu cür idi.
Həmişə deyirdi ki, vətənini sevməyən
ailəsini də sevə bilməz. Bizim münasibətimiz başlayandan
sonra qısa müddətdə ailə
qurduq. Aramızda əlbəttə ki, sevgi oldu.
Amma məni ona bağlayan onun zəhmətkeş və kişi
xüsusiyyətlərini özündə
daşıması idi.
Həmişə arzu edirdim ki, tanrı
mənim qarşıma
varlı, imkan adam çıxarmasın.
Yalnız ailəsinə bağlı
insanla rastlaşım.
Arzum yerinə yetmişdi.
Bizim böyük sevgimiz oldu. Təəssüf
ki, bu sevginin
ömrü cəmi üç il
çəkdi. İndi danışıram,
yadıma düşür
hər şey. Mənim üçün elə bir insanı itirmək həqiqətən
də çox ağırdı (kövrəlir).
Divardakı bəy və gəlin şəklinə
baxıram. Nərminə xanım gəlinlik,
Şəhriyar isə
bəy libasındadırlar.
Hər ikisi xoşbəxt, bəxtəvərdirlər. Gözlərində ürəklərindəki sevgiyə inam, gələcəyə isə
ümid var. Onlar şəklə çəkilən
zaman bilmirdilər ki, üç ildən sonra bu xoşbəxtlik harasa yox olacaq.
Müharibə deyilən bəla
onların sevgisini yarımçıq qoyacaq.
İki övlad atasız, bir qadın ərsiz, başsız qalacaq. Nərminə
xanım mənim şəklə diqqətlə
baxdığımı görüb
deyir:
- Onunla bağlı o qədər xoşbəxt
günlər var ki... Amma bir neçəsini
heç unutmuram.
Biz tanış olandan sonra ikimiz
birgə idmana gedirdik. İdman deyəndə ki,
birgə qaçırdıq.
O, da işləyirdi, mən də. Bir-birimizi tez-tez görməyə vaxt olmurdu. Ancaq həmin qaçış
vaxtı söhbətləşə
bilirdik. Onda Şəhriyar
mənə öz həyatını, yaşadıqlarını
danışırdı. Həmin söhbətləri heç
cür unuda bilmirəm. Ona deyirdim ki, sən çox möhkəm adamsan ki, başına gələn bu qədər hadisələrdən
sonra daha da möhkəm olmusan. Şəhriyar doqquzuncu sinifdən
fəhləlik edib ailəsi üçün
pul qazanan oğul olmuşdu. O,
hər şeyi sıfırdan başlayıb,
özü qazanmışdı.
Onun ən böyük arzularından biri də oğul övladının olması
idi. Həmişə
də deyirdi ki, oğlum olsa, onu pilot kimi yetişdirəcəm.
Pilot olmaq onun uşaqlıq arzusu idi, ola
bilməmişdi deyə,
istəyirdi ki, oğlumuz olsun. Şükür edirəm ki,
bizim birinci övladımız oğlan
oldu və Şəhriyar bu sevinci yaşadı. Arzusu ürəyində qalmadı.
Biz cəmi üç
il ailəli
qaldıq. Amma bu üç
ildə o, mənim bir istəyimi də yerdə qoymadı. Özü də hər
şeyin ən yaxşısını bizim
üçün edirdi.
Müharibə...
- Nərmin xanım, sonra müharibə başlandı və...
Və...
Bizim bütün gözəl günlərimiz bitdi, hər şeyə nöqtə qoyuldu. Mən həmin dövrdə hamilə olduğum üçün müharibənin
başlanmasını, ümumiyyətlə,
hansısa gərginliyi
mənə bildirmirdi.
Amma bilirdim ki, nəsə
çətin təlimlərdən
keçirlər. Müharibə başlayanda yoldaşım
həmlə qrupunun tərkibində cəbhəyə
göndərilib. Cəbhədə də komandir kimi iştirak edib. Onun meyiti gələnə
kimi qərargah rəisi inanmırdı ki, Şəhriyar şəhid olub.
- Cəbhədə olanda sizinlə danışa bilirdi?
- Sentyabrın 28-də mənə
zəng vurdu. Bir az danışdıq, mən
kənardan atəş
səslərini eşidirdim.
Ona bu barədə
deyəndə, dedi, təlim keçirilir, narahat olma. Sağollaşandan
sonra anama dedim ki, Şəhriyar
məndən nəsə
gizlədir, orda nə isə baş verir. Ertəsi gün müharibənin başlandığını bildim.
Şəhid olduğu günə
qədər biz mütəmadi
olaraq danışırdıq.
Sonuncu telefon danışığımız
oktyabrın 29-da oldu.
Həmin
gün o, sanki mənə hər şeyi tapşırıb
sağollaşdı. Elə
bil hiss edirdi ki, ona nə
isə olacaq.
- Nə deyirdi?
- Daha çox oğlumu, dünyaya gələcək qızımızı
tapşırırdı. Mənə deyirdi
ki, özünü möhkəm tut, mənə
nə isə olsa, özünü itirmə. Anamı tək qoyma,
onun yanında ol. İndi sizinlə danışıram,
yenə həmin ana qayıdıram. Səsi qulağıma gəlir (kövrəlir).
Son vida...
Ailəsi danışandan bir gün sonra yəni oktyabrın 30-da Şəhriyar Kəlbəcər
istiqamətində gedən
döyüşlərdə şəhid olur. Onun meyiti
neytral zonada qaldığından götürmək
də çətinləşir.
Lakin gecə ilə Şəhriyarın meyiti neytral zonadan götürülərək noyabrın
2-də ailəsinə təhvil
verilir. Nərminə
xanım isə deyir ki, həyat
yoldaşının şəhid
olacağını heç
vaxt ağlına gətirməyib:
- Mən inanmırdım ona nə isə
olar. Çünki yoldaşım çox
güclü insan idi. İdmançı idi, nailiyyətləri
də olmuşdu.
Üstəlik də hərbi
sahədə savadlı
idi. Yəni həm fiziki
gücünün, həm
də biliyinin olması onu mənim gözümdə
ölməz etmişdi.
Amma gözlənilməyən
hadisə baş verdi...
- Onun şəhid olması xəbərini necə bildiniz?
- Şəhriyar oktyabrın 30-da günorta saatlarında vurulmuşdu. Biz ayın 31-də bildik. Mənim dayımoğlu şəhid olanların adı olan siyahıda yoldaşımın adını görüb anama zəng vurmuşdu. Ondan Şəhriyarın soyadını soruşmuşdu. Daha sonra demişdi ki, bibi, Nərminəyə bildirməyin, Şəhriyar şəhid olub, adı şəhid olanların siyahısında var. Anam məndən bu xəbəri gizlədi. Amma mən onun gözlərindən bildim ki, nə isə olub. Həmin anları mən izah edə bilmərəm. Yeddi aylıq hamilə idim. Hər kəs məndən hər şeyi gizlədirdi. Anam dedi, hazırlaş, Hacıqabula gedirik. Bildim ki, nə isə baş verib. Hacıqabula çatanda, bayraqları, izdihamı görəndə, onun şəhid olduğunu bildim. Ora çatandan yarım saat sonra Şəhriyarın cənazəsini gətirdilər. Şəhriyar alnından və qolundan yaralanmışdı. O, qan itirmədən dünyasını dəyişmişdi. Onun hər bir əzası yerində idi. Hamilə olduğum üçün mənə son dəfə onu görməyə icazə vermədilər.
Şəhrinur...
Şəhriyar şəhid olandan iki ay sonra onun qız övladı dünyaya gəlir. Yaşadığı həyəcanlı, ağır günlərdən sonra dünyaya övlad gətirən Nərminə xanım qız anası olanda, həm sevinc, həm də kədər hissi yaşayır:
- Şəhriyarsız övlad dünyaya gətirmək çox ağır hiss idi. Yanımda iki övladım vardı. Bilirdim ki, tək deyiləm, onların hər biri Şəhriyarın parçası idilər. Onun qanını daşıyırdılar. Amma həm də bilirdim ki, yanımda daha Şəhriyar kimi bir ailə başçısı, bir kişi yoxdur. Təkəm... Şəhrinurun adını Şəhriyarın adı ilə uyğunlaşdırdıq. O, qızının doğulmasını görə bilmədi. Şəhrinur doğulanda, onun üçün çox adlar fikirləşdik. Nəhayət Qurandan “Nur” surəsini və Şəhriyarın adındakı Şəhri sözünü birləşdirib bu adı qızıma qoyduq. O, Şəhriyarın nurundan dünyaya gəlmişdi.
Övladlarımın hər ikisi zahirən atalarına bənzəyir. Hər ikisində başqa cür nişanələri var. Çox istərdim ki, onlar xasiyyətdə də, vətənpərvərlikdə də ona bənzəsinlər. Allahdan bircə arzum var ki, Allah mənə güc-qüvvət versin ki, onları atalarının adına layiq böyüdüm. Çünki onlar böyük kişinin övladlarıdırlar.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 23 sentyabr.- S.14-15.