QALİB  STATUSLU  EMİL  ÜRƏYİ

 

                                                                                                                     

 

     Bizə yaxşı bəllidir ki, insan ömrü az, yaxud uzunmüddətli olmasına görə yox, bu ömrün necə yaşanılmasına görə əhəmiyyətli qiymət alır. Gərək elə faydalı çalışıb, elə iftixarlı qurub-yaradasan ki, heç bir kərə də heyifsilənməyəsən. Dəyərli həyat həmişəlik yadda qalan, şərəfli hisslərlə xatırlanan və qürur bəxş edən günlərdən ibarət olur. İçində idmançı qüdrəti hakim olan Emil Bəşirov əsgərlikdən əvvəl çox fərqli və yarış həyəcanları ilə dolu bir yeniyetmə ömrü sürürdü. Məktəbli yaşında ikən daim zəfərli posta sahib olmaq eşqi ilə çoşub-qaynayırdı. Yunan-Roma güləşi üzrə yeniyetmələrin əksər yarışlarında gümüş medalı onun əlindən ala bilmirdilər. İstər respublikamız daxilində, istərsə də beynəlxalq turnirlərdə qazandığı uğurlar iradi keyfiyyətlərinə xüsusi zinət verirdi. Daxili İşlər NazirliyininDinamoidman klubunda məşqçi Radik Hüseynovun məsləhət və tövsiyələrinə özünəxas bir biçimdə əməli cavablar verirdi. Emilin fiziki kamilliyi ilə yanaşı seçilən məziyyətləri, öncüllüyə doğru yönəlmiş cəhdləri davamlı surətdə çox şaxələnirdi.

      Gəlimli-gedimli dünyamızda hansı yola baş alıb getsən də ən mühüm həyati şərtlərdən biri odur ki, təhlükəli hallarda ruhun ölü duruma düşməsin, heç vaxt düşmən qarşısında əyilməyəsən. Bu baxımdan Emil əllərini yanına sallayaraq havayı gün keçirən, milli dəyərləri kölgə altına salan oğullardan deyil. Mətin əsgər sırasına durduğu ilk gündən etibarən Emilin ruh yüksəkliyi günbəgün artırdı. Xüsusən qəlbində hakim olan yurd məhəbbəti daşnak fitnə-fəsadlarına qarşı hər gün alovlanırdı. Qeyrətli bir oğul kimi xalqımızın içini didən işğal azarından bezmişdi. Pillə-pillə yüksələn ruhu onun mənəvi aləmində zövqoxşayan bir incəlik yaratmışdı. Öz-özlüyündə ürəyinə elə bir qalib status vermişdi ki, köksündə daim qələbə təntənəsi duyulurdu. Hər bir nikbin, inamlı fikri şəxsi heyət arasında tez qanadlanırdı. Əsgər şəxsiyyətini əzəmətli bir post kimi qəbul edirdi. Bəzən müəyyən hərbi xidmət prosesində imkanları məhdudlaşsa da, qələbə soraqlı fikri-xəyalı göylərdə dolaşırdı. Bax, Emil Bəşirovun 2-ci Qarabağ savaşında göstərdiyi mərdlik nümunələrinin, fədakar fəaliyyətinin və qəhrəman hərəkətlərinin mötəbər mənbəyi məhz onun sönməz ruh yüksəkliyindən formalaşmışdı.

      Emil Bilal oğlu Bəşirovun əsgərlik tarixi 2019-cu il oktyabr ayının 22-dən başlayır. Güləş meydanlarında hünər nümunəsi ilə neçə-neçə güclü rəqiblərə üstün gələn bir yeniyetmə üçün həqiqətən hərbi xidmətə yollanmaq çətin və həyəcanlı ovqat yaratmırdı. Anası Könül xanım da Emilin bacarığına yaxşı bəlli olduğuna görə çox az kövrəlirdi. Bilirdi ki, onu lap dərin bir quyuya salsalar da, öz tükənməz qüvvəsi hesabına çıxış yolu tapacaqdı. Birki, ulu atalarımız demişkən, barlı bağ bağbanından bəllidir. Bəşirovlar öz nəsil və nəcabətinə istinadən ənənəvi bir halda mərdanə və ləyaqətli ömür sürərək milli dəyərlərimizi öz əməli işləri, döyüş nümunələri ilə qorumuşlar.

     “N” saylı hərbi hissədə öncə onun gücünə güvəndilər. 4-cü divizionun 10-cu batareyasının D-20 haubitsa-topunda təxminən 1 ay ərzində doldurucu vəzifəsini heç bir nöqsana yol vermədən icra edə bildi. Hərbi intizam qaydalarının tam yerinə yetirilməsinə  sayğı ilə yanaşması onun şəxsi heyət arasında hörmətini xeyli artırdı. Komandir heyəti tərəfindən aparılan sınaqlarda intellektual potensialının da zəif olmadığı müəyyən edildikdən sonra əldə edilən müsbət nəticələr nəzərə alınaraq Emil Bəşirov tuşlayıcı kursuna göndərildi. Bütün zəruri çalışmaların son göstəricilərində Emil hərtərəfli seçilirdi. Üstün cəhəti ondan ibarət idi ki, verilən tapşırığı yalnız formal surətdə qəbul etmir,  konkret şəraitdə əxz etdiyi nəzəri və təcrübi bilgiləri yaxşı analiz edərək komandirlərin rəğbətini qazanırdı. Buna görə də sıra önündə onun ünvanına vaxtaşırı “təşəkkürlər” elan edilirdi.

      Nəhayət, hər şey Emilin ürəyincə oldu. Əsgərlik imtahanlarında lider olmağa can ataraq yəqin etdi ki, hər söz üçün doğruluq, hər doğruluq üçün , hər üçün də səbir gərəklidir. Fiziki və əqli gücü Emilə səbir sarıdan korluq çəkməyə çox acılıq yaşatmadı. O, qalib idmançı ruhuna uyğun gələn çevik və sərrast atəşaçma qabiliyyətinə, yüksək taktiki-texniki xüsusiyyətlərə malik olan 2S1 haubitsalı özüyeriyən artilleriya qurğusunda baş tuşlayıcı vəzifəsinə təyin edildi.

           

 

        5 nəfərdən ibarət olan döyüş heyətinə tez doğmalaşdı. Çünki münasibətlərdə əsl azərbaycançılıq dəyərləri qorunurdu. Milli hərbi ədəb tələblərinə layiqincə əməl edən top komandiri gizir Amid Əhmədov cəsur Kürdəmir yetirməsi kimi döyüşçü qəlbinə hakim olmağı bacarırdı. Mexanik-sürücü kiçik çavuş Saməddin Atakişiyev döyüş texnikasını elə rəvan və təhlükəsiz idarə edirdi ki, kimsənin ruhu da incimirdi. Masallı igidi Elmir Axundov  və salyanlı mərd eloğlumuz Gülağa Bəhrəmov isə doldurucu funksiyalarını problemsiz yerinə yetirir, bir mənəvi qayda olaraq, döyüş heyətinin adına hər hansı bir xələl dəyməyəcəyini düşünürdülər. Planlı şəkildə keçirilən təlimlərdə çəkdikləri zəhmət, tökdükləri tər lazımi səmərə verirdi. Hər təlim çalışmalarında qazanılan vərdiş və bilgilər tədricən kamilləşirdi. Baş mövzu da dəyişmirdi. Hamı erməni faşistlərinin tapdağı altında inildəyən doğma Qarabağımızdan yanıqlı-yanıqlı söz salırdı.

        Söz düşəndə Emilucadan deyirdi: “Maşallah, biz güclü ordu yaratmışıq. Niyə dədə-baba torpaqlarımızı döyüş gücünə geri almırıq?! Lənət olsun erməni adlı bir məxluqa! Onlara qulaq asmağa dəyməz, yalnız ikibaşlı oyun oynayırlar. Mən erməni ağzından çıxan “sülh” kəlməsinə inanmaq istəmirəm. Xain daşnaklar reallığa kölgə salmaq məqsədilə sümük qırığını çeynəyə-çeynəyə siyasi meydanda izafi canfəşanlıq edirlər. Bu gedişlə gah nala, gah da mıxa döyməyin mənası yoxdur...”

 

   2020-ci il sentyabr ayının 26-da növbəti təlim yeri Füzuli rayonununBurğa dərəsi” adlandırılan ərazidə oldu. Emilgil orada divizion komandiri kapitan Bədrəddinli Valehin göstərişinə əsasən sərfəli bir mövqe seçərək 2S1 haubitsalı özüyeriyən artilleriya qurğusunu yaxşıca maskalamışdılar. Səhər tezdən təlimin planı açıqlanmalı idi. Bekar duran yox idi. Emil baş tuşlayıcı vəzifəsi ilə bağlı texniki vəziyyəti təkrarən yoxlayır, müəyyən yağlama işi görürdü.

       Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Sentyabrın 27-də təxminən səhər saat 06.20 radələrində qəfil bir surətdə döyüş əmri verildi. Sözün açığı, topçular əmrə uyğun fəaliyyətə dərhal başlasalar da, ilk dəqiqələrdə deyilən məlumatlara, verilən göstərişlərə inana bilmirdilər. Hər kəs içində özünü sorğu-suala tuturdu. Hətta zarafat edənlər də vardı. Batareya komandiri kapitan Əli Hüseynovun izdihamlı səsi isə topçularda ciddi görkəm yaratmışdı.

   Emilgilin döyüş heyəti 10 dəqiqə ərzində ilk atəşi həyata keçirdilər. Havaya hopmuş barıt və tüstü qoxusu sanki onların güclü nəfəs mənbəyinə çevrilmişdi. Döyüşü idarəetmə məntəqəsindən gələn operativ informasiyalar Emil Bəşirovun baş tuşlayıcı kimi hünərinə qol-qanad verirdi. Qətiyyən yersiz tələsikliyə yol vermir, ilk sınaq atışına uyğun olaraq aldığı tapşırıqları tuşlama zamanı tam incələyirdi. Təbii döyüş sədaları, alınan uğurlu döyüş xəbərləri aramsız axara düşən sevinc dalğası əmələ gətirmişdi.

    Oktyabrın 9-dək Emilgil mövqe seçdikləri Burğa dərəsində verilən tapşırıqları bacarıqla yerinə yetirdilər. Bir həftə ərzində 500-dən artıq mərmi atdılar. Müzəffər ordumuz işğalçı erməni qüvvələrini qanına qəltan edərək qovduqca topçularımız yeni fəaliyyət planları qurur və irəli gedirdilər. Nəhayət, oktyabrın 10-da Emilgilə yerdəyişmə barədə əmr verildi. Top heyətləri kolona yığışaraq gecə saatlarında müvafiq himayəedici qüvvələrin təhlükəsiz müşayiəti sayəsində daşnak nəfəsindən yenicə təmizlənmiş doğma Cəbrayıl rayonuna çox qürurlu əhval-ruhiyyə ilə daxil oldular.

       Yeni döyüş mövqeyi rayonun teleqülləsi yaxınlığında seçildi. Təxliyə məqsədilə ikitərəfli atəşkəs elan edilmişdi. Lakin aradabir düşmən tərəfindən atəş açılırdı. Emilgil verilmiş əmrə müntəzir olaraq yalnız hazırlıq işləri görür, ərazinin hərbi-taktiki cəhətlərini təhlil edirmünasib nəticələrə nail olmaq üçün hərə öz rəyini açıqlayırdı. Saat 12.00 radələrində operativ bir tapşırıq verildi. Sən demə, xain qonşular öz xislətinə sadiq qalaraq təxliyə adı altında taktiki hiylə qururlarmış. Belə ki, erməni hərbi qüvvələri təcili tibb avtomobilləri vasitəsilə öz yaralılarını, gəbərmiş erməni cəsədlərini yığmaq, onlara ilkin tibbi yardım göstərmək əvəzinə D-20 və D-30 haubisa-toplarını lazımi nöqtələrə aparır və atəşkəsin verdiyi imkan daxilində mərmi daşıyırdılar. Emil Bəşirov bu barədə aldığı tapşırığı elə dəqiq icra etdi ki, hiyləgər dığa fırıldaqçılığı yerindəcə boğuldu. Tam dəqiq hesablamalara əsasən düşmən kolonuna düzülən qurğular və mərmi dolu maşınlar bir-bir darmadağın edildi.

    Cəsur topçu əsgərimiz Emil Bilal oğlu Bəşirov Cəbrayıl rayonunun teleqüllə yaxınlığında gördüyü  döyüş anlarını, şahid olduğu çətin hərbi əməliyyat mənzərələrini belə xatırlayır: “Döyüşün birinci həftəsində biz heç bir acı məqamlarla üz-üzə gəlmədik. Mərmilərimizi düşmən başına yağış kimi yağdırırdıq. Nəfəs almağa imkan tapmayan əksər ermənilər silahını yerə atıb qaçırdılar.  Erməni ordusu dərbədər olmuşdu. Necə deyim, biz ilk dəfə olsa da, döyüş dərslərindən yalnız “yaxşı” və “əla” qiymətlər alırdıq. Səngərdən baş qaldıra bilməyən erməninin qorxudan dizi əsir, hər an diksinir və bağrı çatlayırdı. Cəbrayıl rayonunun teleqüllə yaxınlığında düşmən tərəfindən atılan saysız minalar,  mərmilər bizdən aralı yerə dəyərək partlayır, ya da zərərsiz bir halda fısıldayıb közərirdi. Çünki onlar döyüşü necə gəldi həyata keçirir, keyfiyyətsiz mina və mərmilərdən istifadə edirbizim kimi savaş təcrübəsi göstərə bilmirdilər. Bəzən mina qəlpələri bizi yaxalasa da, vaxtında ilkin tibbi yardım alır və yüksək təminat imkanları hesabına bir addım da geri çəkilmirdik. Yüksək şərəf hissləri ilə deyə bilərəm ki, 2-ci Qarabağ savaşında biz mərdanə döyüşçü həyatı yaşadıq. Sübut etdik ki, biz çox güclü döyüşçü qəlbinə sahib olan bir xalqıq...”  

        6 gün sonra Emilgil yeni hərbi əməliyyat tapşırıqlarına əsasən düşmən tapdağından azad olan Zəngilan rayonuna yollandı. Bartaz kəndi ərazisində, Araz çayının kənarında əlverişli bir mövqe quruldu. Oktyabrın 17-də təhlükəsizlik qaydalarına uyğun olaraq zəncirvari düzülmüş 6 ədəd topumuzdan 3-ündə texniki nasazlıq əmələ gəlmişdi. Batareya komandiri kapitan Əli Hüseynov təmir-bərpa işlərinin təcili aparılması üçün lazımi tədbirləri görürdü. Verilən döyüş tapşırıqlarının ardı-arası kəsilmirdi. Bəzən qəfil əmrlər nəzərdə tutulan vaxtdan tez icra edilirdi. Təxminən saat 12.00 radələrində, necə deyərlər, Emilgilin baş qaşımağa da vaxtı olmurdu. Verilən koordinatlar əsasında bütün hədəflər oda bələnirdi. Bir saat ərzində atılan 22 mərmidən heç biri hədəfdən yan keçməmişdi.

      Birdən şad bir xəbər gəldi. Məlum oldu ki, Zəngilanın qızıl yataqları piyada qoşunlarımızın basılmaz qüvvələri tərəfindən heç bir itki vermədən düşmən əlindən azad edilib. O da bəlli oldu ki, piyada döyüşçülərimiz hücuma keçməzdən əvvəl topçularımızın sərrast atəşləri sayəsində Zəngilanın Vecnəli qızıl mədənində erməni işğalçılarının qurduğu mühəndis-istehkam qurğuları, döyüş texnikaları və silah-sursat anbarları çilik-çilik edilib. Əlacsiz qalan dığalar yalnız qaçıb can qurtarmağı üstün tutublar. Bu minvalla q ədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancılmış, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər yağı düşmən əlindən alınmışdı.

 

   Emilgilin mövqe tutduqları ərazidə qoşunları idarə edən Azərbaycan Respublikası DSX-nin müvafiq komandiri yuxarı komandanlığın göstərişinə əsasən Zəngilan qızıl mədənində mühüm hədəflərin dəqiq vurulmasına görə topçularımızı axşam yanına çağıraraq onlara səmimi bir tərzdə “təşəkkür” elan etmiş və atdığı hər mərminin tutarlı nəticələr verdiyini qeyd edərək baş tuşlayıcı Emil Bəşirovun adını ayrıca vurğulamışdı. 

       Bartaz kəndində gecələr topçular çox sınıq-salxaq bir daxmada yatırdılar. Çünki vandal əqidəli daşnaklar bir dənə də olsun yaşayış yerini salamat qoymamışdılar. Daxmanın kiçik bir pəncərəsi də yox idi. İçəriyə yalnız qaranlıq çökürdü. Emilgilin gecələdiyi daxmaya əslində “daxma” deməyə dil gəlməzdi. Söz yox ki, ermənilər burada toyuq-cücə saxlayırmışlar. Çünki hər bucağından üfunətli iy yayılırdı. Birki, səhra şəraitində gülləbaran altında hansısa rahatlıq barədə düşünmək  yersiz sayılar. İki əsgər bir döşəkçədə kürək-kürəyə verərək yatırdı. Bəzən açıq səma altında yerə uzanaraq ağır yorğunluğun təsirindən ölü kimi yuxulayırdılar. Döyüşdən sonra təmir-bərpa işlərinə başı qarışan topçuların isə bütün günü gözlərindən yuxu tökülürdü. Onlar verilən tapşırıqları can-başla yerinə yetirir, bəzən imkan düşən kimi ayaq üstündə mürgüləyərək beş-on dəqiqəlik yuxu ehtiyacını ödəyirdilər. Emil belə məşəqqətli döyüş günlərinin sınağından mərdanə çıxmağı bacardı və mübariz ruhuna istinadən hər səhəri qələbə sorağı ilə qarşıladı.

        Noyabrın 10-na keçən gecə yaman uzun çəkir və atəş səsləri az eşidilirdi. Doğma Şuşamızın fəthindən sonra hər bir döyüşçümüz özünü göyün yeddinci qatında hiss edirdi. Ona görə də yaranmış döyüş fasiləsi yorucu bir təsir bağışlayırdı. Hər ehtimala qarşı topçular hazır vəziyyətdə növbəti əmri gözləyirdilər. Öz aralarında aparılan söhbətlərdə, söz yox ki, gerçək döyüş durumuna görə tam qələbə çalacağımıza güclü inamlı fikirlər deyilirdi. Hər kəs arxayın olsa da, hələ döyüşün bir həftə də çəkəcəyini söyləyirdi.

       Emil yatmaq fikrində deyildi. Sanki yatağına qor dolmuşdu. Bir az daxmada oturub çay içdikdən sonra çölə çıxdı. Elə bil, şad xəbərin gəlişi onun çölə çıxmasını gözləyirmiş. İdarəetmə məntəqəsindən gələn komandirlər qələbə münasibətilə mühafizəçiləri təbrik edəndə Emil Bəşirli iri addımlarla onlara yaxınlaşdı və düşmən tərəfindən təslim aktının imzalanması barədə ətraflı məlumat aldıqdan sonra öz daxmalarına sarı qaçdı. Qələbə xəbərinin yaratdığı şadyanalıq, demək olar ki, yatmaq söhbətini təxirə saldı.

 

           Emil evə zəng edərək öz sevincini öncə anası ilə bölüşdü...

 

 

 

     Təkcə övladlar deyil, bütün qohum-əqrəba, qonum-qonşu Bilal bəylə Könül xanımın ötən 44 günlük savaşın xoş sədaları ilə yanaşı ağrılı-acılı təsirindən nələr çəkdiyini yaxşı bilirdilər. Onların qəlbində savaşın doğurduğu həyəcan yükü sanki daş kimi asılmışdı. Bilal bəy və Könül xanım adi ata-analardan sayıla bilməzdilər. Cəmi-cümlətanı iki oğlu olan ata-ana müqəddəs yurdumuzun dar günündə övladlarından birini yox, ikisini də vətən savaşına yola salmışdılar. İdmançı qüdrəti ilə seçilən Emil açıqladığımız bölgədə, digər ali təhsilli oğlu Rüfət isə sıldırımlı Kəlbəcər dağlarında yurdumuzun azadlığı uğrunda döyüşlərə atılmışdı. Göstərdiyi fədakar əməllərə görə Rüfət iki medala, mahir baş tuşlayıcı Emil Bəşirli isə 4 medala layiq görülmüşdü. Söz yox ki, bu cəsur əməllərin bir ucu zəngibasarlı ata babası Qədir müəllimə bağlanır. Demək olar ki, genetik tellər qırılmayıb. Qədim Uluxanlı məktəbinin adlı-sanlı ziyalısı Qədir Bəşirov 1941-45-ci illərdə alman faşizminə qarşı qanlı-qadalı döyüşlərdə qəhrəmancasına vuruşmuşFransa partizan hərəkatında qorxmaz döyüşçü kimi tanınmışdır. Şükürlər olsun ki, müzəffər ordumuzun şanlı qələbəsi sayəsində baba-nənələrimizin də ruhu şad oldu.

       Bu gün iki cəsur döyüşçü atası kimi Bilal bəylə yanaşı anamız Könül xanım qürurlu bir dünya sakinləridir. Daim başlarını uca tutur və fəxr edirlər ki, doğma dədə-baba yurdlarımızın mənfur erməni işğalından azad edilməsində onların da zəhməti var... 

 

  İbrahim MƏSİMOĞLU

  müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Hərbi  And.- 2022.- 7 yanvar.- S.10-11.