Şərəf dolu ömür yolu

 

12 avqust 1972-ci ildə Ucar rayonunun Təzə Şilyan kəndində yaşayan Cəlil kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Valideynləri ona dahi şairimizin adını verdilər - Cavid. Cavid ailənin dördüncü övladı idi. Onun dünyaya gəlişi ailənin sevincini xeyli artırdı. Bir-birinə bənzəməyən günlər durna qatarı kimi hiss olunmadan sıralandıqca Cavidböyüyür, uşaqlıq çağlarını yaşayırdı.

1979-cu il sentyabrın 1-də valideynləri Cavidin əlindən tutub sevinə-sevinə kənddəki məktəbə apardılar. Həmin gündən onun həyatının yeni mərhələsi başlandı. Təbiətən sakit uşaq olan Cavid həvəslə məktəbə gedir, dərslərini yaxşı oxuyurdu. Hələ kiçik yaşlarından Cavid texnikaya böyük maraq göstərirdi. Buna görə də 1989-cu ildə orta təhsilini başa vurandan sonra Göyçay rayonundakı texniki-peşə məktəbinə üz tutdu. Bu təhsil ocağında sürücülük ixtisasına dərindən yiyələndi.

1990-cı ildə 18 yaşı tamam olanda Cavid tay-tuşları ilə bərabər ordu sıralarına yola düşdü. Əsgəri xidmətini Vətəndən xeyli uzaqlarda - Kalininqrad şəhərində yerinə yetirdi. Hərbi sirləri dərindən öyrəndi. 1992-ci ildə hərbi xidmətdən geri dönəndə qoynunda dünyaya göz açdığı Vətənində narahat günlərin yaşandığını gördü. Erməni qəsbkarları Qarabağa sahib çıxmaq istəyirdilər. Məqsədlərinə çatmaq üçün azərbaycanlıları əsrlərdən bəri yaşadıqları kəndlərdən qovub çıxarırdılar.

Bütün bunları görən Cavid 1993-cü ildə erməni qəsbkarları ilə döyüşməyə yollandı. O, əsgərlikdə rabitəçi ixtisasını dərindən öyrənmişdi. Əsgər Cavid Səlimov ordu sıralarında olarkən təkcə rabitəni deyil, həm də silahların sirlərini mükəmməl mənimsəmişdi. Buna görə də döyüşlər zamanı erməni qəsbkarlarını dəqiq atəş zərbələri ilə məhv etmək onun üçün çətin deyildi.

Əsgər Cavid Səlimovun döyüş yolu Ağdərə rayonundan başladı. Bu yerlərin gözəlliyi onu elə ilk dəqiqələrdən valeh etmişdi. Cavid ona təəssüflənirdi ki,  bu yerlərə gəzməyə, yaşamağa yox, ermənilərlə döyüşməyə, vuruşmağa  gəlib. Amma yaxşı dərk edirdi ki, bu gün ondan gəzmək yox, döyüşmək, vuruşmaq tələb olunur. Nəyin bahasına olursa-olsun, belə gözəl yerləri erməni işğalçılarından qorumaq lazım idi.

Döyüş yoldaşları ilə çiyin-çiyinə verən Cavid Səlimov Qarabağı erməni işğalçılarından qoruyurdu. Havadarlarına arxalanan düşmən isə dayanmaq bilmədən irəliləyir, hər gün hücumlarını gücləndirirdi. Məqsədi az bir zamanda Qarabağa sahib çıxmaq idi. Amma nə qədər cəhd göstərsə də, istəyinə çata bilmirdi. Çünki döyüşçülərimiz mövqelərində möhkəm dayanırdılar. Nə qədər çətin olsa da, Azərbaycan əsgəri bu hücumların qarşısını almağa çalışırdı. Döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərirdi. Cavid həmişə öndə vuruşur, dəqiq atəşlə yağıları məhv edirdi. Təəssüflər olsun ki, 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşdə ayağından yaralandı. O, hospitalda müalicə olunduqdan sonra yenə də döyüşçü dostlarının yanına döndü. Həmin günlərdə onların bölüyü Ağdam istiqamətində vuruşurdu. Cəsur döyüşçü Cavid Səlimov ən çətin döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirdi. Təkcə əsgər dostları deyil, komandirləri də onun bacarığından, hünərindən razı idi.

1994-cü ilin yazında Ağdam ətrafında gərgin döyüşlər gedirdi. Ötən müddət ərzində düşmən xeyli irəliləmişdi. Azərbaycanlılar yaşayan neçə-neçə kənd, qəsəbə düşmən əlinə keçmişdi. Bütün bunları gördükcə Cavidin erməni qəsbkarlarına olan nifrəti daha da artırdı. Güllələri yağıların üzərinə dolu kimi yağdırırdı. Cavid döyüşlər zamanı təkcə silahla deyil, nifrətlə də döyüşürdü. Ürəyi daim qisasintiqam hissi ilə döyünürdü. Bu döyüntü onun bütün varlığını titrədirdi.

Təəssüflər ki, 1994-cü il aprelin 11-də Ağdam rayonunun Kökəltmə adlı istiqamətindən qəsbkarların növbəti hücumlarının qarşısını alarkən Səlimov Cavid Cəlil oğlu şəhid oldu. Təzə Şilyan kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı. Komandirləri, döyüşçü dostları onun ölüm xəbərini kədər və göz yaşları içində qarşıladılar.  Düşmən üzərinə bu cəsur əsgərin intiqamını almaq təşnəsi ilə atıldılar.

Anası Şövkət xanım canından da çox sevdiyi övladı Cavidlə göz yaşları ilə vidalaşdı. Təskinliyini yalnız onda tapdı ki, oğlu Vətən uğrunda şəhid oldu. Şəhidlər isə heç vaxt unudulmur, yaddan çıxmır.

Şəhidin bacısı Zəminə Veyisova həmin günü belə xatırlayır:

- Məktəbdəydim. Dərsin ortasında sinif rəhbərimiz gəlib heç bir səbəb demədən bildirdi ki, sən evə gedə bilərsən. Mən də sinifdən çıxıb evimizə qayıtdım. Nə qədər soruşsam da, nədən ötrü evə qayıtmalı olduğumu demədilər. Yol boyubaş verə biləcəyini götür-qoy edirdim. Ağlımdan yüz fikir gəlib keçsə də, qardaşımın şəhid olduğunu heç düşünmürdüm. Tələsik addımlarla məhəlləmizə yaxınlaşanda gördüm ki, kənd camaatı biz tərəfə axışır. Ürəyim titrədi. Evə çatanda doğmalarımı göz yaşı içində gördüm. Onda bildim ki, qardaşım Cavid Ağdamda şəhid olub. Bu kədərli xəbəri eşidəndə göz yaşlarım selə döndü. 1994-cü il aprelin 11-i ömrümün ən kədərli günü oldu. Həmin gün dünyalar qədər istədiyim qardaşımı itirdim. Cavid 22 il yaşadı. Amma çox şərəfli ömür yaşadı. Biz heç vaxt onu unutmayacağıq.

Atəşkəs rejiminə bir ay qalmış şəhid olan Cavid Səlimovun xatirəsi onu tanıyanlar tərəfindən həmişə əziz tutulur. Yaşadığı küçədə Cavidin adına "Şəhid bulağı" tikilib. Təhsil aldığı orta məktəbdə şəhidlərə həsr olunmuş guşə düzəldilib. O guşədə Cavidin də şəkli, döyüş yolu haqqında məlumat yer alıb. İnanırıq ki, gələcək nəsillər igidliyi, qəhrəmanlığı Cavid kimi cəsur oğullardan öyrənəcəklər. Onların hünər və cəsarəti ilə həmişə fəxr edib öyünəcəklər.

 

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

 

Hərbi And.- 2022.- 28 yanvar.- S.16.