ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜK QAZANAN QƏHRƏMAN

 

 

İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona «Ana Vətən!» deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Belə vətənpərvər oğullardan biri də Qasımov Hafis Cavanşir oğludur. İgid el oğlumuzun məzarını və ailəsini ziyarət etmək üçün Culfa rayonunun Camaldın kəndinə yollandıq. Bizi kənd mərkəzində qarşılayan ailəsi ilə birlikdə kənd qəbristanlığına üz tutduq. Burada Hafisin məzarı ilə yanaşı daha bir qəhrəman şəhid, kapitan Babayev Şamilin də məzarı var. Ziyarətimizdə öyrəndik ki, bu ruhlar xiyabanında birinci qarabağ müharibəsində şəhid olmuş igidlərdən Mirəyyub Seyidov və Mənsum Əhmədov da uyuyur. Qəhrəmanlarımızı ziyarət etdikdən sonra Hafis Qasımovun evlərinə yollanırıq. Atası Cavanşir bəy, anası Nigar xanım, qardaşı Nəcmi və gələcəyimizdən xəbər tutaraq evlərində bizi gözləyən yaxın qohumları ilə səmimi söhbətimiz oldu.

Ailənin son beşiyi olan Qasımov Hafis 1998-ci ilin bir yay günü, iyul ayının 18-də dünyaya göz açıb. Hər zaman qəhrəman oğullar yetirən Naxçıvan torpağında Qasımovlar ailəsində böyüyən Hafis orta təhsilini Camaldın kənd tam orta məktəbində almağa başlayıb. Təhsil aldığı illərdə mehriban xasiyyətli, aktiv və əlaçı olması ilə müəllim-şagird kollektivinin hörmətini qazana bilib.

Öyrənirik ki, 3 oğul böyüyən bu evin ilk övladı olan Camal Qasımov da hərb sənətini seçib. O, Naxçıvan Hərbi Liseyini və Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hafisdə böyük qardaşını müdavim olduğu dövrdə hərbi formada görməsindən sonra hərbə marağı daha da artır. Onun qardaşını özünə nümunə götürməsi, vətənə olan sevgisi gələcəkdə bir hərbçi kimi vətəninə xidmət etməsini labüd edir.

Camaldın kənd tam orta məktəbində coğrafiya fənnini tədris edən, eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müvini işləyən evin ortancıl oğlu Nəcmi Hafisin orta məktəbin 7-ci sinifində təhsil alarkən yazmış olduğu “Şəhidlər ən uca zirvədirmövzusunda inşa yazısını göstərdi bizə. Tam mətinini təqdim edəbilməsəkdə, qəlbi vətən eşqi ilə vuran yeniyetmənin fikirlərinin bir qismini oxucularımızla da bölüşmək istədik.

“ Yüksəlişə can atmaq insanın təbiətindədir. O, doğulduğu andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir. Öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Vətən yolunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə ölümsüzlük qazanır. Bundan böyük yüksəklik, ucalıq ola bilərmi”?!

Bəli, Hafis bu düşüncələrlə böyüyür. Qəhrəman olmağı uşaqlıqdan qarşısına məqsəd qoyur. O, 2012-ci ildə 8-ci sinifi bitirdikdən sonra Naxçıvan Hərbi Liseyinə daxil olur, 2015-ci ildən etibarən isə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Bu illərdə müdavim və müəllim heyətinin rəğbətini qazanmış Hafis Qasımov gənc zabitlərlə keçirilmiş toplanış zamanı fərqləndiyinə, yüksək nəticələr əldə etdiyinə, nümunəvi xidmətinə, döyüşictimai-siyasi hazırlığında əldə etdiyi naliyyətlərə görə, hərbi hissənin yaranmasının 26-ci ildönümü münasibətilə fəxri fərmanlarla mükafatlandırılır. 2018-ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyi ərəfəsində də “Azərbaycan Ordusunun 100 illiyiyubiley medalı ilə təltif edilir.

Bundan başqa təhsil aldığı illərdə “Azərbaycan Ordusu” qəzeti muxbirinə də müsahibə verən Hafis üç rəngli bayrağımızın tərtib edildiyi tarixdən və rənglərinin mənasından danışaraq Azərbaycan bayrağının bütövlükdə türk milli soykökünün, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının vəhdəti olduğunu qeyd edirb.

Söhbətimiz zamanı qəhrəmanımızın uşaqlıq ilərindən son dövrədək çəkdirdiyi foto şəkillərə baxarkən bir nəfər diqqətimi cəlb etdi. Onunla daha çox fotoları olduğundan qardaşı Nəcmidən kim olduğunu soruşanda: “Bu oğlan Hafisin yaxın dostu olub, adı Taluddur. Ailəvi yaxınlığımız da var. Hazırda Ağcabədidə xidmət edirdedi. Telefonla əlaqə saxlayıb Hafis haqqında xatirələrini bizimlə bölüşməsini istəyəndə məmnuniyyətlə qəbul etdi.

"Hafis ilə Naxçıvan Hərbi liseyində təhsil aldığımız vaxtlarda tanış olmuşduq. Bütün asudə vaxtlarımız bir yerde keçərdi. Bakıya, Ali Hərbi Məktəbə qəbul olduqda da birlikdə təhsil almağı planlaşdırırdıq. Belə də oldu. İxtisasimiz ayrı olsada tez-tez görüşürdük. Onu özümə qardaş dost, yoldaş bilirdim Yeməyimizi belə bir-birimizlə bölüşdük. Bu dostluğumuz bizim ailələrimizi də bir birinə yaxınlaşdırdı. Ailəvi dostluğumuz oldu. Hafis öz peşəsini sevirdi. Məktəbdə keçirilən hər tədbirdə Hafis mütləq təşkilatçılıq edirdi. Məzuniyətə də birlikdə gedərdik. Bayramlarda həmişə şəhidlər xiyabanına, Fəxri xiyabana gedib şəhidlərimizi yad edirdik. Axı, hamı kimi bizimdə arzumuz vətən toroaqlarını düşmən taptağından azad edib, lazım gələrsə bu uğurda şəhid olmaq idi. Mənə qismət olmadı o şanlı bayrağa bürünüb şəhadətə yüksəlmək. Hafis bu ali məqama ucaldı. Aramızda hər dəfə bu barədə söhbət edəndə deyirdim ki, Allah mənə səndən əvvəl ölüm qismət etsin. Qardaş itkisinə dözmək olmaz. Bu sözləri o da təkrarlayırdı. Arzumuz məktəbi bitirdikdən sonra zabit olduqda da birlikdə çalışmaq idi. Amma qismət olmadı. Vətən müharibəsi zamanı tez- tez telefonla danışırdıq. Son dəfə oktyabr ayının 11-də danışdıq. Narahat olduğumu bildirdim. Hafis özünü qoru xahiş edirəm deyəndə cavabında dedi ki:" Mən elə hadisələrdən sağ çıxmışam ki,... narahat olma mənə heçnə olası deyil." Amma səsində bir qəribəlik var idi. Sanki o, da məndə nəsə olacağını hiss edirdik. Hafisin şəhid xəbərini alanda keçirdiyim hisləri, çəkdiyim acını heç bir sözlə ifadə etmək mümkün deyil. Nə qədər ağır olsada, acı çəksəndə, ürəyin qan ağlasada buna dözməli olursan. Yaxın dostumu, sirdaşımı, qardaşımı itirdim. Hafis həm vətənpərvər döyüşçü, həm də mərd dost idi. Hafisin məzarını hər ziyarət etdiyimdə ona dərdimi, deyirəm, onunla sevincimi bölüşürəm. O, mənim üçün bir dostluq abidəsi olaraq qəlbimdə hər zaman yasayacaq. Azad olan torpaqlar igidlərimizin qanı ilə yoğruldu və alınmaz qalaya çevrildi. Bu vətən, bu millət Hafis kimi oğulları unutmamalıdır. Bütün şəhidlərimizin qarşısında baş əyir, ruhlarini hörmətlə yad edirəm".

2019-cu ildə AAHM-i şəxsi heyətlə üzrə bölük komandirinin müavini ixtisası üzrə bitirən leytenant Hafis Qasımov Müdafiə nazirliyinin qərarı ilə Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətə başlayır. O, qısa xidməti dövründə bir sıra naliyyətlər qazanaraq birlik komandanlığı tərəfindən dəfələrlə təltiflərə layiq görülür. Müavini olduğu bölük komandiri baş-leytenant Dəniz Aslan silahdaşından danışır: “Biz Hafislə Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alırdıq. Mən bir kurs ondan yuxarı kursda idim. Yeməkxana növbətçisi olanda Hafisi də mənə köməkçi təyin etmişdilər. Tanışlığımız orda oldu. Onun dürüstlüyü, aktivliyi, mədəni və dostcanlı olması bizi yoldaş etdi. Mən ondan bir il əvvəl məktəbi bitirib bolük komandiri olaraq xidmətə başladım. Təsadüfə baxın ki, bir il sonra Hafis də məktəbi bitirdikdən sonra mən olduğum hərbi hissəyə təyin edildi. Burada tez-tez görüşürdük. Bir müddətdən sonra isə məni Hafisgilin bölüyünə bölük komandiri təyin etdilər. Onu da yanıma tərbiyəvi işlər üzrə komandir müavini təyin etmişdilər. Vəzifəsinə uyğun olaraq istər bölükdə, istərsə də taborda keçirilən bütün tədbirin təşkilatçılığı ilə məşğul olurdu. Gözəl insan, yaxşı yoldaş olduğu kimi mükəmməl təşkilatçı idi. Hərbi hissədəki tədbirlərin birində bir mahnı səslənirdi... “Ay vətən oğlu”. Bu mahnını dinləyərkən Hafis dedi komandir siz bir bu mahnının sözlərinə diqqət edin. Nə gözəl mahnıdır...bizi döyüşə səsləyir, qarabağ bizi çağırır. Inşallah tezliklə o gözəl diyarımızı işğalçı düşmənlərdən azad edəcəyik”. Indi hər dəfə bu mahnını dinləyərkən Hafis gözümün önünə gəlir. Vətən müharibəsi başlanan gün çox sevinirdi. Axı arzusuna çatma imkanı yaranmışdı. Döyüşlərin ilk günündə çantamda içməli suyum bitmişdi. Hafis dərhal öz çantasındakı suyu çıxarıb mənimlə yari böldü. Ertəsi gün mən yaralandım. Xəstəxanaya yerləşdirdilər. Oktyabr ayının 16-da onun şəhid olduğunu eşitdim. Çox narahat oldum. Dəyərli, vətənpərvər, mərd bir yoldaşımı, silahdaşımı itirdim. Allah rəəhmət eləsin. O, hər zaman bizimlə yaşayacaq”.

Hafis yaşadığı bu qısa həyatda müsbət keyfiyyətləri ilə özünə yaxşı yoldaşlar, dostlar qazanıb, hər kəsin hörmət bəslədiyi bir insan olub.

Onun böyük qardaşı baş- leytenant Camal Qasımovun da hərbçi olduğunu qeyd etmişdik. Hətta o, 2016-ci ildə baş verən aprel döyüşlərində iştirak etmiş, qazanılmış uğurlu əməliyyatlarda böyük xidmətləri olmuşdur. 2020- ci ildə olan Vətən müharibəsində də şücaət göstərmiş, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Qəhrəmanımızın anası Nigar xanım deyir ki,: “ Vətən müharibəsi başlananda Camal döyüşlərə qatılıb. O günü səbirsizliklə gözləyən övladlarım fərqli birləşmələrin tərkibində düşmənlə savaşırdılar. Camal Murovdağ istiqamətində düşməni lərzəyə saldığı vaxtda kiçik oğlum Hafis isə Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qan uddururdu.”

Leytenant Hafis Qasımov Cəbrayılın bir çox ərazilərinin, Xudafərin körpüsünün və ətraf ərazilərin düşməndən təmizlənməsində sözün əsil mənasında qəhrəmanlıq nümayiş etdirir. Oktyabr ayının 14-ü Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu xəbər döyüşdə olan böyük qardaşına və ailəsinə oktyabrın 16-da verilir. Bir tərəfdə Vətən torpağının işğaldan addım-addım azad edilməsi anı, digər tərəfdə qardaşın əbədi vidası.... Camal qardaşını nəfəssiz halda görəcəkdi. Bu həyatın ən çətin anlarından biriqardaş nəşini daşımaqdır. Hələ ki, o qardaş sənin silahdaşın ola. Bu ağrı-acını izah etmək mümkünsüzdür. 2020-ci il 18 oktyabr tarixində Cavanşir bəylə, Nigar xanım iki oğlunu qarşıladı. Amma bu qarşılama digərlərindən fərqlənirdi. Qürurla kədəri eyni anda yaşayan valideyinlər Camalın sağ-salamat qayıtmasına şükür etsələr də Hafisin cansız bədənini qarşılamağa dözəbilmirdilər. Elə həmin gün qəhrəman el oğlumuz böyük bir izdihamla Camaldın kənd məzarlığında uğrunda can verdiyi üç rəngli bayrağına bürülərək ana vətən torpağına tapşırıldı.

Sonuncu dəfə oktyabr ayının 13-də Hafislə danışan Nigar ana deyir: “Bir il tamam olmuşdu ki, oğlumu görmürdüm. Məzuniyyətə gəlməsini gözləyirdim. 2020-ci ilin qışında gələcəkdi qəhrəman balam. Biz onun gəlişini bayram kimi gözləyirdik. İgid oğlum gəldi, ancaq o sevdiyi al bayrağa bürünüb qardaş çiynində gəldi....... O, yüzlərlə şəhid övladlar kimi, öıümü ilə ölümsüzlüyə ucaldı. Onlar tarixə şanlı səifə yazdılar. Oğlumla gələn üçrəngli müqəddəs bayraq o vaxtdan evimizin ən uca məqamında dalğalanır. Axı, o HafisinUğrunda ölən varsa Vətəndir”-deyib şəhid olduğu yüksəklərə layiq olan bayraqdır....”

Bu sözlərdən sonra Niğar xanımı qəhər boğur, danışması çətinləşir. Birtəhər özünü toparlayıb sözlərinə davam edən şəhid anası bildirdi ki, “Hafislə son dəfə telefon danışığımızda “Ana mən şəhid olacağam. Ardımca ağlama. Sən qəhrəman anası olacaqsan. Adım məktəbimizdə əbədiləşdiriləcək.”-dedi. O, onsuzda qəhrəmanlığı ilə bütün xalqın qəlbində özünə əbədi iz saldı. Qardaşı Nəcmi təlim-tərbiyyə işləri üzrə direktor müavini olduğu kənd məktəbində Hafisonun kimi onlarla qəhrəman şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq üçün məktəbin foyesində “Qürur guşəsi” yaratmışdır. Hər dəfə burada keçirilən açıq dərslərdə, tədbirlərdə igid vətən övladlarının keçdiyi döyüş yolundan, onların şücaətindən şagirdlərə bəhs edilir. Hər üç oğlum vətənpərvər ruhda tərbiyyə aldılar. Vətəni hər bir nemətdən uca tutdular. Biz onlara körpəlikdən vətən sevgisini aşıladıq. Onların amalı, arzusu bu yöndə oldu. Hafisim məni çox sevirdi, mənə bağlı idi. Lakin ana ilə adı qoşa çəkilən Vətəni məndən də, canından da çox sevdiyini bizə göstərdi. Çox sevdi ki, öz bahar ömründən belə keçməli oldu.”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün qəhrəman Qasımov Hafis Cavanşir oğlu Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhid atası Cavanşir bəy söhbətimiz əsnasında qeyd etdi ki, “Oktyabr ayının 16-da Hafisin şəhid olma xəbərini eşidən xalası oğlu Məzahir buna çox hiddətləndi. Oqədər qəzəbli idi ki, Hafisin nəşinin Naxçıvana gətirilməsini belə gözləmədi. Dərhal gedib könüllü olaraq ordu sıralarına yazılıb oktyabr ayının 17-də Bakı şəhərinə yola düşdü. Ayın 19-da O, artıq Xüsusi Təyinatlı Qüvvələrin heyəti ilə birlikdə Hadrutun işğaldan azad edilməsi üçün başlanan döyüşlərə qatılmışdı. 20 gün Məzahirdən xəbər ala bilmədik. Çox nigaran qalmışdıq. Sonra bir gün zəng edərək hər şeyin qaydasında olduğunudöyüş meydadında Hafisin qisasını aldığını, müharibə bitənə kimidavam edəcəyini bildirdi. Qisas duyğusu ilə alışıb yanan qəlbini ancaq müharibədə soyudan Məzahirin döyüş yolu Hafisin şəhid olduğu Füzulidə davam edib, bundan sonra Xocavənddə və Şuşada bitib. Şuşadan zəng edərək qələbə sevincini bizimlə paylaşdı."

Hafis kimi qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladını torpaq özü götürməz. Allah bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin.

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan Dövlət Tarix muzeyi

Hərbi And.- 2023.- 3 fevral.- S.8-9.